Qərbin vicdan, haqq və ədalət möhürü: Alber Kamyu (1)

 

Universitetdə  oxuduğu illər onun siyasi dünyagörüşündə də özünəməxsus bir iz buraxdı. Alber ətrafındakı müəyyən qüvvələrin təsiri altında sosializmə doğru meyil etməyə başladı. Əslində bu da əsassız deyildi. Alber yoxsul ailədə anadan olmuş və həyatının ən gözəl illərini aclıq və səfalət içində keçirməyə, bir tikə çörək qazanmaq üçün dərsdən sonra işləməyə, yuxusuz gecələr yaşamağa məcbur olmuşdu.  

 

O, təxminən 50 il bundan əvvəl dünyasını dəyişib, amma bu gün də milyonlarla ədəbiyyatsevərin qəlbində yaşamaqda davam edir. Sağlığında yazdığı və ona dünya şöhrəti gətirən çoxsaylı romanları ilə indi də dünyanı, obrazlı şəkildə desək, mənən fəth etməkdədir. Bu roman və povestlərə görə ona 1957-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatı verdilər. O haqqın, ədalətin vurğunu idi və ona görə də hələ sağlığında “Qərbin vicdanı” adını almışdı. O həm yazıçı, həm də filosof idi. Bir sözlə, o, ötən əsrin 40-50-ci illərində Qərb ədəbiyyatının döyünən ürəyi sayılırdı. Söhbət böyük fransız yazıçısı və filosofu, ekzistensializmin görkəmli nümayəndələrindən olan Alber Kamyudan gedir.

Alber Kamyu 1913-cü il noyabr ayının 7-də Əlcəzairdə Mondovi yaxınlığındakı “San-Pol” fermasında fransız-əlcəzairli ailəsində anadan olub. Alberin atası Lüsyen Kamyu əslən dəfələrlə Fransa ilə Almaniya arasında müharibəyə səbəb olan Elzasdan idi. O, Əlcəzairdəki şərab zavodlarından birində işləyirdi. Lüsyen I Dünya müharibəsi zamanı orduya səfərbər edildi və Marna ətrafında gedən döyüşlərdə ağır yaralanaraq hospitalda dünyasını dəyişdi. Alberin anası Kutrin Santa isə milliyyətcə ispan idi. O, oxuyub- yazmağı bilmirdü və üstəlik də, ağır eşidirdi. Lüsyenin vəfatından sonra Kutrin Santa ərinin böyük qardaşı və balaca Alberlə birlikdə Əlcəzair şəhərinə köçməyə məcbur oldu. Kutrin ailəsini saxlamaq üçün, əvvəlcə, fabrikdə işlədi, sonra isə yerli müəssisələrdən birində xadimə kimi çalışmağa başladı. Onlar  bir tikə çörəyi zorla tapırdılar və daim yarıac-yarıtox vəziyyətdə yaşayırdılar. Bu hal sonralar Alberin həyatında ağır iz buraxaraq o  dövrdə sağalmaz hesab edilən xəstəliyə düçar olmasına gətirib çıxardı. Ailənin Alberə hətta ibtidai təhsil verməyə belə imkanı yox idi. Amma o, ətrafındakılara çox istedadlı uşaq təsiri bağışlayırdı. Ona görə də ibtidai sinif müəllimlərindən biri balaca Alberi himayəyə götürərək, çox çətinliklə onun anasını və nənəsini uşaqlarının məktəbə getməsinə razı sala bildi. Bu xeyirxah insan Alberlə şəxsən məşğul olaraq onun qısa müddətdə müəllim kollektivinin rəğbətini qazanmasında mühüm rol oynadı. Məhz həmin xeyirxah insanın yardımı ilə sonra Alber liseydə təhsilini davam etdirə bildi. Liseydə oxuduğu illərdə Alber futbolla ciddi şəkildə məşğul olmağa başladı. O burada da öz istedadını nümayiş etdirdi və buna görə ən perspektivli gənc futbolçu kimi Əlcəzair Rasinq Universitetinin (Racing Universitaire d’Alger) komandasından dəvət aldı. Amma ağır həyat şəraiti,  daim doyunca çörək tapmaması, soyuqda, istidə nazik geyinməyə məcbur olması Alberin səhhətində öz ağır izlərini buraxmaqda idi. Həkimlər 1930-cu ildə onda vərəm xəstəliyinin əlamətlərini tapdılar. Buna görə onu liseydən xaric etdilər. Alber bir müddət müalicə olundu və bu məqsədlə bir neçə ay sanatoriya həyatı yaşadı. Müalicə olunduqdan sonra çətinliklə də olsa liseydə təhsilini başa vura bildi. 1931-ci ildə onu hərbi xidmətə çağırdılar. Lakin tibbi komissiya onun hərbi xidmətə yararsız olduğunu müəyyən etdi. Bundan sonra bir müddət də müalicə alan Alber 1932-ci ildə Əlcəzair Universitetinə qəbul olunaraq, filosof ixtisası üzrə təhsil almağa başladı. Universitet təhsili onun həyatında böyük bir  dönüşün əsasını qoydu. Belə ki, Alber məhz universitet illərində ədəbiyyatla yaxından məşğul olmağa, çoxlu ədəbi əsərlər mütaliə etməyə və esse janrında qələmini sınamağa, ilk əsərlərini yazmağa başladı.  Həmin dövrdə o, öz müəllimi yazıçı və filosof Jan Qranye ilə dostlaşmışdı. Jan Qranye Alberin ədəbi və fəlsəfi baxımdan formalaşmasında önəmli rol oynadı. Universitetdə oxuduğu illərdə maddi imkansızlıq ucbatından Alber müxtəlif sahələrdə çalışır və tez-tez işini dəyişməyə məcbur olurdu.  O özünü dolandırmaq üçün dərsdənkənar vaxtlarında, əvvəlcə, varlıların uşaqları üçün şəxsi müəllim, sonra mağazada maşınların ehtiyat hissələri satıcısı, meteoroloji institutda assıstent kimi işlədi. Bu çalışqan tələbə 1934-cü ildə təsadüfən tanış olduğu və ilk baxışdan vurulduğu 19 yaşlı Simona İye ilə ailə həyatı qurdu. Amma az sonra anladı ki, o, böyük səhv edib. İye yüngül həyat tərzi keçirir və morfi qəbul edirdi. Nəticədə 5 illik əzablı ailə həyatından sonra 1939-cu ildə Alber İyeni ayrıldı.

