Bir qalanın sirri
- Qız qalası
Qız qalası - Bakının, eləcə də Abşeronun ən möhtəşəm və
sirli memarlıq abidəsidir. Qala qədim İçərişəhərin
cənub-şərq hissəsində,
dənizkənarı parkın
(bulvar) yaxınlığında
yerləşən tarixi
abidədir. Uca qülləşəkilli bu
nadir abidənin açılmamış
tarixi-memarlıq sirləri
çoxdur.
Hündürlüyü 28 m, diametri birinci mərtəbədə
16,5 m-dir. Birinci mərtəbədə
divarın qalınlığı
5 m-ə çatır. Qalanın
daxili hissəsi 8 mərtəbəyə bölünür.
Hər mərtəbə
yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala
1964-cü ildən muzey
kimi fəaliyyət göstərməyə başlamış,
2000-ci ildə YUNESKO-nun (UNESCO) Ümumdünya irsi siyahısına salınmışdır.
Qalanın adının etimologiyası
ilə bağlı müxtəlif fikirlər olsa da, onlardan
ən çox üstündə dayanılanı
qalanın qızla bağlı əfsanəyə
(bəzi müəlliflərə
görə Bakı xanının qızı)
əsasən Qız qalası adlandırılmasıdır.
Əfsanəyə görə
qardaşı (bəzi
mənbələrdə hökmdar
atası) tərəfindən
qalada saxlanan qız bu əzaba
dözməyərək özünü
qalanın başından
ataraq Xəzər dənizinin sularına qərq etmişdir. Qalanın adının digər yozumunna görə isə heç vaxt düşmənlər tərəfindən
fəth edilmədiyindən
qala xalq arasında bakirəlik rəmzi kimi Qız qalası adlandırılmışdır. Digər versiyaya görə isə qala əvvəllər “Göz qalası” adlandırılmış, zaman
keçdikcə isə
bu ad xalq deyimində dəyişərək
“Qız qalası” şəklini almışdır.
Tikilmə vaxtı ətrafında
mübahisələrin heyrətləndirici
böyük zaman intervalı çərçivəsində
aparılması baxımından
memarlıq tarixində
Qız qalası ilə müqayisə edilə biləcək abidə yoxdur. Belə ki, abidənin
yaşının Şumer
dövründən başladığını
iddia edən mütəxəssislər də
var, XII əsrdə tikildiyini sübut etməyə çalışanlar
da. Burda zaman fərqi, tikilmə tarixi bilinməyən başqa abidələrdə olduğu
kimi, bir neçə il deyil, hətta bir neçə əsr də deyil, 3000 ildən artıqdır. Qala divarları üzərindəki
bir kitabədə ərəb dilində bu sözlər yazılmışdır: “Davudun
oğlu Məsudun qülləsi”. Bəzi tədqiqatçılar bu
şəxsin Qız qalasını tikdirən feodal hakim olduğunu ehtimal edirlər. Lakin bu cür
lokanik məzmunlu kitabələrdə, adətən,
memarların adının
qeyd edildiyi nəzərə alınsa,
Davudun oğlu Məsudun Qız qalasını inşa edən memar olduğunu söyləmək
mümkündür. Kitabənin
yazı üslubu və xətti XII əsr yazısına yaxın olduğuna görə Qız qalasının məhz bu dövrdə tikildiyi ehtimal edilir. Digər tərəfdən bir çox alimlərin fikrinə görə Kufi yazılarından X-XII
əsrlərdə istifadə
olunduğu üçün
Qala (üst qatı) həmin əsrlərdə inşa
olunub. Lakin, bəzi alimlər bu fikirlərin səhv olduğunu iddia edirlər. Qız qalasının ilkin olaraq hansı
məqsədlərlə inşa
edilməsi məsələsi
müəyyən edilməsə
də, abidənin Bakının müdafiə
sisteminə daxil olduğu və Şirvanşahların ən
möhkəm qalalarından
olan Bakı qalasının baş qülləsi rolunu oynadığı mütəxəssislər
tərəfindən qəbul
edilmişdir. Qız qalasının tikilmə tarixi kimi funksiyası
barədə də irəli sürülən
mülahizələrin bir
çoxu inandırıcı
arqumentlərə söykəndiyi
halda, fərziyyə və uydurmadan irəli getməyəni də var.
Qız qalasının zikkuratın
Abşeron variantı,
atəşpərəstlik məbədi,
sükut qülləsi,
göz qülləsi,
rəsədxana, passiv
müdafiə tikilisi və s. olması haqqında ziddiyyətli fikirlər irəli sürülmüşdür. Abidənin
quruluşuna əsaslanaraq
onun tarixini qədim dövrlərə
çəkib aparan tədqiqatçılar qalanın
Zərdüşt dövrü
- Zərdüşt daxması,
atəşpərəstlik məbədi,
Mitra və Anahita ilahələri ilə əlaqədar tikili olduğunu söyləyirlər. Bu tədqiqatçıların
ehtimalına görə
atəşgah məbədi
olan Qız qalası e.ə. VIII-VII əsrlərdə Kaspiana və Midiyanın bürclü məbədlərinin
təsiri ilə Xəzər dənizi sahilində, təbii yanan atəşlərin arasında məhz qədim od şəhəri
“Atəşi Baquan”da tikilə bilərdi. Bir çox alimlərin fikirlərinə
görə, Qız qalasının Çıraqqala
müdafiə qalasına
bənzərliyini əsas
götürüb onun
Gilgilçay müdafiə
sisteminə aid olduğunu
da söyləmək olar. Qız qalasının Şimal-Şərqi
Albaniyanın müdafiə
qalalarındakı memarlıq
elementləri ilə oxşarlığını qeyd
edərək onu eramızın V-VI əsrlərinə
aid edən mütəxəssislər
də vardır. Tarixdən məlumdur ki, Qafqaz Albaniyasının
cənub şəhərlərindən
sayılan Bakı Sasanilərin təsiri altında idi. Ehtimal etmək olar ki, Qız
qalası Sasani imperiyasının şimaldakı
mərzbanlığında, məhz Albaniya ərazisində tikdirdikləri
müdafiə sisteminə
daxil idi. Qız qalasının Abşerondakı müdafiə
tipli möhtəşəm
qalalara (Mərdəkan,
Ramana, Şüvəlan,
Nardaran qalaları) bənzərliyini də qeyd etmək olar. Ucalığı və xarici görkəmi ilə Abşeronun, eləcə də bütün Azərbaycanın müdafiə
qüllələri içərisində
tayı olmayan Qız qalası, daha çox planının bənzərsiz
biçimi ilə diqqəti cəlb edir. Bu bənzərsizliyi dairəvi qülləyə
bitişik çıxıntı
əmələ gətirmişdir.
