Azərbaycan virtual məkanda: milli
maraqlarımızı necə təmin edək
Ötən
əsrin 80-ci illərindən başlayaraq, beynəlxalq aləmdə
informasiya və kommunikasiya texnologiyalarının (İKT)
inkişafında yeni bir dövr başladı. Bu müstəvidə
də XX əsrin sonları, XXI əsrin əvvəllərindən
etibarən bəşəriyyət onun sivil inkişafına
yeni təkan verəcək virtual məkana qədəm qoydu.
Bütün bunları nəzərə alan ABŞ-ın və
dünyanın tanınmış riyaziyyatçısı,
qeyri-səlis məntiq nəzəriyyəsinin
yaradıcısı, Kaliforniya Universitetinin professoru, azərbaycanlı
alim Lütfü Zadə XXI əsrdə bəşəriyyətin
gələcəyinin informasiya və kommunikasiya
texnologiyalarının sürətli inkişafından, o
cümlədən virtual məkandan asılı
olacağını xüsusi vurğulayıb. Amerikalı
filosof T. Fridman isə: “Hər bir dövlətin virtual məkandakı
gücü və qüdrəti onun malik olduğu elektron
informasiya resurslarının xüsusi çəkisindən
asılıdır”,- deyir.
Bütün
bunları nəzərə alaraq, hazırda dünyanın bir
çox inkişaf etmiş dövlətləri virtual məkanda
siyasi baxışlarını və maraqlarını təbliğ
etmək üçün sistemli və ardıcıl iş
aparırlar. Bu baxımdan ötən əsrin 90-cı illərinin
əvvəllərində müstəqilliyini əldə edən
Azərbaycan da XXI əsrdə inanılmaz elmi-texnoloji
inkişafın, dünyanın gələcəyi hesab edilən
virtual məkanla yeni bir gələcəyə qədəm
qoyub. Ona görə də ümummilli liderimiz Heydər Əliyev
yenidən hakimiyyətə qayıdışının ilk
günlərindən kompyuterləşməyə xüsusi
diqqət verərək, müvafiq nazirliklərə qısa
müddətdə respublikamızda bu prosesi başa
çatdırmaq və internet şəbəkəsindən əhalinin
bütün təbəqələrinin geniş şəkildə
istifadə edə bilməsi üçün göstəriş
vermişdi.
1993-cü
ilin avqustunda Heydər Əliyev Azərbaycanla Amerika qitəsi
arasında birbaşa rabitənin yaradılmasına imkan verən
peyk-rabitə sisteminin açılışı zamanı
etdiyi çıxışında: “Azərbaycanın gələcəyi
elm və texnologiyanın inkişafından,
telekommunikasiyanın sonsuz imkanlarından istifadə edərək,
özünün milli maraqlarını təmin etməsindən
asılıdır”,- demişdi. Heydər Əliyev bununla da həmin
dövrdə zamanın, sivil inkişafın nəbzini tutaraq,
virtual məkanın Azərbaycan da daxil olmaqla, hər bir
dövlətə özünün milli, mədəni, siyasi,
iqtisadi, dövləti maraqlarını ən yüksək səviyyədə
qorumaq üçün yeni imkanlar verdiyini uzaqgörənliklə
müəyyən etmişdi.
Bu
müstəvidə də Azərbaycanın virtual məkanda
milli maraqlarının qorunmasında 2004-cü ildə
yaradılmış Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin (RİTN) də rolu olduqca
böyükdür. Məhz RİTN tərəfindən həyata
keçirilən uğurlu tədbirlər nəticəsində
Azərbaycan Transxəzər regionunda lider ölkəyə
çevrilərək İKT-nin tətbiqi və
elektron-hökumət sahəsində qonşu ölkələri
geridə qoyub. Bu da virtual məkanda Azərbaycanın öz
milli maraqlarını ən yüksək səviyyədə təmin
etməsinə imkan verməkdədir.
Milli maraqlarımızın təminində
virtual Azərbaycan amili
Ermənistanın
işğalçılıq siyasətilə üzləşən
Azərbaycanın öz milli maraqlarını virtual məkanda
qoruması xüsusi əhəmiyyət daşıyır. Bu,
ölkəmizə bölgədə baş verən hadisələr
barədə dünya ictimaiyyətinə operativ şəkildə
məlumatlar çatdırmaq, mədəniyyətimiz, milli adət-ənənələrimiz,
folklorumuz, məişətimizlə onları tanış etməyə
imkan verir. Məsələnin bu tərəfinə diqqəti cəlb
edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
İnformasiya Texnologiyaları İnstitutunun (İTİ)
direktoru, professor Rasim Əliquliyevin fikrincə, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasında, mədəni
dəyərlərimizin tanınmasında, dilimizin
inkişafında internetin özünəməxsus yeri
vardır. O: “Respublikamız haqqında məlumatların
virtual məkanda yayımı Azərbaycan üçün əsas
strateji məqsədlərdən biri hesab edilir”,- deyir.
