Rəssamımız
fransızlara karikatur dərsi verəcək
Bu günlərdə
tanınmış karikaturçu, yüzdən
artıq beynəlxalq karikatur müsabiqəsinin
qalibi Seyran Cəfərli
Çinin Fujion şəhərində
keçirilən Asiya Beynəlxalq Animasiya, Karikatura və İnformasiya Texnologiyaları Sərgisindən
qayıdıb.
Bu tədbirdə
Asiya ilə yanaşı, digər qitələrin nümayəndələri
də iştirak ediblər. Tədbir çərçivəsində
yeni bir təşkilatın - Beynəlxalq Karikatur və
Animasiya Federasiyasının (FICA) təşkilinə qərar
verilib. Azərbaycan, Almaniya, İran, Braziliya və Çinin
tanınmış karikaturçularının daxil
olduqları idarə heyətinin ilk toplantısında
çinli Liuyi Vang bu qurumun prezidenti, Seyran Cəfərli isə
vitse-prezidenti seçilib. Seyran Cəfərlinin sözlərinə
görə, təşkilatın baş ofisi Çində fəaliyyət
göstərəcək: “Baş ofisin Azərbaycanda da
nümayəndəliyinin təşkili nəzərdə
tutulub”.
Daha
sonra FICA-nın gələcək fəaliyyəti barədə
ətraflı məlumat verən Seyran Cəfərli bildirdi ki,
FICA ilk planlarını da açıqlayıb: “Artıq beynəlxalq
müsabiqənin təşkili gündəmdədir. Bu
müsabiqə tarixi Böyük İpək yolu üzərində
yerləşən ölkələrə həsr olunacaq. Belə
ki, həmin ölkələrin hər birində karikatur sərgiləri
təşkil olunacaq, o dövlətlərdə yaşayan elm
adamlarının İpək yolu ilə bağlı
düşüncələri toplanacaq. Toplanacaq vəsaiti 20
cildlik kitaba yerləşdirmək və nəşr etmək
niyyətindəyik. Bildiyiniz kimi, İpək yolu bizim eranın
birinci minilliyindən başlayaraq ikinci minilliyin ortalarına qədər
Avropa və Asiyadan çarpaz şəkildə keçən
marşrutlar şəbəkəsini əks etdirir. İpək
Yolunun əsas hissəsi öz başlanğıcını
Çinin paytaxtı Çanqandan (Xian) götürür və
sonra Orta Asiyada Təkləməkan səhrasından keçən
şimal və cənub marşrutlarına ayrılır, sonra
isə yenidən birləşərək İranın
yaylalarını kəsib keçir və Antiox və Tire
şəhərlərində qurtarır. Ümumiyyətlə,
bu yolun üzərində 30-dan artıq ölkə yerləşir”.
O, qurumun iki ayda bir dəfə jurnalının da işıq
üzü görəcəyini bildirdi. “Bir sözlə məqsədimiz
dünya karikaturasını yeni biçimdə, yeni tərzdə
bəşəriyyətə çatdırmaqdan ibarətdir”,
- sözləri ilə söhbətini davam etdirən Seyran Cəfərli
bu müsabiqələr zamanı animasiya filmlərinin də
diqqət mərkəzində olacağını
vurğuladı.
Növbəti
səfərləri ilə bağlı
ünvanladığımız suala isə rəssam belə
cavab verdi: “Cari ilin dekabr ayında İspaniyada uşaq
hüquqlarına həsr olunmuş beynəlxalq karikatur sərgisində
iştirak edəcəyəm. O sərgidə mənim 8 əsərim
də nümayiş olunacaq. Gələn ilin yanvar
ayının 16-23-də isə Fransada təşkil olunacaq beynəlxalq
karikatur festivalına rəsmi qonaq kimi dəvət
olunmuşam. Bu tədbirin əsas mövzusu internet və
karikatur olacaq. Onu da qeyd edim ki, həmin tədbir çərçivəsində
bir qrup Fransa gəncinə karikaturdan master dərsləri də
verəcəyəm”.
Qeyd
edək ki, nə qədər qəribə olsa da, rəssamlıq
sənətimizi dünya miqyasında ləyaqətlə təmsil
edən Seyran Cəfərli hələ Azərbaycan Rəssamlar
İttifaqının üzvü deyil.
QVAMI
MƏHƏBBƏTOĞLU
Zaman.-2011.-20-21
oktyabr.- S.12.