Vladimir Mayakovski gələcəyə
səslənən şair (2)
Onun
otağından ölümqabağı yazdığı məktub
tapılmışdı. O, bu məktubunda yazırdı:
“Hamıya. Sizdən xahiş edirəm ki, ölməyimə
görə heç kimi günahlandırmayın, qeybət etməyin.
Ölənin bundan zəhləsi gedir. Analar, bacılar və
dostlar, bağışlayın - bu, çıxış yolu
deyildi - (heç kimə məsləhət görmürəm),
amma başqa bir şey edə bilmədim.Lila, sev məni.
Yoldaş
hakimiyyət, mənim ailəm - Lila Brik, anam, bacılarım və
Veronika Vitoldovna Polonskayadır. Əgər sən onlara
yaşamaq üçün yaxşı şərait yarada bilsən,
sənə öz təşəkkürlərimi bildirərəm.
Yazmağa başladığım şeirləri Briklərə
verin, onlar bundan baş açacaqlar.
Necə
deyərlər, anlaşılmazlıq bitdi”, sevgi
qayığım məişət həyatı ilə
toqquşaraq, məhv oldu.
Həyatımla
olan haqq-hesablara son qoydum və lazım deyil
qarşılıqlı ağrı, bəla və incikliklərin
siyahısı.
Salamat
qalın.
Vladimir
Mayakovski.
12/IV -
30-cu il.
Vappov
yoldaşlarım, məni ağciyər saymayın, ciddi deyirəm,
bacarmaq mümkün deyildi.
Salam.Yermilova
deyin ki, çox heyif ki, şüarı çıxardı,
bir az da söymək lazımdı. V. M.
Stolumun
içində 2000 rubl var, bunu vergi ödəyin, qalanına
güzdan alarsınız. V. M.”
Bu məktubun
şairin öz tərəfindən yazılması belə,
kifayət qədər şübhəlidir. Bu məktubu
şairi yazmağa məcbur etmişdilər, yoxsa içkili vəziyyətdə
və ya rejimdən incik vaxtında özü
yazmışdı? Bu suala hələ də cavab
tapılmayıb. Məktubdakı xətt Mayakovskinin xəttinə
bənzəyir. Amma xəttin, həqiqətən də,
Mayakovskiyə aid olduğunu əminliklə demək
mümkün deyil. Məktubun Mayakovski tərəfindən
yazılıb-yazılmadığını o vaxt qazdan da
ayıq olan çekistlər araşdırmadılar. Halbuki
öncə onlar bunu etməli idilər. Sadəcə olaraq, məktub
unuduldu. Əvəzində çekistlər tərəfindən
Mayakovskinin zöhrəvi xəstəlikdən əziyyət
çəkdiyi və buna görə özünü
öldürdüyü barədə şayiə ortaya
atıldı. Ancaq tibbi ekspertiza Mayakovskinin belə bir xəstəliyə
tutulmadığını aşkara çıxardı. Bundan
sonra şairin guya psixoloji vəziyyətdə özünü
öldürdüyü iddiası gündəmə gətirildi.
Baş
verən faciəli hadisə ilə bağlı o dövrdəki
rəsmi məlumatlarda Mayakovskinin əsəbi vəziyyətdə
guya başına açdığı atəşlə
özünü öldürdüyü bildirilirdi. Amma
Mayakovskini yaxından tanıyanların çoxuna onun
özünü öldürmədiyi, Yesenin kimi
öldürüldüyü məlum idi. Bu şayiələr
həmin dövrdə bütün SSRİ-yə
yayılmışdı. Ancaq bunu açıq şəkildə
heç kim dilinə gətirməyə cəsarət edə
bilmirdi. Xeyli sonralar məsələ araşdıralırkən,
həqiqətən də, Mayakovskinin özünü
öldürməsi barədə rəsmi məlumatları təkzib
edən və onun öldürülməsinə şübhə
yeri qoymayan çoxlu faktlar ortaya çıxdı.
Yeseninin
ölümündə olduğu kimi, Mayakovskinin də
özünü öldürməsi SSRİ-nin mərkəzi qəzetlərində
ənənəvi şəkildə
işıqlandırıldı. Məsələn, 1930-cu il
aprel ayının 14-də Mayakovskinin ölümü ilə
bağlı “Krasnaya qazeta” yazmışdı: “Bu gün səhər
saat 10.17-də iş otağında Vladimir Mayakovski naqandan
ürəyinə ataş açmaqla özünü
öldürüb. Təcili yardım maşını hadisə
yerinə gələndə Mayakovski artıq
keçinmişdi. Amma axır vaxtlar Mayakovski sakit halda işləyirdi
və onda özünə sui-qəsd işarələri
görünmürdü”.
