“Bu gün kinonu Azərbaycan
dilində “danışdıran” rejissor yoxdur”
İndiki dövrdə seriallar efirin
böyük hissəsini zəbt edib. Zövqlər müxtəlifdir, birinin bəyəndiyini
digəri bəyənmir, digərinin bəyəndiyini başqası tənqid edir. Amma mənə
belə gəlir ki, bütün serialları silib atmaq da doğru deyil. Çünki
onlardan bəziləri insanları müsbət mənada yönləndirə bilir. Azərbaycanda
isə seriallar həm az çəkilir, həm də mütəxəssislərin tənqidinə
tuş gəlir. Müsahibəmizin budəfəki qəhrəmanı Rza Rzayev də bir zamanlar, xüsusilə
də 90-cı illərin sonlarında ölkəmizdə kifayət
qədər tanınanlardan olub. Lakin sonradan müəyyən
səbəblərdən film və
serial çəkilişlərinə ara verib. Onunla
görüşüb kino və serial
çəkilişləri, bu sahədəki
çatışmazlıqlar übarədə söhbətləşdik.
Qeyd edək ki, Rza hazırda
“Dolu” romanı əsasında rejissor Elxan Cəfərovun
çəkdiyi eyniadlı filmdə
Drakon rolunu oynayır.
- Rza bəy, özünüz barədə
oxucularımıza nə deyə bilərsiniz?
-
1973-cü ildə Naxçıvanda anadan olmuşam. Prezident
yanında Dövlət İdarəçilik
Akademiyasını bitirmişəm.
- Bəs necə oldu ki, serial və
filmlərə çəkilmək təklifi aldınız?
- 1997-ci
ildə Azərbaycan Dövlət Televiziyası (AzTV) “Bəsdir,
ağlama” bədii filmini çəkirdi. Filmin rejissoru
Rövşən Almuradlı idmançı aktyor tapa bilmirdi.
O, həmin ərəfədə idman zalında məni
gördü və fikrini dedi. Açığını deyim
ki, bir qədər tərəddüd etdim. Çünki o
dövrlər doğulduğum bölgədə aktyora,
müğənniyə o qədər
də yaxşı baxmırdılar. Ancaq düzünü
deyim ki, bir idmançı kimi içimdə filmə çəkilmək
istəyi vardı. Vandamın çəkildiyi filmlər mənim
üçün sənət əsəri idi. Rejissorla söhbətdən
sonra dedi ki, mən artıq axtardığım aktyoru
tapmışam. Beləliklə, mən “Bəsdir ağlama”
filminə çəkildim.
1999-cu ildə isə “Ünvansız qız” serialı
çəkildi və baş rolu oynadım. İndi
düşünürəm ki, sənəti tam dərk etmədiyim
üçün həmin seriala çəkilmişəm. Bu
gün belə bir təklif alsam, qəbul etmərəm.
Çünki orada bir çox dövlətlərin
mesajları var idi və mən indi anlayıram ki, filmin çəkilməsində
məqsəd məhz bu imiş. Həmin serialın mənim
üçün önəmi o oldu ki, sevdiyim aktyor, xalq artisti Həsən Məmmədovla
birgə oynadım. Həmin dövrdə bu serial çox məşhurlaşdı
və mən tanınmağa başladım. Serialda
oynadığım rolun adı Rəşad idi,
çoxları məni bu adla çağırırdı. Hətta
bir dəfə zavod müdirlərindən biri
yaxınlaşıb, zarafatla mənə demişdi ki, bizim
başımıza oyun açırsan, çünki serial
başlayan kimi bütün xanımlar baxmağa gedirlər və
zavodda iş dayanır. Məhz onda populyarlığın nə
olduğunu anladım.
- Səhv
etmiriksə, klipə də çəkilmisiniz.
- Abbas
Bağırovun “Sarı gəlin” klipində türk komandiri
rolunu oynamışam.
- Azərbaycanda arzusunda olduğumuz
serialların az çəkilməsini əsasən maliyyə
məsələləri ilə əlaqələndirirlər.
Bu fikrə münasibətiniz necədir?
- Təbii
ki, maliyyə məsələlərinin də təsiri var.
Amma ilk olaraq, ondan başlamaq lazımdır ki, bizdə kino sənayesi
yoxdur. Serial sənət əsəri deyil. Xarici dövlətlərdə
serialı daha çox çəkirlər ki, cəmiyyətə
hansısa mesajları ötürsünlər. Məsələn,
“Qurdlar vadisi” serialı Türkiyədə çəkildi, “dərin
dövlət” anlayışı gündəmə gətirildi.
