Məhəmməd ZiyaülhəqqƏfqanıstanda SSRİ-ni çökdürən siyasətçi (2)

 

“Herkules” yerli vaxtla saat 16.30-da havaya qalxaraq İslamabada istiqamətgötürdü. Onun ardınca isə general Mirzə Aslam Beqin mindiyi təyyarə havayaqalxdı. Təxminən Lahor şəhəri yaxınlığında “Herkules” gözlənilmədən idarəetməni itirərək yerə çırpıldı. Baş verən partlayış nəticəsində təyyarədəolan 37 nəfərin hamısı həlak oldu. Axşam saat 20.00-da Pakistan radiosu rəsmi şəkildə Prezident başda olmaqla, 37 nəfərin təyyarə qəzasında həlak olması barədə məlumat yaydı. Ölkədə 10 günlük matəm elan edildi, dövlət bayraqları endirildi, üç gün ərzində ölkənin hər yerində iş dayandırıldı. Ziyaülhəqqin yerinə isə ölkəni müvəqqəti idarə etmək Senatın sədri Qulam İshak Xana tapşırıldı.

Hadisələrin gedişi Ziyaülhəqqin istedadlı sərkərdə olduğunu sübut etdi. Belə ki, məhz Ziyaülhəqqin hazırladığı xüsusi plan əsasında SSRİ ordusuna Əfqanıstanda güclü zərbələr vuruldu və bu da sonda Kremlin ağır itkilər verərək bölgəni biabırçı şəkildə tərk etməsinə gətirib çıxardı. Bu, SSRİ-nin öz tarixində ən ağır məğlubiyyəti, bir zamanlar məğlubedilməz sayılan qırmızı ordu ətrafında mifin dağılması demək idi. Bir sözlə, Ziyaülhəqq hazırladığı hərbi planla nəinki SSRİ-nin Əfqanıstandakı məğlubiyyətinin, həm də bunun ardınca qırmızı imperiyanın dağılmasının əsasını qoymuş oldu.

Onu da deyək ki, həmin dövrdə SSRİ-də Ziyaülhəqqi qatı düşmən hesab edirdilər. Ona görə də hələ ötən əsrin 80-ci illərinin əvvəllərində SSRİ xüsusi xidmət orqanları Ziyaülhəqqin aradan götürülməsi barədə plan üzərində işləməyə başladılar. Ancaq bu planı həyata keçirmək üçün SSRİ xüsusi xidmət orqanlarına illərlə vaxt lazım gəldi. Çünki Ziyaülhəqq özünə qarşı həyata keçirilə biləcək sui-qəsddən sığortalanmaq üçün inandığı adamlardan ibarət xüsusi mühafizə sistemi qurmuşdu və vaxtaşırı onları yeniləri ilə əvəzləyərək özünə gələ biləcək təhlükəni ustalıqla aradan qaldırırdı. Eyni zamanda general Pakistan əhalisi arasında sosializm ideyalarının təbliğinə imkan verməmək üçün ölkənin daha çox İslam qanunları ilə idarə olunması yolunu seçmişdi. Bu da sonda Pakistanın tədricən İslam hüququ ilə idarə olunmasının əsasını qoydu.

1984-cü ildə general siyasətin islamlaşdırılmasına münasibət barədə ölkədə referendum keçirdi. Bu referendumun nəticələrindən öz xeyri üçün istifadə edən Ziyaülhəqq Prezident səlahiyyətlərini daha 5 il uzada bildi.

1985-ci il dekabr ayının 30-da isə general ölkədəki hərbi vəziyyəti ləğv edərək, Konstitusiyanın fəaliyyətini bərpa etdi. Amma bu zaman o, artıq Konstitusiyaya bəzi düzəlişlərin edilməsinə nail ola bilmişdi. Belə ki, Konstitusiyaya edilən düzəlişlərə əsasən, Ziyaülhəqq parlamenti və hökuməti buraxmaq hüququ almış və səlahiyyətlərini genişləndirmişdi. Amma ölkədə hərbi vəziyyətin ləğvindən sonra müxalifət də əl-qol açmış və Ziyaülhəqq üzərinə hücumlar güclənmişdi. Belə ki, yenidən fəaliyyətini bərpa edən siyasi partiyalar generaldan ən qısa müddətdə növbəti parlament seçkiləri keçirilməsini, eyni zamanda Prezidentin səlahiyyətlərinin məhdulaşdırılmasını tələb edirdilər. Müxalifətin Ziyaülhəqqə qarşı siyasi mübarizəsinin başında isə edam edilmiş prezident Zülfüqar Əli Bhuttonun qızı, yenidən fəal siyasətə qayıdan Bənazir Bhutto dayanırdı.

