Ceki Çan - aktyor və əlbəyaxa döyüşlər ustası (1)

 

O hansı rolda oynamasından asılı olmayaraq, qeyri-adi, müəyyən qədər gülməli, həm də döyüşə can atması ilə daha çox diqqəti cəlb edirdi. Bu baxımdan  bir çox tanınmış  kinoşünaslar onu daha çox Çarli Çaplinlə müqayisə edirdilər. Çarli Çaplin üçün rolun  böyüyü, kiçiyi olmadığı kimi Ceki də hansı rolu ifa etməsindən asılı olmayaraq,  tamaşaçıların sevimlisinə çevrilməyi bacarırdı. Əslində aktyorun böyüklüyü də bunda idi. 

 

O, Bryus Lidən sonra dünya kinosunun əlbəyaxa döyüş ustalarından biri kimi milyonların rəğbətini qazanıb. O da Bryus Li kimi mənşəcə  Honkonk çinlisidir, eyni zamanda həm də amerikalıdır.  O da Bryus Li kimi həm ağlasığmaz tryukları məharətlə yerinə yetirən  aktyor-döyüş ustası, həm kinorejissor, kaskadyor, prodüser, nəhayət, müğənnidir. O, bu günə kimi 150-dən artıq filmdə baş rola çəkilib. Çəkildiyi filmlərin harada nümayiş etdirilməsindən asılı olmayaraq, hər yerdə onu məhəbbətlə “bizim  Ceki Çan”- deyə çağırırlar. Adı da hər dildə özünəməxsus səsləndirilir: Çinlilər ona Çen Lun və ya Çen Hanşen (Honkonqda anadan olan), ingilislər Ceki Çan, digər  xalqlar isə Çan Honsan və ya Fan Şilun deyirlər.

 Ceki Çan 1954-cü ildə Honkonkda ən yoxsul ailələrdən birində anadan olub. Valideynləri Çində baş verən vətəndaş müharibəsi nəticəsində Honkonqa sığınan qaçqınlardandır. Əvvəlcə, Cekinin valideynləri - Çarlz və Lili Çan özlərinin bir tikə çörəyə olan ehtiyaclarını ödəmək üçün Fransanın Honkonqdakı səfirliyində həyətsüpürən və qulluqçu işlədilər. Ancaq onlar bununla dolana bilməyəcəklərini hiss edərək, başqa yollar axtarmağa başladılar. Sonralar tale onları uzaq Avstraliyaya aparıb çıxardı...

