Qərbin vicdan möhürü: Alber Kamyu (3)

 

2011-ci il avqust ayının 1-də İtaliyada çıxan “Corriere della Sera” qəzeti sensasiyalı məlumatla çıxışetdi. Qəzet kəşfiyyat məlumatlarına əsaslanaraq Kamyunun ölümünə fitvanın o dövrdə SSRİ xarici işlər naziri işləyən Şepilov tərəfindən verildiyini yazıb. Çünki Şepilov KQB şefi ilə söhbətində ona Kamyunun Avropada apardığı antisovet təbliğatının sosializmin Qərbdə yayılmasına zərbə vurduğundan və SSRİ-nin imicinə kölgə saldığından şikayətlənmişdi. Şepilov həmçinin Kamyunun SSRİ-nin Macarıstanda xalq hərəkatını qan içində boğmasına qarşı çıxmasından və dissident Boris Pasternakı Qərbdə güclü şəkildə müdafiə etməsindən şikayətlənmişdi.

O vaxt qəzanı araşdırmaq üçün Fransada xüsusi komissiya yaradılmışdı. Araşdırma zamanı məlum oldmuşdu ki, qəzaya səbəb əyləcin tutmaması və təkərlərin gözlənilmədən boşalması olub. Halbuki əyləcin tutmaması və təkərlərin qəfildən boşalması üçün ciddi əsas olmalı idi. Çünki maşın o dövrdə ən etibarlı maşınlardan biri hesab edilirdi və üstəlik də təzə idi. O vaxt rəsmi komissiya əyləcin nə səbəbdən tutmamasının səbəbini izah etməkdə çətinlik çəkdi və bunu adi qəza kimi dəyərləndirdi. Ancaq kuluarlarda gedən söhbətlərə görə SSRİ xüsusi xidmət orqanlarının əməkdaşları öncədən əyləci və təkərləri sıradan çıxarmışdılar. Bu versiya əhali arasında indinin özündə belə dolaşmaqdadır. Ancaq bunu sübut etmək üçün əldə tutarlı fakt yox idi. Necə deyərlər, SSRİ kəşfiyyatı adətən həmişə öz işini yüksək səviyyədə həyata keçirir və iz qoymağı sevmirdi. Bu dəfə də belə olmuşdu.

Qəzanın üstündən 50 il ötəndən sonra, 2011-ci il avqust ayının 1-də İtaliyada çıxan “Corriere della Sera” qəzeti senssasiyalı məlumatla çıxış etdi. Qəzet kəşfiyyat məlumatlarına əsaslanaraq Kamyunun ölümünə fitvanın o dövrdə SSRİ xarici işlər naziri işləyən Şepilov tərəfindən verildiyini yazıb. Çünki Şepilov KQB şefi ilə söhbətində ona Kamyunun Avropada apardığı antisovet təbliğatının sosailizmin Qərbdə yayılmasına zərbə vurduğundan və SSRİ-nin imicinə kölgə saldığından şikayətlənmişdi. Şepilov həmçinin Kamyunun SSRİ-nin Macarıstanda xalq hərəkatını qan içində boğmasına qarşı çıxmasından və dissident Boris Pasternakı Qərbdə güclü şəkildə müdafiə etməsindən şikayətlənmişdi. Bundan sonra KQB Kamyunun məhvi barədə xüsusi ssenari hazırlamışdı. Onun ölümünün təsadüfi olduğunu göstərmək və izi itirmək üçünsə, KQB casusları əyləci sıradan çıxarmış təkərləri müəyyən məsafədən sonra boşalmasına səbəb olacaq dərəcədə deşmişdilər. Bu da Kamyunun - Qərbin və dünyanın haqq vicdanının ölümünə yol açmışdı. Kamyuya qarşı həyata keçirilən sui-qəsddən üç il əvvəl isə Şepilovu vəzifəsindən çıxarmışdılar. Qeyd edək ki, Şepilovu özündən çıxaran SSRİ-nin Macarıstana qoşun yeritməsi ilə bağlı Alber Kamyunun 1957- ci ilin mart ayında “Franc-tireur” qəzetində çıxan məqaləsi olmuşdu. Həmin məqalədə Alber Kamyu SSRİ-nin Macarıstana müdaxiləsini pisləyərək sovet qoşunlarının orada dinc əhaliyə qarşı həyata keçirdiyi qırğınları faşizmlə müqayisə etmişdi. O, Macarıstana qoşun yeridilməsinin əsas təşəbbüskarından birinin SSRİ xarici işlər naziri Şepilovun olduğunu yazaraq onu əlləri qanlı cəllada bənzətmişdi. Həmin məqaləsində Kamyu: “Macarıstanda əsl Şepilov qətliamı baş verdi”,-deyə yazmışdı.

