Məhəmməd Ziyaülhəqq Əfqanıstanda SSRİ-ni çökdürən siyasətçi (1)

  

SSRİ-nin Əfqanıstanı işğal etməsi Pakistanla, başda ABŞ olmaqla, NATO üzvü ölkələri arasında qeyri-rəsmi şəkildə də olsa hərbi müttəfiqliyin yaranmasına gətirib çıxardı. Bunun nəticəsində Pakistan ərazisi SSRİ-yə qarşı döyüşən əfqan mücahidləri üçün hərbi plasdarma çevrildi. Ziyaülhəqqin rəhbərliyi və birbaşa nəzarəti altında Pakistanın Əfqanıstanla sərhəd zonalarında mücahidlərin hərbi təlim düşərgələri yaradıldı. Bu düşərgələrdə həm Pakistan, həm də ABŞ və digər Qərb ölkələrindən olan hərbi instruktorlar əfqan mücahidlərini SSRİ-yə qarşı partizan müharibələrinə hazırlayırdılar.

Ötən əsrin 70-ci illərindən başlayaraq, Pakistan dünyanın ən qeyri-sabit ölkələrindən birinə çevrilməyə başladı. Bununla da ölkədə hər an alovlanacaq vətəndaş müharibəsi və milli-etnik qarşıdurma təhlükəsinin əsasları qoyuldu. Əslində bunun səbəbini o dövrdə baş verən iki mühüm amillə izah etmək olar. Bunlardan birincisi, Pakistanın Hindistanla daim müharibə vəziyyətində olması, ikincisi isə, SSRİ-nin Əfqanıstanı işğal etməsindən sonra başda ABŞ olmaqla, Qərb dövlətlərinin Pakistanı sosializmə qarşı mübarizə üçün bölgədə əsas bazalarından birinə çevirməsidir. Bu baxımdan ABŞ və onun müttəfiqlərinin SSRİ-yə qarşı Əfqanıstanda ikinci cəbhə açmalarında o vaxt Pakistanı idarə edən general Ziyaülhəqqin böyük xidmətləri var. Məhz Ziyaülhəqqin Əfqanıstan mücahidlərinə öz ölkəsində yer verməsi və işğalçı qüvvələrə qarşı partizan düşərgələrinin yaradılmasına yardım etməsi SSRİ-nin ağır itkilər verərək sonralar bölgəni tərk etməsində mühüm rol oynadı. Ona görə də Ziyaülhəqqin adı gələndə Kremldə əsəblər coşur və SSRİ mətbuatı ara vermədən onun ünvanına ən təhqiramiz ifadələr işlədirdi. SSRİ xüsusi xidmət orqanları Ziyaülhəqqin aradan qaldırılması ilə bağlı xüsusi plan hazırlamışdılar. Bu planı həyata keçirmək isə o dövrdə Dövlət Təhlükəsizlik Komitəsinin ən bacarıqlı kəşfiyyatçılarına tapşırılmış, onu öldürənə yüksək mükafat vəd etmişdilər. Bəs SSRİ-nin Əfqanıstanda işğalçı siyasətinin boşa çıxmasında və II Dünya müharibəsindən sonra qırmızı ordunun məğlubedilməzlik seriyasına son qoyaraq, onun öz tarixində ən ağır məğlubiyyətə uğramasında önəmli rol oynayan

 

Ziyaülhəqq kim idi?

 

Məhəmməd Ziyaülhəqq 1924-cü il avqust ayının 12-də hazırda Hindistana məxsus Calandxar şəhərində ehtiyatda olan zabit ailəsində doğulub. Atası balaca Məhəmmədə o dövr üçün yüksək hesab edilən təhsil almasına şərait yaratmışdı. Atasının tövsiyəsi ilə Hindistan Kral Akademiyasında təhsil alan Məhəmməd ilk günlərdən özünü ən istedadlı bir tələbə kimi göstərmiş və qısa müddətdə müəllimlərinin sevimlisinə çevrilmişdi. Akademiyanı bitirdikdən sonra Məhəmmədə zabit rütbəsi verərək, dərhal Böyük Britaniya ekspedisiya korpusunda hərbi xidmət keçməyə göndərdilər. O, bu korpusun tərkibində Birma, Malayziya və İndoneziyada Yaponiya ordusuna qarşı döyüşlərdə iştirak etdi. 1947-ci ildə Pakistan Hindistandan ayrılaraq dövlət müstəqilliyini elan etdi və bundan sonra Məhəmməd Ziyaülhəqq milli orduda xidmət etməyə başladı. 1955-ci ildə Ziyaülhəqq Kvetta şəhərindəki Ali Hərbi Komandirlər Kollecini bitirdi. Kolleci başa vurandan sonra iki dəfə - 1959 və 1963-cü illərdə ABŞ-ın Kanzas ştatındakı Livanvort Ali Komandirlər Kollecində xüsusi təcrübə keçdi. O, kursda təcrübə keçdiyi illərdə özünü bacarıqlı zabit kimi göstərmiş və ABŞ generallarının diqqətini cəlb etmişdi. Amma onun hərbi pillələrlə irəliləyişi çox ağır gedirdi. Buna baxmayaraq, o, səbirlə xoşbəxtliyin üzünə güləcəyi günü gözləyirdi.

