“Bakı hər zaman xatirələrimdə yaşayacaq”
Bizim xarici siyasətimizin təməli
dialoq, tolerantlıq və oxşarlıqları ön plana
çıxarmaqdır. Fərqlilikləri deyil, ortaq nöqtələri
önə çıxarmaq lazımdır. Çünki fərqliliklər
həmişə mübahisəyə və münaqişəyə
səbəb olur. Braziliya kənardan gələn dəyərləri qəbul edir və
onu öz rənginə boyayır. Xarici siyasətimizdə də
daxili rəngarəngliyin hər çalarını nəzərə
almağa çalışırıq.
ƏVVƏLİ ÖTƏN
SAYIMIZDA
-Braziliya Prezidenti xanım Rusef BMT-dəki
çıxışında Fələstin dövlətini
1967-ci il sərhədləri çərçivəsində
tanıdıqlarını bildirdi. Ümumiyyətlə, məşhur
“Ərəb baharı”na münasibətiniz?
-
Bildiyiniz kimi, Braziliya BMT Təhlükəsizlik
Şurasının üzvüdür. Biz istər orada, istərsə
də başqa platformlarda həmişə bütün
münaqişələrin, mübahisəli məsələlərin,
dəyişikliklərin sülh yolu ilə,
danışıqlar vasitəsilə həll edilməsini,
gerçəkləşməsini istədiyimizi bildiririk.
Müəyyən ölkələrin əleyhinə olan
sanksiyalara veto qoyuruq. Məsələn, bu yaxınlarda Liviya əleyhinə
sanksiyaları dəstəkləmədik. Ondan sonra Suriya əleyhinə
sanksiyalara da dəstək vermədik. Çünki biz Suriyada
hələ müzakirələrin davam etməsinin vacibliyinə
inanırıq. Bu anlayış bizim siyasətimizin təməlini
təşkil edir. Braziliya dünyada ikitərəfli və
çoxtərəfli mübahisəli məsələlərdə
ədalətli hakim rolunu oynamaq istəyir. Biz Braziliya olaraq,
Hindistan, Cənubi Afrika Respublikası ilə birlikdə Suriyaya
öz təmsilçilərimizi göndərdik. Məsələnin
sülh yolu ilə həll edilməsi üçün
bütün imkanlardan istifadə olunmasını istəyirik.
Braziliyada çox böyük - 12 milyonluq müsəlman
icması var. Məsələn, Braziliyada yaşayan
livanlıların sayı Livanın özündə
yaşayan livanlılardan çoxdur. Onlar bizim ölkəmizdə
digər xalqlarla birlikdə mehriban, yaxşı münasibətlər
daxilində yaşayırlar. Yenə də nəticə olaraq
onu demək istəyirəm ki, biz ərəb
dünyasındakı baş verən dəyişikliklərin
sülh yolu ilə, danışıqlar yolu ilə gerçəkləşməsini
arzu edirik.
- Bu yaxınlarda Braziliyada korrupsiya əleyhinə
nümayiş oldu. Ölkənizdə nə baş verir?
-
Bilirsiniz, korrupsiya dünyanın bəlasıdır. Bizdə
də müstəmləkə dövründə əmələ
gələn və davam edən bir anlayışdır. Ancaq
hazırkı Prezidentimiz bu sahədə çox ciddi
addımlar atıb. Ümid edirəm ki, belə nümayişlər
nəticəsində seçkilərdə daha adil, daha
doğru namizədlər ön plana çıxacaq.
- Dəyişən bir dünyada
Braziliya xarici siyasətinin təməlini nə təşkil
edir?
-
Bizim xarici siyasətimizin təməli dialoq, tolerantlıq və
oxşarlıqları ön plana çıxarmaqdır. Fərqlilikləri
deyil, ortaq nöqtələri önə çıxarmaq
lazımdır. Çünki fərqliliklər həmişə
mübahisəyə və münaqişəyə səbəb
olur. Braziliya kənardan gələn dəyərləri qəbul
edir və onu öz rənginə boyayır. Xarici siyasətimizdə
də daxili rəngarəngliyin hər çalarını nəzərə
almağa çalışırıq. Məşhur Fransa
inqilabının önə sürdüyü 3 ideya var: bərabərlik,
azadlıq və qardaşlıq. Bərabərlik prinsipini sovet
Rusiyası kommunizmlə gerçəkləşdirmək istədi,
amma alınmadı. Sonra kapitalist sistemi azadlıq
anlayışını həyata keçirmək istədi.
