Azərbaycan-Türkiyə qardaşlığının yaşayan tarixi 

 

 ANAR QARAXANÇALLI

 

Məmməd Əmin Rəsulzadə: “Bəli, Azərbaycanın hər yerində şairin təsvir etdiyi kimi, qızlar, gəlinlər tərəfindən ziyarət edilən sarmaşıqlı bir məzar görsəniz, bilin ki, bu qardaş imdadına yetişən türk məzarıdır”.  

 

Osmanlı İmperiyası I Dünya müharibəsində 4 il müddətində 7 müxtəlif cəbhədə o dövrün ən güclü dövlətləri ilə döyüşmüşdür. Ölkənin hər tərəfində döyüşlər davam edərkən, eyni tarixdə qardaş Azərbaycanın da vəziyyəti fərqli deyildi. 1918-ci ildə Azərbaycan işğal edilmiş, şəhərləri ələ keçirilmişdi. Bir tərəfdən də işğalçı dövlətlərin regionda köləliyini edən ermənilər kin, nifrət və türk düşmənçiliyi ilə Şərqi Anadoluda, Qafqaz bölgəsində, xüsusilə Azərbaycanda yaşayan silahsız, məsum insanlara qarşı kütləvi qətliamlar həyata keçirirdilər. 18-21 mart 1918-ci ildə Bakıda yaşayan türk və müsəlman əhali rusların və ermənilərin kütləvi soyqırımına məruz qaldılar və 12 min Azərbaycan türkü öldürüldü. Bakı əhalisinin yarısı vəhşətdən qurtulmaq üçün şəhəri tərk etdi. İşğal altında olan Bakıda işgəncələr artıq son həddə çatmışdı. Xalq çarəsiz idi, insanlar nə edəcəklərini bilmirdilər. Abdulla Şaiq “Niyə belə gecikdin” adlı şeirində xalqın hiss və duyğularını belə izah edirdi:

 

Sənsiz qəlbim qırıq, sönük, çiynənmiş,

xırpalanmış

Ömür şüşəm daşa dəymiş, həyatım parçalanmış,

Qırıq bir saz kimi sızlar qanlı, yorğun telləri.

Yaxılıb yandırar bütün qayğı vurmuş əlləri.

 

Bu vətənin öksüzləri, gəlinləri, dulları,

Göz yaşıyla sulanmış hər keçdiyimiz yolları.

Yolunuzu gözləməkdən bənizləri sararmış,

Heç gəlmədin. O şən gülən ürəkləri qəm almış.

 

Sən gəlməsən, dolumsanmış ürəklər

Sən gəlməsən, xarabaya dönən qəlb

abad olmaz.

Sən gəlməsən, günəş doğmaz, ümid gülüm

 açılmaz,

Dodaqlarım gülməz, sönmüş bəxtimə

nur saçılmaz.

Başqasını istəməm də, ey Türk, tez ol sən gəl, sən

Gözləməkdən yoruldum, ah, axı gecikdin nədən?

Yollarına daşmı düzülmüş? Ya azğın qullarmı?

Buraxmır? Daş, dəmir ya polad olsa da onlar.

Ürəyində şəlalədən ən mətin, qızıl atəşlə

Yandır onları, ərit, söndür, çiynə, boğ, əz,

xırpala

Xain alçaq düşmənlərə qol gücünü göstər.

Aç yolları, tez gəl ki, qəlbim səni çox istər.

 

Bakı qırğınından sonra Azərbaycanın hər yerində terroru artıran ermənilərə qarşı əhalisi silahsız və təhlükədə olan Azərbaycan hökuməti 4 iyun 1918-ci ildə imzalanan Dostluq və Hərbi Əməkdaşlıq müqaviləsinə əsaslanaraq Milli Şura rəisi Məmməd Əmin Rəsulzadə vasitəsi ilə Osmanlı dövlətindən hərbi yardım istədi. Osmanlı dövləti Azərbaycan türklərinin I Dünya müharibəsi dövründə Şərqi Anadoluda, Bakıda və Nargin adasında türk qardaşlarına yardım üçün başlatdığı “Qardaş köməyi” ənənəsini, əlbəttə ki, qarşılıqsız qoymayacaqdı. Osmanlı ordularının baş komandan vəkili Ənvər Paşa Azərbaycana və Dağıstana kömək məqsədi ilə hərbi birlik qurulmasına qərar verir və bu birliyin başına da qardaşı Nuri paşanı təyin edir.