 

Vəzifə pillələri

 

1964-cü ildə 40 yaşında ikən onun çoxdan gözlədiyi gün gəlib çatdı. Əvvəlcə, Məhəmmədə podpolkovnik rütbəsi verdilər, sonra isə onu Kvetta şəhərindəki baş qərargaha hərbi instruktor kimi işə göndərdilər. Artıq Ziyaülhəqqin zürvəyə gedən yolunun önü açılmışdı. 1966-cı ildə onu zirehli tank diviziyasının komandanı təyin etdilər. Diviziyaya komandanlıq etdiyi iki il ərzində o, özünü istedadlı hərbçi kimi göstərərək ölkə rəhbərliyinin diqqətini cəlb etdi. Amma həmin dövrdə Pakistan özünün ən ağır günlərini yaşamaqda idi. Ölkə daxilində baş verən qarşıdurmalar nəticəsində siyasi vəziyyət böhran həddinə çatdı və bu da, öz növbəsində, Yəhya xan rejiminin devrilməsinə yol açdı. Bunun ardınca keçirilən seçkilərdə Zülfüqar Əli Bhuttonun rəhbərlik etdiyi Pakistan Xalq Partiyası qələbə çaldı. Bu da Ziyaülhəqqin vəzifə pillələrində irəliləməsinə şərait yaratdı.

 

Zirvə üçün səbir

 

Bhuttonu sevməməsinə baxmayaraq, Ziyaülhəqq ona sadiqliyini nümayiş etdirərək, rejimə qarşı çıxanlara sərt şəkildə divan tuturdu. Olduqca hiyləgərcəsinə hərəkət edən Ziyaülhəqq 1973-cü ildə hərbçilər tərəfindən baş vurulan, ancaq üstü vaxtında açılan hərbi çevrilişi pərdə arxasından dəstəkləyirdi. Çevriliş iştirakçıları üzərində qurulan məhkəməyə sədrlik edən Ziyaülhəqq özünü ordunun siyasətdən kənarlaşdırılmasının qızğın tərəfdarı kimi göstərdi. Bundan sonra o, vəzifə kürsüsündə sürətlə irəliləməyə başladı. O ən tanınmış hərbçiləri kölgədə qoyaraq, 1976-cı ilin mart ayında quru qoşunları komandanı təyin edildi. Onu bu vəzifəyə şəxsən irəli sürən Bhutto Ziyaülhəqqin özünə sadiq olduğuna inanır və ondan hər hansı təhlükə gözləmirdi. Yeni vəzifəyə təyin olunduqdan sonra gələcəkdə hakimiyyəti ələ keçirməyi planlaşdıran general tez-tez ölkəni və hərbi hissələri gəzir, həm əhali, həm də zabitlərlə söhbətlər edərək, onlar arasında özünə tərəfdarlar toplayırdı. Hər halda onun sadə əhali və zabitlər arasında keçirdiyi görüşlər, onlarla apardığı söhbətlər generalın simasında xalqın və zabitlərin qeydinə qalan, özünü deyil, onları düşünən bir rəhbər obrazı formalaşdırmışdı. Artıq əhali və zabitlər arasında kifayət qədər rəğbət qazandığını anlayan Ziyaülhəqq isə hakimiyyəti ələ almaq üçün fürsət gözləyirdi.

