Sizininşallah” bizdə “oşallaholubeyni mənanı ifadə edir: Allahın izni ilə”

  

Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paulo Antonio Pereira Pinto:“Sizin “inşallah” bizdə “oşallah” olub və eyni mənanı ifadə edir: Allahın izni ilə”

 

- Braziliyanın Azərbaycanda səfirliyi 2009-cu ildən fəaliyyət göstərir. İkiillik dövrü necə qiymətləndirirsiniz?

- Səfirliyimiz 2 ildən bir az artıq müddətdir ki, fəaliyyət göstərir. Bu dövr ərzində əsas məqsədimiz burada tanınmaq, tanımaq və əlaqələrin əsasını qoymaq olub. Biz istəyirik ki, qarşılıqlı olaraq bir-birimizi daha yaxından, daha yaxşı tanıyaq. Gördüyünüz kimi, səfirliyimiz şəhərin mərkəzi küçələrindən birində yerləşir. Bu da, təbii olaraq, tanıma və tanınma zamanını sürətləndirir. Bu bölgədə bizim bayrağımız insanların istinad nöqtəsi olub. Bu ətrafda hər hansı bir ünvanı tanıtmaq üçün “Braziliya bayrağının yanındadır” deyirlər. Güman edirəm ki, missiyamızın ilk etapını müvəffəqiyyətlə yerinə yetirmişik; insanlar bizi tanıyır, burada Braziliya üçün viza veririk, əlaqələr inkişaf edir.

- Bizə məlumdur ki, səfirliyiniz BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə burada məcburi köçkünlərə dəstək üçün proqram həyata keçirir. Proqram haqqında bizə məlumat verə bilərsinizmi?

- Əsas məsələmiz mövcud problemlərin birgə həllini tapmaqdır. Mədəniyyətlərimiz arasındakı oxşarlıqlar münasibətlərimizin gələcəyinin müəyyənedicisidir. Səfirliyimizin əsas məqsədi, işi ölkə daxilində yerlərini dəyişmiş insanlara - yəni məcburi köçkünlərə dəstək verməkdir. BMT nəzdində fəaliyyət göstərən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə ailə fermerlərinə kömək üçün Braziliyadan buraya bəzi lazımi avadanlıqlar gətirilməsi gündəmdədir. Bizdə də məcburi köçkün insanlar olub. Əlbəttə, bizdə buna səbəb müharibə deyil, müəyyən tarixdən gələn məsələlər olub, xüsusilə də kasıblıq, aclıq. Prezident Lula dövründə 40 milyona yaxın məcburi köçkünün vəziyyətlərini yaxşılaşdırmaq üçün xüsusi sosial və iqtisadi proqram hazırlandı və tətbiq edildi. Bu proqramın əsas məğzi ailə fermerlərinə dəstək vermək idi. Ona görə də biz bu məsələdə təcrübəliyik. Orada istifadə edilmiş metodları burada tətbiq edərək, yerli ailə fermerlərinə dəstək vermək, onların güclənməsini təmin etmək əsas hədəfimizdir. Ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyi ilə müəyyən müqavilələr bağlayaraq, bu məsələdə əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik. Burada ailə fermerləri üçün xüsusi texniki dəstək və bəzi xüsusi məhsulların becərilməsi nəzərdə tutulur.

- Braziliyada ilk dəfə qadın prezidentin seçilməsi faktı münasibətlərə necə təsir edəcək?

- Bəli, Braziliya tarixində ilk dəfə bir qadın prezident oldu. Bu da əməkdaşlığımızın başqa bir sahəsi ola bilər. Bildiyimiz kimi, Azərbaycan da qadın hüquqlarına böyük önəm verən bir dövlətdir. Avropanın, dünyanın bir çox ölkələrindən əvvəl Şərqdə ilk dəfə qadınlara səsvermə hüququ 1918-ci ildə burada verilib. Bu, çox böyük tarixi əhəmiyyət daşıyan bir faktdır. Bizim prezidentimiz də insan hüquqlarının, xüsusilə qadın hüquqlarının qorunması sahəsində çox vacib işlər görür. Qadın hüquqları, uşaq hüquqları sahəsində əməkdaşlığımız davam edəcək. Mən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova ilə də görüşdüm. Bu sahədə bizim sizin dövlətinizdən öyrənəcəyimiz çox şey var.

- Mədəni əlaqələrin inkişafı üçün nə edirsiniz?

- Mədəniyyətlərimizin ortaq yönlərinin ortaya çıxarılması, inkişaf etdirilməsi bu sahədə gördüyümüz işlərdəndir. Məsələn, bu yaxınlarda Azərbaycan dilində Braziliyanın müstəqilliyinə həsr edilmiş bir jurnal çap etdik. Jurnalda rəsmlər, hadisələr yerli bir rəssam tərəfindən çəkilib, özü də braziliyalılar sizin milli geyimlərinizdə. Bizim bu jurnalda əsas məqsədimiz mədəniyyətlərimizin ortaq tərəflərini ön plana çıxarmaqdır. Sizdə Novruz bayramı var, bizdə də atəşin, alovun xüsusi əhəmiyyəti var. Baxmayaraq ki, ölkələrimiz çox uzaqdır, amma xalqlarımızı, mədəniyyətlərimizi birləşdirən bir çox dəyərlər vardır. Bununla göstərmək istəyirik ki, əslində biz hamımız birik. Hətta məni küçədə gəzəndə azərbaycanlıya oxşadan çox insan olur. Bundan başqa, biz keçən il Braziliyadan bura iki rəqs müəllimi gətirdik. Onlar bizim milli rəqslərimizi burada istəyənlərə öyrədirlər. Əlbəttə, bizim bu məsələdə də əsas məqsədimiz əməkdaşlığımızı daha da genişləndirməkdir. Yoxsa, məsələ təkcə rəqs öyrənmək və ya öyrətmək deyil.