Kamyunun həyatının tədqiqatçısı Olivye Todd isə onun müəmmalı ölümü ilə bağlı yazır: “Mən uzun müddət SSRİ arxivlərində işləmişəm, ancaq orada Kamyunun ölümü ilə bağlı hər hansı bir məlumata rast gəlmədim. Bununla belə, arxivlərdə Kamyunun Qərbdə SSRİ-nin imicinə kölgə salan fəaliyyəti ilə bağlı çoxsaylı məlumatlar vardı. Arxivlərdə SSRİ üçün xaricdə təhlükə törədən, onlara qarşı təbliğat aparan adamların aradan qaldırılması barədə müxtəlif məlumatlara da rast gəldim. Bu əsasda Kamyunun SSRİ xüsusi xidmət orqanları əməkdaşları tərəfindən öldürülməsi ehtimalını istisna etmirəm”.

İtaliyanın tanınmış alimi Covanni Katelli də Kamyunun avtomobil qəzasının təsadüfi olmadığını söyləyib. O, Çexiya şairi və tərcüməçisi Yan Zabranın gündəliyini diqqətlə oxuyaraq orada Kamyunun qətli ilə bağlı məlumatın olduğunu və bunun inandırıcı göründüyünü söyləyib. Həmin gündəlikdə Zabran KQB-dəki etibarlı mənbəyə istinad edərək Kamyunun öldürüldüyünü yazıb. Zabranın yazdığına görə, KQB agentləri Kamyunun dostu Qallimarın idarə etdiyi maşının təkərlərini deşiblər və bu da qəzaya səbəb olub. Bununla belə, əyləcin sıradan çıxarılması versiyası da kifayət qədər ağlabatan görünür. Belə ki, məhz döngədə əyləcin tutmaması nəticəsində maşın idarəetməni itirərək ağaca çırpılıb.

“The Observer” qəzeti isə 50 il bundan əvvəl baş verən hadisəyə diqqəti cəlb edərək yazır: “Kamyunun faciəli şəkildə ölməsi Fransanı şoka salmışdı və onlar matəm içində idilər. O vaxt Fransada heç kimin ağlına gəlmədi ki, Kamyunun düşdüyü qəza adi qəzalardan deyil və o, SSRİ xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib”.

 

Fəlsəfi görüşləri və əsərləri

 

Kamyu XX əsr filosofu, dünya ədəbiyyatının və ekzistensializm cərəyanının ən parlaq nümayəndələrindən biri idi. Ancaq o, özünü heç də filosof və ekzistensialist yazar hesab etmirdi. Bununla belə Qərbin məşhur filosoflarının əsərlərinin Kamyunun bədii yaradıcılığına böyük təsir göstərdiyi də şübhə doğurmur. Onun qələmindən çıxan istər irihəcmli əsərlərində, istərsə də, məqalələrində hadisələrə fəlsəfi baxımdan yanaşması dərhal hiss edilir. Müəllifin qəhrəmanına fəlsəfi yanaşması və onun xəmirini də obrazlı şəkildə desək, bu ruhda yoğurması, həyatın bütün çətinliklərini, ağrısını, acısını fəlsəfi baxımdan izah etməsi onun özünün daxili dünyasından irəli gəlirdi. Uşaq yaşlarından həyatın bütün ağrılarını üzərində hiss edən Kamyu bunları fəlsəfi baxımdan izah etməyə cəhd göstərirdi.

Tənqidçilərin fikrincə, Kamyunun ən yaxşı dram əsəri sayılan “Kaliqula” (1945) pyesi də unversal şər mövzusuna həsr edilmişdi. Bu pyes absurd teatrının tarixində bütöv bir mərhələyə çevrilmişdi. Müharibədən sonra fransız ədəbiyyatının aparıcı simalarından biri kimi tanınan Alber Kamyu ekzistensialistlər və Jan Pol Sartrla yaxınlaşsa da, bir müddət sonra “yanlış nəticələrə gətirib çıxaran” bu fəlsəfi cərəyandan uzaqlaşmışdı.

1947-ci ildə yazıçının üçüncü irihəcmli əsəri - “Vəba” romanı çap olunur. Əlcəzairin Oran şəhərindəki vəba epidemiyasının təsviri əslində simvolik səciyyə daşıyırdı. Vəba bir neçə il əvvəl Fransanı və bütün Avropanı bürüyən faşizm idi, daha geniş mənada o, ölümün və pisliklərin rəmzi idi.

Yaradıcılığında fəlsəfi esselərə daha böyük ağırlıq verən Kamyu 50-ci illərdə çap olunan “Qiyamçı” (1951), “Süqut” (1956) kimi əsərlərində insan azadlıqlarını və ləyaqətini məhdudlaşdıran diktator rejimlərini, totalitarizmin müxtəlif formalarını və saxta xristian əxlaqını kəskin tənqid etmişdi.

