Yaqub Mədətov: “Səs də milli sərvətdir”
Sahəsindən
asılı olmayaraq, hər bir arxiv özündə tarixi
yaşadır. Tarix isə yalnız keçmiş deyil, həm də bu gün və gələcək
üçün bir növ istiqamətverici, başqa sözlə,
inkişafa dəstəkdir.
Ölkəmizdə Azərbaycanın tarixini, iqtisadi yüksəlişini
və ayrı-ayrı sahələrin
keçmişini əks etdirən xeyli arxiv var. Azərbaycan
Milli Arxiv İdarəsinin nəzdində olan Dövlət Səs Yazıları
Arxivi də eyni məqsədə xidmət edir. Qeyd edək ki,
43 il əvvəl təşkil
olunmuş bu mədəniyyət ocağı
dünyanın nadir arxivlərindən biridir. Hazırda
Dövlət Səs
Yazıları Arxivinin fondunda 70 mindən artıq səs
yazıları və 18 minədək video lentlər mühafizə olunur. Qurumun fəaliyyəti
ilə bağlı suallarımızı respublikamızın ən
təcrübəli arxiv
işçilərindən biri, arxivin direktoru, Əməkdar mədəniyyət
işçisi Yaqub Mədətov
cavablandırdı.
-
Yaqub müəllim, ilk baxışdan hiss edirik ki, dövlət
arxivə qayğısını əsirgəmir. Maşallah,
şəraitiniz yaxşıdır...
- Elədir.
Amma qayğı əlavə məsuliyyət deməkdir. Bu binaya
təxminən 4 il əvvəl köçmüşük.
Bina əvvəlcə əsaslı təmir edildi, arxiv
üçün uyğunlaşdırıldı. Sonra
lazım olan avadanlıqlar - səsyazma
və digər aparatlar alındı. Qısaca desək, arxivin
səmərəli fəaliyyəti üçün, demək
olar ki, hər şey edilib. Qalır inamla işləmək.
Biz də çalışırıq ki, buradakı səs və
videolentləri qoruyaq, arxivimizi daha da zənginləşdirək
və gələcək nəsillərə ən yaxşı
halda çatdıraq. Çünki səs də milli sərvətdir.
Mənim fikrimcə, bu səslər və videolentlər ölkənin təbii sərvətləri
qədər qiymətlidir.
-
Eşitdiyimizə görə, belə bir dövlət
arxivi Müstəqil Dövlətlər Birliyi məkanında
yalnız Moskva şəhərində fəaliyyət göstərir.
Bəs Səs Yazıları Arxivinin respublikamızda təşkili
hansı zərurətdən yaranıb?
- Azərbaycan
mədəniyyəti, xüsusilə onun musiqisi çox zəngindir
və dünyada şöhrət qazanmışdır. Bundan əlavə,
hər il ölkədə çoxlu sayda ictimai-siyasi, mədəni,
elmi və digər tədbirlər keçirilir. Bütün
bunların hamısı lent və videoyazılarına alınır. Biz səs və digər
səsdaşıyıcılarını “şifahi tarix”
adlandırırıq. Buna görə də həmin sənədlərin
- səslərin və videogörüntülərin
toplanması və qorunması çox vacibdir.
- Bəs bu arxiv təşkil edilməzdən
əvvəl həmin sənədlər harada toplanırdı?
-
Vahid ünvan yox idi. Daha çox radio-televiziyanın fondunda saxlanılırdı.
Bundan əlavə, müxtəlif tanınmış adamlar,
ziyalılar şəxsi fondlarında çoxlu qrammofon
valları, musiqi və çıxışları
yazılmış lentləri qiymətli sənəd kimi
saxlayırdılar.
Arxivi
təşkil olunduqdan sonra əməkdaşlarımız
respublikanın bütün bölgələrini gəzib-dolaşdılar,
həmin lent yazılarını, qrammofon vallarını,
videolentləri toplamağa başladılar. Sonra
ayrı-ayrı qurumlarda olduq, tanınmış musiqi xadimləri
və digər insanlarla görüşdük, onların
söhbətlərini lentə aldıq. İndi o səslər,
çıxışlar qiymətli sənəd kimi fondumuzda
saxlanılır.
Təxminən
on il ərzində arxivin fondu zənginləşdi.
Onu da əlavə edim ki, mən ilk
gündən burada çalışıram. Buna görə də
bu arxiv də, kollektiv də mənə çox
doğmadır.
- Arxivdə ən çox hansı
sahəyə və şəxslərə məxsus sənədlər
toplanıb?
