Bayraq mənim ürəyimdir

 

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü paytaxtın “NİL Ltd” kitab dəftərxana ləvazimatları mağazalar şəbəkəsinin (NT) Mərkəzi Univermağın yaxınlığındakı şöbəsində (Azərbaycan prospekti, 12-də) qələbəlik vardı. Burada uşaqlar, həmçinin onların valideynləri Bayraq günü münasibətilə təşkil olunmuş tədbirə toplaşmışdılar. 

 

Tədbirə Dövlət Himnimizin səsləndirilməsi ilə start verildi. Hamı bir nəfər kimi himnimizi oxumağa başladı. NT-nin Mərkəzi Univermağın yaxınlığındakı şöbəsinin uşaq koordinatoru Xəyalə Dəmirova uşaqların əhatəsində onlara Bayraq günü barədə məlumat verdi. Bildirdi ki, respublikamızın indiki Dövlət bayrağı 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan milli dövlət atributlarındandır. 28 aprel rus işğalından sonra endirilmiş müqəddəs bayrağımız 70 il sonra, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilərək, yüksəklərə qaldırıldı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali SovetiAzərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu”nu qəbul etdi. Bu, Konstitusiya qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi. Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqındasərəncam imzaladı. Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirildi.

Daha sonra Xəyalə xanım bayrağımızla bağlı uşaqlara suallarla müraciət etdi:

- Bayrağımızdakı rənglərin mənaları barədə bilirsiniz?

Bu suala ilk cavab vermək üçün 6 yaşlı Vüsal Allahverdiyev əl qaldırdı:

- Bayrağımız 3 rəngdən ibarətdir. Mavi rəng türk soylu olmağımızı, qırmızı rəng müasirliyimizi, yaşıl rəng isə İslam sivilizasiyasına aid olduğumuzu bildirir.

- Bəs bu bayrağı yenidən başımız üzərində kim qaldırdı?

Bu suala isə uşaqlar xorla cavab verdilər:

- Ümummilli liderimiz Heydər Əliyev.

- “Bir kərə yüksələn bayraq bir daha enməzsözləri kimə məxsusdur?

- Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərindən olan Məmmədəmin Rəsulzadəyə...

Beləcə, balacalar Xəyalə xanımın neçə-neçə sualını cavablandırdılar. Bəzi suallara Xəyalə xanım özü ətraflı cavab verməklə uşaqlara yardımçı oldu. Uşaqların bayrağımızla bağlı söylədikləri şeirlər alqışlarla qarşılandı. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri - Rəvan Məlikov Şəmsi Əbillinin ifa etdikləri mahnılar tədbirə xüsusi bir çalar qatdı. Toplantı iştirakçıları bayrağımızla bağlı nümayiş etdirilən filmi maraqla seyr etdilər. Tədbirə Xəyalə xanım: “Ölkəmizin müstəqilliyini ilk tanıyan hansı ölkə olub?” sualına cavabla yekun vuruldu. Məhz bu cavabdan sonra uşaqlar xorlaAzərbaycan-Türkiyədeyərək, dövrə vurmağa başladılar.

İstərdim ki, bütün bayramlarımız bu şəkildə uşaqlara çatdırılsın

Əslən Şəmkirdən olan 75 yaşlı Cəmilə Sadıqova bizimlə söhbətində bu tədbirə iki nəvəsi - 12 yaşlı Cəmilə 7 yaşlı Aysellə qatıldığını söylədi. Onun sözlərinə görə, milli atributlarımızla bağlı belə əyləncəli tədbirlər uşaqların yaddaşlarında daha yaxşı qalır. Hətta Cəmilə xanım indiki uşaqlara qibtə etdiyini etiraf etdi. O, həmçinin NT-nin Mərkəzi Univermağın yaxınlığındakı şöbəsinin bu işini təqdir etdi: “Şəhərimizdə mağazalar çoxdur. Onlardan fərqli olaraq, bu kitab dəftərxana ləvazimatları satılan mağazada uşaqlarla bağlı tədbirlər keçirilir. Bu o deməkdir ki, burada çalışanlar uşaqlarımızın vətənpərvərlik ruhunda böyümələrinə öz töhfələrini verirlər. Güman edirəm ki, digər mağazalar da onlardan nümunə götürəcəklər”.

Səbail rayonundakı 189 saylı məktəbin VI sinif şagirdi Nurayın anası Mehriban Əzizova dedi ki, belə tədbirlər uşaqların dünyagörüşlərinin formalaşmasında mühüm rol oynayır: “Elə valideyn var ki, uşağa bu ya digər mövzularda ətraflı məlumat verməkdə çətinlik çəkir. Bu mənada NT-nin bu tədbiri onlara da köməkdir”.

Kürdəxanı qəsəbəsindən gəlmiş Şəmsiyyə Əliyeva dedi ki, belə tədbirlər uşaqların cəmiyyətin inteqrasiyasında da mühüm rol oynayır: “Uşaq var, dərsi öyrənir, amma sinfə yad bir adam gələndə özünü itirir, cavab verməyə çətinlik çəkir. Belə tədbirlər həm uşaqların öz fikirlərini ifadə etməyə geniş meydan açır”. O, bir istəyini dilə gətirdi: “İstərdim ki, bütün bayramlarımız bu şəkildə uşaqlara çatdırılsın”.

Uzun illər müəllim kimi fəaliyyət göstərmiş, hazırda təqaüddə olan Xalidə Məmmədova burada digər tədbirlərin (nağıl günü, ingilis dili sairə) maraqlı təşkil olunduğunu söylədi.

Bayraq mənim canımdır

Tədbirdən sonra Xalidə xanımın nəvəsinə, 8 yaşlı Aysu Xəlilovaya ünvanladığımızBayraq sənin üçün nədir?” sualına o belə cavab verdi: “Bayraq mənim canımdır, bayraq milli qürurumuzdur”. 5 yaşlı Nəzrin Məmmədova onun cavabına bu sözləri əlavə etdi: “Bayraq mənim ürəyimdir”. Qurban Mehdizadənin fikrincə, üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir: “Bayraq həm and yerimizdir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir”. Şəmsi Əbilli isə bayrağımızı hazırda düşmən tapdağı altında qalmış ərazilərdə dalğalanacağı günün o qədər uzaqda olmadığını dilə gətirdi: “Bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada... dalğalanacaq. O günü biz hər an öz əməyimizlə, təhsilimizlə yaxınlaşdırmalıyıq”.

NT-nin Mərkəzi Univermağın yaxınlığındakı şöbəsinin müdiri İbrahım Gülen bizimlə söhbətində ilk dəfə bayraqla bağlı belə bir tədbir təşkil etdiklərini söylədi: “Düşünürəm ki, belə tədbirlərə, yəni tarixi günlər bayramlarla bağlı tədbirlərə uşaqlar daha çox maraq göstərirlər. Odur ki, bu cür tədbirlərin davamlı olması üçün əlimizdən gələni etməyə çalışacağıq. Zənnimcə, belə tədbirlər uşaqlar üçün daha faydalıdır”.

 

 

  QVAMI MƏHƏBBƏTOĞLU

 

  Zaman.-2011.-11 noyabr.- S.9.