Dünyanın
alınan və satılan kəşfiyyatçıları (2)
YAZINI INTERNET MATERİALLARI ƏSASINDA
ƏZİZ MUSTAFA HAZIRLAYIB.
Casuslarla bağlı bəzən
daha qəribə və ağlasığmaz
hadisələr, daha doğrusu, macəralar da baş verirdi.
Bəzən hər hansı
bir dövləti qarşı tərəfə
güzəştə getməyə
məcbur etmək məqsədi ilə heç bir günahı olmayan düşmən millətin
nümayəndələrini belə casus elan etməkdən çəkinmirdilər
və bu, öz effektini verirdi. Necə deyərlər, casus olmayanlar
casus elan edilərək
qarşı tərəfə
müəyyən məbləğə
satılması kimi gülməli əhvalatlar
meydana çıxırdı.
Belə hadisələrdən biri Napoleonun prezidentliyi dövründə Fransada baş vermişdi.
Napoleonsayağı casus dəyişməsi
Napoleon, adətən, öz zabitlərini yüksək qiymətləndirir
və onların problemlərini daim diqqət mərkəzində
saxlayır, hətta əsir düşən ən aşağı rütbəli zabitlərin
düşmən generalı
ilə dəyişməsinə
belə, məmnunluqla
razılıq verirdi. Onun bu zəif yerini
yaxşı bilən daxili işlər naziri Jozef Fuşe
bir dəfə imperatora: “Zati-aliləri, siz həmişə əsir zabitlərimizlə
bağlı məsələni
xüsusi diqqət mərkəzində saxlayırsınız.
Amma nə üçünsə bu dəfə ingilis əsirliyində olan çoxlu zabitlərimizin taleyi ilə maraqlanmayıbsınız”,-dedi.
Napoleon, adətən, daxili işlər nazirinə bir o qədər də dinanmırdı, ancaq onun ağlasığmaz ideyalar, gizli əməliyyatlar üzrə
əvəzedilməz mütəxəssis
olduğunu da yaxşı bilirdi. Ona görə də Fuşeyə: “Əsir zabitlərimizi unutmamışam,
ancaq onları əsirlikdən azad
etmək üçün
qarşı tərəfə
nə vəd edəcəyimizi bilmirəm”,-
dedi.
Fuşe
dərhal:- Bəlkə onları ingilis casusları ilə dəyişdirək?-deyərək
Napoleonun düz gözlərinin içinə
baxdı.
- Haradan tapaq o qədər casusu?
- Zati-aliləri narahat olmayın,-deyə Fuşe
imperatoru sakitləşdirdi.
-Casus tapmaq mənim əlimdədir. Siz əmr edin,
mən zabitlərimizlə
dəyişdirmək üçün
lazım olan qədər casus tapacağam.
Onun bu sözlərinin cavabında
Napoleon razılıq əlaməti
olaraq, başını
tərpətdi.
Tezliklə Fuşenin göstərişi
ilə Fransada yaşayan Böyük Britaniya əsilli vətəndaşlar kütləvi
şəkildə həbs
edilməyə başladı. Guya onlar
İngiltərə hökumətinin
xeyrinə casusluqla məşğul olurdular.
Həbs edilənlər arasında
İngiltərənin adlı-sanlı
zadəgan ailələrinə
mənsub olan, ancaq müəyyən səbəblər üzündən
Fransada yaşamağa
üstünlük verən
çoxlu sayda adamlar, onların övladları, yaxın qohumları, həmçinin
sadə ingilislər də vardı. Təbii ki, onların arasında Fransa vətəndaşı
olan, ancaq ingilis kəşfiyyatına
xidmət göstərən
ingilislər də az deyildi.
Amma olduqca hiyləgər Fuşe həbs edilənlərin bir qismini Fransanın xeyrinə casusluq etməyə razı sala bilmiş və bununla da İngiltərənin daxilində gələcəkdə
yeni kəşfiyyat rezidenturasının təşkili
üçün imkan
əldə etmişdi.
Fransada kütləvi şəkildə ingilis casuslarının həbs
edilməsi xəbəri
Londonda çaşqınlıqla
qarşılanmışdı. Bununla əlaqədar dərhal kəşfiyyat idarəsinin
rəhbərindən izahat
istənildi. O isə
Fransada casuslarının
az olduğunu
və bu işdə Parisin hansısa məqsədlər
güddüyünü bildirdi.
Bununla belə, kəşfiyyat xidmətinin rəhbəri
kütləvi həbslər
zamanı Fransada yaşayan casuslarının
da ələ keçdiyini istisna etmədiyini söylədi.
Bundan sonra İngiltərə hökuməti Napoleona müraciət edərək,
ingilisəsilli Fransa vətəndaşlarını öz
ölkəsində qəbul
etməyə hazır
olduğunu bildirdi.
Fransa isə, öz növbəsində, ingilis
casusları ilə əsir fransız zabitlərinin dəyişdirilməsini
təklif etdi. Sonralar bu məsələni
araşdıran tarixçi
E. Kukric “Casus ticarəti”
adlı kitabında yazırdı: “ Napoleon casusların əsir fransız zabitləri ilə dəyişdirilməsi
üçün ingilislərin
qarşısına öz
şərtlərini qoymuşdu.
