Məhəmməd
Ziyaülhəqq Əfqanıstanda SSRİ-ni
çökdürən siyasətçi (3)
Hesabatda sual doğuran kifayət qədər faktlar var
idi. Məsələn, rabitə naziri “Herkules”də qara
qutunun olduğunu və onun tapıldığını bəyan
etmişdi. Sonradan məlum olmuşdu ki, təyyarədə,
ümumiyyətlə, qara qutu olmayıb.
Amma inanmaq çətindir ki, Prezident uçan təyyarədə
qara qutu olmasın. Digər tərəfdən də, təyyarədə
güclü radiostansiya quraşdırılmışdı və
ən çətin vəziyyətdə belə, pilotun onun
vasitəsilə hər hansı bir texniki nasazlıq barədə
yerə məlumat vermək imkanı vardı. Amma təyyarə havaya qalxandan 4-5 dəqiqə sonra
onunla əlaqə kəsilmişdi. Bəs
təyyarədə hər hansı bir hadisə baş
vermişdisə, onda niyə təyyarəçi dərhal
aviadispetçerlə əlaqə saxlamamışdı?
Bu suala cavab tapmaq olduqca çətindir. Təyyarə
havaya qalxandan sonra isə təcrübəli pilot
aviadispetçerə hər şeyin normal getdiyini
bildirmişdi. Təyyarə havada İslamabada
istiqamət götürdükdən sonra yerdən Maşxuddan
“Herkules”in enəcəyi hava limanından nə qədər məsafədə
olduğunu soruşmuşdular. Maşxud isə: “Gözləyin,
gözləyin”,-deyə aviadispetçerə cavab vermiş və
bundan sonra onunla əlaqə kəsilmişdir. Ola
bilsin ki, həmin an artıq təyyarədə nə isə
qeyri-adi hadisə baş verməkdə idi.
“Herkules”in ardınca uçan Prezidentin ehtiyat təyyarəsindən
də dönə-dönə nə baş verdiyini
soruşurdular.
Ancaq “Herkules”dəkilər susmaqda davam edirdilər.
Yalnız bir dəfə qulaqcıqlarda olduqca zəif
“Maşxud, Maşxud” səsi eşidildi. Araşdırmalar
zamanı həmin səsin Prezidentin adyutantı, briqada
generalı Nəcib Əhmədə aid olduğu üzə
çıxmışdı. Səsin zəif gəlməsinə
gəlincə, bu, Nəcib Əhmədin həmin an pilotun arxasında dayanması ilə izah
edilir. Təbii ki, onun təcili və həyəcanlı
şəkildə pilotun kabinəsinə daxil olması təsadüfi
deyildi. Onun həyacanlı şəkildə
pilota müraciət etməsi də təyyarədə nələrinsə
baş verdiyini göstərir. Bəs onda
Maşxudla bərabər təyyarəni idarə edən digər
ekipaj üzvləri də niyə susmuşdular? Ola bilsin
ki, həmin an digər ekipaj üzvləri
artıq həyatda deyildilər və ya huşlarını
itirmişdilər. Ola bilərdi ki, pilotların
kabinəsində zəhərli qaz balonu
açılmışdı və bu, ekipaj üzvlərini
sıradan çıxarmış, nəticədə təyyarə
idarəetməni itirmişdi? Bu suallara bu
günün özündə belə cavab tapmaq mümkün
deyil.