 

Bu da zirvə

 

Belə bir fürsət onun əlinə 1977-ci ilin iyul ayında düşdü. Bhuttonun ölkədə həyata keçirdiyi islahatlardan əhalinin müəyyən hissəsinin narazı qaldığını görən Ziyaülhəqq 1977-ci il iyul ayının 5-də gözlənilmədən özünə sadiq hərbçilərlə dövlət çevrilişinə əl ataraq, Bhuttonu devirdi. Bhuttonu xalqa xəyanətdə günahlandıran Ziyaülhəqq ondan gələ biləcək təhlükəni birdəfəlik aradan qaldırmaq məqsədi ilə 1979-cu ildə onu edam etdirdi. Buna paralel olaraq, Bhutto tərəfdarlarına da general tərəfindən divan tutuldu, yüzlərlə adam ya həbs edildi, ya da ölkəni tərk etmək məcburiyyətində qaldı. Hakimiyyəti ələ alan Ziyaülhəqq, əvvəlcə, əsas məqsədinin ölkədə azad və demokratik seçkilərin keçirilməsi olduğunu elan etdi. Amma o, faktiki olaraq, ölkə Konstitusiyasına məhəl qoymadan ölkəni idarə etməkdə davam edirdi. Belə ki, Bhuttonun edamından sonra o, oktyabrın 18-də keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin təxirə salındığını bəyan etdi. Buna paralel olaraq, Ziyaülhəqq Pakistanın İslam qanunlarına uyğun olaraq idarə edilməsi üçün cəhdlər göstərməyə başladı. Bu məqsədlə o, ölkə qanunlarının İslam hüququ normalarına uyğunlaşdırılması barədə müvafiq qurumlara göstəriş verdi. İlk növbədə, vergi və bank işlərində İslam hüququ prinsipləri tətbiq edildi. Ölkə daxilində vəziyyətin qeyri-sabit qalmasına və hər an vətəndaş müharibəsi başlaması təhlükəsinin olmasına baxmayaraq, Ziyaülhəqq ölkənin İslam qayda qanunları ilə idarə edilməsi prosesini sürətləndirdi. O, bu işdə ölkədə çoxluq təşkil edən sünnilərə arxalanıb, 1977-1979-cu illərdə klassik islam cəza növlərinin tətbiq edilməsini müəyyən qədər qanuniləşdirə bildi. Amma həmin dövrdə generalın qarşısında daha bir çətin vəzifə dayanmışdı. Bu da SSRİ-nin 1979-cu ilin dekabr ayında Əfqanıstanı işğal etməsi ilə bağlı idi.

 

Yeni mərhələ

 

Əfqanıstanın sovet ordusu tərəfindən işğalından sonra Pakistan üçün də ciddi təhlükə əmələ gəlmişdi. Çünki sovet qoşunlarının Əfqanıstanda möhkəmlənəcəyi təqdirdə, onların növbəti hədəfinin Pakistan olacağı şübhə doğurmurdu. Üstəlik, SSRİ Pakistanla müharibə vəziyyətində olan Hindistanın müttəfiqi rolunda çıxış edirdi. Bu isə Pakistanı iki cəbhədə vuruşmaq təhlükəsi qarşısında qoymuşdu. Belə bir çətin vəziyyətdə Pakistanın ABŞ-la daha da yaxınlaşmaq siyasəti seçməkdən və SSRİ-yə qarşı Əfqanıstanda mübarizə üçün Pentaqonla hərbi əməkdaşlıq etməkdən başqa çarəsi qalmadı. SSRİ-nin Əfqanıstanı işğal etməsi Pakistanla, başda ABŞ olmaqla, NATO üzvü ölkələri arasında qeyri-rəsmi şəkildə də olsa hərbi müttəfiqliyin yaranmasına gətirib çıxardı. Bunun nəticəsində Pakistan ərazisi SSRİ-yə qarşı döyüşən əfqan mücahidləri üçün hərbi plasdarma çevrildi. Ziyaülhəqqin rəhbərliyi və birbaşa nəzarəti altında Pakistanın Əfqanıstanla sərhəd zonalarında mücahidlərin hərbi təlim düşərgələri yaradıldı. Bu düşərgələrdə həm Pakistan, həm də ABŞ və digər Qərb ölkələrindən olan hərbi instruktorlar əfqan mücahidlərini SSRİ-yə qarşı partizan müharibələrinə hazırlayırdılar. Ziyaülhəqq Əfqanıstandakı SSRİ qoşunlarına zərbələr vuraraq, partizan müharibəsi yolu ilə ölkənin onlardan azad edilməsini nəzərdə tutan xüsusi hərbi plan hazırlamışdı.

 

 

  Zaman.-2011.-29-31 oktyabr.-S.12.