“Həssas insan olmağım hər işdə köməyimə gəlir”

 

Binəqədi Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili, polkovnik-leytenant Vaqif Aslanovu şəxsən tanımırdım. Onu ilk dəfə televiziyada kriminal xəbərlərin biri ilə bağlı təəssüfünü şeirlə bildirərkən görmüş və onun yaxşı müsahib ola biləcəyini düşünmüşdüm. Telefonla zəng vurub, müsahibə almaq istədiyimi bildirdim və bir neçə gün sonra onun iş otağında görüşdük. Söhbətimiz tutdu, amma bundaisrar etmirəm. Qoy müsahibənin necə alındığını oxucu özü qiymətləndirsin.   

 

- Vaqif müəllim, özünüz haqda oxucularımıza qısaca olaraq nə deyərdiniz?

- 1957-ci ildə Gədəbəy rayonunun Dəyirmandağ kəndində anadan olmuşam. 1980-ci ildən polis orqanlarında çalışıram. Bakı Dövlət Universitetinin filologiya fakültəsini və Polis Akademiyasını bitirmişəm. İki oğlum, bir qızım var. Oğlumun biri polis orqanlarında, digəri Dövlət Neft Şirkətində çalışır. Həyat yoldaşım isə orta məktəbdə müəllimədir.

- Sizcə, polis olmaq cəmiyyətdə üstünlük, imtiyazdırmı?

- Hər kəs işlədiyi sahədə özünü tanıtmalıdır. Yəni o sahəni qorumalıdır. O sənətə varlığı və bütün duyğuları ilə bağlı olmalıdır. Belə bir şeir var:

 

Polis - kimə hayan, kimsəyə kömək,

Polisin arzusu sülh, dostluq, əmək,

Hər polis adını qorusun gərək-

Millət sərvətini qoruyan kimi.

 

Bütün hallarda, bütün məqamlarda həm insan, həm də polis olaraq hər kəs öz şərəf və ləyaqətini qorumalı, uca tutmalıdır. İnsan hansı sənəti seçməsindən asılı olmayaraq ona bağlı olmalıdır. Äks təqdirdə, geridə qalacaq, layiqli mövqe tuta bilməyəcək. Polisin nədəsə üstün olması ilə bağlı fikir doğru deyil. Vətəndaş olaraq hər bir kəsin üstünlüyü var. Haqq olan məqamda hamı üstündür. Ägər haqlı deyilsənsə, kimliyindən, hansı vəzifəni daşımağından asılı olmayaraq haqsızsan...

 

Kim bilmir ki, dünya özü fanidi,

Var olub, yox olmaq bir an, anidi.

“Dünya- mənəm” deyən özü canidi,

Çünki danılmamış haqqı kimsənin.

 

Haqq hər kəsin köməyi olsun. Haqqa tapınıb üzərinə düşəni düzgün yerinə yetirsən, işin düz gələcək.

- Duyğulu, şair təbiətli adamın polis olması çətin deyil ki?

- Äksinə, o daha yaxşıdır. Çünki onda işə həm də insani nöqteyi nəzərdən baxırsan. Həssas insanları aldatmaq həm asan olur, həm də bir qədər çətin. Ona görə asan olur ki, bəzən insan hissə qapılır. Qadın gəlib sənin qarşında ağlayanda, onun göz yaşlarını görəndə, özündən asılı olmadan bağışlamaq istəyirsən. Bəzi hallarda isə, əksinə, görürsən ki, biri özünü müxtəlif vəziyyətlərə salıb səni aldatmaq istəyir, ancaq onu tanıyırsan. Onun haldan-hala, cilddən-cildə düşməyi sənə ağır gəlir. Özün daxilən rahat ola bilmirsən. Cinayətin hansısa yollarla, hansısa məqamlarla cəzasız buraxılması cinayət üstünə cinayət gətirir. Çünki cəzasız qalan cinayətkar mütləq gedib başqasına xətər toxunduracaq, kimisə bədbəxt edəcək.

- Daha çox kimlərin şeirlərini oxuyursunuz?