 Amma balaca Cekinin tale yolları valideynlərinkindən fərqli oldu.  O, əvvəlcə, Nanxua ibtidai məktəbində oxudu. Sonra valideynləri Cekinin Honkonqdakı Çin Opera Tədqiqatları İnstitutu nəzdindəki məktəbə qoydular. Bu məktəb Cekinin gələcək həyat yolunu müəyyən etməsində önəmli rol oynadı. Məktəbdə xüsusi opera artistlərinin yetişdirilməsinə xidmət edən müxtəlif növ gimnastika hərəkətləri dərsi keçirilirdi. Bu da tezliklə Cekinin öz bədənini necə idarə etməyi öyrənməsinə imkan verdi. Məktəbdə onun aldığı ən böyük dərslərdən və gələcək həyatında ona şöhrət gətirəcək amillərdən biri də əlbəyaxa Kunq-Fu döyüş üsulunu öyrənilməsi oldu. O, bu döyüş üsulundan opera səhnəsində o qədər məharətlə istifadə edirdi ki, tezliklə tanınmış rejissorların da diqqətini cəlb etdi. Təsadüfi deyil ki, məhz 8 yaşından sonra onu xuanmey-film operasında kütləvi döyüş səhnələrində çəkməyə başladılar. O, səhnədə, adətən, döyüşən uşaq obrazını yaradır və bununla tamaşaçıların diqqətini özünə cəlb etməyi bacarırdı. Ona görə də tezliklə balaca Cekini tanınmış aktyorlar olan Bryus Li, Sammo Hunq, Yuen Byao, Kori Kvay və digərlərinin iştirakı ilə çəkilən filmlərə dəvət etdilər. “Qəzəbli yumruq” filmində Bryus Li, “Yeddi bəxtigətirən” filmində isə o dövrün məşhur kino aktyorları Sammo Hunq, Yuen Byao və digərləri ilə çəkildi. Bütün bunlar isə onun istedadlı kinoaktyor, döyüş ustası kimi yetişməsində mühüm rol oynadı. Ötən əsrin 70-ci illərindən başlayaraq, Çan aparıcı rollarda çəkilməyə başladı. Eyni zamanda o özü də bəzi filmlərin ssenarisinin hazırlanmasında və müxtəlif səhnələrin çəkilməsində iştirak etməyə başladı. O, bu filmlərindəki döyüş səhnələrini komediya janrında verməyə başladı. Bu isə o dövr üçün bir yenilik idi. Bəzi döyüş səhnələrində isə Çan kaskadyorların yerinə birbaşa özü iştirak edirdi. Bu da dəfələrlə onun həyatını təhlükə altında qoymuşdu. Ona görə də onun döyüş səhnələrində iştirak etmək istəyən aktyorlar, demək olar ki, yox idi. Buna baxmayaraq, Çan həyat üçün olduqca təhlükəli döyüş səhnələri olan  filmləri çəkməkdə davam edirdi. Çanın həyatında ona ilk böyük uğur gətirən film “Sərxoş usta” filmi oldu.  Bu filmdə ilk dəfə Çan özü üçün ənənəvi olmayan yazıq Von Fey Xun rolunda oynadı. Komediya janrında çəkilən filmdə Çanın tərəf-müqabili yaşlı nəslə mənsub olan və Saymon Yuen kimi tanınan, kifayət qədər məşhur aktyor Yuen Syu Tyen idi. Onların dueti olduqca gülməli çıxmışdı. O, sonralar mənfi rolları oynamaqdan imtina etsə də, kinoya çəkildiyi ilk dövrlərdə bəzi filmlərdə mənfi rolları da ifa etmişdi. Məşhur aktyor “Honkonqda savaş” filmində (1973) ikinci dərəcəli banda rəhbəri, “Sonsuz sürprizlər” filmində (1975) qadın qatili, “Meteor qatillər” filmində (1976) isə mənfi Ubinya rolunu oynayıb. Əlbəttə, bütün bunlar onun həyatının ilk dövrlərində çəkildiyi filmlərdir. Ancaq sonralar o belə rollarda oynamaqdan imtina etdi. Ceki Çan yaradıcılığının ilk dövrlərində əsasən ikinci dərəcəli rolları ifa edirdi. Bu, sanki onun alın yazısı idi.

