Biz sazın, ozan ruhunun sərhəd və ideologiya tanımadığını göstərməyə çalışırıq” 

 

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) başqanı: “Şəxsən mən ədəbiyyatımızda elmiliyin həcminin artmasında maraqlı olardım.  Maraqlı olardım ədəbiyyatın daha dərin mətləblərə, mövzulara baş vurmasında.  İndi elə bil ədəbi genişlik var, dərinlik yoxdur...  Halbuki bunların hər ikisinin olması vacibdir. Amma biri olacaqsa, dərinliyin  olması daha məqsədəuyğundur. Tək bircə söz əlavə edim, o zaman  “getmə gözümdən gedərəm özümdən” yaxudgülüm-bülbülümkimi bəsit qadın-erkək “sevgisi yerinə ilahi eşq gələrdi!..  Eşqin qaynağı axtarılardı, Yunuslaşardı, ozanlaşardı, ruhlanardı, üfüqün arxasına boylanardı şeirimiz!”

 

- Əkbər bəy, bu ay DGTYB-nin təsis edilməsinin 13-cü ildönümü tamam oldu. Birliyinizin ad günü münasibətilə sizi təbrik edirəm və istərdim, o günlərə bir də qayıdaq, Birliyin meydana çıxma səbəbləri barədə danışasınız.

- Təşəkkür edirəm. İllərdən - 1998-ci il, aylardan - (qazaxların  sözü ilə desəm) qırxüyək, məkanlardan - Türküstan! Özbəkistandan rəhmətlik Rauf Pərvi, Fəridə Butayeva, Çuvaşıstandan Raisa Sarbi, Türkiyədən Ufuk Tuzman, Qaqauz elindən rəhmətlik Petri Yalınçı, uyğur türklərindən Qazaxıstanda yaşayan Vilyam Molotov, Qazaxıstanın özündən Nurqali Jusufbay... və başqaları... Üstəlik, qurultay ünlü türkoloq, ictimai xadim Namiq Kamal Zeybəkin iştirakı, dəstəyi ilə Xoca Əhməd Yəsəvi adına Qazax-Türk Universitetində keçirilir. Mən indi də kövrəlirəm o günlərdən danışarkən... Qəribə bir çalışqanlıqla, necə deyim, inersiya ilə atılmışdıq meydana - özümüz-özümüzü öyrədə-öyrədə, doğrularımızdan, yanlışlarımızdan öyrənə-öyrənə... Artıq 13 il keçib, 13 il! - Zarafat deyil, xeyli məsafə qət edilib... 

Birliyin meydana çıxma səbəbləri barədə soruşursunuz.. - İlk növbədə onu deyim ki, bu səbəb türk ədəbi gəncliyini bir araya gətirmək, onların intellektual və yaradıcı potensialını pozitiv fəaliyyətə yönəltmək və türk birliyi ideyasına ictimai-mədəni platformdan dəstək vermək kimi məsələlərlə xarakterizə olunur. Burada gənc istedadlara meydan vermək, türk dövlət və topluluqlarında yaşayıb-yaradan şair və yazıçıların əlaqə və əməkdaşlığının qurulmasında iştirak kimi məsələlər də vardı.

-  Aydındır, gəlin elə məhz bu nöqtədən çıxış edərək, fəaliyyət göstərdiyiniz 13 il ərzində əldə etdiyiniz müvəffəqiyyətlər və gələcək planlarınız, layihələriniz barədə danışaq...

- Artıq neçə ildir bir DGTYB brendinin mövcud olduğunu, QHT işində, beynəlxalq ədəbi-mədəni əlaqələr sahəsində xeyli təcrübə qazanmış professional DGTYB komandasının formalaşdığını deyə bilərik. Sizə deyim, müstəqil Azərbaycanda ilk ciddi ədəbi almanaxı, Türk Dünyasının ilk davamlı antologiyasını, Türk Dünyası, Turan ünvanlı şeirlərin toplandığı ilkTuran Yolunu, Türkiyədə yeni ədəbi nəsli əhatə edən ilkÇağdaş Azərbaycan şeiriikicildliyini, yenə Türkiyədə Füzuli adına Beynəlxalq Şeir Yarışmasını (iki dəfə olmaqla) biz təşkil etmişik..! Türk ədəbi gəncliyinə xitab edən virtual məkanı biz qurmuşuq; onlarla beynəlxalq Poeziya Festivalında Azərbaycanı biz təmsil etmişik. “Türk Dünyasında Ədəbiyyat, Ədəbiyyat(ımız)da Türk Dünyası” mövzusunda məruzəni ilk dəfə biz hazırlamış və onu AYB-nin qurultayqabağı silsilə tədbirlər çərçivəsində oxumuş, başqa sözlə, müzakirəyə təqdim etmişik.