- Əgər
toplanmış sənədləri mövzulara bölsək,
arxivdə daha çox
muğamlarımıza və aşıq sənətinə
aid sənədlər var. Məsələn, muğam sənətinə
həsr olunmuş audio-video sənədlərin sayı təxminən
1700-ə çatıb. Muğam sənətinin elə bir sahəsi yoxdur ki, arxivimizin fondlarında əks
olunmasın. XX yüzilliyin ilk illərindən bu günədək
muğamla bağlı, demək olar ki, hər cür sənəd
fondumuza daxil edilib. Təkcə bunu demək kifayətdir ki,
1902-1914-cü illər ərzində Azərbaycan klassik
muğam ustalarının səsləri yazılmış
qrammofon vallarının sayı 1500-ə çatıb. Bu
vallar çox nadir səs yazılarıdır və
onların qiymətini heç nə ilə ölçmək
olmaz. Buradakı görkəmli xanəndələr Cabbar
Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd,
Məşədi Məhəmməd Fərzəliyev və
başqalarının valları çox nadir sənədlər
sayılır.
Şəxsi sənədlərə
gəldikdə isə birinci yerdə dahi bəstəkarımız
Üzeyir Hacıbəyovun adı durur. Onunla bağlı
audio-video sənədlər 800 saatdan çoxdur. Aşıq sənətinə
aid isə 3 minə qədər sənəd toplanıb.
- Bəs bu valların ən qədimi
kimə məxsusdur?
- Biz
qrammofon vallarını toplamağa başlayanda bu tarix
mübahisəli idi. Məsələn, əvvəl deyirdilər
ki, ən birinci val Cabbar Qaryağdıoğlunun ifasında
1906-cı ildə yazılıb.
Lakin əldə edilən bütün qrammofon
vallarını tutuşduranda məlum oldu ki, milyonçu, xanəndə
Seyid Mirbabayev öz səsini vala 1902-ci ildə yazdırıb.
Təxminən həmin illərdə həvəskar xanəndə
Əbdülqədir Cabbarovun səsi də, “Heyratı”
muğamını ifa edərkən, özündən xəbərsiz
lentə alınıb. Bu fakt o dövrə aid musiqi
kataloqları ilə də təsdiq edildi.
- Məlumdur
ki, hər bir sənəd, o cümlədən vallar, audio-video
lent yazıları da qaldıqca keyfiyyətini itirir...
- Bu
məsələ ilə bağlı açıqlama verəcəkdim,
siz məni qabaqladınız.
Fikrimcə,
arxivimizə, belə demək olarsa, kifayət qədər
audio-video lentlər toplanıb. Əgər arxivə bundan sonra
heç nə gəlməzsə belə, mövcud olanları
işləyib lazımi hala gətirmək üçün
çox böyük vaxt və qüvvə lazımdır.
Lakin sənədlərin ardı gəlir və yəqin ki, hələ
bundan sonra da gələcək. Ancaq sənədləri toplamaq
işin bir hissəsidir. Əsas məsələ həmin sənədlərin
etibarlı mühafizəsini təşkil etməkdir.
Yəqin bilirsiniz ki, indi hər sahədə
elektron sistemə keçilir. Fərəhlə deyə bilərəm
ki, respublikamızın
milli arxiv sistemində elektron arxiv yaratmaq işinə ilk dəfə
biz başlamışıq. Artıq arxivdəki sənədlərin
təqribən 40 faizinin
elektron variantı hazırdır. Ümumiyyətlə, başlıca məqsədimiz
elektron arxiv yaratmaqdır. Özü də
təkcə audio-video lentləri
yox, eyni zamanda bütün kartotekaların, hesabat sənədlərinin hamısının
elektron formatını
hazırlamaq istəyirik.
Bu, həm saxlama,
həm də istifadə üçün
səmərəlidir. Hazırda əməkdaşlarımızın çox hissəsi texniki işlərlə məşğuldur.
- Bunun üçün son bir-iki
ildə yeni səsyazma texnikası, avadanlıq almısınızmı?
- Bəli. Milli Arxiv İdarəsinin
böyük maliyyə
dəstəyi ilə ən müasir avadanlıqlar əldə etmişik. Məsələn, son iki ildə
Macarıstandan yüksək
səviyyəli 4 studiya
maqnitofonu almışıq. Bu maqnitofonların
qiyməti çox baha olsa da,
Milli Arxiv İdarəsinin rəhbərliyi
bu maqnitofonları almağı vacib bildi.