Əslində
həmin dövrdə Mayakovski mənəvi təzyiqlərə
məruz qalmışdı və onu az qala sosializmə xəyanətdə
günahlandırırdılar. Amma bunu açıq şəkildə
yazmaq rejimin ideoloji silahı rolunu oynayan qəzetlərə sərf
etmirdi. Yenə də Yeseninlə olduğu kimi, Mayakovskinin də
müəmmalı şəkildə dünyasını dəyişməsi
müxtəlif ehtimalların ortaya çıxmasına səbəb
oldu. Bu məsələdə əsas günahkarlardan biri kimi
22 yaşlı aktrisa Veronika Polonskayanın adı
hallandırılmağa başlandı. Özünə sui-qəsddən
və ya öldürülməsindən öncə Mayakovski
Veronikaya evlənmək təklifi etmişdi.
Axırıncı dəfə Mayakovskini sağ görən də
məhz Polonskaya olmuşdu. Bununla əlaqədar Polonskaya dərhal
müstəntiq tərəfindən sorğu-suala tutulmuşdu.
Ancaq istintaqa verdiyi ifadəsində bildirmişdi ki, o, otaqdan
çıxandan sonra Mayakovski özünə sui-qəsd edib.
Sübut üçün şahidlər də tapıldı.
Mayakovskinin guya öz başına güllə sıxması
ilə bağlı sonralar irəli sürülən rəsmi
ehtimallara gəlincə, bunun da səbəbləri aydın
idi. Sovet rejimi bu yolla Mayakovskinin ölümü ilə
bağlı əsl həqiqəti gizlətməyə
çalışırdı. SSRİ dönəmində bu məsələlər
ətrafında ajiotaj qaldırılmasına və əsl həqiqətin
ortaya çıxmasına imkan verilmədi. Yalnız rejim
çökməyə yaxın Mayakovskinin faciəli şəkildə
dünyasını dəyişməsi ilə bağlı məsələ
ətrafında diskussiyalar başlandı. Bu müstəvidə
də bir neçə il bundan əvvəl tanınmış
telejurnalist Vladimir Molçanov “Gecəyarıdan əvvəl və
sonra” adlı verilişdə Mayakovskinin ölümündən
sonra çəkilən şəklində sinəsində iki
güllə izinin aydın göründüyünü
söylədi. O, buna əsasən Mayakovskinin özünü
öldürmədiyi, öldürüldüyü qənaətinə
gəldi. Məsələ ilə bağlı araşdırma
aparan digər bir jurnalist V. Skoryatin də Mayakovskinin
çekistlər tərəfindən
öldürüldüyünü söyləsə də,
onun ürəyinə iki deyil, bir güllə
sıxıldığını iddia edir. Arxiv materialları
ilə tanış olandan sonra Skoryatin yazır ki, Mayakovskini
konkret olaraq çekist Aqranov öldürüb. Aqranov şairlə
yaxın dost idi. Skoryatin araşdırmaları nəticəsində
bu qənaətə gəlmişdi ki, Aqranov Mayakovskinin
otağı ilə qonşu olan təsərrüfat alətləri
saxlanan yardımçı otaqda gizlənərək
Polonskayanın getməsini gözləyib. Polonskaya Mayakovskidən
ayrılan kimi o gizlicə şairin otağına daxil olaraq onu
güllələyib, sonra da gizli yolla oranı tərk edib. Həmin
vaxt şairin əynində olan və hazırda dövlət
muzeyində saxlanan köynəyi yoxlayan Skoryatin: “Atəş nəticəsində
köynəkdə əmələ gələn deşikdə
yanıq yerləri yoxdur, yalnız topa şəkildə qan ləkələri
var”,-deyir.
Yeri gəlmişkən,
onu da deyək ki, şairin güllə izi olan köynəyini
Liliya Brik ötən əsrin 50-ci illərində dövlət
muzeyinə verib.
Skoryatinin
son araşdırmalarından sonra Mayakovskinin köynəyi məşhur
məhkəmə-ballistika eksperti E. Q. Safronski tərəfindən
diqqətlə yoxlanıldı. Amma ona köynəyin kimə
aid olmasını öncədən deməmişdilər.
Safronski isə, öz növbəsində, köynəyə,
demək olar, lap yaxından atəş
açıldığını söylədi. Yoxlama
zamanı köynəkdə kimyəvi maddə olan sürmə
izləri də aşkar edilmişdi. Eyni zamanda güllə izi
göstərdi ki, atəş silahın köynəyə
xüsusi bucaq altında dirənməsi ilə açılıb.