Ekspertlərin
əksəriyyətinin fikrincə, elm və texnikanın
sürətli inkişafı konkret ərazi, sərhəd, dil,
din, milli-mənəvi dəyərlər əsasında
formalaşan Azərbaycan dövləti ilə yanaşı,
virtual Azərbaycanın da yaradılmasını
qaçılmaz zərurət kimi ortaya çıxarıb. Bu
müstəvidə də virtual Azərbaycan elə virtual Vətən
deməkdir. Ona görə də XXI əsrdə dünya azərbaycanlıları
dedikdə, təkcə coğrafi deyil, həm də virtual Azərbaycanın
sakinləri olan soydaşlarımız nəzərdə
tutulmalıdır. Virtual Azərbaycan vasitəsilə
formalaşdırılacaq milli informasiya mühiti isə
müxtəlif səbəblər üzündən
dünyanın 100-ə yaxın dövlətinin ərazisində
yaşamağa məcbur olan azərbaycanlıların vahid məram
ətrafında konsolidasiyasında strateji baza rolunu oynaya bilər.
Bütün bunları nəzərə alan professor Rasim Əliquliyev:
“Ana Vətəndən ayrı düşmüş azərbaycanlılar
məhz müasir informasiya texnologiyalarının köməyi
ilə virtual Vətən formalaşdırmalıdırlar”,-
deyir.
Bu
baxımdan hazırda qarşımızda duran başlıca vəzifə
dünya azərbaycanlılarını məhz virtual məkan
üzrə səfərbər etmək, onları milli-mənəvi
və ideoloji dəyərlər əsasında
silahlandırmaqdır.
Virtual Azərbaycanın
yaradılmasını zəruriyyətə çevirən bir
mühüm amil də günümüzdə gedən
qloballaşma prosesinin ayrı-ayrı dövlətlər və
xalqlar arasında baryerləri tədricən yox etməyə
başlaması, milli özünəməxsusluğu
aşınmaya məruz qoymasıdır. Belə bir şəraitdə
Azərbaycan virtual dünyanın pozitiv imkanlarından səmərəli
şəkildə bəhrələnməyə
çalışmalı, milli ideya, ənənə və dəyərlər
üzərində köklənmiş virtual informasiya məkanı
yaratmağa nail olmalıdır.
Məhz
ölkəmiz üçün xüsusi strateji önəm
daşıyan bu amili nəzərə alan Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Azərbaycan
2003-2008: reallığa çevrilən qeyri-adi zaman” əsərində
haqlı olaraq yazır: “XXI əsrdə bəşəriyyəti
ağuşuna almış qloballaşma dalğası xüsusən
də müstəqilliyini yenicə qazanmış dövlətlər
qarşısında zamanla ayaqlaşmaq, onun tələblərinə
uyğun siyasət yeritmək, müasir dünya siyasətinin
reallıqlarını düzgün dəyərləndirmək
kimi mühüm vəzifələr qoyur”.
Filosof
alim uzaqgörənliklə qeyd edir ki, “virtual dünya”da hər
bir dövlətin gücü və qüdrəti onun
intellektual potensiala, informasiya texnologiyalarına nə dərəcədə
yiyələnməsi informasiya resursları vasitəsilə
qloballaşan dünyaya təsir imkanları ilə müəyyən
olunacaqdır. Ramiz Mehdiyev: “Biliklərə əsaslanan
iqtisadiyyat quran, virtual informasiya məkanının
reallıqlarına uyğun çevik siyasət yeridən
dövlətlər qloballaşan dünyanın yeni siyasi
simasının müəyyənləşməsində əsas
söz sahibi kimi çıxış edəcəklər”,-
deyir.
Beləliklə,
virtual Azərbaycanın formalaşdırılması Azərbaycanın
milli özünəməxsusluğunun qorunub
saxlanılması üçün taleyüklü bir önəm
daşıyır.
Virtual Azərbaycanın
yaradılması eyni zamanda informasiya təhlükəsizliyinin
təmin edilməsi məsələsini də gündəmə
gətirir. Bu müstəvidə də XXI əsrdə
informasiya təhlükəsizliyi məsələsi hər bir
dövlətin xarici və daxili siyasətində mühüm
rol oynayır. Dövlətin iqtisadi inkişafı və beynəlxalq
aləmdə uğurları, eyni zamanda ona qarşı yönəlmiş
informasiya təcavüzünün qarşısının
alınmasından da asılıdır. Məhz bütün
bunları nəzərə alaraq, Azərbaycan Prezidenti
İlham Əliyev 23 may 2007-ci il tarixdə “Azərbaycan
Respublikasının milli təhlükəsizlik
konsepsiyası”nı imzaladı. Konsepsiyada da qeyd olunur ki, XXI əsrdə
Azərbaycan xalqının milli maraqlarının
qorunmasında, ölkənin inkişaf etdirilməsində
virtual məkanın reallıqları, informasiya təhlükəsizliyinin
təmini ciddiliklə nəzərə alınmalıdır.