- Bildiyimizə görə, Dövlət Səs Yazıları Arxivi Böyük Britaniyanın Kral Kitabxanası ilə əməkdaşlıq edir.
Bu barədə nə deyə bilərsiniz?
- Böyük Britaniyanın
Kral Kitabxanası ilə əlaqələrimiz
artıq səmərəsini
verib. Həmin qurumla birgə
layihəyə əsasən,
50 Azərbaycan dastanını
toplamış, bərpa
etmiş və elektron variantını hazırlayaraq diskə yazmışıq. Sonra həmin
dastanların bəziləri
yazılmış diskin
bir nüsxəsini Kral Kitabxanasına təqdim etmişik. Bundan sonra Kral Kitabxanasında
Azərbaycan folkloru ilə bağlı bölmə də yaradılıb. Onu da deyim ki, bura
dünyanın ən zəngin kitabxanalarından
biri olmaqla yanaşı, böyük
elmi-tədqiqat mərkəzidir. Həmin kitabxananın fonduna
dünyanın, demək
olar ki, hər yerindən müraciət edirlər.
- Bəs
Səs Yazıları
Arxivinin fondunda Azərbaycan Xalq Cümhuriyyətinin və
müstəqilliyimizin yeni
tarixi ilə bağlı səs yazıları varmı?
- Əlbəttə, var. Məsələn,
Xalq Cümhuriyyətinin
yaradılması və
fəaliyyəti ilə
bağlı xeyli lent yazıları var. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyətinin 20 illiyi ilə əlaqədar 15 dəqiqəlik lent də fondda saxlanılır. Xalqımızın böyük
oğlu Məmməd Əmin Rəsulzadənin çıxışı olan
lent də burada mühafizə edilir.
Azərbaycanın yaxın tarixi ilə bağlı keçirilən, demək
olar ki, bütün tədbirlərin
videolentləri də toplanıb. Ümummilli liderimiz Heydər
Əliyevin Azərbaycana
rəhbərlik etdiyi illər ərzində düzənlənən əksər
tədbirlərin lentləri
də saxlanılır.
Onun hakimiyyətdə olduğu
dövrdə keçirilmiş
bütün qurultay, simpozium və görüşlərdə etdiyi
çıxışların lentləri də qorunur. Həmin lentlərin səslənmə
müddəti 800 saatdan
çoxdur.
- Maraqlıdır,
arxivdə tanınmış
insanlardan kimlərin uşaqlıq çağlarından
lentlər var?
- Belə audio-video lentlər
də az
deyil. Məsələn,
görkəmli müğənnimiz
Zeynəb Xanlarovanın
11 yaşında ifa etdiyi “Yolka” mahnısının lenti durur...
- Bəs arxivdə olan sənədlərin təbliğini
necə aparırsınız?
- Arxiv işi ilə bağlı ölkəmizdə, eləcə
də xaricdə keçirilən müxtəlif
səpkili beynəlxalq
tədbirlərdə çıxışlar
edir, həmkarlarımızla
mübadilə aparırıq.
Məsələn, ötən
il Milli
Arxiv İdarəsinin rəisi Ataxan Paşayevlə Odessa şəhərində
keçirilən beynəlxalq
arxivlər üzrə
forumda iştirak etmişik. Həmin tədbirdə də
arxivlərin elektron varianta keçirilməsi məsələsi gündəmdə
idi. Məlum oldu ki, əksər
ölkələrin arxivlərinin
çoxu hələ bu işə yeni başlayıb.
Səs yazılarının
təbliği ilə bağlı müxtəlif
telekanallarda da çıxışlar edirik. Bundan əlavə,
jurnalistlər verilişlər
hazırlayarkən arxivimizdəki
audio-video lentlərdən istifadə
edirlər. Görkəmli şəxsiyyətlərin, sənətçilərin,
alimlərin, yaxud abidələrin yubileyləri
zamanı da bizə tez-tez müraciətlər olunur
və biz sifarişçilərə
kömək edirik.
Əsas
amalımız ölkəmizin
hər bir sahəsini əks etdirən zəngin səs yazıları arxivi yaratmaq və həmin sənədləri etibarlı
mühafizə edərək
gələcək nəsillərə
çatdırmaqdır.
- Yaqub müəllim, Dövlət Səs Arxivinin kollektivinə bu şərəfli işində uğurlar arzulayırıq.
SƏMƏD
MƏLIKZADƏ
Zaman.- 2011.- 10-12 sentyabr.- S.9.