Amma gördüyümüz kimi, Avropa indi böhran vəziyyətindədir.
Geriyə qaldı qardaşlıq prinsipi. Biz Braziliya olaraq, onu
gerçəkləşdirmək istəyirik. Bizim dünyaya
mesajımız dialoq yolu ilə problemlərin həll edilməsidir.
Ona görə də bütün qlobal məsələlərdə
rol alaraq, onu dialoq yolu ilə həll etməyə
çalışırıq. Dünyanın 20 ən
böyük iqtisadiyyatına sahib olan ölkələrin
qatıldığı G-20 zirvəsinə biz də
qatılırıq. Ətraf mühitlə əlaqəli
önəmli iclaslarda da iştirak edirik. Amma siyasi problemlərdə
istədiyimiz səviyyədə rol ala bilmirik. BMT-nin daimi 5
üzvü var. Bu sistem dəyişməlidir. Biz də BMT qərarlarının
qəbulunda aktiv iştirak etmək istəyirik. Yenə də
təkrar edirəm ki, biz Liviyaya da, Suriyaya da müdaxilənin əleyhinəyik.
- Amma adıçəkilən
ölkələrdə hökumətlər öz vətəndaşlarını
məhv edirlər. Bunu necə qəbul edirsiniz?
- Əlbəttə,
biz insanların öldürülməsini qətiyyən qəbul
etmirik. Amma problemin həllini dialoqda, danışıqlarda
görürük. Bizim
tariximizdə də bəzi hadisələr olub. Bu hadisələr bizə bütün mübahisəli məsələlərin
həllinin sülh yolu ilə olacağını
öyrətdi. İstər
Liviyada, istərsə
də Suriyadakı nümayəndəmiz xüsusi
görüşlərdə ölkələrin liderlərinə
bildiriblər ki, məsum insanları öldürmək qəbuledilməzdir.
Ancaq bütün bunlar yenə də o ölkələrə
beynəlxalq müdaxilənin
haqlılığını göstərmir.
- 2 il əvvəl İran məsələsində Türkiyə
ilə birlikdə hərəkət etmişdiniz.
Bu yaxınlarda Prezident
Rusef Türkiyəni ziyarət etdi. İki sürətlə inkişaf edən dövlət kimi münasibətləriniz necədir?
-Bəli, iki il əvvəl biz Türkiyə ilə birlikdə İran əleyhinə sanksiyalara
veto qoyduq. Orada da bizim əsas
siyasətimiz İranı
dəstəkləmək deyil,
ola biləcək münaqişələrin qarşısını
almaq və məsələni danışıqlar
yolu ilə həll etməkdir. Sizin də dediyiniz
kimi, bu yaxınlarda Prezidentimiz Türkiyəni ziyarət etdi. Bu ziyarətlə birlikdə iki ölkə arasındakı
strateji əməkdaşlıq
daha da genişlənir.
Türkiyə də sürətlə inkişaf
edir. Eyni zamanda Yaxın Şərq regionunun ən fəal aktyoru kimi Türkiyənin
mübahisəli məsələlərdəki
mövqeyi bizim üçün çox vacibdir.
- İki ölkə arasındakı
turist gediş-gəlişini
artırmaq üçün
nə etmək olar?
- Sizdən əvvəl bu suala diplomatik
olaraq necə cavab verəcəyimi köməkçimlə danışırdım.
Bura gəlmək üçün braziliyalılar
viza almalıdırlar.
Amma sizin bizim ölkəmizdə nümayəndəliyiniz yoxdur.
Əvvəllər gələn
turistlərə aeroportlarda
viza verilirdi. O dövrdə də çoxlu narazılıq var idi. Çox
bəsit səbəblərə
görə insanlar aeroportda saxlanılırdı,
hətta geri göndərilirdi. İndi
isə vəziyyət
daha da pisdir.