1980-ci ildə Ceki Çan daha bir filmdə çəkildi. Bu dəfə o tamaşaçılarla görüşə “Xoşbəxt  ulduzlarda” filmi ilə gəldi. Amma yenə də Çan bu filmdə ikinci dərəcəli rolda oynayırdı. Filmdə baş rolda isə aktyor Sammo Hunq çəkilmişdi. Buna baxmayaraq, o yenə də böyük tamaşaçı rəğbətini qazana bildi. Əslində o hansı rolda oynamasından asılı olmayaraq, qeyri-adi, müəyyən qədər gülməli, həm də döyüşə can atması ilə daha çox diqqəti cəlb edirdi. Bu baxımdan  bir çox tanınmış kinoşünaslar onu daha çox Çarli Çaplinlə müqayisə edirdilər. Çarli Çaplin üçün rolun böyüyü, kiçiyi olmadığı kimi Ceki də hansı rolu ifa etməsindən asılı olmayaraq, tamaşaçıların sevimlisinə çevrilməyi bacarırdı. Əslində aktyorun böyüklüyü də bunda idi: balaca rolda özünü filmin əsas qəhrəmanı kimi aparmaq və tamaşaçı kütləsinin sevimlisinə çevrilmək. Düzdür, həmin dövrdə Ceki Çan digər yerlisi Bryus Li ilə müqayisədə kölgədə qalırdı və ondan daha az sevilirdi. Amma bütün hallarda otən əsrin 70-80-ci illərində ən çox sevilən kinoaktyorlardan biri idi. Bir sözlə, hələ həmin dövrdə dünya kinosunun liderinə çevrilə bilməyən Çan səbirsizliklə məşhurların kölgəsindən çıxaraq öz ulduzunun tezliklə parlayacağına və ona şöhrət gətirəcək yeni rolunu oynayacağına ümid bəsləyirdi. Müvəqqəti olaraq, kinolarda baş deyil, ikinci dərəcəli rolda çıxış edən Ceki yeni janrlarda özünü sınamaq istəyirdi. Bu məqsədlə 1983-cü ildə Çan “A” layihəsi” filminin çəkilişlərində xüsusi kaskadyorlar qrupu ilə iştirak etdi. Kaskadyorların müxtəlif həyəcan dolu və həyat üçün olduqca təhlükəli görünən tryukları məharətlə ifa etməsi isə filmə daha çox tamaşaçı kütləsinin baxmasına gətirib çıxardı. Əgər filmə adi tamaşaçı gözü ilə baxsaq, onda məhz kaskadyorların ifa etdikləri təhlükəli tryukların diqqəti  cəlb etdiyinin şahidi olarıq.

 

 Amerika kino bazarı hədəfə alınır

 

 Ceki Çan da həmin dövrdə dünyanın ən məşhur kinoaktyorları kimi Amerika bazarına can atır, orada şöhrət qazanmaq istəyirdi. 1980-ci illərin əvvəllərində Çan, əvvəlcə, “Böyük döyüş”, sonra isə  digər filmləri ilə Amerika bazarında uğur qazanmaq istədi.

Amma bu yolla o istədiyi nəticəni əldə edə bilmədi: bunun da sadə bir səbəbi var idi. Həmin dövrdə Amerika kinosunda Silvestr Stallone kimi nəhənglər vardı və Çan onların yanında Amerika tamaşaçısı üçün cılız aktyor təsirini bağışlayırdı. Bununla belə, o həmin dövrdə Amerikanın tanınmış kinorejissorlarının diqqətini özünə cəlb edə bilmişdi. Amerikaya gəlişi ilə o, məşhur kinoaktyor Silvestr Stallone ilə tanış ola və dostlaşa bilmişdi. Bunun da nəticəsində ötən əsrin 90-cı illərində Stallone öz dostuna iki dəfə müxtəlif filmlərdə şər qüvvə rolunda oynamağı təklif etdi. Stallone ona, əvvəlcə, “Dağıdıcı” filmində cinayətkar Saymon Feniks rolunu oynamağı təklif etdi. Ancaq Çan Hollivudun şər rollar oynayan aktyorlar siyahısına düşəcəyindən ehtiyat edərək, bu roldan imtina etdi. Onun imtina etdiyi bu rolu isə digər Hollivud aktyoru Uesli Snayps oynadı. Bundan az sonra Stallone çinli dostuna bu dəfə “Ölümcül silah-4” filmində cinayətkar rolunu oynamağı təklif etdi. Yenə də Stallonenin israrlarına baxmayaraq, Çan növbəti dəfə mənfi obrazı canlandırmaqdan imtina etdi. Əslində Çanı buna görə qınamaq da olmazdı. Çünki onun oynadığı rollar daha çox komik və döyüş rolları idi və yalnız belə səhnələrə çəkiləndə özünü rahat hiss edirdi. Cinayətkar obrazında isə o, tamaşaçını özünə güldürə, onların diqqətini cəlb edə bilməyəcəkdi. Üstəlik, təbiət etibarı ilə Ceki Çan daha çox mülayim adam idi. Buna baxmayaraq, Amerikada Ceki Çanı qeyri-adi maneraya malik olan aktyor kimi qiymətləndirdilər.

 

 

 Zaman.-2011.-1 oktyabr.-S.12.