Nuri Paşa 25 may 1918-ci ildə Gəncəyə gələrək Qafqaz Ordusunun təşkili məsələləri ilə məşğul olmağa başlayır. Ordunun təməlini qurmaq üçün Nuri paşa ilə bərabər Gəncəyə 149 zabit və 488 çavuş göndərilir. İlk qurulduğu zaman düzgün heç bir  birliyi olmayan Qafqaz Ordusu, Nuri paşanın tələbi ilə 14 iyunda Gəncəyə gətirilən 5-ci Qafqaz tüməni ilə birlikdə ilk nizami birlikləri təşkil edildi.

13 iyun 1918-ci ildə erməni-rus birlikləri irəliləyərək Göyçayın şərqinə çatmışdılar. Yolboyu 50-dən çox kəndi yandırıb əhalisini öldürdülər. Qafqaz İslam Ordusunun 29 iyunda müharibəyə girməsi ilə düşmən hücumlarının önü kəsildi. Cəbhədə nəzarəti ələ keçirən türk birliklərinin müvəffəqiyyətləri nəticəsində düşmən Ağsunun qərbinə çəkilir və Göyçay bölgəsi ermənilərdən tamamilə təmizlənir. 6 iyulda Ağsu, iyulun 13-də isə Kürdəmir düşməndən azad olunur. İyulun 19-20-də baş verən Şamaxı döyüşləri nəticəsində düşmən qüvvələri Bakı istiqamətində geri çəkilir. Almanlar Qafqaz Ordusunun Bakı hücumunun önünü kəsmək üçün Osmanlı dövlətinə təzyiqlər edirlər. Buradan bir nəticə ala bilməyən almanlar Osmanlı əleyhinə Rusiya ilə müqavilə imzalayır. Müqavilə nəticəsində, Bakı-Tiflis dəmiryolu Osmanlı ordusu üçün bağlanmış, ermənilərə isə bir döyüş təyyarəsi verilmişdi. Ermənilər İranda yerləşən ingilis qüvvələrindən Bakının müdafiəsi üçün Bakı nefti qarşılığında kömək sözü alırlar.

Qafqaz İslam Ordusu döyüşlərdə yüzlərlə şəhid verir. Şamaxı yolundakı “Tənha məzar”la əlaqəli Əlfayim Əziz, “Azadlıq naminə” adlı kitabında belə yazır: Şamaxı ətrafında gedən döyüşlərdə şəhid olan, bu əsgərin adı bəzi qaynaqlarda İzzət, bəzi qaynaqlarda da Qadir kimi göstərilir. İzzət bəy, Aşot adındakı bir düşmənin atəş açması nəticəsində yerə yıxılır. Ağır yaralanan mayorun köməyinə ətrafda yaşayan insanlar gəlirlər. Əsgərimiz yaralananda orada olan Gülsabah adlı bir qadın, hadisəyə əvvəlindən bəri şahid olur. Başörtüsünü çıxarıb əsgərin yarasını bağlamaq istəyir.

İzzət bəy: “Bacım, qolumdan möhkəm tut, mən mərmini çıxardım” deyir.

Mərmini çıxardır. İzzət bəy Gülsabahdan cibindəki dəsmalı çıxartmağını istəyir. Gülsabah dəsmalı İzzət bəyə verir. Mərmini dəsmalın içinə qoyduqdan sonra, İzzət bəy: “Hər şey qaydasındadır, yaramı bağlamağa ehtiyac yoxdur. Qanım bu torpağa axsın”,-deyir. Halsız halda yerdə uzanan İzzət bəy, silah səslərinə ayılır. Türk ordusu gəlib çıxır. Əsgərlər İzzət bəyi vuran əsgəri həmin döyüşdə vururlar. Ordunun gəlməsinə İzzət bəy çox sevinir. Qarşısında Nuri Paşanı görüb həyəcanlanır. Nuri Paşa İzzət bəyə yaxınlaşır, onun başını dizlərinin üstünə qoyur. Artıq İzzət bəy son anlarını yaşayırdı. Nuri Paşaya: “Paşam, bir türk paşasının dizləri üstündə can vermək mənim üçün böyük bir şərəfdir”,- deyir.

Nuri Paşa: (ona təsəlli vermək üçün) “Sən yaşayacaqsan, daha çox zəfər qazanacaqsan”,- cavabını verir.