Tədqiqatçılar çıxıntını
gah kontrfors - dayaq divarı, gah dalğaqıran, gah da gizli
xəzinə yeri saymışlar. Qız qalası nəhəng qaya üzərində tikilmişdir. Qüllənin
çıxıntısı bir az alçaqdır.
Çıxıntının uca və qalın
daş kütləsi qüllənin çevrəsinə
toxunandır. Sanki çıxıntı
burularaq qüllə silindrinə çevrilir. Kənardan və yuxarıdan baxdıqda isə bina “9” şəklli effekt verir.
Qız qalasının görkəmində
dinclik və gərginlik üzvi şəkildə birləşərək
yenilməzlik, alınmazlıq
rəmzi yaratmışdır.
Qız qalası dahi sənətkar bacarığının güclü
bədiilik dərəcəsinə
yüksəltdiyi, əzəmət
simvoluna çevirdiyi sadəlik nümunəsidir.
Qalanın cənub və cənub-şərq
tərəflərini, xüsusilə
dənizi nəzarət
altında saxlamaq üçün mazğallar
düzəldilmişdir. Bunlar
qalanın içərisinə
təmiz hava daxil olmaq işinə
də xidmət etmişdir. 1962-1963-cü illərdə
qalanın birinci mərtəbəsinin döşəməsində
arxeoloji qazıntı
işləri aparılmışdır.
5 m dərinliyə qədər
davam etdirilən həmin qazıntı nəticəsində məlum
olmuşdur ki, abidənin bünövrəsi
dəniz tərəfə
enişli olan nəhəng bir qayanın üzərində
tikilmişdir. Buradan belə bir nəticəyə
gəlmək olur ki, abidəyə dəniz tərəfdən
bitişik olan kontrfors həmin enişin qarşısında
qala üçün əsas dayaq rolunu oynamışdır.1 964-cü ildə qalada tədqiqat işləri aparılan zaman bünövrədən 14 m hündürlükdə
içəriyə doğru
uzanan böyük ağac tirlərin olduğu müəyyən
olunmuşdur. Onların
nə məqsədlə
istifadə edilməsi
məlum deyil. Ola bilsin bu tirlər
kontrforsun içində
gizli bir tikinti ilə əlaqədardır və
ya zəlzələyə
qarşı amortizasiya
rolunu oynamışdır.
Dəqiq hesablama əsasında müəyyən
edilmişdir ki, qalanın divarının eni bünövrə hissədə 5 metrdirsə,
yuxarı hissəsində
təqribən 4,5 mertdir.
Qız qalasının
maraqlı cəhətlərdən
biri də onun içərisində qayadan ovulub düzəldilmiş su quyusu olmasıdır. Diametri 0,7 m olan bu quyu qalanın
cənub-şərq divarının
içindədir. Su quyusunda
qazıntı işləri
aparılmışdır. Quyudan
tapılan maddi-mədəniyyət
qalıqları buradan
XII əsrdən başlayaraq
istifadə olunduğunu
göstərir. Hesablamalar
nəticəsində məlum
olmuşdur ki, quyunun dəniz suyunun səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Quyunun suyu kimyəvi analiz olunmuş, onun içmək üçün tam yararlı
olması müəyyənləşdirilmişdir.
Quyunun ağız hissəsi qalanın üçüncü mərtəbəsinin
döşəməsi səviyyəsindən
başlayıb divar boyu aşağıya doğru 13 m davam edir. Quyunun təhlükəsizliyini
təmin etmək üçün onu qala divarı içərisində gizlətmişlər.
Onun şimal və cənub divarında enib-qalxmaq üçün 10-12 sm dərinlikdə ayaq yerləri vardır. Quyunun 12 m dərinliyində
divar genişlənir.
Qız qalası və Şirvanşahlar Sarayı arasında gizli yeraltı yolun məhz su quyusunun aşağı
hissəsindən başlanması
ehtimal olunur. 1982-ci ildə İçərişəhərin
şərq tərəfində
aparılan genişmiqyaslı
arxeoloji qazıntılar
nəticəsində aşkar
edilən ilk yeraltı
yol orta əsrlərdə Bakının
mərkəzi ticarət
küçəsi sayılan
Şamaxı Qala qapısından başlayıb
Salyan darvazasına doğru gedən baş küçənin
şərq tərəfində
şimal-cənub istiqamətində
yerləşir. Maraqlıdır
ki, yolun xətti XIV əsrdə tikilmiş Multani karvansarasının altından
keçərək Qız
qalasına doğru gedir.
BƏYLƏR
MƏCİDOV
Zaman.-2011.-22-24 oktyabr.- S.3.