Azərbaycanın bilinməyən
tarixi: vitse-admiral İbrahim bəy Aslanbəyov
Artıq hərbi dənizçilik təcrübəsinin
zirvəsinə yüksəlmiş Aslanbəyov 1878-ci ildə
kontr-admiral rütbəsinə layiq görülür. Elə həmin
il 8-ci donanma ekipajına rəis təyin olunur. 1879-1882-ci illərdə
dövrü-aləm səyahətinə
çıxmış 5 kreyserdən ibarət eskadranın
komandiri məhz o olmuşdur. Səyahət zamanı
kontr-admiral öz taktiki fəndlərinin siyahısını
daha da zənginləşdirmişdir. Rusiya tarixində ilk dəfə
olaraq, “uçan eskadra” ideyasını irəli
sürmüş və bunu nəzəri cəhətdən əsaslandırmışdır.
Azərbaycan tarixində zəngin
biliyə, mənəviyyata malik olan yetərincə nüfuzlu
şəxsiyyətlər vardır ki, onların hər biri
bugünkü nəsil üçün örnək
götürülməyə layiq olan, şərəfli həyat
yolu keçmişlər. Bu şəxsiyyətlərdən
biri də ilk azərbaycanlı vitse-admiral İbrahim bəy
Aslanbəyovdur.
İbrahim
bəy Aslanbəyov 1822-ci il, sentyabrın 10-da Bakı şəhərində
zadəgan ailəsində doğulmuşdur. Araşdırmalar
zamanı məlum olmuşdur ki, onun atası Allahverdi bəy
Bakı xanları nəslindəndir. Oğlunun hərbiçi
olmasını istəyən Allahverdi bəy onu Peterburqa
aparır və Hərbi Dəniz Korpusuna qəbul etdirir. Burada
rus zadəgan nəslinin uşaqları hərbi təhsil
alırdı. Gənc İbrahim adı korpusun
qırmızı lövhəsinə yazılmaqla 1837-ci ildə
oranı bitirir.
Məktəbdə “Qafqaz tatarı” adlandırılan İbrahim bəy ilk təyinatını Baltik donanmasına alır. Burada fleqat yelkənli, sürətli hərbi gəmilərdə zabit kimi xidmət edir. Xidmətindəki uğurlara görə 1842-ci ildə donanmanın ən yaxşı zabitləri sırasında Dənizçilik Məktəbinin zabit sinfinə göndərilir. Bu məktəbi də uğurla bitirən İbrahim bəy Qara dəniz hərbi donanmasında “Elbrus” hərbi gəmisinin kapitanı vəzifəsinə təyin edilir. Məhz buradakı fəaliyyəti zamanı o, məşhur rus admiralı P.Naximovun diqqətini cəlb edir. 1853-cü ildə başlanan Krım müharibəsində ona verilən tapşırıqları layiqincə yerinə yetirən kapitan Aslanbəyov çox keçmir ki, P.Naximovun adyutantı təyin edilir. 1856-cı ildə Krım müharibəsi başa çatır və Aslanbəyov Qara dəniz donanmasının Nikolayev limanındakı 36-cı donanmanın ekipaj komandiri təyin edilir.
Aslanbəyov
1861-ci ildə “Sokol” korvet gəmisinin kapitanı olduğu zaman
bir neçə dəfə Qara dəniz sahillərindən
Baltik dənizinə reydlər edir.
Rusiya
Hərbi Donanmasının ən möhtəşəm gəmiləri
sayılan və onun əsas zərbə qüvvəsi hesab
edilən zirehli gəmilərə kapitanlıq etmək hər
zabitə nəsib olmurdu. Belə ki,
həmyerlimiz 1865-ci ildə “Retvizan”
adlı zirehli gəmiyə kapitan təyin edilmişdir.
Bu vəzifədə də özünü doğruldan
Aslanbəyov məşhur rus sərkərdəsi
vitse-admiral Butakovun zirehli eskadrasına qərargah rəisi vəzifəsinə
təyin edilir.