Çünki artıq
aeroportda viza verilmir. Əsasnaməyə
görə, bir Braziliya vətəndaşı
bura gəlmək üçün Argentinanın
paytaxtı Buenos-Ayresə
getməlidir ki, orada yerləşən Azərbaycan səfirliyindən
viza ala bilsin. Bunun necə çətin bir proses olduğunu təsəvvür edin. Amma bu yolla
da gəlmək istəyənlər gələ
bilmirlər. Mən səfir olaraq bu sualın cavabını bilmirəm:
Braziliya vətəndaşları
Azərbaycana necə gələ bilərlər?
Azərbaycandan da Braziliyaya gedənlər olur. Adətən, beynəlxalq konfranslara, yarışlara, festivallara
gedirlər. Turist kimi gedənlər də olur. Getmək
istəyənlər üçün
qadağalar yoxdur. İstəyən hər bir Azərbaycan vətəndaşı bizə
müraciət edərək,
viza alıb, Braziliyaya gedə bilər. Amma bir daha vurğulamaq
istəyirəm ki, Azərbaycandakı Braziliya
səfirliyi üçün
braziliyalı turistlərin
bura gələ bilməməsi rişxəndli,
qıcıqlayıcı, əsəbi
bir vəziyyətdir.
San-Paolodan İstanbula
birbaşa uçuş
var. Siz İstanbulda minlərlə braziliyalı
turist görə bilərsiniz. İstanbula kimi gələnlər, yəqin ki, bura da gəlmək
istəyərlər. Mənə
müraciət edirlər
ki, Azərbaycana gəlmək üçün
nə etməliyik? Mən də deyirəm ki, bilmirəm. Həqiqətən
də acınacaqlı
vəziyyətdir.
- Müasir dünyada diplomatların rolu siyasi sahədə
çoxdur, yoxsa iqtisadi? Müasir texnologiyaların sizin işinizə təsiri necə olur?
- Diplomatın müəyyən
missiyası var: olduğu ölkədə
baş verən hadisələri qiymətləndirmək,
öz ölkəsinə
bildirmək, öz ölkəsini olduğu ölkədə təmsil
etmək, danışıqlar
aparmaq, viza vermək və s. Amma dünyanın inkişaf etməsi ilə birlikdə səfirin vəzifələri
də genişlənir,
çətinləşir. İndi
diplomat baş verən
bütün hadisələri
ən qısa vaxt ərzində dəyərləndirməli, mərkəzə
bildirməli və ölkəsinin siyasətinin
prioritetlərini müəyyənləşdirməkdə
əsas rol oynamalıdır. Bəzilərinə
görə, texnologiyaların
inkişafı diplomatların
rolunu azaldır. Ancaq mən elə düşünmürəm.
Əksinə, informasiya
texnologiyalarının inkişafı
bizim işimizi və məsuliyyətimizi
daha da artırır.
Diplomatın mühakimə
qabiliyyəti çox
önəm daşıyır.
Bu qədər məlumat
bolluğundan doğrunu
və lazım olanı müəyyən
etmək üçün
mühakimə qabiliyyəti
çox önəmlidir.
- Bakı haqqında təəssüratlarınız?
-Bakı, həqiqətən
də, gözəl şəhərdir. Bura diplomatlar üçün
“cənnət” deyə
biləcəyim bir yerdir. Həm coğrafi olaraq, həm də siyasi olaraq önəmli
bölgədə yerləşmisiniz.
Xəzər dənizinin
sahili, bulvar, sahilboyu parklar çox gözəldir. Demək olar ki, hər gün
burada baş verən dəyişikliyi görürük. Mənim
yoldaşım da, mən də Bakını çox sevirik. Təəssüf ki, bu ilin
sonunda ölkənizi tərk edəcəyəm.
Bura hər zaman mənim xatirələrimdə yaşayacaq.
ANAR
QARAXANÇALLI,
ZAMAN
GÜNEL ABBASOVA
Zaman.-2011.-27-28 oktyabr.-S.14.