Bunun da nəticəsində güllə ürəyi zədələyəib,
çəpəki istiqamətdə hərəkət gedərək
böyrəyi də parçalayıb. Hətta adi məntiqlə
belə, şairin özünü bu şəkildə
öldürməsi ağlabatan deyildi. O, silahı ya birbaşa
irəyinə, ya da başına dirəyərək atəş
aça bilərdi. Bir də, onun özünü belə
çətin bir vəziyyətdə öldürməsi nəyinə
lazım idi ki...
Mayakovskinin
özünü öldürdüyü iddia edilən silahla
bağlı da məsələ
dolaşdırılmışdı. Məsələn,
“Krasnaya qazeta” şairin özünü 312045 nömrəli
mauzerlə öldürdüyünü yazıb. Rəsmi protokolda
da belə göstərilib. Amma muzeydə şairin həyatına
son qoyan mauzer deyil, brauninq nümayiş etdirilir. Bununla əlaqədar
yenidən araşdırmalar aparıldı və məlum oldu
ki, şair muzeydə saxlanılan brauninqlə deyil, məhz
mauzerdən açılan atəş nəticəsində
dünyasını dəyişib. Bəs bu silahı kim dəyişib?
Sonralar, 1944-cü ildə Mayakovskinin ölümü ilə
bağlı yazıçı Zoşşenko çekistlərdən
birinin ona ünvanladığı suala belə cavab
vermişdi: “Mayakovskiyə məxsus olan şəxsi silah ona
çekist Aqranov tərəfindən hədiyyə edilmişdi.
Amma şairin ölümündə istifadə edilən silah
ona məxsus olmayıb”.
Sonralar
izi itirmək və Mayakovskinin özünü mauzer deyil, məhz
bu brauninq vasitəsilə öldürməsi barədə irəli
sürülən rəsmi məlumatları sübut etmək
üçün mauzerin yerinə brauninq qoyulmuşdu. Çünki
şairin mauzeri olmayıb. Mauzer məsələsinin ortada
olması o demək idi ki, şairi öldürüblər. Bu
isə rejimin ifşası anlamına gəlirdi. Ona görə
də şairin özünü öldürməsi
inandırıcı çıxsın deyə, onda olan
brauninqi mauzerin yerinə qoymuşdular. Bir sözlə,
şairin öncədən hazırlanan ssenari əsasında
Aqranov tərəfindən öldürüldüyü istisna
edilmir. Mayakovskinin qatili olduğu ehtimal edilən dostu Yakov
Sauloviç Aqranov (Sorendzon) ÇK-da əsas fiqurlardan biri
hesab edilirdi. O, vaxtılə Nikolay Qumilyovun və
yazıçı-alim Çayanovun güllələnməsində
şəxsən iştirak etmişdi. Yeseninin faciəli şəkildə
öldürülməsində də onun əli oduğu
ehtimal edilir.
Aqranovun
özünü də sonralar öldürdülər. Ola bilsin ki, bununla izi itirmək
istəyiblər. Nəhayət, nə qədər qəribə
olsa da, şairin ölümü ilə bağlı sənədlər
məhz uzun müddət daxili işlər naziri N. Yejovun şəxsi
seyfində saxlanılıb.
O,
görkəmli simalardan idi.
Mayakovski
rus ədəbiyyatının əvəzolunmaz dahilərindən
biridir. Mayakovskinin poeziyası Böyük Oktyabr
çevrilişinin və sosializmin qurulmasının bədii
xronikasıdır. Mayakovski o dövrün şairinin ən
parlaq timsalı, öz xalqının gələcəyi
uğrunda mübarizə aparan cəsarətli qiyamçı
idi.
O, inqilabi
ruhda tərbiyə olunmuşdu, ona görə də
özünəməxsus cəsarəti ilə o dövrə
xas olan ədəbi ənənələri qırmağa
başladı. Rus ədəbiyyatı tarixində Puşkindən
sonra ikinci novator şair məhz Mayakovski idi.
Erkən
dövrlərdə yazdığı şeirlərində
Mayakovski kapitalist ənənələrinə qarşı
çıxırdı: “Vladimir Mayakovski” pyesi, “Müharibə
və sülh”, “Şalvarlı bulud” əsərləri buna
parlaq misaldır.. Mayakovski küçələrin və
meydanların poeziyasını yaratmaq istəyirdi. O,
inanırdı ki, mənəvi, ədəbi inqilaba çox az
qalıb...
Mayakovskinin
tək Rusiya deyil, həm də dünya şairlərinə
çox böyük təsiri olub. O, şairləri əlində
qələm olan bir döyüşcü kimi qəbul edirdi.
Mayakovskinin şair kimi böyüklüyü də bunda idi.
Son
ƏZİZ MUSTAFA
Zaman.-2011.-27-28 oktyabr.-S.14.