1869-1872-ci
illərdə rus donanmasında aparılan islahatlar zamanı o,
bir sıra dənizçilik məktəblərinin, eləcə
də gəmiqayırma sənayesinin inkişafını nəzərdə
tutan və bu sahədə ardıcıl fəaliyyət
göstərən komitələrin üzvü və sədri
vəzifələrində çalışmışdır.
1872-ci
ildə Birinci Pyotrun 200 illik yubileyi münasibəti ilə təşkil
olunmuş tədbir zamanı Aslanbəyov dəniz paradında
imperatorun avarlı gəmi dəstəsinin kapitanı sifətində
çıxış etmişdir.
Artıq
hərbi dənizçilik təcrübəsinin zirvəsinə
yüksəlmiş Aslanbəyov 1878-ci ildə kontr-admiral
rütbəsinə layiq görülür. Elə həmin
il 8-ci donanma
ekipajına rəis təyin olunur.
1879-1882-ci illərdə dövrü-aləm səyahətinə
çıxmış 5 kreyserdən ibarət eskadranın komandiri məhz o olmuşdur. Səyahət zamanı kontr-admiral öz taktiki fəndlərinin siyahısını daha da zənginləşdirmişdir.
Rusiya
tarixində ilk dəfə olaraq,
“uçan eskadra”
ideyasını irəli sürmüş
və bunu nəzəri cəhətdən
əsaslandırmışdır. 1904-1905-ci illər rus-yapon müharibəsi zamanı bu taktikanın tətbiqi Yaponiyanın dəniz
ticarətinə ağır zərbə vurmuşdur.
Aslanbəyov
tərəfindən Sakit okean hövzəsində Saxalin
adasında kəşf olunan bir yarımadaya və Oxot dənizində
bir körfəzə onun adı verilmişdir. Müasir
dövrümüzdə də həmin ərazilər “Aslanbəyov
yarımadası” və “Aslanbəyov körfəzi” kimi qeyd
edilir.
1884-cü
ildə kontr-admiral Aslanbəyov Baltik donanmasının
kiçik flaqmanı vəzifəsinə gətirilir. Bu vəzifədə olarkən 1887-ci ildə o vitse-admiral rütbəsinə
layiq görülür.
Yenicə vitse-admiral rütbəsi
almış İbrahim bəy Baltik donanmasının flaqmanı təyin edilir. Donanmadan
ayrıldıqdan sonra o, Sevastopol dəmir yolunun
çəkilməsi işlərinə
başçılıq edir.
Tez-tez “Dəniz toplusu”(“Morskoy sbornik”) jurnalında onun məqalələrinə rast gəlinərdi. Həmçinin Krım müharibəsi zamanı yazdığı gündəliyini “Naximovun bioqrafiyası” adı ilə nəşr etdirir. Sevastopolun müdafiəsinə həsr olunmuş əsərini yazarkən Aslanbəyovla görüşmüş Lev Tolstoy onun xatirələrindən geniş istifadə etmişdir. Onun dövrü-aləm səyahəti tədqiqatçı V. Fridriskin yazdığı “Kontr-admiral Aslanbəyovun bayrağı altında üzən “Afrika” kreyseri” əsərində öz əksini tapmışdır. Hətta 1889-cu ildə onun şərəfinə Sankt-Peterburqda “Vitse-admiral Aslanbəyovun yarıməsrlik yubileyi” adlı əsər nəşr edilmişdir.
Fəaliyyətinə
görə Aslanbəyov Rusiyanın “Ağ Qartal”, “Müqəddəs
Anna”, “Müqəddəs Vladimir”, “Müqəddəs Stanislav”
ordenlərinin bütün dərəcələri,
Qızıl Qılınc, eləcə də Serbiyanın
“Takova”, Yaponiyanın “Günəşin doğması”, Havay
dövlətinin “Kalakua” ordenləri ilə təltif
olunmuşdur.
Vitse-admiral
İbrahim bəy Aslanbəyov 1901-ci il dekabrın 7-də
imperiyanın paytaxtı Peterburqda vəfat etmişdir.
MƏSUD
AĞAZADƏ
Zaman.- 2011.- 3-5 oktyabr.- S.2.