“Mənim rənglər dünyamda payızın öz yeri var

 

 Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda rəssam Hafiz Kərimovun ilk fərdi sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın 60-a yaxın əsəri nümayiş olunur.

  Bəri başdan qeyd edək ki, rəssam ölkəmizin gözəl təbiət mənzərələrini kətan parça üzərinə yağlı və sulu boyalarla məharətlə köçürüb. Belə ki, rəssamın əsərlərində ölkəmizin təbiətinin əsl poetik çalarlarını görmək mümkündür. O, tablolarında təbiətin şaxtalı qışını, güllü baharını və həzin xəzan günlərini dərin bir həssaslıqla əks etdirib. Bu mənzərə motivlərindəki gözəllik, incə şeriyyət qəlbləri ovsunlayır.

Sərgi ilə tanış olarkən Hafiz Kərimovun ən çox təbiət mövzusuna üstünlük verdiyini, elə əsərlərini də təbiət qoynunda fırçaya aldığını duymamaq mümkün deyil. Bu səbəbdən onun çəkdiyi mənzərələr tamaşa edənlərə xüsusi zövq verir.

Sərgidə rəssamın Naxçıvanla bağlı tabloları (“Kəndimiz”, “Əlincə çayı”, “Batabat”, “İlanlı dağ” və sairə) üstünlük təşkil edir. Həmin tablolarda bu qədim diyarın ürəkaçan mənzərələri adamı ovsunlayır desək, yanılmarıq. Bu mənada Ramiz Kərimovu Naxçıvanın tərənnümçüsü də adlandırmaq olar. Payızla bağlı mənzərələr isə rəssamın bu fəslə xüsusi rəğbətindən xəbər verir. Elə rəssam bizimlə söhbətində də bunu gizlətmədi: “Hər fəslin öz gözəlliyi var. Amma mən payızı çox sevirəm. Bilirsinizmi, payız sakit bir fəsildir. Bir də unutmayaq ki, kənd yerlərində xeyir işləri, bir qayda olaraq, payızda həyata keçirirlər. Elə bu kimi səbəblərdən mənim rəssam dünyamda payızın öz yeri var və həmişə də olacaq”.

Rəssamın “Qızıl payız”ında sanki bir şeriyyət oxunur. Bu əsərdə həm də Naxçıvan təbiətinin ən səciyyəvi cəhətləri ümumiləşdirilib. Külək yarpaqları narıncı-qızılı rəng almış ağacları yerindən oynadır. Ətrafda hakim olan qızılı rənglə çayın tünd göy boyaları təzad təşkil edir. Buna baxmayaraq, mənzərə insanda gümrahlıq oyadır. Bir sözlə, onun “Payız” və “Külək” əsərlərində adama elə gəlir ki, tablolardan külək əsir. Onlara baxarkən fransız rəssamı Klod Monenin “Sərv ağacları” tablosuna tamaşa edən həmkarı Edqar Deqanın yarızarafat, yarıgerçək dediyi bu sözlər yadıma düşdü: “Bağışla, dostum, mən gedim, külək çox bərk əsir, soyuqlamaqdan qorxuram”. Rəssamın “Əshabi-Kəhvə gedən yol” isə  unudulmaz rəssamımız Səttar Bəhlulzadənin “Qızbənövşəyə gedən yol” tablosunu xatırladır. Rəssamın Səttar irsindən bəhrələnməsi “Lalələr”də də özünü göstərir. “İlanlı dağ” tablosu isə qeyri-adi gözəlliyə malik əsər təsiri bağışlayır. Bu əsər də o qədər təbiidir ki, ona baxanda inana bilmirsən ki, gördüklərinin arxasında təbiətin özü yox, kətan dayanır.

Hafiz Kərimovun əsərlərində rənglər güclü bədi təsir qüvvəsinə malikdir. O, müxtəlif rəngləri bir-birinə incə münasibətdə elə qovuşdurur ki, daş da, yarpaq da cazibədar görünür. Bu mənada onun “Köhnə arxtablosu daha unudulmazdır. Rəssamla söhbət zamanı o, belə bir fərdi sərgini Naxçıvanda da sərgiləmək niyyətində olduğunu bildirdi. Hafiz Kərimov Dövlət Neft Şirkətinin “Azərneftyağ” Neft Emalı Zavodunun 9 saylı sexində çalışır. Hafiz müəllimin necə neftçi olduğunu deyə bilmərəm, amma sərgisi ilə tanışlıqdan sonra onun haqqında yalnız belə demək mümkündür: “O, əsl rəssamdır”.

Məlumat üçün bildirək ki,  Naxçıvanın Şahbuz rayonunun Mahmudoba kəndində dünyaya göz açan, 2005-ci ildən Rəssamlar İttifaqının üzvü olan Hafiz Kərimov Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. O, ölkəmizdə və onun hüdudlarından kənarda bir çox sərgilərin iştirakçısı olub. Novruz bayramına, Xocalı soyqırımına həsr edilmiş sərgilərdə Hafizin əsərləri xüsusi maraq doğurub.

 

 

QVAMI MƏHƏBBƏTOĞLU

 

Zaman.- 2011.- 8-9 sentyabr.- S. 8.