Əlbəttə, DGTYB Azərbaycan mərkəzli bir təsisatdı, ancaq bununla belə, DGTYB bir beynəlxalq birlik statusunu daşımaqdadır. Bu mənada bizim təmsilçilərimiz əməkdaşlıq qurarkən, yaxud hansısa tədbirə qatılarkən, bütövlükdə öz fəaliyyətlərində mənsub olduqları Birliyin statusuna uyğun davranmağa çalışırlar. Sizə deyim, bizim dəstəyimiz və yönləndirmələrimizlə neçə ölkədə Azərbaycan yazarlarının əsərləri, eləcə də Azərbaycanda neçə ölkə yazarının əsərləri, kitabları çap olunub; onları tanıyıblar, bu tanışlıqlar neçə yeni əlaqələrə səbəb olub.

Son üç ildə Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Gənclər-İdman Nazirliyi xətti ilə gerçəkləşdirdiyimiz layihələrin yalnız adını çəkməklə elə bilirəm, oxucularınızda müəyyən bir təəssürat əmələ gələr: “Gənc yazarlara dəstək”, “Kitablı dünya”, “Unudulmaqda olan milli adət-ənənələrimizin gənc nəslə aşılanması (və  onların qorunmasında gənclərin fəallığının artırılması)”, “Milli sənətə yazarlardan töhfə”...

- Əkbər bəy, qədim dövrlərdə yazarlar, şairlər eyni zamanda müxtəlif elm sahələrində də söz sahibi olurdular. Günümüzdə bu tendensiya dəyişib. Bu barədə nə deyə bilərsiniz?

- Qədim dövrlərdə ədəbiyyatın, ədəbi yaradıcılığın, ədəbi fəaliyyətin fəlsəfəsi bir başqa cür idi desəm, yanılmaram yəqin. Məsələn, Nizami Gəncəvini necə təqdim edirlər - mütəfəkkir, filosof, şairs. Hətta astronom, coğrafiyaçı, kimyaçı yönü ilə təqdimatına da rast gələ bilərsiniz şairlərin... O zamanlar şairlərin cəmiyyətdə müxtəlif missiyaları var idi. Şair eyni zamanda elm xadimi idi, filosof idi. Təqribən son yüz-iki yüz ildən bəri isə şair elə şair olsa qəbuldur. Bunu çatışmazlıq kimi də qəbul etmək düzgün olmazdı, məncə. Bu sanki elm və sənətin, yaxud ayrı-ayrı yaradıcılıq sahələrinin ayrılmasını göstərir. Süleyman Dəmirəlin məşhur bir sözü var “Siyasətdə dün dündür, bu gün, bu gündür”! - Cənab Dəmirəlin sözü olmasın, ədəbiyyatda da dünən elə idi, bu gün belədir: indi ilahiyyatın, elmin, sənətin və ədəbiyyatın meydanı müəyyəndir, alimdən alimlik gözlənir, ilahiyyatçıdan ilahiyyatçılıq, şair və yazıçıdan da ədəbi yaradıcılıq! İndi ədəbiyyatın, poeziya və nəsrin sərhədləri əsasən müəyyəndir - o sərhədlər içində digər elm, sənət sahələrinin sahiblərindən gözlənilənlər olmaya da bilər.

Bu ümumi mənzərədən, necə deyərlər, ümumi fikirlərdən sonra, belə deyimki, şəxsən mən, ədəbiyyatımıza elmliyin həcminin artmasında maraqlı olardım. Maraqlı olardım ədəbiyyatın daha dərin mətləblərə, mövzulara baş vurmasında. İndi elə bil ədəbi genişlik var, dərinlik yoxdur... Halbuki  bunların hər ikisinin olması vacibdir. Amma biri olacaqsa, dərinliyin olması daha məqsədəuyğundur. Tək bircə söz əlavə edim, o zaman “getmə gözümdən, gedərəm özümdən”, yaxudgülüm-bülbülümkimi bəsit qadın-erkək “sevgisi yerinə ilahi eşq gələrdi!.. Eşqin qaynağı axtarılardı, Yunuslaşardı, ozanlaşardı, ruhlanardı, üfüqün arxasına boylanardı şeirimiz!

