Bakıda “BakuTel-2011” Beynəlxalq sərgisi açılıb

 

Noyabrın 23-də Bakı Sərgi Mərkəzində “BakuTel-2011” XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılıb. 

Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbiri olan “Bakutel-2011” sərgisi Britaniyanın “ITE Group” şirkətinin Qafqazdakı tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə təşkil olunmuşdur. Bu il sərgidə 29 ölkədən 250-yə yaxın şirkət iştirak edir. Sərginin 40 faizdən çox hissəsini yerli İT şirkətləri, mobil operatorlar, distribüterlər, rabitə operatorları və servis şirkətləri təşkil edir. Sərgidə ilk dəfə olaraq Avstriya, Belarus, Macarıstan, Fransa, İsrail, İspaniya, Kanada, Rumıniya, ABŞ, Türkiyə və digər ölkələrdən 18 milli ekspozisiya təqdim olunub.

Dünən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olublar. İlham Əliyev “BakuTel-2011” telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarını təbrik edib. APA-nın verdiyi xəbərə görə təbrikdə deyilir: “Sizi - “BakuTel-2011” 17-ci Beynəlxalq sərgi və konfransın iştirakçılarını bu möhtəşəm tədbirin keçirilməsi münasibətilə təbrik edirəm. Builki sərgi və konfransda 32 ölkədən 250 şirkətin təmsil olunması dünya İKT cəmiyyətlərinin bu tədbirə verdiyi qiymətin parlaq təzahürüdür. Ölkəmizdə hər il keçirilən bu Beynəlxalq sərgi və konfrans müxtəlif ölkələrin informasiya cəmiyyətlərinin formalaşması üzrə təcrübə mübadiləsi, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, qabaqcıl texnologiyaların təqdimatı, şirkətlər arasında biznes əlaqələrinin genişləndirilməsi üçün əlverişli şərait yaradır.

Azərbaycanda İKT-nin inkişafına dövlət böyük qayğı göstərilir. 2003-cü ildən İKT-nin inkişaf strategiyası və bu sahəyə dair bir neçə dövlət proqramı qəbul edilib, hüquqi baza formalaşıb, uyğun islahatlar həyata keçirilib və nəticədə normal rəqabət mühitinə malik olan, böyük həcmdə investisiya qəbul edən müasir İKT bazarı yaradılıb. Ölkəmiz regional və beynəlxalq İKT layihələrində fəal iştirak edir. Avrasiya transmilli informasiya magistralı, Avropa-Yaxın Şərq yüksəksürətli informasiya şəbəkəsi kimi layihələr buna misaldır.

İnanıram ki, “BakuTel-2011” 17-ci Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı müasir texnoloji nailiyyətlərin nümayişi, şirkətlərin, hökumət və dövlət təşkilatlarının, alim və mütəxəssislərin birgə müzakirələri, biznes əlaqələrinin qurulması, regional və beynəlxalq əməkdaşlığın inkişafı, eləcə də Azərbaycanla yaxından tanışlıq üçün əlverişli mühit olacaq. Sərgi və konfransın işinə uğurlar arzulayıram”.

 

 

  Zaman.-2011.-24-25 noyabr.- S.3.