- Ruhuna qurban olum Bəxtiyar Vahabzadənin, o mənim elmi rəhbərim olub. Onun əli ilə “5” almaq mənim üçün nəyə desəniz dəyər. Bütün hallarda şeiri, ədəbiyyatı çox sevirəm. Aşıqlarımızı çox oxuyuram. Böyük Füzulidən oxuyanda dəhşətə gəlirəm. Səməd Vurğun yaradıcılığını əzbər bilirəm. Universitetdə oxuyarkən biletimə nə vaxt Səməd Vurğunla bağlı sual düşübsə, həmişə “əla” almışam. Məmməd Arazı, Osman Sarıvəllini, Äli Kərimi oxuyanda da valeh oluram.

 

Bəxtiyar Vahabzadə deyirdi:

Ägər olmasaydı dünyada dərdim

Dərdin yoxluğunu mən dərd edərdim.

Misralardakı möhtəşəmliyə baxın...

 

- Təqaüdə çıxandan sonra hansı işlə məşğul olmağı düşünürsünüz?

- Peyğəmbərimiz deyib ki, insan qəbir evinədək öyrənməlidir. Boş dayanmaq daxili sarsıntı gətirər. Cəmiyyətdən təcrid olmaq öz ömrünü gödəltmək deməkdir. Mütləq özünə uyğun başqa bir iş tapıb işləməlisən. Mən işimlə əlaqədar çox insanlarla rastlaşıram. Bəzi insanlar nədənsə halal pul qazanmaq istəmirlər. Haram yollara, asan qazanca meyil edirlər. Bütün hallarda hansı bir işin qulpundan yapışırsan-yapış, o səni dolandırmalıdır. İnsan zəhmət çəkəndə mütləq onun nəticəsi olur.

Mənim ali məktəbə qəbul imtahanı vermək üçün gəlməyə yol pulum olmayıb. Həyətimizdəki ağaclardan tutu yığıb satmışam və özümə yolpulu düzəltmişəm. Ali təhsilim bir yana, mən həm dülgərəm, həm rəngsazam, həm elektrikəm, həm də santexnikəm. Evdə-eşikdə, həyət-bacada bütün işləri özüm görürəm - özü də ən yüksək səviyyədə. İnsan torpağa bağlı olmalı, gördüyü işdən zövq almalıdır. Äkdiyim ağac böyüdükcə elə bil onunla bərabər mən də böyüyürəm. Həyətdə pomidor da əkirəm, xiyar da , göyərti də. O demək deyil ki, ona mənim ehtiyacım var, sadəcə, zövq alıram. Bağımda hər növ ağac böyütmüşəm. Onları sulayıram, dibini belləyirəm və s.

- Polis kimi sayılmağı üstün tutursunuz, yoxsa ağsaqqal kimi?

- İnsan kimi. Bütün hallarda hər kəsə insanlığına görə qiymət verilməlidir. Söz yox, həyatda belədir ki, vəzifəyə görə də insana hörmət eləyirlər. Reallıq bundan ibarətdir. Ancaq sənə insan olaraq salam veriləndə, dəyərləndirəndə, hörmət eləyəndə daha xoş olur. Alim də ola bilərsən, şair də ola bilərsən, polis də ola bilərsən, ancaq, heç olmasa, ev-eşiyində, yaxınların arasında sənə insan olaraq hörmət eləmirlərsə, demək, sən yox kimi bir şeysən. Vəzifədə 10 il də işləyə bilərsən, 20 il də, amma pislik eləmisənsə sənə gendən istər-istəməz həqarətlə baxacaqlar. Bəlkə də arxanca söyəcəklər. Bəndənin bəndəyə gücü çatmayanda üzünü Allaha tutub, Haqqa deyir sözünü. Allahın cəzası isə ağır olur. Dağa “can” deyəndə əks-səda verir və “can” sözünü özünə qaytarır. İnsan da belədir. Sən kiməsə “çor” deyəndə istər-istəməz o da sənə “çor” deyəcək. Xoxla, xofla heç nə əldə etmək mümkün deyil. İnsan əqidəsi, amalı ilə sənə bağlı olmalıdır, hörmət etməlidir.

 

Yaxşılığı bacaranda elə sən,

Çıxacaqdı qabağına eləsən.

Xeyir-şərdə yara oba, elə sən-

Düşməyəsən, sən gözündə kimsənin.

 

- Elçi gedirsinizmi?

