“Biz Qəbələdə
axtardığımız əsas şeylərin çoxunu hələ
tapmamışıq”
- Qafar müəllim, uzun illərdir
ki, Qədim Qəbələ ilə bağlı arxeoloji tədqiqatlar
aparılır. İndiyə qədər bu tədqiqatlar nəyi
aydınlaşdırıb?
-
Ötən əsrin 20-ci illərindən Qəbələ ərazisində
arxeoloji tədqiqatlar aparılır. O vaxtlar Qəbələnin
harada olduğu elmə bəlli deyildi. Bəzi müəlliflər
Qəbələni Azərbaycanın şimalında, bəziləri
Türyançaydan qərb tərəfdə lokalizə edirdilər.
Yalnız 20-ci illərdə ilkin arxeoloji tədqiqatlardan sonra dəqiqləşdi
ki, Qafqazda Qəbələ adı ilə məlum olan yeganə
yer buradır (İndiki Çuxur Qəbələ kəndi ərazisində-red.).
Qədim şəhərə uyğun mədəni təbəqə,
şəhər qalıqları da məhz bu ərazidədir.
Qəbələ ərazisi əsasən üç hissədən
ibarətdir: 12 hektarlıq Qala, şimalda 13 hektarlıq Səlbir
və Qaladan 15 kilometr aralıdakı Güllütala əraziləri.
Uzun
illər alimlər hesab ediblər ki, Güllütala antik, Səlbir
ilk orta əsrlər, Qala isə orta əsrləri özündə
əks etdirir. Lakin 70-ci illərdən sonra aparılan tədqiqatlar nəticəsində
müəyyənləşdi ki, həm Qala, həm də Səlbirdə
həyat təxminən eyni vaxtda başlayıb. Qala ərazisi
şəhərin ən çoxtəbəqəli
yaşayış yeri olub. Yəni Qəbələ
şəhər kimi mövcud olduğu bütün dövrlərdə
burada yaşayış olub. Antik Qəbələ
adlandırılan ərazidə - Güllütalada yaşayış
birinci əsrə qədər davam edib. Birinci
əsrdə orada həyat bitib. Səlbirdə
isə eramızın X əsrinə qədər həyat olub.
X əsrdən sonra orada da həyat kəsilib. Səlbirdə
həyat kəsildikdən və şəhər nisbətən
tənəzzülə uğradıqdan sonra Qala ilə Səlbir
arasında xəndək qazılıb və Qala ayrıca
hasara alınıb.
- Burada aparılan son tədqiqatlarla
bağlı məlumat verərdiniz.
- Qalada mədəni
təbəqənin qalınlığı dayaz yerlərdə
5-6 metrə çatır. Burada ən üst qat
XVII əsrin sonu, XVIII əsrin əvvəlində bitir. XVIII əsrə aid yaşayış qatını
arxeoloji cəhətdən öyrənmək, demək olar ki,
mümkün deyil. Çünki burada həyat
XVII əsrin sonunda kəsiləndən sonra oturaq
yaşayış məntəqələrinin əhalisi
buradakı tikililəri, daşı, kərpici söküb
aparıb. İkincisi, ötən müddət
ərzində yerli əhalinin dediyinə görə, bura iki dəfə
şumlanıb və taxıl əkilib. Ona
görə üst qat təxminən 30-40 sm tamamilə
dağıdılıb.
Bu, Qala ərazisində doqquzuncu sahədir ki, tədqiq
olunur. Şəhərin əvvəllər elm
üçün mübahisəli olan bir sıra məqamlarına
aydınlıq gətirilib. Məsələn,
elmi ədəbiyyatda belə bir fikir olub ki, guya monqollar Qəbələni
dağıdıblar. Ancaq mənim tədqiqatlarım
bu fikri təkzib edir. Monqol istilasından sonrakı
dövrdə şəhərdə arxitektura və mədəniyyətdə
çox ciddi təbəddülat hiss olunur. Bu
dövrün keramikası öz nəfisliyi ilə həm
texnoloji, həm də sənətkarlıq baxımından
diqqəti cəlb edir. O dövrə aid iki dulus kürəsi
aşkar etmişik. Çoxlu nəfis sənət
nümunəsi olan keramika və digər sənətkarlıq
nümunələri aşkar olunub. Bunlar
onu göstərir ki, monqol istilasından sonrakı dövrdə
də Qəbələdə intensiv və kifayət qədər
yüksək səviyyədə şəhər həyatı
yaşanıb. XVI əsrin tarixçisi Bədir
Şirvani Qəbələdəki təmtəraqlı
hovuzlardan, fəvvarələrdən bəhs edir. Onlar da təqribən bu ərazilərdədir.