Konkret olaraq, Prezidentin uçduğu “C-130 Herkules” təyyarəsinə
gəlincə, o, dünyada ən etibarlı məşhur
“Lokhid” tərəfindən istehsal edilmişdi. Təyyarə
hətta mühərriklərin dördü də sıradan
çıxacağı halda belə, uğurla enmə
imkanına malik idi. Həmin vaxt
dünyanın 50 ölkəsində 2000-dən artıq
“Herkules”dən istifadə edilirdi və onların heç biri
ilə bağlı hər hansı bir qəza və ya texniki
nasazlıq baş verməmişdi. Təyyarənin
qəzaya uğraması ilə bağlı ehtimallar da müxtəlif
idi. Təhqiqat komissiyasının bəzi
üzvləri “Herkules”in yerə dəyən ərəfədə
sağ olduğunu, digərləri isə şahid ifadələrinə
əsasən, havada partladığı qənaətində
idilər. ABŞ-dan olan ekspertlər təyyarənin
qalıqlarını yoxlayaraq, “Herkules”in yerə dəyəndən
sonra partladığını desələr də,
pakistanlı ekspertlər daha çox şahid ifadələrinə
inanırdılar. Bəlkə ekipaj
üzvlərindən kimsə təyyarəçiləri
güllələmişdi? Bu ehtimalın doğru
olub-olmamasını yoxlamaq üçün ABŞ xüsusi
xidmət orqanları ekipaj üzvlərinin şəxsi işləri
ilə tanış olmaq istədilər. Pakistan hökuməti isə ekipaj üzvlərinin
şəxsi işini ABŞ xüsusi xidmət orqanlarına
verməkdən imtina etdi. Bundan sonra
ABŞ-dan olan ekspertlər həlak olanların zəhərli
qaz və ya odlu silahdan açılan atəşlə
öldürülüb-öldürülmədiyinə
aydınlıq gətirmək üçün onların
üzərində tibbi ekspertiza keçirilməsini tələb
etdilər. Ancaq Pakistan hökuməti
yalnız ABŞ-dan olan general Uossun cənazəsinin
tibbi-ekspertiza tərəfindən yoxlanılmasına razı
oldu. Amma Uossun bədəni üzərində
aparılan tibbi ekspertiza məsələyə aydınlıq
gətirmək üçün kifayət etmədi.
ABŞ və Pakistan ekspertləri tərəfindən hazırlanan
ilkin araşdırma hesabatında təyyarənin hansısa
texniki nasazlıq üzündən qəzaya
uğramadığı və baş verən hadisənin
diversiya ola biləcəyi bildirilirdi. Amma ABŞ-dan olan ekspertlər ölkələrinə
qayıdan kimi Senat qarşısında etdikləri
çıxışlarında təyyarənin texniki
nasazlıq üzündən qəzaya
uğradığını söylədilər. Halbuki
onlar ən azından “Lokhid”in adına ləkə
salmamaq xatirinə bunu etməməli idilər. Qəzaya
səbəbin texniki nasazlıq olduğunu hər vasitə ilə
Konqres üzvləri qarşısında sübut etməyə
çalışan ABŞ ekspertlərinin rəhbəri,
polkovnik Daniyel Savedanın hərəkətləri də
çoxlu sayda suallar ortaya çıxardı. Belə güman etmək olar ki, Savedaya öncədən
qəzaya səbəbin texniki nasazlıq olduğunu söyləmək
barədə sərt göstəriş verilib. Ola bilsin ki, ABŞ xüsusi xidmət orqanlarına qəzanın
əsl səbəbinin xarici ölkə kəşfiyyatı tərəfindən
həyata keçirilən diversiya olması məlum imiş.
Amma bunu açıb-ağartmaq ABŞ xüsusi
xidmət orqanlarına sərf etməyib. Çünki
belə olduğu halda, onlar da öncədən terror aktı
barədə xəbər tutmamaqda
günahlandırılacaqdılar. Necə
deyərlər, əsl həqiqətin üzə
çıxması məşhur ABŞ kəşfiyyatının
KQB qarşısında biabır olması, ondan
aldığı ağır zərbə nokaut hesab ediləcəkdi.
Ziyaülhəqqin
terror nəticəsində öldürülməsini ehtimal edən
digər faktlar da var. Onlardan biri Pakistan Quru Qoşunları
Baş Qərargah rəisinin müavini Mirzə Aslam Beqin
Prezidentin təyyarəsinə minməkdən imtina edərək,
başqa bir təyyarə ilə uçmağa
üstünlük verməsi ilə əlaqədardır. O,
bunu başqa işi olması ilə əlaqələndirib. Amma bu, inandırıcı görünmür. Yenə də çox ehtimal ki, Mirzə Aslam Beq
baş verən hadisə ilə bağlı öncədən
xəbərdar olub və ya terrorda dolayısilə iştirak
edib. Belə bir şübhəyə əsas da var. Belə
ki, Ziyaülhəqqin faciəli ölümündən sonra
general Mirzə Aslam Beq onun yerinə baş qərargah rəisi
təyin edildi... Bunun təsadüfi
olmasını düşünmək isə sadəlövhlük
olardı.
