Beynəlxalq təhsil
sərgisinə maraq böyükdür
QVAMI MƏHƏBBƏTOĞLU
Sentyabrın 24-25-də (saat
13:00-da) Bakıda - “Hyatt Regency” otelində Türkiyənin
“Akare” Xaricdə Təhsil Sərgiləri Şirkəti (“Akare
International Education Fairs”) beynəlxalq təhsil sərgisi
keçirəcək.
Sərgiyə
Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri,
İngiltərə, Quzey Kıprıs Türk Cümhuriyyəti,
Türkiyə, ABŞ, Avstriya, Malayziya, İsveçrə,
İspaniya, Almaniyanın təhsillə bağlı 50 müxtəlif
qurumu qatılacaq. Sərgidə tələbələrə
xaricdə sertifikatlaşdırılmış təhsil, MBA
proqramları və dil kursları
haqqında ətraflı məlumatlar veriləcək. Həmçinin
burada xarici ölkələrin
məktəblərində təhsil almaq
şərtləri, nəzərdə tutulmuş
güzəştlər, gündəlik xərclər və s. məsələlərlə bağlı suallar cavablandırılacaq. Onlar
sərgini təşkil edənlərlə birbaşa
təmasda ola biləcəklər. Buraya gələn hər kəs sərgi ilə
yanaşı, həmin salonda Azərbaycan
və ingilis dillərində təşkil
olunacaq seminarlara da qatıla biləcək. Xatırladaq ki, sərgiyə giriş pulsuzdur.
Şirkətin
beynəlxalq marketinq üzrə əlaqələndirici meneceri
Emrah Koknarın qəzetimizə verdiyi məlumata görə,
belə bir təhsil sərgisi ölkəmizdə bu il ikinci dəfədir
ki, təşkil olunur (Qeyd edək ki, bu ilin aprel ayının
9-10-da belə bir tədbir keçirilib). O, bunu gənclərimizin xaricdə təhsil almaq istəklərinin çox
olması ilə izah etdi.
Onun sözlərinə görə, məhz
bu amil sərgiyə
qatılmaq istəyən qurumların sayını
artırıb: “2010-cu ildə təhsil sərgimizə 32 qurum qatılmışdı. İndi
isə onların sayı 50-yə çatıb. Yaxın gələcəkdə
sərgiyə qatılan qurumların sayının daha da artmasına nail olacağıq”. Qeyd edək
ki, ölkəmizdən bu
sərgiyə yalnız “Qafqaz” universiteti qatılacaq. Azərbaycanlı gənclərin
hansı ölkələrin ali təhsil
müəssisələri ilə daha çox maraqlanmalarına gəlincə, müsahibimiz belə dedi:
“Azərbaycanlı gənclər ən çox
İngiltərə, Amerika, Avstraliya, Kanada və
Türkiyənin ali təhsil müəssisələri
ilə maraqlanırlar”. Həmsöhbətimiz iki
gün davam edəcək
bu sərgiyə 6 minə yaxın şəxsin
qatılacağının gözlənildiyini bildirdi.
Sərgidə diplomatik korpus
nümayəndələrinin və dövlət rəsmilərinin
iştirakı da nəzərdə tutulur. Emrah bəy növbəti
sərginin gələn ilin mart ayının 10-11-də keçiriləcəyini
bildirdi.
Emrah
Koknar dedi ki, sərgidə iştirak etmək üçün
heç bir maneə yoxdur. Hətta maraqlananlar
“a2student. com” saytına daxil
olmaqla “onlayn” dəvətnaməsi
ilə sərgimizə qatıla bilərlər. Daha sonra o,
bu ilin avqust
ayından İçərişəhərdə (Sabir küçəsi, 3) fəaliyyətə
başlayan “Azeredu”
Xaricdə Təhsil Mərkəzi barədə məlumat verdi: “Qeydiyyatla bağlı
hər cür məlumatlar, həmçinin
bu və ya digər
ölkədə təhsil alarkən qalacaq
yerlərin seçilməsi, təyyarə biletinin
təminatı kimi məsələlər
bu qurum tərəfindən
həyata keçirilir”. Söhbətinin sonunda təhsilimizlə bağlı fikirlərini
bizimlə bölüşən həmsöhbətimiz bildirdi ki, Azərbaycanda təhsilə
yüksək dövlət qayğısı göstərilir. Prezident İlham Əliyev
azərbaycanlı tələbələrin xaricdə təhsil
almalarına xüsusi diqqət yetirir. Yeri gəlmişkən,
İlham Əliyev dəfələrlə
bəyan edib ki, biz neft kapitalını insan kapitalına çevirməliyik. Azərbaycanda
bu istiqamətdə mühüm
işlər həyata keçirilir”. O,
keçirdikləri Beynəlxalq təhsil sərgisini də bu sahəyə bir kömək
kimi dəyərləndirdi.
Qeyd edək ki, bu sahə üzrə
kifayət qədər təcrübəsi olan “Akare” Xaricdə
Təhsil Sərgiləri Şirkəti 2001-ci ildən
Türkiyə, Azərbaycan, Qazaxıstan, Suriya, Misir və Mərakeşdə
çox müvəffəqiyyətli təhsil sərgiləri
təşkil etməkdədir.
Zaman.- 2011.- 22-23 sentyabr.- S.12.