- Onları tapmısınız?
- Yox, hələ
tapmamışıq. Amma əlamətləri
artıq sezilir. Diqqəti cəlb edən məsələlərdən
biri də odur ki, orta əsr keramikası üzərində
xeyli miqdarda yazılar var. Bu yazılar fars
dilindədir.
- O yazılar oxunur?
-
Hamısı oxunur. Bu yazılar əsasən həmin
məmulatı istehsal edən ustaların adlarından,
ayrı-ayrı şairlərin əsərlərindəki beytlərdən
və Quran ayələrindən ibarətdir. Bu, şəhər ictimaiyyətinin savadlılıq
dərəcəsindən xəbər verir. Bilirsiniz, şəhərdə ən ağır sənət
sahəsi dulusçuluqdur. Onlar ömür
boyu palçıqla işləyirlər və onların əksəriyyətinin
ciyərində xəstəlik olur. Həmin
yazıları da qabları istehsal edən ustalar özləri
yazıblar. Əgər ömür boyu torpaqla,
palçıqla məşğul olan bu adamlar
savadlıdırlarsa, palçığın üstündə
nəfis, səliqəli və incə yazıları ən
müxtəlif üsullarla - oyma, cızma, qazma, ştamplama
üsulları ilə yazılar yaza bilirlərsə, bu, həmin
insanların mədəni səviyyələrindən, mənəvi
dünyalarından, peşəkarlıqlarından xəbər
verir.
Qazıntılar zamanı bir neçə yerdə hamam
qalıqlarını, çirkab suların axdığı trapların
yerini aşkar etmişəm. Bu, XII əsrdə
şəhər mədəniyyətinin səviyyəsindən
xəbər verir. Şəhərin su təchizatı
ilə bağlı şəbəkəni də aşkar
etmişəm. Bu şəbəkədə
4 xətt üst-üstədir. Xətlər
saxsı borulardan ibarətdir. Mütəxəssislərin
hesablamalarına görə, suyun mənbəyi ilə mənsəbi
arasında 1 metrlik meyillilik varsa, həmin xətlə sutka ərzində
şəhərə 370 ton su ötürmək olar. Bunlar şəhərin mədəniyyətidir.
Əsas su xətlərini də aşkar
etmişəm. 6-7 metr dərinlikdə -
çayın səviyyəsi ilə gilli, qumsal təbəqənin
altından tunel qazıblar. Düşmən
şəhəri mühasirəyə alanda su xəttini tapa
bilməsin deyə belə ediblər.
- Qazıntılarla bağlı gələcək
planlarınız nələrdir?
- Bu vaxta
kimi aparılmış qazıntılar bütövlükdə
Azərbaycanın şəhər mədəniyyəti
tarixinin bu və digər problemlərini aşkar etmək məqsədi
daşıyırdı. Hazırda tədqiqatımın
istiqaməti həm də şəhərdə mümkün qədər
geniş ərazini açmaqdır. Bu, imkan verəcək
ki, şəhərin topoqrafiyasını, şəhərsalmanın
müxtəlif məsələlərini aydınlaşdıra
bilək: küçələr, meydanlar necə idi?
Abadlıq məsələsi necə həll olunmuşdu!? Şəhərdə sənətkarlıq məhəllələri,
məscid haradaydı?
Digər tərəfdən, Qəbələ fəal
turizm regionuna çevrilib. Turistləri cəlb edən
əsas amillərdən biri ərazinin təbiətidirsə,
digəri tarixi abidələrdir. Biz də
turistlərin bu bölgəyə maraqlarını artırmaq
üçün tarixi abidələri üzə
çıxarmağa çalışırıq. Çalışırıq ki, burada bütün
dövrləri əhatə edən abidələri saxlayaq.
Məsələn, arxeoloji tədqiqatlar
apardığımız bu yerin bir hissəsi XVI-XVII, bir hissəsi
XIV-XV, bir hissəsi IX-X, bir hissəsi V-VI, bir hissəsi də
antik dövrlərə aid olsun. Yəni
buranı gəzən turist bütün dövrləri eyni anda
görsün. Necə də olmasa, Qəbələnin
3-5 min yaşı var.
Bir sözlə, Qəbələnin tarixi çox
maraqlıdır, zəngindir uzun bir tarixdir. Hesab edirəm
ki, Qəbələdə biz hələ
axtardığımız əsas şeylərin çoxunu
tapmamışıq. Bundan sonrakı tədqiqatlara
böyük ümidlər var.
