Kitab rəqəmsal dünyamızda da öz rolunu oynayacaq

 

Dünən Əl Oyunları İdman Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı oldu. Tədbirdə 121 yerli, 25 xarici ölkənin 35 çap-poliqrafiya müəssisəsi və kitabxanası iştirak edib.  

 

Açılış mərasimində çıxış edən Baş nazirin müavini, Xalq yazıçısı Elçin 3 gün davam edəcək sərgini ölkəmizdə son illər təşkil olunan ən böyük kitab sərgisi adlandırdı: “Mən həm də bu günü kitab bayramı hesab edirəm. Kitab bayramı isə mənim aləmimdə xalqın bayramıdır. Bu sərgi kitabla xalq arasında bir mənəvi körpüdür”. Son illər bu sahədə ölkə başçısı tərəfindən həyata keçirilən məqsədyönlü tədbirindən danışan Elçinin sözlərinə görə, bu sərgi respublikamızda poliqrafiya sahəsinin inkişafına, mədəniyyətimizin təbliğinə, eləcə də kitaba olan marağın artmasına öz töhfəsini verəcək. Kitabı bəşəriyyətin ən böyük kəşfi adlandıran Elçin rəqəmsal dünyamızda da onun öz rolunu qoruyub saxlayacağını əminliklə dilə gətirdi.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə bu sahənin inkişafında nəzərəçarpacaq irəliləyişlərin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, nəşriyyatlarımızın son bir ildə kitabla bağlı keçirilən 20 beynəlxalq sərgidə iştirakını və həmin tədbirlərdə mükafatlara layiq görülmələrinin bunun əyani sübutu olduğunu dedi. Onun sözlərinə görə, iki il öncə Bakıda keçirilən ilk beynəlxalq kitab sərgisi ilə müqayisədə bu sərgiyə qatılan iştirakçıların sayında da xeyli artım var. Artıq ölkəmizdə beynəlxalq kitab-sərgilərin keçirilməsinin ənənəyə çevrildiyin vurğulayan nazir belə genişmiqyaslı kitab sərgilərinin regionlarımızda da təşkil olunacağını söylədi. 

Rəsmi açılış mərasiminin ardınca sərginin proqramına daxil edilən tədbirlərə start verildi.

 

Kitaba qayıdış var

 

Sərgidə iştirak edən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin kitabxana və yayınlar üzrə müdiri Onur Bilge Kula bizimlə söhbətinə son illər dünya miqyasında Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əldə etdiyi uğurlarla başladı. O, Azərbaycanla bağlı bütün uğurların Türkiyədə böyük maraqla izləndiyini dedi. Daha sonra ölkəmizin poliqrafiyası ilə bağlı fikirlərini bölüşən həmsöhbətimiz öz müşahidələri əsasında qısa zaman kəsiyində bu sahədə uğurlar qazanıldığını bildirdi. O, bu sərgini iki ölkənin naşirləri arasında yeni əlaqələrin qurulmasına vəsilə olacağını söylədi. Gürcüstan Parlament Kitabxanasının əməkdaşı Levan Taktakişvili isə Azərbaycanın təbliği baxımından bu sərginin mühüm rol oynadığını dedi. Kitab nəşrinə gəldikdə isə o, əldə olunan nailiyyətlərə arxalanmadan poliqrafiya sahəsində daha səylə çalışmağın vacibliyini vurğuladı.

”Təhsil” nəşriyyatının direktoru Bəhruz Axundov sərgi ilə bağlı təəssüratlarına ötən il əldə edilən uğurla başladı: “Ötən il Çingiz Əlioğlunun “Təhsil”də çap edilən “Çərçivə” kitabı Moskvada MDB ölkələrinin VII Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin baş mükafatına “Qran pri”yə layiq görüldü. Bu təkcə “Təhsil” nəşriyyatının deyil, ölkəmizin uğuru idi. Biz gərək Azərbaycan kitabını sevdirək, tanıdaq, çünki bu, Azərbaycanın dünyaya təqdimatıdır”.

“Xəzər” nəşriyyatının icraçı direktoru Anar Məbudov mənsub olduğu qurumun bu sərgiyə 60 adda kitabla qatıldığını bildirdi: “İki il bundan öncəki sərgiyə isə 30 adda kitabla qatılmışdıq. Onu da qeyd edim ki, bu sərgi-yarmarka nəşrlərimizin tanıtımında, oxucunaşir arasında körpünün qurulmasında böyük rol oynayacaq. İnsanların bu sərgiyə marağı həm də onların intellektual səviyyəsinin göstəricisidir. (Qeyd edək ki, bu gün saat 10-da bu sərgi çərçivəsində “Xəzər”in iki kitabının - ikicildlikKönül taxtımızın bənzərsiz sultanı Peyğəmbərimiz” və “110 sualda Yaradılış və Təkamül” kitablarının təqdimatı keçiriləcək).

Xəstə olmasına baxmayaraq, sərgiyə həvəslə gəldiyini deyən şair Oqtay Rza nazirliyin təşkil etdiyi bu tədbiri yüksək dəyərləndirdi. Bildirdi ki, sərgi kitaba olan marağı artırmaq üçün atılan möhtəşəm addımlardan biridir. Kitabla bağlı təəssüratlarını isə şair bu sətirlərlə dilə gətirdi:

 

Daha qüvvətlidir topdan, mərmidən

Allvan duyğular bəxş edir kitab.

Sözüm qanadlansın kosmik gəmidən

Bəşərin ən böyük kəşfidir kitab.

 

Xalq artisti Nurəddin Mehdixanlı isə bir kitabsevər kimi  çox sevindiyini bildirdi: “Azərbaycanda kitaba qayıdış var. Bunun özü bir inqilabdır”.

...Qeyd edək ki, 3 gün davam edəcək sərgidə kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar daxildir. Dünən sərgi çərçivəsində Prezident İlham Əliyevin  Sərəncamı ilə təmir edilən mədəniyyət ocaqlarına aid “Heydər Əliyev Sarayı”, “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı”, “Azərbaycan Dövlət Kukla Teatrı”, “Azərbaycan Dövlət Film Fondu”, “Azərbaycan Dövlət Rus Dram Teatrıkitablarının, eləcə 150 cildlikDünya ədəbiyyatıseriyasından nəşri başa çatan kitabların, Timuçin ƏfəndiyevinMədəniyyətdə tarixilik müasirlikkitabının təqdimat mərasimləri keçirilib.

 

 

 QVAMI MƏHƏBBƏTOĞLU

 

  Zaman.- 2011.- 29-30 sentyabr.- S.8.