İnsanlar “Qurdlar vadisi”ndən sonra “dərin dövlətin” nə
demək olduğunu dərk etməyə başladılar. Məhz
bundan sonra “Ergenekon” əməliyyatı həyata
keçirildi. Bir çox inkişaf etmiş dövlətlər
həyata keçirmək istədikləri məqsədləri
seriallarla, buradakı mesajlarla cəmiyyətə
ötürür və insanları buna
alışdırırlar. “Amerikanı Hollivud qurub” fikri
boş yerə deyilməyib. Müasir dövrdə
insanların şüuruna kino və seriallar qədər təsir
edəcək ikinci bir vasitə yoxdur. Deyərdim ki, indiki
dövrdə ən pis kinonun tamaşaçısı ən
yaxşı kitabın oxucusundan çoxdur. Bunu inkar etmək
mümkün deyil...
- Dedikləriniz
maraqlıdır, amma ölkəmizdə serialların az
çəkilməsi ilə bağlı sualı tam əhatə
etmədi...
- Məncə,
bizdə mahiyyət və məzmun, təfəkkür, ideya,
aktyor, rejissor, operator, kadr və pirotexniki problemi var. Bu gün
kino dünyada artıq bir sənayedir və milyonlarla qazanc gətirir.
Hətta belə deyirlər ki, bu gün narkotika və silah
alverindən sonra ən çox pul gətirən sahə
kinodur. Bu mənada bizim hansı filmimiz ən azı texniki
baxımdan həmin kinolarla ayaqlaşmağa layiqdir? Bunun
üçün öncə insan yetişdirilməlidir. Bizdə
indi bir neçə yerli serial efirə verilir. Bəlkə də
həmin serialı çəkənlərdən soruşsan
ki, “çəkməkdə məqsədin nədir?” cavab verə
bilməyəcək. Bu gün orada oynayan aktyora desən ki,
“oynadığın rolu şərh elə”, heç nə deyə
bilməyəcək. Kino milli adət-ənənələrə,
dini dəyərlərə bağlı olan bir sənətdir.
Sovet dövründə bizim rejissorları özlərinin
görmək istədikləri kimi yetişdiriblər. Ona görə
də müstəqillik illərində bu sahədə
boşluq yarandı.
- Bəs yeni rejissorlar yetişirmi?
- Rejissor
yön, istiqamət verəndir. İnkişaf etmiş ölkələrdə
cəmiyyətə, insanlara çəkdiyi kinoların
hesabına istiqaməti məhz rejissor verir. Rejissorluq həyat
tərzi deməkdir. Ümumiyyətlə,
yaradıcılıq həyat tərzidir. Rejissor nəyi necə
görürsə, elə də təqdim edir. Rejissor öncə
özü şəxsiyyət olmalıdır ki, cəmiyyətə
nəsə verə bilsin. Belə bir söz var: “elm şəxsiyyətsiz
ötüşə bilər, ancaq sənət yox”.
Böyük sənəti böyük şəxsiyyətlər
yarada bilirlər. Bu şəxsiyyətləri cəmiyyət və
məktəb yetişdirməlidir. Bu gün çox şey təcrübədə
öyrənilir. Dünənin səhvi bu günün
düzünə yol açır. Əgər bizdə kino
emalatxanası yoxdursa və iş getmirsə, hansı səhvləri
edib, düzə doğru gedə bilərik? Bu gün “sənət”
sözünün mənasını çoxları bilmirlər.
Bu sözün hərfi mənası “nəyinsə ikincisi” deməkdir.
Nəyinsə ikincisi artıq sənət əsəridir. Həyatın
kserokopiyası sənət deyil. Bir var, fotoqraf dəqiqliyi - o
hansısa şəkli dəqiq çəkir, bir də var, rəssamın
yaradıcılığı. Rəssam artıq öz
baxışlarını, dünyagörüşünü,
istək və arzularını bütövləşdirir və
onu əsərdə büruzə verir.
Kino Azərbaycan
dilində danışmalıdır. Bunun isə kodları var.
Biz rus, ingilis filmlərini Azərbaycan dilinə tərcümə
edirik, amma bu o demək deyil ki, həmin filmdəkilər bizim
dilimizdə danışırlar. Biz ancaq dialoqları tərcümə
edirik. Bəs biz ordakı baxışları, hərəkətləri,
sətiraltı mesajları necə tərcümə edə
bilərik? Bu gün kinonun ana dilimizdə danışması
üçün əsaslar lazımdır. Hələ ki bir
neçə rejissorumuz cəhd edir və müəyyən mənada
uğurlu alınır. Amma dediyim kimi, bu gün kinonu Azərbaycan
dilində “danışdıran” rejissor yoxdur.
- Hansısa roldan imtina etdiyiniz vaxtlar
olubmu?
