Fərhad Mikayılov: “Savadsız insanı
istismar etmək daha
asandır”
- Fərhad müəllim, insan
kapitalının dünya iqtisadiyyatının
inkişafındakı rolunu necə qiymətləndirmək
olar?
- İnsan kapitalı cəmiyyətin başlıca məhsuldar qüvvəsidir. Bütün dünyada insanların təhsil almaq imkanlarının genişləndirilməsi insan kapitalının inkişafına səbəb olur ki, bu da yoxsulluğun azaldılmasında həlledici rol oynayır. Yüksək təhsilə malik insan yeni maşın və mexanizmlər ixtira edir, istehsalı səmərələşdirir, elmi kəşflər edir. Digər bir tərəfdən, dünya təcrübəsi iqtisadi artımın əsasən insan kapitalı hesabına formalaşdığını göstərir. Dünya Bankının 192 ölkədə apardığı tədqiqatlar nəticəsində məlum olub ki, planetimizdə iqtisadi artımın 16%-i fiziki kapital, 20%-i təbii resurslar, 64%-i isə insan kapitalı hesabına baş verir. Eyni zamanda zəngin təbii sərvətlərə malik olan ölkələrin bir çoxunda təhsil səviyyəsinin aşağı olması səbəbindən insanlar yoxsulluq səviyyəsində yaşayırlar. Bu cür ölkələrdə demokratiyanın olmaması, təbii sərvətlərdən gələn gəlirlərə arxayınlıq, hakimiyyətin əsas diqqətinin təbii sərvətlərin satışına yönəlməsi və əldə edilən gəlirlərdən səmərəsiz istifadə insan kapitalının inkişafına mane olur. Təcrübə göstərir ki, diktaturanın hakim olduğu ölkələrdə hakimiyyət insanların intellektual səviyyəsinin yüksəldilməsində bir qayda olaraq maraqlı olmur. Çünki savadsız insanı idarə etmək, daha konkret desək, istismar etmək daha asan olur.
- Yəqin ki, dünyada təhsilə
əhəmiyyət verən ölkələrdə vəziyyət
fərqlidir...
- Demokratiyanın inkişaf etdiyi ölkələrin təcrübəsi isə göstərir ki, təhsil bu ölkələrin təkcə sosial-iqtisadi və sosial-mədəni inkişafında deyil, həmçinin təhlükəsizliyində, davamlı inkişafında, məşğulluğun təmin olunmasında, yoxsulluğun azaldılmasında və s. mühüm yer tutan fəaliyyət sahəsidir. Çünki ixtisaslı kadrların ortaya çıxardığı maddi və mənəvi dəyərlər ixtisası olmayan insanın ortaya çıxardığı dəyərlərdən fərqlidir. Eyni zamanda onların gəlirləri arasında da ciddi fərqlər mövcuddur. İxtisaslı kadrların hazırlanmasına qoyulan investisiyalar insanın formalaşmasına yatırılan sərmayədir. Başqa formada bu, insana kapital qoyuluşu da adlandırılır və belə investisiyalar insan kapitalını formalaşdırır. Ümumiyyətlə, dünyada insan kapitalı ən çox gəlir gətirən investisiya hesab olunur. Bu baxımdan indiki dövrdə təhsilin keyfiyyətini yüksəltməyə çəkilən xərclər vacib məsələlərdən biridir. Qazanılan biliklər insanın ömür yolunda onu daim müşayiət edir və sosial rifahını yaxşılaşdırır.
- Bəs ölkəmizdə
insan kapitalının inkişafı
hansı səviyyədədir?
- Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən həyata keçirilən insan potensialının inkişafı səviyyəsinin qiymətləndirilməsi prosesinə 1994-cü ildə qoşulub və 1995-ci ildən başlayaraq, insan inkişafı üzrə illik hesabatı davamlı olaraq açıqlayır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra insan inkişafına mane olan bir çox amillərlə üzləşib. Keçid dövründə həyat səviyyəsinin aşağı düşməsi, sosial infrastrukturlardan istənilən səviyyədə istifadə olunmaması, əhalinin yaşayışında baş verən bərabərsizliklər, inamsızlıq, müharibə şəraiti, bir milyondan çox qaçqın və köçkünün olması ölkədə iqtisadi böhrana səbəb olub. Təbii və əmək resursları zəngin olan ölkədə investisiyaların əksəriyyəti yanacaq sektorunda, xüsusilə də neft bölməsində və Bakı şəhərində cəmlənib. Bunun nəticəsində regionlar zəif inkişaf edib. Bu da əhalinin həyat səviyyəsinə və sosial inkişafına mənfi təsir göstərib. Lakin son illərdə ölkəmizdə uğurla həyata keçirilən hüquqi və iqtisadi islahatlar nəticəsində insan inkişafı ilə əlaqədar nəzərəçarpan nailiyyətlər əldə edilib. Bu nailiyyətlərə ölkədə yaranan iqtisadi sabitlik, əhalinin həyat səviyyəsinin yüksəlməsinə yönəldilən sosial-iqtisadi siyasət təkan verib. Sosioloji araşdırmalar göstərir ki, Azərbaycanda insan inkişafının perspektivləri yüksəkdir. Ölkəmizin zəngin təbii resurslara və intellektual potensiala malik olması yaxın gələcəkdə insan kapitalının inkişafına nail olmağa imkan verəcək. Eyni zamanda ölkəmiz yüksək elmi potensiala malikdir və bir sıra sahələr üzrə dünyada qabaqcıl yerlərdə durur.