Mən bir oxucu kimi, qıraq adam kimi danışmamalıyam - bunu anlayıram; elə anladığıma görə də bir Birlik qurmuşuq və gedirik!.. Necə deyərlər - Veysəl ustad demiş: “...Uzun, incə bir yoldayım, yürüyürüm gündüz-gecə”... 

- Son dövrlərdə əsərlərinizdə, ədəbi çalışmalarınızda folklor ədəbiyyatımıza xüsusi yer verirsiniz. Eyni zamanda “Seçmə aşıq şeirləri” və “Yeni nəsil Azərbaycan aşıqları”  adlı kitablarınız işıq üzü görüb. Bu barədə “Zaman” oxucuları ilə fikirlərinizi bölüşmənizi istərdik.

- Məmnuniyyətlə. Folklordan, mifologiyadan gəlməyən, mayalanmayan, yaxud təsirlənməyən ədəbiyyat, belə demək olarsa, kökü bilinməyən bicvari bir “yaradıcılıq aktı”dır. Özündən gəlməyən, özgəyə baxar, özgəyə gedər! Bizbu amilləri dəyərləndirməyə çalışırıq.

Konkret olaraq,  “Seçmə aşıq şeirləri” və “Yeni nəsil Azərbaycan aşıqları”  kitabları haqqında qısaca olaraq deyim ki, biz aşıqlarımızın mənasız şeylər oxumasını istəmirik - bunu onlara yaraşdırmır və milli sənətimizə, saza uyğun hesab etmirik..! Biz bu kitablarla maarifləndirmə, tanıtma, yaddaşları oyatma, yön müəyyən etmə, doğrulara, haqqa səsləmə missiyası həyata keçiririk müəyyən qədər.

Üç cilddə nəzərdə tutduğumuz “Seçmə aşıq şeirləri”nin I cildi Yunus İmrə ilə başlayır, Zəlimxan Yaqubla bağlanır. Bunun da bir rəmzi anlamı var. Birincisi, biz DGTYB olaraq, sazın, ozan ruhunun sərhəd və ideologiya tanımadığını göstərməyə, vahid, bütöv türk mənəviyyat məkanı tablosunu cızmağa çalışırıq. Eyni zamanda Yunus İmrə kimi uca, ulu bir adla başlamağı xeyirli, düşərli bir olay sayıb, “Yunus İmrə dastanı”nın yazarı olan xalq şairi - Aşıqlar Birliyinin başqanı ilə bağlamağı da tamlıq, səsləşmə, simmetriyaharmoniya axtarışı kimi düşünmüşük. Bu həm də ikinci kitaba, aşıqların dili ilə desək,  “ayaqvermə”dir... Yeni nəsil Azərbaycan aşıqları” isə artıq ikinci cild olaraq nəşr edilir. İçi adından bəllidir  - burada istəmişik ki, saz-söz sevərlər yerdən qalxan gəncləri tanısınlar, artıq püxtələşmişləri bir az daha yaxından tanısınlar, sevsinlər... Onu da vurğulayım ki, bu, mövcud formatda (keçən il çıxan I cildi ilə birgə) ilk kitabdır.

- Sonda müstəqilliyimizin həmyaşıdı “Zaman-Azərbaycan” qəzetinin oxucularına mesajınız?

-  “Müstəqilliyimizin həmyaşıdı”  deyirsiniz - bundan gözəl söz varmı?!. “Zaman”ın əməkdaşlarına, qəzetin araya-ərsəyə gəlməsinə könül verən, əmək verən hər kəsi, təbii, “Zaman” oxucularını təbrik edirəm! Yaşınızın üstə yaş gəlsin, amma qocalmayasız, ucalasız!

 

 

ANAR QARAXANÇALLI

 

Zaman.- 2011.- 27-28 sentyabr.- S. 13.