Amma Ziyaülhəqq onu özü üçün ciddi təhlükə hesab etmirdi. Çünki hərbi vəziyyət ləğv olunsa da, əvvəlki kimi ölkəni generalın özü idarə edirdi. O, hərbi vəziyyət ləğv olunandan sonra təyin etdiyi Baş nazir Cuneconun ona qarşı çıxmağa cəsarət edəcəyini gözləmirdi. Ancaq hadisələrin gedişi göstərdi ki, general səhv edib. Ziyaülhəqqin kuklası olmaq istəməyən Cuneco özü də hakimiyyətə iddialı idi. Cuneconun Ziyaülhəqqə qarşı ilk “qiyamı” 1988-ci ilin may ayında baş verdi. Baş nazir hərbi xərclərin azaldılması təşəbbüsü ilə çıxış etdi və bunun ölkənin iri vergi ödəyicilərinin istəklərinə uyğun olacağını bildirdi. Buna cavab olaraq, Ziyaülhəqq 1988-ci il may ayının 29-da parlamentin aşağı palatasını buraxaraq, Baş naziri və onun başçılıq etdiyi hökuməti istefaya göndərdi. O, Qərbi Almaniyanın “Frankfurter rundşau” qəzetinə verdiyi müsahibəsində atdığı son addımlara haqq qazandırmaq üçün: “Pakistan elə inkişaf etmiş dövlət deyil ki, ölkəni demokratik sistemlə idarə etmək mümkün olsun”,- demişdi.

 

Ölümə doğru

 

Ölkədə yenidən nəzarəti ələ alan Ziyaülhəqq, hökuməti istefaya göndərəndən sonra özü də bilmədən ölümə doğru getməkdə idi. Belə ki, ətrafındakılar Ziyaulhəqqə xəyanət etmək yolu tutmuşdular və bu da tədricən generalı müəmmalı ölümə sürükləyirdi.

1988-ci il avqust ayının ortalarında Pakistanın paytaxtı İslamabaddan 450 kilometr aralıda yerləşən Baxavulpur şəhəri yaxınlığındakı hərbi təlim meydanlarından (poliqon) birində ABŞ-dan alınan yeni “M-1 Abrahams” tankının sınağı keçirilirdi. Sınaqda iştirak etmək üçün ABŞ-dan xüsusi mütəxəssislər qrupu dəvət edilmişdi. Qrupa ABŞ-ın Pakistandakı hərbi missiyasının rəhbəri, briqada generalı Herbert Uoss başçılıq edirdi. Avqustun 15-də axşam Pakistan hərbi zirehli qoşunlar komandanı general Mahmud Durrani Prezidentə zəng edərək, ondan “M-1 Abrahams” tankının sınaqlarında şəxsən iştirak etməsini xahiş elədi. Amma Ziyaülhəqq bunun üçün vaxtı olmadığını söyləyərək generalın xahişini rədd etdi. Lakin Durrani israrla Prezidentdən tankın sınağında iştirak etməsini xahiş edirdi. Prezidenti buna razı salmaq üçün ona həm də ölkə silahlı qüvvələrinin baş komandanı olduğunu xatırlatdı və onun şəxsən yeni tankın sınağında iştirak etməsinin ABŞ-da da razılıqla qarşılanacağını söylədi. Yalnız bundan sonra Ziyaülhəqq istəməsə də tankın sınağında iştirak etməyə razılaşdı və sınaq vaxtını avqustun 17-nə təyin etdi. 1988-ci il avqust ayının 17-də səhər tezdən Prezident Ziyaülhəqq, general Durrani, Pakistan Quru Qoşunları Baş Qərargahı komandanının müavini, general Mirzə Aslam Beq da daxil olmaqla, bir qrup yüksək vəzifəli general xüsusi təyyarə ilə İslamabaddan Baxavalpura uçdular. ABŞ tərəfdən isə yeni tankın sınaqlarında iştirak etmək üçün adıçəkilən ölkənin İslamabaddakı səfiri Arnold Rafel, briqada generalı Herbert Uoss və digər ekspertlər Baxavalpura gəlmişdilər. Tankın sınaqları cüzi istisnalar nəzərə alınmadan (tank hədəflərin bəzilərini düz vura bilmirdi) uğurla keçdi və bu, iştirakçıların hamısının kefini qaldırmışdı. Yemək vaxtı Ziyaülhəqq ekspertlərlə deyib-gülərək zarafat edirdi. Yemək mərasimindən sonra Prezident hərbi təlim meydanında olanların hamısını İslamabada uçmaq üçün özünün “Herkules” tipli şəxsi təyyarəsinə dəvət etdi. Amma general Mirzə Aslam Beq hansısa vacib işi olduğunu söyləyərək, Prezidentin dəvətini qəbul etmədi. O, hərbi təlim meydanında olan digər təyyarə ilə uçacağını bildirdi. “Herkules”i Pakistanın ən təcrübəli pilotlarından olan Maşxud idarə edirdi. “Herkules” yerli vaxtla saat 16.30-da havaya qalxaraq İslamabada istiqamət götürdü. Onun ardınca isə general Mirzə Aslam Beqin mindiyi təyyarə havaya qalxdı. Təxminən Lahor şəhəri yaxınlığında “Herkules” gözlənilmədən idarəetməni itirərək yerə çırpıldı. Baş verən partlayış nəticəsində təyyarədə olan 37 nəfərin hamısı həlak oldu. Axşam saat 20.00-da Pakistan radiosu rəsmi şəkildə Prezident başda olmaqla, 37 nəfərin təyyarə qəzasında həlak olması barədə məlumat yaydı. Ölkədə 10 günlük matəm elan edildi, dövlət bayraqları endirildi, üç gün ərzində ölkənin hər yerində iş dayandırıldı. Ziyaülhəqqin yerinə isə ölkəni müvəqqəti idarə etmək Senatın sədri Qulam İshak Xana tapşırıldı. O, dərhal elan etdi ki, baş verən qəzanın səbəbləri ciddi şəkildə araşdırılacaq və cinayəti edənlər cəzalandırılacaqlar.

