Əziz Mustafanın “Günah”ı
Həmkarımız Əziz Mustafa mərhum müğənni Şahnaz
Əliyevaya həsr etdiyi “Şahdağın nəğməkar qızı”
kitabından sonra oxucularının görüşünə
bu günlərdə yeni əsəri - “Günah”ı ilə gəlib. Bəri başdan qeyd
edək ki, “Günah” onu əlinə alanları elə ilk sətirlərindən
özünə cəlb
edir. Odur ki, “Günah”ı,
necə deyərlər,
birnəfəsə oxumaq
mümkündür.
Əsərdə əksəriyyətimizə tanış olan kənd həyatı əksini tapıb. Elə onun süjet xəttini də kəndin baş həkimi, iki qız atası Çingizin və tibb bacısı, iş adamı Səlimin həyat yoldaşı Nərgizin şeytana uyaraq günah işlətmələri
təşkil edir. Elə bir günah ki, ondan xilas
olmağın yeganə
yolu ancaq tövbədir. Allah tövbəni qəbul edəndir. Amma sonradan məlum
olur ki, onların tövbəyə
gedən yolları da bağlanıb. Məhz bu günah
ucbatından onların,
xüsusilə, Çingizin
başı çox bəlalar çəkir:
o, dəfələrlə ölümlə
üzləşir. Onu bu bəlalardan anasının
ruhu xilas edir. Son anda Çingiz Nərgizlə birgə öz doğma ocağını
tərk etmək məcburiyyətində qalır...
Bəs sonra müəllif hadisələri
necə cərəyan etdirir?
Bu suala cavab tapmaq üçün “Günah”a üz
tutmağınız məsləhətdir.
Əks halda, bu namus
məsələsinin necə
yuyulduğundan xəbərsiz
olacaqsınız. Bircə onu
qeyd etmək istəyirik ki, əsər gözlənilməz
sonluqla bitir.
Əziz Mustafa hadisələri pərakəndə,
sistemsiz təsvir etmir. Vahid bir xətt ətrafında inkişaf etdirir. O, fikrini oxucuya tam aydınlığı
ilə çatdırmaq
üçün müqəddəs
kitabımız olan “Quran”dan, eləcə də xalq yaradıcılığından
istifadə edir. Məsələn, təmizlikdən və məsumluqdan söz düşəndə
o, Nərgizin dili ilə şanapipik quşu ilə bağlı rəvayətə
müraciət edir.
Yeri gəlmişkən, müəllifin
təbiət lövhələri
də uğurlu alınıb. Əsərdə təbiət təsvirləri
də üstünlük
təşkil edir.
Əziz
Mustafa təbiət təsvirlərini
gözəllik xatirinə
yaratmır, onları hadisələrin gedişi
ilə əlaqələndirir.
Əsərdə əhvali-ruhiyyə təsvirləri, yəni surətlərin nigarançılığı,
məyusluğu da müəllif tərəfindən
ustalıqla canlandırılıb.
Əziz Mustafa klassiklərimizdən də
bəhrələnməyə çalışıb. Belə ki,
Səlimin onun evi qarşısına yığışan camaatı
sakitləşdirməsi səhnəsində
Kefli İsgəndərin
priyomu müəllif tərəfindən özünəməxsus
şəkildə verilib.
Bütün bunları isə
Əziz Mustafanın ədəbiyyatımızı, tariximizi dərindən bilməsinə dəlalət
edir.
Müəllifin dili də canlıdır. Necə deyərlər,
dumduru xalq dilidir. Bu mənada
kitabı oxuyarkən sanki bir adamın
söylədiyi hekayətə
qulaq asırsan. Özün də bilmədən hadisələrin iştirakçısına
çevrilirsən. Müəllifin
qənaətinə görə,
yaşadığımız ağrıların hamısında
bir hikmət var. Bir də, məhəbbət
elə bir bəladır ki, o bəzən heç sərhəd də tanımır...
Əziz Mustafanın “Günah”ı
mənə romandan çox, povest təəssüratı bağışladı. Çünki əsərdə süjetin
inkişafı Çingiz
və Nərgizin başına gələn hadisələrlə bağlıdır.
Doğrudur, əsərdə Səlim-Asya xətti də var. Lakin bu xətt də
əsərin ümumi
süjetinin tərkib hissəsidir, yəni onu tamamlayır.
Qeyd edək
ki, müəllifin özünün dediyi kimi, “Günah” onun sırf təxəyyülünün məhsulu
deyil, yəni əsərdə baş verənlər həyatdan götürülüb. Bu mənada onların prototipləri də olub.
Kitabı mütaliə edərkən
ondakı dramaturji materialı, dramatizmi də duymamaq mümkün deyil. Ümid edirəm
ki, “Günah” bizim peşəkar rejissorlarımızın gözündən
yayınmayacaq. Və “Günah”
nə vaxtsa özünün səhnə
həllini də tapacaq.
Əziz Mustafa hazırda yeni bir əsər - “Sən kimsən, qoca”? povesti üzərində işləyir.
Onu də elə bu il oxucularına təqdim etmək niyyətindədir. Dediyinə görə,
o, ömrünün sonuna
kimi belə “günahlar” işlətməkdə
davam edəcək və öz oxucularını sevindirəcək.
Təki belə günahlarınız olsun,
Əziz bəy!
Məlumat üçün bildirək
ki, Əziz Mustafa
1957-ci ildə Şəkinin
Baş Göynük kəndində anadan olub. İndiki Mədəniyyət və İncəsənət
Universitetinin mədəni-maarif
fakültəsini bitirib.
Uzun müddət müxtəlif
sahələrdə fəhlə
kimi çalışıb.
Ötən əsrin doxsanıncı
illərindən isə
dövri mətbuatda fəaliyyət göstərir.
Hazırda çalışdığı
“Zaman-Azərbaycan”la taleyini
1994-cü ildən bağlayıb.
QVAMI MƏHƏBBƏTOĞLU
Zaman.- 2011.- 29-30 sentyabr.- S.8.