- Ävvəla, onu deyim ki, çağırıldığım bütün toylarda iştirak etməyə çalışmışam, söz demişəm, fikir bildirmişəm. Ancaq kənar adamların elçiliyinə getməmişəm. Äslində, ilk növbədə, oğlanla qızın razılığı olmalıdır. Ägər razılıq yoxdursa, kimi aparırsan apar, boş şeydir. Həmçinin oğlan və qızın valideynləri bir-biriləri ilə dil tapmalıdırlar. Bunlar yoxdursa, deyək ki, mən kiməsə elçi getdim, nə mənası var? Bacıoğlu, dayıoğlu, əmioğlu və digər yaxınlarımın elçiliyində isə iştirak etdiyim vaxtlar olub. Xeyir-dua vermək baxımından bütün hallarda iştirak edirəm və etməliyəm də.

- Danışığınızdan belə anladım ki, Allaha bağlı, Allahdan qorxan adamsınız. Bu qorxu sizə nəyi qazandırır, nələrdən məhrum edir?

- Mən orta məktəbdə oxuyanda ateizmi təbliğ edən bir müəllimimiz vardı. O deyirdi ki, təbiətdə baş verənlər təbiətin qüvvəsidir. Amma bu, təbiətin yox, Allahın qüvvəsidir. O hər şeyi nizamlayır. İnsan həm öz vicdanı qarşısında hesabat verməlidir, həm də Allah qarşısında öz məsuliyyətini hiss etməlidir. Bir nataraz iş görəndə istər-istəməz evdə-eşikdə rahat ola bilmirsən. Hər kəsdə vicdani hiss özünə hakim kəsilməlidir. Haqq yerini tapanda özündən asılı olmayaraq, rahat olursan. Hər kəsin qəlbində Allah xofu olmalıdır.

- Son illərdə ölkəmizdə boşanmaların sayı xeyli artıb. Cəmiyyətin nəbzini duyan ağsaqqal kimi, polis kimi bundan çıxış yolunu nədə görürsünüz?

- Valideynlər övladlarının seçiminə hörmət etməlidirlər. Bilirsiniz, filankəsin qızını alım irəli gedim, varlanım tipli məqsədlərlə qurulan ailələr tez dağılır. Bu yolla ailə quran gənclər bir-birilərinə uyğunlaşa bilmirlər. Ävvəllər bir nəfərə qız verməmişdən, qız almamışdan öncə onun “yeddi arxa dönənini” öyrənərdilər. Hansı ailədən, hansı nəsildən olduğu ilə maraqlanardılar. Mənim fikrimcə, alitəhsilli gənclər bir-birilərini daha yaxşı başa düşürlər. Ailə maddi cəhətdən tam təmin oluna bilməyəndə də çətinliklər meydana gəlir. Än əsası valideynlər övladlarına arxa, hayan olmalıdırlar. Bir də, əvvəlcə dediyim kimi, sevgi olan yerdə hər şeyə qalib gəlmək olur.

- Söz, sənət adamlarından cinayət törədənlər olurmu? Belələri ilə iş həyatınızda qarşılaşdığınız zaman nə edirsiniz?

- Belə hallar da olur. Onlar da insandırlar. Heç kim deyə bilməz ki, bütün hallarda cinayətləri ancaq ali təhsili olmayanlar, işsizlər törədir...

- Dağ adamlarının çoxu şeirə, sənətə meyilli olurlar. Siz də yazırsınız və səhv etmirəmsə, dediyiniz şeirlərin bir çoxunun müəllifi özünüzsünüz.

- Mən də dərd güc gələndə, xəyallara qapılanda, öz dünyamla baş-başa qalanda nəsə yazıram.

- Bizə, oxucularımıza son sözünüz...

- Cinayətdən, cinayətkarlardan uzaq olmağı arzu edirəm. Qollarınız qandal görməsin. İstərdim ki, söhbətimizi bir şeirimin iki bəndi ilə tamamlayaq:

 

Sizə qurban olum, a başbilənlər,

Başında baş olan başı baş qoyun.

Kim kimin oğludur, kim haralıdır?

Millətin başına açmayın oyun-

Başında baş olan başı baş qoyun

Yazıqdı millət!!!

Göz görənə nəyə lazım şərh, izah,

Tirdə deyil, tükdə tapırlar günah,

Bürüyüb ətrafı yaltaq, gic, məddah,

Kim kimə qoyundu, kim kimə məddah?

Sizə qurban olum, a başbilənlər,

Başında baş olan başı baş qoyun

Olmasın zillət.

 

 

NICAT İNTIQAM

 

Zaman.-2011.-1-2 noyabr.- S.8.