Min bir dərdin dərmanı və loğmanları

 

Qədim zamanlardan bal bütün dərdlərin dərmanı, arıçılıqla məşğul olanlar isə loğmanlar sayılır.

Müqəddəs Qurani-Kərimin 16-cı surəsi “Nəhl”(arı) adlanır. Surədə Uca Yaradan (c.c.) bu canlıya verdiyi dəyəri belə ifadə edir: “Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal). Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: “Rəbbinin yollarını itaətlə tut!”) (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!” (“Nəhl”, 68-69)

 

Gözəl təbiət mənzərələrini seyr edə-edə İsmayıllıya üz tutanların hamısı bu kəndin yanından ötüb keçir: Pircan kəndinin. Tarixi rəvayətə görə, kəndin adı burada vaxtı ilə bir övliyanın yaşaması ilə bağlıdır. Mayasında halallıq olduğu üçün kənd əhalisi həmişə zəhmətlə dolanıb, güzəranını alın təri ilə qazanıb. Belələrindən biri də arıçı İslam Fətullayevdir. Arıçılığı dədə-baba sənəti adlandıran kənd sakini uşaq yaşlarından bu işlə məşğuldur: “Pircan səfalı dağlar qoynunda yerləşir. Əlverişli coğrafi şərait kənddə bir sıra maraqlı təsərrüfat sahələrinin, o cümlədən arıçılıq kimi vacib sahənin inkişaf etdirilməsinə imkan verir. Bu kənddə çoxları arıçılıqla məşğul olur, amma biz bineyi-qədimdən bu yolun yolçusuyuq”-deyir. Hər bir insanın xarakteri məşğul olduğu sənətə uyğun olur, deyirlər. Bu mənada həyatda həmişə arıçıların səbirli, sakit təbiətli olmaları, qəlblərində Allaha xüsusi sayğı bəsləmələri dəqqətimi çəkib. İslam da belələrindən biridir. O, arı ilə işləyərkən dincəldiyini, Yaradanın (c.c.) Müqəddəs Kitabında xəbər verdiklərini öz gözləri ilə gördüyünü deyir: “Arılarla işləmək mənim üçün bir növ mənəvi istirahətdir. Onların çalışqanlığı, nizam-intizamı, ətraf aləmə qarşı münasibəti insanı çox heyrətləndirir. Mən bir elmi araşdırmada oxumuşdum ki, 1 kq bal istehsal etmək üçün arılar 120-150 min uçuş edir və 6-10 milyon çiçəkdən nektar toplayırlar. Əgər bal verən bitki pətəkdən 1,5 km aralı olarsa, arılar hər dəfə uçuş zamanı 3 km məsafə qət etməlidir. Beləliklə, 1 kq bal toplamaq üçün arılar 360-450 min km uçuş edir. Bu məsafə ekvator üzrə yer kürəsini 11 dəfə dolanmağa bərabərdir”. Arıçı deyir ki, bu sahəni elmi şəkildə öyrənməyən arıları başa düşə bilməz və dolayısı ilə onların xarakterini, xəstəliklərini, məhsuldarlıqlarının artırılması yollarını kəşf edə bilməz: “Hazırda ekoloji vəziyyət elə bir hal alıb ki, arıların təbiətlə münasibətlərinə əngəl yaradan çox saylı faktorlar meydana çıxıb. Biz tərəkəmə arıçılıqla məşğul oluruq. Yəni arını gəzdirməsən, ondan bal ala bilməzsən. İyunun əvvəlləri birinci bal süzümündən sonra arıları İsmayıllının İstisu ərazisinə aparırıq. Avqustun sonlarına qədər onları cökə meşələrində gəzdiririk. Yalnız bundan sonra istənilən keyfiyyətli balı almaq mümkündür. Məndə 82 arı ailəsi var, onlardan 60-ı məhsuldardır. Bu il havalar bal istehsalına mənfi təsir göstərdi, bununla belə, hər ailədən 15 kq bal götürə bildik”. 

