Gərək kitabı sevdirə biləsən
(ƏVVƏLİ ÖTƏN
SAYIMIZDA)
Dünənki yağışdan sonra günəş yenə
gülümsəyirdi. İlyas müəllim avtobusun pəncərəsindən
Gədəbəyin dağlarına ilk qarın ələndiyini
görüb dedi ki, bu tədbirdən sonra sizi kənddəki
evimə dəvət edirəm; getsəniz, geri dönmək
istəməyəcəksiniz... O, dağlara baxdıqca uşaq
kimi sevinirdi. Mənə elə gəldi ki, artıq şair xəyalən
o yerlərdədir: dağların sinəsindəki bulaqlarla, məhsulu
şirəli alma ağacları ilə,
qocaman palıdlarla və onun yolunu həmişə gözləyən
insanlarla dərdləşir.
Bayraq meydanında görüş
Tovuz şəhərinin girəcəyindəki Bayraq
meydanında böyük canlanma vardı. Bazar
günü olsa da, meydan məktəblilərlə dolu idi.
Axarlı-baxarlı meydan qısa müddətdə
bəzədildi. Amma Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Aydın müəllim
nədənsə əsəbi görünürdü. Millət vəkili İlyas İsmayılovun və
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq
Zeynalovun tədbirdə iştirak etmələri kitab sərgisinin
daha mütəşəkkil keçməsinə səbəb
oldu. Onlar təqdim olunan kitablara maraqla
baxdıqdan sonra mikrofona yaxınlaşdılar. İlyas İsmayılovun çıxışı
qısa oldu. O, üzünü uşaqlara tutaraq, sadəcə,
çoxlu kitab oxumağı tövsiyə etdi. Rayon
İcra Hakimiyyətinin başçısı T. Zeynalov isə
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından
keçən 20 ildə xalqımızın keçdiyi
çətin və şərəfli yoldan söhbət
açdı və qarşıdan gələn bayram münasibətilə
tədbir iştirakçılarını təbrik etdi.
Tofiq Zeynalov çıxışının sonunda bildirdi:
- Əziz balalar, müstəqil Azərbaycanın gələcəyinə
siz cavabdeh olacaqsınız. Bunun üçün,
ilk növbədə, biliklərə hərtərəfli yiyələnməlisiniz.
Biliyin əsas mənbəyi isə kitabdır.
Bu kitab sərgisi də elə həmin məqsədə
xidmət edir. Nəşriyyatlarımız tərəfindən
çap olunaraq rayon kitabxanalarına hədiyyə kimi təqdim
edilən bu kitabları gətirən səyyar sərginin təşkilatçılarına
da təşəkkür edirik.
Firudin bəy
Köçərli adına Respublika
Uşaq Kitabxanasının direktor müavini Zahirə xanım
xatırlatdı ki, biz keçən il uşaq kitablarına
olan marağı və ehtiyacı öyrənmək məqsədilə
on bir payonda monitorinq aparmışdıq. Bu tədbir
də həmin monitorinqin nəticələrinə görə
keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin
dəstəyi ilə keçirilən “Kitab karvanı: İpək
yolu ilə” səyyar kitab sərgisində paytaxtımızda fəaliyyət
göstərən “Təhsil”, “Turan”, “Altun”, “Beşik”,
“Çinar-çap”, “Kitab klubu”
və digər nəşriyyatların son illərdəki
məhsulları təqdim edilir. Kitab
karvanının keçəcəyi 6 rayonun hər birinin mərkəzi
kitabxana sisteminə təqribən 600-1000 kitab hədiyyə
olunacaq. Ümidvarıq ki, məktəbli
balalarımız həmin kitabları maraqla oxuyacaqlar.
Tovuzun Ermənistanla sərhəd kəndlərindən
olan Muncuqluda ədəbiyyat müəllimi işləyən
Gülnar xanım tədbirin daha canlı keçməsi
üçün vətənpərvərlik mövzusunda
yazdığı şeirlərdən də bir neçəsini
oxudu. Qeyd edək ki, Gülnar Səma çox gənc olsa
da artıq iki şeirlər kitabının müəllifidir.