Alber Kamyu 1957-ci ildə “insan vicdanının həlledici rolunu aşkara çıxarmaq istiqamətində ədəbiyyata verdiyi mühüm töhfəyə görə” Nobel mükafatı aldı. Yazıçı lakonik Nobel mühazirəsində bütün yaradıcılıq növlərinin başlıca vəzifəsinin “ağ yalandan qaçmaq və zülmə qarşı mübarizə aparmaq” olduğu fikrini əsaslandırmışdı.

Nəhayət Kamyunun əsərlərində həm də dini ekzistensialist ( ölüm qorxusu) ruhu aydın hiss edilir. Bu da onun hələ gənc yaşlarından ağır xəstəliyə düçar olması və daim ölüm mələyinin qanadlarını öz üzərində hiss etməsi ilə əlaqədardır. Amma onun uşaqlıqdan qorxduğu ölüm mələyi ona xəstəlik vasitəsi ilə deyil, müəmmalı avtomobil qəzası ilə gəldi. Digər tərəfdən də dini ekzistensializlərdən fərqli olaraq Kamyu insanı fəlakətə sürükləyən əməllərinin arxasında onun bundan həzz alması faktının olmasına diqqəti cəlb edir və bunu absurdizm adlandırır. Absurdla mübarizə üçünsə, Kamyu onun hansı şəraitdə mövcud olmasını, onun reallıq kimi qəbul edilməsinin vacibliyini söyləyir. Məsələn Kamyu “Sizif haqqında əfsanə” əsərində yazır ki, onun mənasız qəhrəmanlığını başa düşmək üçün ruhən gərək özünü onun yerində hiss edəsən. Sizif daşı dağın başına çıxararkən çox xoşbəxtdir, ancaq zirvəyə az qalmış daşın yenidən əlindən çıxaraq geri qayıtması da onun kefini pozmur. O, xoşbəxt adam kimi yenidən zirvədən daşın dalınca qayıdaraq onu təkrar zirvəyə qaldırmaq üçün tər tökür. Ancaq yorulmur. Niyə? Ona görə ki, hökmən daşı dağın başına qaldıraraq bundan ləzzət alacağına əmindir. O bunun absurd olduğunu və heç vaxt istədiyinə nail ola bilməyəcəyini anlamır. Ona görə də əziyyətinə baxmayaraq özünü xoşbəxt hiss edir. Kamyunun əsərlərindəki qəhramanların çoxunda da Sizif ruhu var. Onlar absurd əməllərindən ləzzət alırlar, başlarına gələn hadisələrin, onları gözləyən ölüm təhlükəsinin, yaxınlarını itirməsinin, vicdanı ilə mübarizələrinin təsiri altında hərəkət edirlər. Bununla belə onun qəhrəmanlarının taleləri oxşar deyil və bir-birinə bənzəmirlər.

Kamyunun absurdizminin zirvəsində isə cəmiyyətin güc yolu ilə dəyişdirilməsinin insanlara gətirdiyi fəlakətlər dayanır. Kamyu bunu olduqca təhlükəli sayır. Bu müstəvidə də faşizmi və stalinizmi kəskin tənqid edən Kamyu yazır: “Cəmiyyəti zorakı yollarla dəyişidrmək cəhdi qarşı tərəfin də analoji addımlar atmasına gətirib çıxarır və bu qəbuledilməzdir. Çünki zorakılıqdan zorakılıq doğur və bunun qurbanları isə günahsız insanlar olur”.

Bütün bunlar da Kamyunun bəşəri insanpərvərliyini, onun haqq və ədalətə sadiqliyini göstərir.

Onu da xatırladaq ki, Nobel mükafatı alanda Alber Kamyunun 44 yaşı vardı. O, yazıçı üçün yetkinlik dövrü sayılan yaşa yenicə qədəm qoymuşdu. Apardığı qeydlərdən və dostlarının xatirələrindən də göründüyü kimi, böyük planlarla yaşayırdı. Lakin bu planları həyata keçirmək qismətində deyilmiş. Alber Kamyu Nobel mükafatı alandan üç il sonra Fransanın cənubunda, avtomobil qəzasında həlak oldu.

Alber Kamyunun həcmcə o qədər də böyük olmayan yaradıcılıq irsi müasir dövrdə təkcə yazıçının tarixi vətəni Fransada deyil, bütün dünyada böyük maraq doğurur. Onun əsərləri oxunur, müxtəlif dillərə tərcümə edilir, mübahisələrə səbəb olur, düşündürür.

 

Ona görə də hələ sağlığında ikən milyonlar tərəfindən Qərbin vicdanı adlandırılması bir daha sübut edir ki, Kamyu yalnız Fransanın deyil, bütün bəşəriyyətin və gələcəyin də haqq və ədalət simvoludur.

 

Son

 

ƏZİZ MUSTAFA  

 

 Zaman.-2011.- 20-21 oktyabr.-S.14.