Avqustun 17-də axşam Ziyaülhəqqin faciəli ölümü ilə bağlı məsələni araşdırmaq üçün Abbas Mirzənin başçılığı altında Dövlət Komissiyası yaradıldı. Faciəni dərindən araşdırmaq məqsədi ilə ABŞ-dan xüsusi ekspertlər dəvət edilmişdi. Amma hadisəni təhqiq edən ekspertlər sonda qəti qərara gələ bilmədilər. Pakistandan olan ekspertlər belə hesab edirdilər ki, təyyarənin bortunda zəhərli qaz konteyneri olub. Təyyarə havaya qalxandan sonra detonator işə düşüb və konteynerin qapağı açılıb. Bunun ardınca zəhərli qaz pilotların boğulmasına səbəb olub və təyyarə idarəetməni itirərək yerə çırpılıb. Amerikadan olan ekspertlər isə qəzaya uğrayan təyyarənin qalıqları arasında partlayıcı maddələrin hazırlanmasında işlədilən pentaritritol tetranitratın izlərini aşkar etmişdilər.

Prezidentə qarşı terror aktını kim həyata keçirmişdi? Dövlət Komissiyasının araşdırmaları zamanı məlum olmuşdu ki, qəzadan əvvəl uçuşa nəzarət edən aviadispetçerlər kiminsə zəif səslə üç dəfə “Maşxud, Maşxud, Maşxud” deyə çağırdığını eşitmişdilər. Bu səsin Prezidentin adyutantına aid olduğu ehtimal edilir. Digər tərəfdən də, qəzada SSRİ xüsusi xidmət orqanlarının adı hallandırılmağa başladı. O dövrdə ABŞ və Pakistan xüsusi xidmət orqanları SSRİ-də Ziayülhəqqə qarşı böyük nifrət olduğunu bilirdilər və onlar Prezidentin aradan qaldırılması üçün müəyyən tədbirlərə əl atıla biləcəyini istisna etmirdilər. Ancaq baş verən faciəli hadisə ilə bağlı SSRİ və ya Əfqanıstan xüsusi xidmət orqanlarının əli olması barədə fakt yox idi. Təyyarənin qəzaya uğramasının şahidi olanların söylədikləri də fərqli idi. Bəzi şahidlər “Herkules”in, əvvəlcə, tüstüləndiyini, sonra havada partladığını və odlu şar şəklində yerə çırpıldığını, digərləri isə onun göydə bir neçə dəfə ləngər vurandan sonra daş kimi yerə gəldiyini söyləyirdilər. Prezidentin təyyarəsnin arxasında uçan general Mirzə Aslam Beqin mindiyi təyyarənin pilotları isə, əvvəlcə, “Herkules”in burnu üstə aşağı gəldiyini, sonra yenidən havaya qalxdığını və bunun ardınca istiqamətini itirərək yerə çırpıldığını bildirmişdilər. Belə təsəvvür yaranmışdı ki, təyyarəni idarə edənlər həmin an özlərində olmamışlar. Onu da deyək ki, məsələni araşdıran komissiyaya 4 nəfər yerli pakistanlıdan əlavə, ABŞ-dan 6 nəfər ekspert də daxil idi. 2 ay sürən təhqiqatdan sonra 350 səhifəlik hesabat hazırlanmışdı.

 

 

ƏZİZ MUSTAFA

 

Zaman.-2011.-3 noyabr.-S.14.