Ancaq, İzzət bəy son anlarını yaşadığını hiss edir. Əldən düşmüş halda uzanan mayorun ətrafında hər kəs diz çökür, Şeyx Muhsin Quran oxumağa başlayır. İzzət bəy vətənindən minlərlə kilometr uzaqda ölüm-qalım savaşı verən soydaşlarına kömək etməyin hüzurunu yaşadığı anlarda sakit bir halda oxunan Quranı dinləyir. Orada olan insanlar bu səhnə qarşısında duyğularına hakim ola bilməyib gözyaşları axıdırlar. İzzət bəy, bir anlığa başını qaldırıb yanındakılardan haqlarını halal etmələrini istəyir. Cibindəki dəsmalı çıxarıb Nuri Paşaya: Paşam! Atam, Anadoluda torpaqlarımızı qorumaq üçün vuruşurdu və ağır yaralandı. Vücuduna dəymiş mərmini güclə çıxardıqdan sonra, yanındakı silahdaşlarına, “Bu mərmini oğluma verin, mən vətənim üçün qəhrəman kimi vuruşdum, ölkəm üçün canımı verirəm. Ona deyin, məni yaralayan bu mərmini yanında gəzdirsin və bunu iki etsin”,- deyir və vücudundan çıxan mərmi ilə əkiz qardaşlar kimi görünən şəhadət nişanlarını göstərərək: “Paşam! Atamın vəsiyyətini yerinə yetirdim. Onun söylədiyi kimi mərmini iki etdim. Hələ mərminin üzərindəki qanım qurumayıb. Siz də bu mərmini alın oğluma verin, ona atasının da qəhrəman kimi vuruşduğunu, sonra şəhid olduğunu deyin. Bu mərmiləri üç etməsini istədiyimi söyləyin”,- deyir. Son sözlərini söyləyən İzzət bəy vurulduğu yerdə dünyaya gözlərini yumur.

Xalq İzzət bəy yaralananda onu Şamaxıya aparmaq istəyir, ancaq o orada dəfn edilməsini vəsiyyət edir. Onun vəsiyyətindən sonra öz vətəni olaraq gördüyü torpaqlara, Şamaxı yaxınlığındakı Acıdərədə dəfn edilir. O gündən bu günə kimi həmin qəbir “Türk məzarı” kimi yad edilir.

1918-ci il iyulun 30-da hücuma keçən Qafqaz İslam Ordusu Bakıya yaxınlaşır. Lakin şiddətli döyüşlər nəticəsində silah-sursat avadanlıqları azalır və türk ordusu avqustun 4-də sürətini azaldır. Avqustun 5-də yenidən hücuma keçən türk birlikləri qarşısında ermənilər qorxu içərisində dağılırlar. Düşmənin şiddətli hava hücumları və top atəşləri nəticəsində ehtiyatları azalan türk ordusu müdafiəyə keçir. 6 avqust - 14 sentyabr tarixləri arasında əsasən mövcud vəziyyətin mühafizəsi, silah-sursat tədarükü və hücum hazırlıqları ön planda olur. Birinci Bakı hücumundan sonra ermənilərin tələbi ilə ingilislər 1500 nəfərlik ordu ilə general Dnestervilin başçılığı altında İrandan Bakıya gəlirlər.

Qafqaz İslam Ordusu Azərbaycan milislərinin də böyük dəstəyi ilə bütün cəbhə boyu hücuma keçərək, 15 sentyabr 1918-ci ildə, saat 3-də Bakını tamamilə nəzarət altına keçirirlər. Ermənilər Bakını tərk edərkən bir çox neft quyusunu yandırdılar. Qafqaz Ordusu daha sonra Dağıstanı və Qarabağı da düşmən qüvvələrindən azad edərək, 30 oktyabr 1918-ci ildə bölgəni tərk edirlər.

Anadolu türklərinin mindən çox şəhid verərək qanı ilə suladığı bu torpaqlar bir müddət sonra ruslar tərəfindən təkrar işğal olunsa da, tökülən qanlar hədər olmadı. Bu gün Azərbaycan müstəqildir və Azərbaycan xalqı qəhrəman türk ordusunun fədakarlığını unutmamışdır. Azərbaycanın Bakıdan Gəncəyə kimi uzanan geniş ərazisinin müxtəlif yerlərində türk şəhidləri yatmaqdadırlar. Bakının mərkəzindəki Şəhidlər Xiyabanı isə əslində eyni millət, eyni soydaş, eyni dindaş, hər yönü ilə eyni olduğumuzu dosta və düşmənə göstərən ən ali bir məkandır. Burada qucaqlaşaraq yatan şəhidlərimiz qardaşlığımızın möhürüdür.

 

 

  Zaman.- 2011.- 10-12 sentyabr.- S.4.