Ziyaülhəqqin
tankın sınağında iştirak etməsi
üçün dəridən-qabıqdan çıxan zirehli
tank qüvvələri komandanı general Mahmud Durraninin bu
işdə əlinin ola bilməsi və
onun öncədən generala qarşı hansısa xarici kəşfiyyat
orqanı ilə birlikdə hərəkət edib-etməməsi
də araşdırılmadı.
Ziyaülhəqqin ölümündə xarici kəşfiyyatın
əlinin olması barədə digər bir önəmli
ehtimal da var. Bu da “Herkules” havaya qalxmazdan əvvəl heç bir
səbəb olmadan ona manqo dolu qutuların yüklənməsi
ilə bağlıdır. Guya qutudakı manqo
yerli qubernatorun amerikalılara hədiyyəsi idi. Halbuki manqo Ravalpindi və ya İslamabadda daha ucuz idi.
Bununla əlaqədar manqonu amerikalılara hədiyyə
edən qubernator da istintaqa cəlb edilmədi. Halbuki onun nəyə
görə qəfildən amerikalılara manqo hədiyyə
etməsi və onu birbaşa təyyarəyə yüklətməsi
barədə istintaqa verəcəyi ifadə çox
qaranlıq məsələnin üstünə işıq
sala bilərdi. İlkin mərhələdə
faciəyə səbəb olan əsas amilin məhz manqo
qutularına qoyulan zəhərli qaz və ya arada yerləşdirilən
manqoyabənzər partladıcı maddə olması
ehtimalı üzərində dayanıldı. Amma bu məsələ sona kimi
araşdırılmadı. Yeri gəlmişkən,
bir maraqlı fakta da diqqəti cəlb etmək istəyirik.
Ziyaülhəqqin ölümü ilə
bağlı SSRİ mətbuatında gedən yazılarda faciəyə
səbəbin birmənalı şəkildə manqo
yqutuları olması və onların arasına
partladıcı maddələr qoyulması ehtimalı
vurğulanırdı. Ola bilsin ki, Ziyaülhəqqə
qarşı hazırlanan sui-qəsdin əsl mahiyyəti barədə
o vaxt SSRİ-nin mərkəzi mətbuatına nə isə
sızdırılıbmış...
İstisna
edilmir ki, faciədə SSRİ xüsusi xidmət
orqanlarının əlinin ola bildiyindən
ABŞ-ın xəbəri olub. Çünki, adətən,
xarici ölkədə adi bir vətəndaşının belə,
ölümünə ciddi yanaşan ABŞ öz generalının
qəzada dünyasını dəyişməsinə olduqca
biganə qaldı. ABŞ-ın məşhur Federal Təhqiqatlar
Burosunun ( FTB) əməkdaşı hadisə
yerinə yalnız 10 aydan sonra getmişdi. “Assoşieyted
Press” agentliyinə verdiyi açıqlamada FTB rəhbəri
Oliver Revel bunu özlərinin bu işə cəlb edilməsi
ilə izah etmişdi. Onun bu
açıqlamasından əsəbiləşən o
dövrki ABŞ Dövlət katibi Corc Şults Revelə zəng
edərək, ona burunu bu qaranlıq məsələyə
soxmamağı tövsiyə etmişdi. Məsələyə
münasibət bildirən ABŞ Nümayəndələr
Palatasının üzvü Uilyan Hyuz isə: “Biz də
bilmirik faciənin səbəbləri niyə yenidən təhqiq
edilmədi? Bu məsələyə münasibətdə
bizim hökumətimiz özünü dəhşətli dərəcədə
anlaşılmaz apardı”, -demişdi.
Bütün
bunlar isə Ziyaülhəqqin ölümünün
arxasında kimlərin dayandığını ABŞ-ın
yaxşı bildiyini və ölkənin imicinə xələl
gətirməmək naminə bu barədə susmağa
üstünlük verdiyini sübut edir. Son
Zaman.-2011.-4 noyabr.-S.11.