Gözəl şairimiz İlyas Tapdıq onun
şeirləri barədə xoş sozlər söylədi və
Gülnara uğurlar arzuladı.
Tədbiri
Aşıq Əsəd adına Tovuz Musiqi
Məktəbinin “Misri” sazçalanlar ansamblının, gənc
aşıqlar Nazlı Məmmədova, Elman Dumanoğlu və
başqalarının çıxışları daha da
rövnəqləndirdi.
Biz kitab sərgisinin
iştirakçısı olan məktəblilər arasında
yay tətilində
və son günlər hansı bədii kitabları
oxumaları ilə bağlı sorğu keçirdik. Bozalqanlı və Dönükqırıxlı kəndlərindən
olan məktəblilər sorğuda daha fəal iştirak etdilər.
Onlar oxuduqları kitabların adlarını
saymaqla yanaşı, həmin əsərlər barədə ətraflı
məlumat verdilər.
Bu eldə hər kəs söz sərrafıdır
Ağstafa Rayon Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Gülgün Kərimov kitab
karvanı üzvlərini köhnə tanışlar kimi
qarşıladı. Söz-sənət xiridarı olan Gülgün müəllim
şair İlyas Tapdığı görən kimi
çiçəyi çırtladı:
-
Ağrın alım, ay qağa, başının dəstəsiylə
xoş gəlmisən. Hüseyn qağamın (
Xalq şairi Hüseyn Arif nəzərdə tutulur-red.)
iyini indi səndən alıram.
Gülgün müəllim sonra
iş otağındakı kitabları göstərib: - Hər
gün ən azı bir saat şeir oxumasam rahat ola bilmirəm. Bir daha xoş gəlmisiniz.
Kitab sərgisi
Ağstafanın girəcəyindəki yaşıl meydanda
inşa olunmuş geniş Heydər Əliyev Mərkəzində
keçirildi. Mərkəzin böyük
zalı da, foyesi də kitab həvəskarları ilə dolu
idi. Foyedə məktəblilər Firudin bəy
Köçərli adına Kitabxananın
Məlumat və biblioqrafiya şöbəsinin müdiri Sevil
xanım Əhmədovanı dövrəyə
almışdılar. Sevil xanım yeni kitablar və
onların müəllifləri barədə uşaqlara məlumat
verirdi. Kitabxananın Elmi metodika şöbəsinin
müdiri Nailə xanım Həşimova isə rayon
kitabxanaçılarına öz tövsiyələrini
çatdırırdı.
Bu arada rayonun Dağ Kəsəmən kənd
1 saylı məktəbin ikinci sinif şagirdi Aysu Məmmədzadə
“Tumurcuq”dan əzbərlədiyi bir şeiri çox gözəl
söylədi və qəzetin hədiyyəsini qazandı.
Tədbirin aparıcısı son aylar Ağstafa rayonunda
keçirilən mədəni-kütləvi tədbirlər
barədə söhbət
açdıqdan sonra “Ləman” rəqs qrupunu meydana dəvət
etdi. Sonra respublika müsabiqəsinin qalibi gənc
aşıq Əfsanə Kərimli şaqraq səsi ilə qəlbləri
coşdurdu. Xanzadə Əsgərov isə
“Sarı bülbül” xalq mahnısını məharətlə
ifa etdi. Yeri gəlmişkən deyək ki,
bu yeniyetmə əsl istedaddır.