O casusluqda günahlandırılan
ingilis zadəganların,
lordların və parlament üzvlərinin əvəzinə əsirlikdə
olan fransız general və admirallarının,
aristokrat uşaqlarının
əvəzində isə
polkovnik və gəmi kapitanlarının,
titulu olmayan sadə ingilis casusların əvəzində
əsir zabitlərin dəyişdirilməsini təklif
etmişdi. İngiltərə hökumətinin Napoleonun bu təklifini
qəbul etməkdən
başqa çarəsi
qalmadı. Nəticədə ingilislər öz günahsız vətəndaşlarını,
fransızlar isə hiyləcərlik yolu ilə əsir zabit və generallarını
azad etdilər. Üstəlik, hiyləgər
Fuşe azad edilən və Fransaya işləməyə
razı salınmış
ingilislərdən ibarət
İngiltərədə yeni
kəşfiyyat mərkəzlərinin
əsasını qoymuş
oldu. Amma, şübhəsiz ki, ingilislər də əsir fransız zabitlər arasından öz xeyirlərinə işləyən
casuslar hazırlamışdılar”.
Dəyişdirilən səfir casuslar
Casusların dəyişdirilməsi ilə
bağlı macəra
dolu əhvalatlar sonralar da geniş
yayılmışdı. Bu işə hətta beynəlxalq hüquq baxımından toxunulmaz hesab edilən səfirlər belə cəlb edilmişdilər.
Məsələn, 1918-ci ilin
yayında Moskva çekistləri (Fövqəladə
Komissiyanın əməkdaşları)
ölkədə fəaliyyət
göstərən və
guya bolşeviklərə
qarşı dövlət
çevrilişi hazırlayan
“Səfirlərin çevriliş
cəhdləri” planını
ələ keçirdilər.
Bu saxta ad altında
dərhal Rusiyadakı
müxtəlif ölkələrin
səfirlərini, o cümlədən
Böyük Britaniya diplomatik missiyasının
rəhbəri Robert Bryus
Lokxartı həbs etdilər. Çekistlərin
iddialarına görə,
səfirlər bolşevik
hökumətini devirmək,
Lenini və digər inqilab rəhbərlərini
öldürmək niyyətində
olublar. Bu məsələ
səfirləri həbs
edilən ölkələrdə
dərhal böyük
narahatlıqla qarşılandı.
Böyük Britaniya hökuməti
isə səfiri Lokxartın həbsinə cavab olaraq, Rusiyanın
Londondakı səfiri
Litvinovu həbs etdi. Bundan sonra tərəflər
danışıqlar masası
arxasında oturmağa
və həbs edilən səfirləri qarşılıqlı şəkildə
dəyişdirməyə məcbur
oldular. Amma bundan sonrakı
on illər boyu Böyük Britaniya hökuməti səfirlərin
çevriliş hazırlamaq
adı altında həbsini Rusiyanın təxribatı kimi müntəzəm olaraq beynəlxalq səviyyədə
gündəmə gətirdi.
Bununla belə, bir neçə il bundan
əvvəl Böyük
Britaniyanın üzərindən
məxfilik qrifi götürülmüş gizli
arxivlərindəki sənədlərdə
Lokxartın, həqiqətən
də, bolşeviklərə
qarşı mübarizə
aparan ağqvardiyaçılara
maliyyə yardımı
göstərdiyi məlum
olub. Arxivlərdən həmçinin Lokxartın
oğlunun məktubu da aşkar edilib. Oğul Lokxart bu məktubunda
atası ilə söhbətində onun
1918-ci ildə yerli ağqvardiyaçıların köməyi
ilə bolşevikləri
devirmək üçün
plan hazırladıqlarını etiraf etdiyini yazıb.
Şanxay insidenti
Casusların dəyişdirilməsi ilə bağlı daha bir hadisə ötən əsrin 30-cu illərində baş verdi. Belə ki, həmin dövrdə Uzaq Şərqdə SSRİ, Çin və Yaponiya arasında əsl casus müharibəsi gedirdi. 1933-cü ilə kimi SSRİ-nin Çinin Şanxay şəhərindəki kəşfiyyat rezidenturasına əfsanəvi kəşfiyyatçı bakılı Rixard Zorge rəhbərlik edirdi. Amma SSRİ əks-kəşfiyyat rəhbərliyi 1933-cü ildə onu Yaponiyaya göndərərək yerinə gizli ləqəbi Abram olan Yakov Bronini təyin etdi. Bronin yeni təyinatına kimi Almaniyanın paytaxtı Berlində doktor Boş adı altında casusluqla məşğul olmuşdu. O, Şanxayda da bu işi uğurla yerinə yetirərək, SSRİ-yə olduqca qiymətli sirrlər ötürmüşdü. Amma 1935-ci ilin noyabr ayında Yaponiya və Çin kəşfiyyat xidməti Broninin izinə düşərək onu həbs etdilər. Çin hökuməti SSRİ-yə casusluq üstündə Bronini 15 il həbs cəzasına məhkum etdi. Moskva Broninin guya günahsız olduğunu iddia edərək, Pekindən onun həbsdən azad olunmasını istəsə də, sonuncular buna rədd cavabı verdilər. Belə olanda SSRİ də cavab zərbəsinə əl atdı. Belə ki, həmin dövrdə Çinə rəhbərlik edən Çan Kayşinin böyük oğlu Tszyan Tszinqo Moskvada idi. O, Nikolay Vladimiroviç Yelizarov ad və soyadı altında Hərbi Siyasi Akademiyanı bitirmişdi. Sonra isə “Uralmaş” zavodunda işə düzəlmiş və yerli rus qadınlarından biri ilə ailə həyatı qurmuşdu.
Zaman.- 2011.-
13-14 sentyabr.- S. 14.