Dərziliyə maraq getdikcə azalır

 

Quba rayonunda da sayılıb seçilən sənətkarlar, peşə sahibləri var. Onlardan biri dərzi Tərlandır. 

Tərlan Səttərov 1959-cu ildə Quba rayonunda fəhlə ailəsində anadan olub. O, hələ yeddinci sinifdə oxuyarkən bu dədə-baba sənətinə meyil salıb. Lakin o, bu sənətin incəliklərini o, Əsgər adlı bir nəfərdən öyrənib. Artıq 30 ildən çoxdur ki, usta Tərlan bu sənətlə baş-başadır.

O, bizimlə söhbətində bu işlə məşğul olmaq üçün neçə illər öncə borc pulla xudmani bir köşk aldığını dedi: “İnandırım sizi, həmin borcu 5-6 aya qaytardım. Üstəlik, köşkümə maya qoydum, özümə ev aldım. O zamanlar bizə müraciət edənlərin sayı çox idi. Kimi hərbi xidmətdən yenicə qayıtmış oğluna paltar tikdirərdi, kimi bəylik paltarı... Hətta bu kimi işlər üçün bizi evlərinə dəvət edərdilər. Biz elə evdə tikiləcək paltarın ölçülərini götürərdik. Zəhmət haqqı bir yana, üstəlik, hədiyyə verərdilər. , onu da deyim ki, vaxt vardı sifarişlə tikilən geyim sahibi olmaq şöhrət göstəricisi idi”. Usta bu sözlərdən sonra dərindən köks ötürüb: “Amma indi... Bir zamanlar şah sənəti kimi dəyərləndirilən bu sənətlə ancaq çörək pulu qazanmaq mümkündür. Bir sözlə, daha dərzilərə müraciət edən, demək olar ki, yoxdur. Necə deyərlər, kasıblar ucuz mal dalınca gedir, varlılar da bahalı markalardan geyinirlər. Son illər müştərilər yalnız geyim əşyalarını öz zövqlərinə uyğun formaya saldırmaq üçün bizə müraciət edirlər. İndi nadir hallarda şalvar ya pencək sifariş verən olur”.

Usta Tərlanın sözlərinə görə, dərzilik ilk baxışda adiliyi ilə seçilir. Amma məsələ heç belə deyil. Müştərini məmnun etmək, onun istədiyi zövqə uyğun görmək, demək olar ki, mürəkkəb məsələdir. Dərzilik incəlik, həssaslıq, səbr tələb edir. Bu da bir növ incə sənətdir”, - sözləri ilə söhbətini davam etdirən usta Tərlan müşahidələrinə əsasən bu sənətə marağın getdikcə azaldığını söylədi. Onun sözlərinə görə, elə bu səbəbdən son illər bu sənətə meyil edən, daha doğrusu, öyrənmək istəyən yoxdur: “Heç mənim şagirdim yoxdur. Hətta övladlarım belə bu sənətlə maraqlanmırlar. Ona görə ki, bu sənətlə ailə saxlamaq mümkün deyil”.Niyə işinizdə yenilik etmirsiniz, yəni sifariş gözləmədən bazara mal çıxarmırsınız?” sualına isə o, belə bir qısa cavab verdi: “Bu, o qədər asan deyil”.

 

 

AMİL TAĞI QUBA 

 

Zaman.-2011.-20-21 oktyabr.-S.8.