“Xəzər” nəşriyyatı müəlliflərlə oxucuları görüşdürdü   

     

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Əl Oyunları İdman Sarayında dövlət müstəqilliyimizin 20 illiyi münasibəti ilə keçirilən II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Xəzər” nəşriyyatının iki kitabının - ikicildlik  Könül taxtımızın bənzərsiz sultanı Peyğəmbərimiz” və “110 sualda Yaradılış və Təkamül”ün müəllifləri ilə görüşimza mərasimi keçirilib. Məlumat üçün bildirək ki, hər iki kitab müxtəlif nominasiyalar üzrə “2010-cu ilin kitabı” adına layiq görülüb.

 

“Könül taxtımızın bənzərsiz sultanı Peyğəmbərimiz” kitabının müəllifi, ilahiyyatçı alim Rəşid Haylamaz görüşdə ikicildlik kitabın ərsəyə gəlməsinə 15 ildən çox vaxt sərf etdiyini və bu müddətdə müxtəlif araşdırmalar apardığını bildirib. Müəllif kitabda siyər (Həzrəti Məhəmməd Peyğəmbərin həyatından və fəaliyyətindən bəhs edən əsərlər belə adlanır) ənənəsinə sadiq qalsa da, gələcəyimizə yön verən həqiqətləri quru xronoloji ardıcıllıqla mexaniki şəkildə sadalamadığını, sadə və anlaşıqlı dildə oxucuya çatdırmağa çalışdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Allah Rəsulunun (s.ə.s.) bir hədəfi olub: insanları problemli ortamlardan uzaqlaşdırıb, onları bu dünyada və ölümdən sonrakı həyatlarında problemlərlə qarşılaşmayacaqları bir halda yaşatmaq.... Rəşid bəy daha sonra bildirib ki, Türkiyədə həmin bu ikicildlik kitab bir kitab halına salınıb və uğurla öz müştərisini tapmaqdadır: “Artıq onun oxucularının sayı bir milyonu ötüb”. Müəllif bu əsərlə Peyğəmbərimizlə (s.ə.s.) aramızdakı məsafənin az da olsa aradan qalxacağını düşündüyünü və onun həyatını dərindən öyrənməklə öhdəmizə düşən vəzifələrə daha möhkəm sarılacağımızı dilə gətirib.

 “110 sualda Yaradılış və Təkamül”ün müəllifi Prof. dr. Arif Sarsılmaz isə çıxışına bu sözlərlə başlayıb: “Bu dünyaya haradan və necə gəldik, haraya gedəcəyik? sualı hər halda düşünən insanları ən çox maraqlandıran suallardan birincisidir. Səmavi dinlərin yaradılışla bağlı verdiyi məlumatlar xaricində bu sualın birinci qisminə cavab olaraq, irəli sürülmüş və dünyanı ən çox məşğul etmiş düşünənlərin ilk sırasında hər halda “təkamül” nəzəriyyəsi gəlir. O “təkamül” nəzəriyyəsi ki, uzun illərdir ki, tədris olunur. Mən bu kitabda elmi məlumatlara və 30 illk araşdırmalarıma əsaslanaraq təkamülün bir nəzəriyyə olsa da, onun mühüm məsələləri məntiqli cavablandırmadığını, elmi əsas qayəsindən uzaqlaşdırdığını ətraflı izah etməyə çalışmışam. Yaradılış Allahın qüdrəti, elmi və iradəsi ilə meydana gəlmişdir”. Kitabın sual-cavab şəklində tərtib edildiyini, hər mövzuya aid faktların və ya fakt kimi istifadə olunan materialların fotoşəkillərinin də verildiyini qeyd edən müəllif bu formanı seçməklə daha anlaşıqlı bir əsər ortaya qoyduğunu dilə gətirib. Daha sonra isə hər iki müəllif kitablarını öz imzaları ilə tədbir iştirakçılarına təqdim ediblər.

Qeyd edək ki, Türkiyədən “Xəzər”in dəvəti ilə bu mərasimdə iştirak etmək üçün ölkəmizə gəlmiş hər iki müəllif Bakıda belə kitab sərgisinin keçirilməsindən məmnun olduqlarını dilə gətirib.

 

 

 QVAMI MƏHƏBBƏTOĞLU

 

  Zaman.- 2011.- 1-3 oktyabr.- S.9.