Qazaxda kitab karvanını, belə demək olarsa,
böyük söz sərkərdəsi, sevimli şairimiz Səməd
Vurğun qarşıladı. Səyyar kitab sərgisi
də elə şairin əzəmətli heykəli ucalan
meydanda keçirildi. Sərgiyə məktəblilərlə
yanaşı, kitabxana və təhsil işçiləri,
valideynlər, sözü, sənəti sevən çoxlu
sayda soydaşımız qatıldı. Rayon Mərkəzi
Kitabxana Sisteminin müdiri Solmaz Babanlı səyyar kitab sərgisi
iştirakçılarını salamladı. Şair İlyas
Tapdıq, əvvəlcə, hər kəsi müstəqilliyimizin
bərpasının 20 illiyi münasibətilə təbrik
etdi, sonra Qazax torpağının yetişdirdiyi söz-sənət
və elm adamları barədə danışdı:
- Əziz uşaqlar, 20 ildə müstəqil Azərbaycan
sürətlə inkişaf edib, böyüyüb, ucalıb,
dünya dövlətləri sırasında layiqli yerini tutub. Qədim Qazax
ölkəmizin ən böyük mədəniyyət mərkəzlərindən
biridir. Mən hər dəfə Qazaxa gələndə
yeniləşmə, inkişaf görürəm və sevinirəm.
Siz bu torpağın gələcək
qurucuları olacaqsınız. Bu gün heykəl kimi
qarşımızda dayanan Xalq şairi Səməd Vurğun,
Xalq yazıçısı Mehdi Hüseyn, Xalq şairi Osman
Sarıvəlli, Xalq yazıçısı İsmayıl
Şıxlı və başqa ədiblərimiz
bu torpaqda yetişiblər, ədəbiyyatımızı,
elmimizi zirvələrə qaldırıblar. Ümid
edirəm ki, sizlərdən də gözəl şairlər,
yazıçılar çıxacaq. Qazax böyük
ziyalı potensialına malik rayondur.
İlyas müəllim daha sonra əlavə etdi ki,
şairlər də, alimlər də böyük
uğurları kitabla dostluq etdiklərinə görə
qazanıblar.
Buna görə siz də kitabla dost olmalısınız. Kitabla dostluq etsəniz, arzularınıza tez
çatarsınız, xalqımıza daha çox xeyir verə
bilərsiniz.
İlyas müəllim məktəblilər
üçün yeni şeirlərini də oxudu. Sonra uşaq
yazıçısı Gülzar İbrahimova, Qazax Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Valeh Vəliyev çıxış etdilər. Məktəblilər isə
hazırladıqları şeir və mahnı çələngini
təqdim etdilər....
Biz Qazaxdan da böyük təəssüratla
ayrıldıq.
Kitab bizi də dost etdi
İnamla
demək olar ki, “Kitab
karvanı: İpək yolu ilə” layihəsi
uğurla həyata keçirildi.
Altı günlük səfərdən
karvanla yola çıxanlar da böyük zövq aldılar.
Bu uğur, ilk növbədə, səfər
yoldaşlarımız - Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının fədakar
xanımlarının adı ilə bağlıdır. (Yeri gəlmişkən
deyək ki, bu
layihənin müəllifi kitabxananın direktor
müavini Zahirə Dadaşovadır). Çünki
onlar özləri kitabı çox sevdikləri kimi,
başqalarına da kitabı sevdirə bilirlər. Dəfələrlə şahidi olduq ki, bu
xanımlarla söhbət edən hər bir məktəbli və
valideyn aldıqları məlumata görə sevinir və
onlara təşəkkür edirdi. Kitab karvanı səfərə
çıxanları da bir-birilə dost etdi. Güman
edirəm ki, bu karvanın keçdiyi rayonlarda tədbir
iştirakçısı olan məktəblilərin kitaba
marağı müəyyən qədər də olsa artacaq.
Bu düşüncədəyəm ki, kitab karvanı yaxın
vaxtlarda yurdumuzun başqa bölgələrinə də üz
tutacaq və
uşaqları sevindirəcək. Onu da deyim ki,
biz getdiyimiz rayonlarda yalnız tapşırılan işlə
məşğul olmurduq. Eyni zamanda vaxt tapan kimi həmin
şəhərlərdəki mədəniyyət
ocaqlarının fəaliyyəti ilə də tanış
olmağa çalışırdıq. Kitab
karvanı həm də bölgələrimizdə istedadlı
məktəblilərin üzə çıxarılması
üçün də bir vasitə oldu.
Səməd Məlikzadə,
“Tumurcuq “ qəzetinin
redaktoru.
Zaman.-2011.-11-12 oktyabr.-S.13.