-Braziliya, bir vaxtlar, müstəmləkə ölkəsi olub. Afrikadan, Avropadan buraya köç edən insanlar olub. Braziliyaya miqrasiya edən insanların yerli mədəniyyətə təsiri necə olub?

- Braziliyaya xüsusilə Afrikadan çoxlu kölə aparılıb. Onların da öz dəyərləri, mədəniyyətləri olub. Məsələn, bizim milli rəqsimiz olanKapoeiraBraziliyaya afrikalılar tərəfindən gətirilib. Əvvəllər qullar tərəfindən müdafiə mexanizmi kimi istifadə edilənKapoeiradaha sonra rəqs formasını alıb. Yeri gəlmişkən, burada insanlar arasında onun qədər populyar olduğunu görmək bizi çox sevindirir. Bundan başqa, Afrikanın müsəlman ölkələrindən Braziliyaya gələnlər olub. Onlar mövcud söz ehtiyatlarımıza öz töhfələrini veriblər. Məsələn, Azərbaycanda da istifadə ediləninşallahsözü Seneqal kimi müsəlman ölkələrindən gələnlər vasitəsilə bizim dilimizə daxil olub. Sizininşallahbizdəoşallaholub eyni mənanı ifadə edir: Allahın izni ilə. Gördüyünüz kimi, ortaq yönlərimiz çoxdur.

- Braziliya deyəndə hamımızın ağlına futbol gəlir. 2014-cü il dünya çempionatı da Braziliyada keçiriləcək. Çempionata hazırlıq necə gedir? Əməkdaşlığımızda futbola da yer varmı?

-Futbol sahəsində geniş əməkdaşlığımız var. Hal-hazırda Azərbaycanda professional futbol oynayan 40 braziliyalı var. Bu bizim üçün çox əhəmiyyətlidir. Digər tərəfdən, 2014-cü il dünya çempionatına hazırlıq sürətlə davam edir. Bu yaxınlarda futbol kralı Pelenin dünyaya müraciəti oldu. Orada da qeyd olunduğu kimi, Braziliya hökuməti çempionatın yüksək səviyyədə keçirilməsi üçün hərtərəfli çalışır. Ümid edirəm ki, Braziliyadakı dünya çempionatına azərbaycanlılar da gedəcəklər.

- İki ölkə arasındakı siyasi münasibətlər necədir?

- Bu sahədə görüləcək hələ çox var. İkitərəfli əməkdaşlığı genişləndirmək üçün bir çox müqavilələr imzalanmalıdır. Digər tərəfdən, Braziliya hökuməti burada səfirliyini açıb. Təəssüflər olsun ki, Braziliyada Azərbaycan səfirliyi hələ fəaliyyətə başlamayıb. Sizin Braziliyada nümayəndəliyinizin olmaması bir çox əməkdaşlıq sahəsinin inkişafını ləngidir.

- Braziliya Prezidenti xanım Rusef Avropa səyahəti əsnasında belə bir açıqlama verdi: “Dünyada baş verən iqtisadi böhranın əsas səbəbkarı inkişaf etmiş ölkələrin özləridir”. Bu açıqlama mənaya gəlir?

- Dünya sürətlə dəyişir. Braziliya Azərbaycan kimi inkişaf etməkdə olan ölkədir. Son zamanlara kimi inkişaf etmiş ölkələr, xüsusilə Avropa dövlətləri ortaya çıxan bütün xoşagəlməz hadisələrdə, problemlərdə bizim kimi inkişaf etməkdə olan ölkələri günahlandırırdılar. Halbuki indi bizim iqtisadiyyatımızın vəziyyəti yaxşıdır daha da inkişaf edir. Amma Avropa ölkələri özləri indi böhran vəziyyətindədirlər. Bu günə kimi onlar bizə məsləhət verirdilər. İndi özləri bizə, bizim məsləhətimizə, dəstəyimizə möhtac vəziyyətindədirlər.

- İki ölkə arasındakı ticarət dövriyyəsi qədərdir?

- Ticarət dövriyyəsinin həcmi, təəssüf ki, istənilən səviyyədə deyil. Keçən il ticarət həcmi 30% artaraq, 22 milyon dollar olub. Braziliyadan Azərbaycana əsasən ət məhsulları gətirilir.

- Braziliya sizin daha əvvəl vurğuladığınız kimi, qlobal aktyordur. Qlobal aktyor kimi Qarabağ probleminin həllini nədə görürsünüz?

-Biz Minsk Qrupunun fəaliyyətini davam etdirməsinin labüdlüyünə inanırıq. Qlobal aktyor kimi Braziliya dövləti məsələnin həllini ancaq danışıqlar prosesində görür. Danışıqlar mütləq davam etdirilməlidir. Danışıqlar yolu ilə biz Braziliya cəmiyyətini formalaşdırmışıq. Ona görə bu yolun doğru olduğuna əminəm. Əlbəttə, ərazi bütövlüyü ən önəmli məsələdir. Bu, dünyanın qəbul etdiyi, əhəmiyyət verdiyi, əlaqələrin təməl prinsipidir. Dünyadakı beynəlxalq münaqişələri, çəkişmələri digər problemləri həll etmək üçün ən vacib amil ərazi bütövlüyüdür. (ardı var)

  

 

ANAR QARAXANÇALLI ZAMAN,

 

GÜNEL ABBASOVA

 

Zaman.-2011.-25-26 oktyabr.-S.8.