Veb-portallar
Virtual məkanda
Azərbaycanın milli maraqlarının qorunması
üçün veb-portalların yaradılması da məqsədəuyğundur.
Məsələyə münasibət bildirən AMEA
İTİ-nin böyük elmi işçisi İradə Ələkbərovanın
fikrincə, milli maraqlarımızın, eyni zamanda dilimizin
assimilyasiyadan qorunması üçün Azərbaycan terminlərini
özündə toplayan xüsusi veb-portalın
yaradılması mövcud problemlərin həlli
baxımından son dərəcə vacibdir. O: “Belə
olduğu halda, müxtəlif ölkələrdə
yaşayan azərbaycanlılar ana dilinin təmizliyini və
saflığını qoruyub saxlaya biləcəklər”,-
deyir.
Bu
müstəvidə də Azərbaycan adı altında
yaradılan internet saytları (“www.azerbaijan.fr”,
“www.azerbaijan.ru”, “www.azerbaijan.de” və s.) virtual məkanda Azərbaycan
haqqında məlumatların tez bir zamanda əldə edilməsi
və yayılmasına imkan verir.
Veb-portallar
vasitəsilə həm də dünya azərbaycanlılarının
gənc nəslinin təhsil problemini həll etmək
üçün virtual Azərbaycan orta məktəbini yaratmaq
mümkündür.
Bu mütərəqqi
ideyanın gerçəkləşdirilməsi zamandan, məkandan,
siyasi şəraitdən asılı olmadan dünyanın istənilən
nöqtəsində məskunlaşmış azərbaycanlılara
ana dilində yazıb-oxumaq, ölkənin ədəbiyyatı,
tarixi, coğrafiyası, mədəniyyəti ilə
yaxından tanış olmaq imkanı verəcək.
“Vikipediya” virtual ensiklopediyası
Elm və
texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə
təbii ki, Azərbaycanın virtual məkanda
maraqlarının tam şəkildə qorunmasını
yalnız virtual Azərbaycanın
formalaşdırılması və veb-portalların
yaradılması ilə təmin etmək mümkün deyil.
Ona görə də internetdə həyata keçirilən
müxtəlif layihələrdən, xüsusi ilə
“Vikipediya” (Wikipedia) virtual ensiklopediyasının
imkanlarından istifadə etmək virtual məkanda Azərbaycanın
milli maraqlarının təmini üçün xüsusi əhəmiyyət
daşıyır.
“Vikipediya”nın
virtual məkanda oynadığı əvəzsiz rola diqqəti
cəlb edən İ. Ələkbərova deyir ki, onun
(“Vikipediya”nın) verdiyi imkanlardan istifadə edilməsi hər
bir dövlət üçün strateji önəm
daşıyır. O: “Vikipediya” vasitəsilə hansı millət
öz dəyərləri və həqiqətlərini
geniş təbliğ edirsə, o, internet mühitində
mövcud olan informasiya qarşıdurmasında da
üstünlük əldə edir. Bunu nəzərə alaraq,
“Vikipediya”da milli-mənəvi dəyərlərimiz haqqında
yalnız Azərbaycan dilində yox, həmçinin dünya
xalqlarının dillərində, xüsusən də, populyar
dillərdə çoxlu sayda materiallar yerləşdirilməlidir”,-
deyir.
Bu
müstəvidə də Azərbaycan barədə
“Vikipediya”ya yerləşdirilən məlumatların sayı
ildən ilə artmaqdadır. Məsələn, əgər
2007-ci ildə “Vikipediya”nın Azərbaycan bölməsində
məqalələrin sayı cəmi 3 min idisə, 2010-cu ildə
məqalələrin sayı artıq 36 minə
çatmışdır.
Bu
baxımdan “Vikipediya”nın Azərbaycan bölməsini virtual
Vətənin bir parçası da adlandırmaq olar.
Beləliklə,
Azərbaycanın milli maraqlarının virtual məkanda
qorunması İKT-nin imkanlarından ən yüksək səviyyədə
istifadə edərək çoxşaxəli iş
aparılmasından asılıdır və hazırda bununla
bağlı dövlət səviyyəsində bir sıra tədbirlər
həyata keçirilir. Bu müstəvi də də
günümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin
yeritdiyi siyasətin fövqündə məhz informasiya və
kommunikasiya texnologiyalarının sürətli inkişafı
yolu ilə ölkəmizin virtual dünyada layiqli yerinin təmin
edilməsi dayanır.
Yazı
Azərbaycan Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi və Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim
edilir.
ƏZİZ MUSTAFA
Zaman.-2011.-24-25 noyabr.- S.8.