İ. Fətullayev Azərbaycanda dədə-baba bilgisi ilə yanaşı bu sahədə müasir texnoloji innovasiyaların tətbiqinin tərəfdarı olan insanlardandır. İndiyə qədər bu sahədə ciddi addımlar da atıb. Ötən il Dünya Bankının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirdiyi II Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsi çərçivəsində elan olunmuş “Kənd təsərrüfatı məhsullarının emalı və qablaşdırılması” üzrə qrant müsabiqəsində qalib gəlib. Nəticədə, əldə etdiyi 20 min dollarlıq vəsaitlə Azərbaycanda ilk dəfə olaraq balın süzümü, qablaşdırılması texnologiyasını tətbiq edib. Onun sözlərinə görə, hazırda arıçılıqda sənaye üsulu ilə istehsalın qurulması vacib məsələdir: “Avadanlıq hər şeydən əvvəl əl əməyini azaldır, bir saatda 360 ədəd  yarımkiloluq banka doldurmaq olur. Əllə isə buna həftələrlə vaxt lazımdır. Avadanlıq imkan verir ki, balın üzərində onun analiz nəticələri, tərkibi, harada istehsal olunması əksini tapsın. Digər tərəfdən, müasir bazar münasibətlərində əmtəə görünüşü çox vacibdir. Şəxsən mən, texnoloji emala keçəndən satışım artıb. Artıq İsmayıllının turizm istirahət zonalarında öz məlumat guşələrimi qurmuşam. Bakının iri supermarketləri ilə əlaqələrim  yaranıb. Əvəllər isə bunları etmək mümkün deyildi. Balın keyfiyyətinə mənfi təsir göstərən amil onun soyuq aylarda kristallaşmasıdır. Avadanlıq balı elə emal edir ki, hətta ən soyuq havalarda belə məhsulun tərkibi dəyişmir”. Qeyd edək ki, pircanlı arıçı Azərbaycanda ilk dəfə olaraq intensiv qutu sistemini tətbiq edib. Deyir ki, internet vasitəsi ilə uzun müddət araşdırdıqdan sonra bu qutuları Türkiyənin Bursa vilayətindəki bir arıçılıq təsərrüfatında tapıb. Qutuları alıb gətirəndən sonra təsərrüfatda məhsuldarlıq daha da artıb: “Arıların görmək imkanları bizimki kimi deyil. Xüsusən, onlar təbiəti bizim kimi bir rəngdə deyil, , sarı, qırmızı rənglərdə görürlər. Yeni qutularımız rəng prinsipi ilə bölünüb. Arılar rənglərə görə, istiqamət götürür və geriyə qayıdırlar”. Həyata keçirdiyi innovativ addımlar arıçıya imkan verib ki, artıq təsərrüfatında damazlıq işini də təşkil etsin. Ötən ildən İ. Fətullayev damazlıq arılar yetişdirərək məhsuldarlığı aşağı düşmüş arıları çıxdaş edə bilir.   

Söhbətimizin sonunda İ. Fətullayev dedi ki, Allahın (c.c.) öz Kitabında adına surə göndərib şərəfləndirdiyi arıya hörmətlə yanaşmaq, həm də Yaradana ən böyük itaət rəmzidir. Çünki, “Nəhl” surəsində Allah (c.c.) dolayısı ilə insana xidməti vəzifə kimi onun qarşısına qoyub. Axı, arı min bir əziyyətlə ərsəyə gətirdiyi min dərdin dərmanı olan balı məhz insan üçün hazırlayır: “(O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (, sarı, qırmızı) bal çıxar...”(”Nəhl”, 69)

Sonda İ.Fətullayevin dedikləri əsasında arı və arı məhsullarının insan sağlamlığı və təbiət üçün faydaları haqqında:

Bal arısı təbiətdəki güllərin mayalandırılmasını həyata keçirir.

- Arılar bal toplama prosesini xüsusi və dəyişkən səs dalğaları vasitəsilə həyata keçirir. Şirə topladıqdan sonra həmin səs dalğalarının köməyi ilə geri dönürlər. Müasir radio-dalğalar elmi arının bir cüt bığcıqları kimi daha üstündaha sadə cihaz kəşf edə bilməmişdir.

- Arılar böyük mühəndisdir. Əgər arının pətəyinə baxsaq, onun çox maraqlı bir formadan, altıguşəli prizmadan istifadə etdiyini görərik. Həndəsə elmindən bəllidir ki, hər-hansı bir əraziyə maksimum həddə bir tikiliya bucaq yerləşdirmək istəsək, altıguşəli prizmadan istifadə etməliyik.

- Bal arısı ən müasir fabrik və zavoddan belə keyfiyyətli məhsul istehsal edir. Şirəni çəkdikdən sonra ona xüsusi hormonlarını qatır və bal formasına salır.

- Balın tərkibində bioloji maddələrin ən güclüsü sayılan böyütmə və sintez hormonu mövcuddur. Balda olan bu hormon bütün xroniki xəstəliklərin və qan azlığının dərmanıdır.

- Arılar meşələrdən yığdığı balın tərkibinə əsəb sakitləşdirici maddə qatır. Həmin maddə ürək xəstəlikləri, xroniki bronxit, qastrit, revmatizm, qan azlığı, ümumi zəiflik, qaraciyər xəstəlikləri, mədə və on iki barmaq bağırsağın xəstəlikləri və s. xəstəliklərin dərmanı sayılır.

- Balın tərkibindəki B qrup vitaminlər, fosfor, riboza və s. maddələr cox faydalı qida maddələri sayılır. Yəni bal min bir dərdin dərmanıdır.

 

 

  NICAT NƏSIRLI

 

  Zaman.- 2011.- 10-12 sentyabr.- S.2.