- Tədqiqatçı kimi Azərbaycanın
tarixini necə qiymətləndirirsiniz?
- Azərbaycan
xalqının tarixi-mədəni irsi çox zəngin və
qədimdir. Çox ölkələrdə
olmuşam. ABŞ çox nəhəng
ölkədir, amma onun tarix muzeyində XVI əsrdən o tərəfə
aid bir dənə əşya tapa bilməzsiniz. Çin
nəhəng ölkədir, ancaq Çində 2 min ildən o yana tarixdən danışanda hamısı
vurnuxur. Nəhəng Avropada bir neçə
minilliyi deyəndə, hamısı havalanır ki, bu qədər
də tarix olar. Amma Azərbaycanda
insanın erkən məskunlaşma tarixi 2 milyon illə
ölçülür. Bunu bütün
dünya birmənalı şəkildə qəbul edir.
Azıx mağarası ətrafında insanın məskunlaşma
tarixinin ən azı 2 milyon il yaşı var. Bu səbəblərdən
Amerika, Fransa, Cənubi Koreya, Almaniya alimləri bu gün Azərbaycana
gəlib, abidələrimizi tədqiq edirlər. Onlar bura Azərbaycanın tarixini deyil,
ümumdünya tarixini öyrənməyə gəlirlər.
Ümumdünya tarixini öyrənmək
üçün heç yanda iz yoxdur. Ona
görə də Azərbaycanda beynəlxalq ekspedisiyaların
sayı günbəgün artıb.
- Hazırda açılan ərazilər
nə qədərdir?
-
Hazırda tədqiq etdiyimiz sahə 1600 kv.metrdən
çoxdur. Biz hər yerdə üst qatı
dağıdıb aşağı düşmək istəmirik.
Yəni istəyirik ki, üstə də nələrisə
saxlayaq. Amma ərazi imkan verən yerlərdə
daha dərinə düşüb, alt qatlardakı tikintiləri
də öyrənirik.
- Gələcəkdə
qazıntıların genişləndirilməsinə dair plan
varmı?
-
Hazırda tədqiq olunan ərazinin uzunluğu 74, eni isə bəzi
yerlərdə 18, bəzi yerlərdə 24 metrdir. Enini 24 metrdən çox artırmaq fikrimiz yoxdur.
Çünki gələcəkdə buranın
üstünü örtməyi planlaşdırırıq.
Burada konservasiya işləri aparırıq.
Bütün bu işləri Seul-Bakı Koreya Azərbaycan
Mədəniyyət Mübadiləsi Assosiasiyasının
(SEBA) dəstəyi ilə görürük.
- Son günlərdə burada nələri
aşkarlamısınız?
- Son bir
neçə gündə iki dulus kürəsi
tapmışıq. Həmin kürələrin
birində üstübəzəkli süzgəc bardaqlar, digərində
isə əsasən çıraqlar bişirilib. Maraqlıdır ki, hər iki kürə qabla doludur.
Deməli, bişirilmə prosesində burada nəsə
baş verib və qabların böyük əksəriyyəti
yanıb sıradan çıxıb.
Sonra bir ədəd XIV əsrə aid saxsı qab
tapmışıq. Üzərində fars dilində
şeir bəndi var. Hələlik, hansı şairə aid
olduğunu bilmirik. Mütəxəssislər bunun üzərində
iş aparırlar.
Bir ədəd konusvari qab tapmışıq. Bəziləri
hesab edirlər ki, belə qablara partlayıcı maddə qoyub
atıblar və ya içərisində civə
saxlanılıb. Bəziləri isə
deyir ki, bunlardan ətriyyat qabı kimi istifadə olunub. Qısacası, onların təyinatı mübahisəlidir.
İndi biz ağzı qurğuşunla
plomblanmış vəziyyətdə bu qablardan
tapmışıq. Üstünə “Əli”
yazılıb. Həmin qabın plombu laboratoriya şəraitində
açılandan sonra məlum olacaq ki, onun içində nə
var. Hesab edirəm ki, bu tapıntı həmin qabların təyinatında
açar ola bilər.
Bir neçə gün əvvəl hamam yerindən eni,
uzunu 44 sm, qalınlığı 4 sm olan beton plitələr
tapmışıq. Azərbaycan ərazisindən o
ölçüdə metlaxlar hələ ki tapılmayıb.
Ümumiyyətlə, burada hər gün, demək
olar ki, nəsə tapılır.
NATİQ
PƏNAHLI,
QƏBƏLƏ
Zaman.-2011.-18-19 oktyabr.-
S.14.