Buna paralel olaraq, 1935-ci ildə Alber, nəhayət ki, ilk arzusuna çatdı. O, ali məktəbi başa vuraraq bakalavr dərəcəsi, 1936-cı ildə isə fəlsəfə magistri dərəcəsi aldı. 1936-cı ildə Alberin ədəbi yaradıcılığında yeni dövr başladı. O, “Xoşbəxt ölüm” adlı ilk povestini yazdı.

Universitetdə oxuduğu illər onun siyasi dünyagörüşündə də özünəməxsus bir iz buraxdı. Alber ətrafındakı müəyyən qüvvələrin təsiri altında sosializmə doğru meyil etməyə başladı. Əslində bu da əsassız deyildi. Alber yoxsul ailədə anadan olmuş və həyatının ən gözəl illərini aclıq və səfalət içində keçirməyə, bir tikə çörək qazanmaq üçün dərsdən sonra işləməyə, yuxusuz gecələr yaşamağa məcbur olmuşdu. Məhz sosializm ideyalarına rəğbətlə yanaşması onun 1935-ci ildə Fransa Kommunist Partiyasının sıralarına daxil olmasına gətirib çıxardı. O, həm də Əlcəzair Xalq Partiyası (ƏXP) ilə sıx əlaqə saxlayırdı. 1936-cı ildə Fransa Kommunist Partiyasının (FKP) yerli təşkilatı Kamyunun ƏXP ilə əlaqə saxlamasından xəbər tutdu. Dərhal da onu trotskizmdə günahlandıraraq, FKP sıralarından xaric etdilər. Çünki ƏXP qarşısına Əlcəzairin müstəqilliyinin elan edilməsi məqsədini qoymuşdu.

FKP-dən xaric ediləndən sonra Alber siyasi fəaliyyətini müəyyən müddət üçün dondurdu.  O, əsas diqqətini bədii yaradıcılığa həsr edərək, ədəbi düşüncələrini teatrlaşdırmağa yönəltdi. Bu məqsədlə o, 1936-cı ildə “Əmək teatrı” (fransızca “Théâtre du Travail”) adlı özfəaliyyət qurumu yaratdı. 1937-ci ildə bu teatrın adını dəyişdirərək “Teatr komandası” (“Théâtre de l’Equipe”) qoydu. Bu teatrda o, Dostoyevskinin “Karamazov qardaşları” əsərini tamaşaya hazırladı. Baş rolda (İvan Karamazov) isə özü oynadı. Elə həmin ildə, nəhayət ki, esselərindən ibarət “Üz və astar” əsərini çap etdirdi. Universiteti başa vurandan sonra Kamyu bir müddət Əlcəzair Şəhər Mədəniyyət Evində direktor vəzifəsində işlədi. 1938-ci ildə isə o, “Sahilyanı” qəzetində redaktor kimi fəaliyyətini davam etdirdi. Alber Əlcəzairin ərəb mənşəli əhalisinin sosial hüquqlarını müdafiə edən yazılar yazırdı. Ümumiyyətlə, II Dünya müharibəsi ərəfəsində, ötən əsrin 30-cu illərində Alber Kamyu hələ öz həyat yolunu axtarır və istər ədəbi, istərsə də siyasi və fəlsəfi baxımdan formalaşma dövrü keçirirdi. 1938-ci ildə yazıçının “Nikah mərasimi” adlı kitabı nəşr olunur, bir il sonra isə o, “Kaliqula” pyesinin ilk variantını yazır.

1940-cı ildə Alber Kamyu hələ əvvəllər tanış olduğu gələcək həyat yoldaşı Fransin For ilə birlikdə Əlcəzairin Oran şəhərinə köçür. Burada onlar bir müddət imkanlı adamların uşaqlarına dərs verməklə məşğul olur, iki aydan sonra Parisə köçürlər.

 

 

Zaman.-2011.-13-14 oktyabr.-S.13.