- Mən
Azərbaycanda yeganə aktyoram ki, bir həftə çəkilişdən
sonra baş roldan (“Cavadxan” filmində Uğurlu -red.) imtina
etmişəm. Bu barədə fikrimi normal şəkildə
rejissora, aktyorlara demişəm və filmdən getmişəm.
- Səbəbi
nə idi?
- Bu barədə
danışmaq istəmirəm.
- Bəs
tapşırıqla, zənglə filmlərdə, seriallarda
rol alanlar olurmu?
- Əgər
cəmiyyətimizdə belə bir şey varsa, kinoda
olmaması mümkün deyil. Təbii, bu yolla sənətə
gəlmək yaradıcılıq deyil. Hər şeyi məqsəd
müəyyən edir. Ən böyük sənət əsəri
gələcəyin böyük obrazını yaradır. Həmin
obraz həm də dünəni və bu günü
özündə əks etdirməlidir. Özümə gəlincə,
mən taleyimin yazıldığına inanan insanam. Göydən
bir yarpaq da boş-boşuna düşmür. Həyatda
heç nəyin dalınca qaçmamışam, əksinə,
yaşadıqlarım özü gəlib məni tapıb. Mən
nə kinoya çəkilmək haqqında
düşünmüşdüm, nə də hansısa yerə
can atmışdım. Demək, qismətimdə var imiş...
- Hazırda çəkildiyiniz film varmı?
- “Dolu”
romanının film çəkilişlərində iştirak
edirəm. Rejissor Elxan Cəfərov məni yanvar ayında dəvət
etmişdi. Elxan müəllimin “Qarabağda Azərbaycan” filminə
baxmışdım, amma tanışlığımız yox
idi. Həmin film çox xoşuma gəlmişdi . Ən
azından rejissorla söhbət üçün onunla
görüşə getdim. Amma ondan öncə bir neçə
dəfə təklif alsam da, razılaşmamışdım.
Sonra fotosınaqlara getdim. Beləliklə, Drakon roluna təsdiqləndim.
- Film nə vaxt ekranlara veriləcək?
- Yəqin
ki, gələn il.
- Tanıdığım gənc
aktyorların bir çoxu film çəkilişlərindən
aldıqları qonorarın azlığından gileylənirlər.
Siz bu barədə nə deyə bilərsiniz?
- Yenə
deyirəm, cəmiyyətimizdə hansısa sahədə bir
problem varsa, o mütləq kino sahəsində də
özünü göstərir. Xaricdən ölkəmizə
gələn mütəxəssis hansısa özəl şirkətdə
5 min dollar maaş alırsa, özümüzünkü eyni
işi görəndə 500 manat alır. Kino sahəsində də
deyək ki, rus aktyora 50 min manat pul, gündəlik 80 manat
qonorar verirlərsə, amma bizim aktyora hər gün
üçün 20 manat verilir. Bu isə
aktyorlarımızı istər-istəməz ruhdan salır.
- Bir dəfə
film ssenarisi yazmaq istədiyinizi demişdiniz. Vəziyyət nə
yerdədir?
- Bu
işə çox ciddi yanaşıram. İndiki dövrdə
hər şey deyilib. Ona görə deyirlər ki, “bu əsr
sintez əsridir”. Mən yazacağım ssenaridə müharibə
mövzusu ilə Azərbaycan qadınının kimliyini ortaya
qoymaq istəyirəm. Türk qadınının ən
böyük sənət əsəri onun ailəsidir. Bu
gün Avropada ailələr problemlərlə üz-üzədir.
Avropa indi anlamağa başlayıb ki, iqtisadi inkişaf tam
inkişaf demək deyil. Ona görə də onlar öz ailə
problemlərini serial vasitəsilə başqa dövlətlərə
və cəmiyyətlərə ötürməklə təhlükəni
paylaşaraq azaltmağa çalışırlar.
Avropa
çox yaxşı bilir ki, türk qadına pis gözlə
baxmayıb. O, qadına bir bacı, bir ana kimi, bibiqızı,
xalaqızı kimi baxıb. Qadına bu yanaşma onu gözəlləşdirir,
ideallaşdırır. Amma Avropa qadına artıq qadın
kimi baxır. Mənə görə, Azərbaycan
qadını kişisinin kürəyidir. İstəyirlər
ki, türk kişisinin qadına olan münasibəti dəyişsin.
Bizi məhv etməyin bir yolu var - qadına olan münasibətimizi
dəyişmək. Bütün dünya istəyir ki, biz
qadına olan münasibətimizi dəyişək.
- Ekranda
tez-tez görüşmək ümidi ilə sizə uğurlar
arzulayırıq.
NICAT
İNTIQAM
Zaman.-2011.-1-3 oktyabr.- S.8.