- İnsan
kapitalının inkişafı ilə bağlı əsas meyarlar nələr hesab olunur?
- İnsan kapitalının inkişafı insan inkişaf indeksi ilə qiymətləndirilir. İnsan İnkişaf İndeksinin hesablanması zamanı gözlənilən ömür müddəti, təhsilin səviyyəsi və ümumi daxili məhsulun (ÜDM) artım tempi əsas götürülür. Ölkəmizdə insan inkişaf indeksi əsasən ÜDM-in sürətli artımı hesabına yüksəlib. İnsan inkişaf indeksinə təsir edən digər amillər üzrə isə artım tempi istənilən səviyyədə deyil. Bu amillərdən birincisi, gözlənilən ömür müddəti indeksidir. Bu indeksin yüksəldilməsi üçün əhalinin sağlamlığına yönəldilən tədbirlər gücləndirilməlidir. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, 2010-cu ildə adambaşına düşən dövlət səhiyyə xərcləri Türkiyədə 429 dollar, ABŞ-da 3 min 602 dollar, Almaniyada 3 min 502 dollar, Norveçdə 6 min 18 dollara bərabər olub. MDB ölkələrindən Rusiyada 306, Qazaxıstanda 195, Ukraynada 98, Gürcüstanda 73, Ermənistanda 56, Özbəkistanda 21, Tacikistanda isə 13 dollar olub. Bizdə isə bu göstərici 67 dollar olub. Təbii resurslarla zəngin olan Norveçdə səhiyyəyə ayrılan xərclər ÜDM-in 7,5%-ni, Kanadada 7,1%-ni, İranda 3%-ni, Venesuelada 2,9%-ni təşkil edib. Ölkəmizdə isə bu göstərici 1%-ə bərabər olub.
- Orta
ömür müddətini artırmaq üçün hansı tədbirlər həyata
keçirilməlidir?
- Vətəndaşların daha yüksək tibbi xidmətlərlə təmin olunması üçün büdcədən ayrılan vəsaitlərin artması onların orta ömür müddətində artıma səbəb olmur. Ötən il adambaşına düşən səhiyyə xərcləri 54,9 manat olub ki, bu da 2000-ci ilə nisbətən 10,1 dəfə, əvvəlki ilə nisbətən isə 1,2 dəfə çoxdur. Ancaq səhiyyə istiqamətində yönəldilən büdcə vəsaitindən səmərəli şəkildə istifadə olunmur. Bu da onu göstərir ki, səhiyyə sistemində köklü islahatlara ehtiyac var. Doğrudur, son dövrlərdə, xüsusilə, “Regionların sosial-iqtisadi inkişafı proqramı” çərçivəsində regionlarda maddi-texniki təminat baxımından müasir tələblərə cavab verən tibbi-diaqnostika mərkəzlərinin tikilməsi təqdirəlayiq haldır. Ancaq bununla yanaşı, burada çalışan tibbi personalın ixtisaslaşma səviyyəsi, yerli əhalinin pulsuz tibbi xidmətlərə çatma imkanları kimi keyfiyyət göstəricilərinin də yaxşılaşdırılması ölkədə orta ömür müddətinə müsbət təsir göstərəcək. Eyni zamanda dünyada geniş şəkildə tətbiq olunan “ailə həkimi” sistemini ölkəmizdə də tətbiq etmək lazımdır. İnsanların səhiyyə xidmətlərinə çıxışı asanlaşdırılmalıdır.
- Qeyd
etdiyiniz kimi,
insanın inkişafına təsir göstərən amillərdən
biri də təhsil hesab
olunur. Ölkəmizdə bu
sahədə vəziyyət necədir?
- Son illər büdcədən təhsilə ayrılan xərclərin həcmi davamlı olaraq artırılır. Təhsil sahəsinə diqqətin artırılması ölkədə insan resurslarının inkişafı və iqtisadiyyatın yüksək ixtisaslı kadrlarla təmin olunması baxımından dayanıqlı iqtisadi inkişafa xidmət edə biləcək çox təqdirəlayiq haldır. Ancaq təhsil sahəsində kəmiyyət baxımından əldə edilən nəticələr keyfiyyət nəticələrinə çevrilmədikcə bu sahəyə yönəldilən xərclərin effektliyindən danışmaq mümkün deyil. 2010-cu ildə büdcədən təhsilə ayrılan xərclərin həcmi 2000-ci illə müqayisədə 6,4 dəfə artıb. Lakin həmin dövrdə təhsil xərclərinin ÜDM-dəki payı aşağı düşüb. Bu da büdcənin artım tempi ilə ÜDM-in artım tempi arasındakı uyğunsuzluqdan qaynaqlanır. Ölkəmizdə təhsilə ayrılan xərclər ÜDM-in 1,9%-ni təşkil etdiyi halda, Norveçdə bu göstərici 6,7%, İranda 5,5%, Kanadada 4,9%, Qazaxıstanda isə 2,8% təşkil edib. Təhsil xərcləri iqtisadi artım üçün güclü və əhəmiyyətləri təsirə malikdir. Bu o deməkdir ki, iqtisadi artımı heç bir resursdan asılı olmayaraq, əmək qüvvəsi və təhsilin keyfiyyətinin artırılması hesabına təmin etmək mümkündür.
ALLAHVERDİ
CƏFƏROV
Zaman.-2011.-11-12 oktyabr.-S.12.