“Şəhərli mədəniyyətinin formalaşması üçün Şəhər İntizam-Nəzarət İdarəsi qurulmalıdır”

   

Hazırda şəhərimizdə böyük quruculuq işləri aparılır. Parklar salınır, yollar çəkilir, köhnə  binaların fasadları əslinə uyğun tərzdə yenilənir. Ölkə rəhbərliyi tərəfindən şəhərimizdə  aparılan bu quruculuq və abadlıq işləri həm şəhər sakinlərinin ürəyincədir, həm də  şəhərimizə gələn qonaqların nəzərindən qaçmır. Lakin bununla birlikdə köçbaşqa bır sıra səbəblər ucbatından şəhər həyatına uyğunlaşa  bilməyən insanlarla da qarşılaşırıq. Bu da, şübhəsiz, dünyanın sayılı şəhərləri arasına  girməyə iddialı olan paytaxtımızda insanların şəhər mədəniyyəti və şəhərli olmaq şüuru  baxımından əlavə problemlərə yol açır. Bəs görəsən bütün bu problemlərin kökündə nə  durur? İnsanlarda şəhərli olmaq şüurunu necə formalaşdırmaq olar? Bu suallara Azərbaycan  Sosioloqlar Birliyinin icraçı direktoru, “AktualElmi-Sosioloji Araşdırmalar Mərkəzinin  rəhbəri Əbülfəz Süleymanlı ilə cavab axtarırıq.           

 

- Əbülfəz bəy, “Şəhər və mədəniyyət” mövzusunda silsilə tədqiqatların müəllifi kimi “şəhər mədəniyyəti” anlayışını necə izah edərdiniz?

- Şəhər mədəniyyətini şəhərdə birgəyaşayış qanunlarına riayət edən, sosial baxımdan yetkin olan fərdlərin formalaşdırdığı həyat tərzi kimi izah etmək mümkündür. Burada ən əsas və vacib məqam hər bir sakinin özünü şəhərin aktiv iştirakçısı kimi hiss etməsi və yaşadığı şəhəri makro səviyyədə öz evi kimi qəbul etməsidir. Başqa sözlə, şəhərin hər bir sakininin sosiologiya elmində “şəhərli olmaq şüuru” adlandırılan şüura malik olmasıdır.

Bu şüurun və mədəniyyətin formalaşması üçün insanın şəhər həyatında aktiv rol oynaması vacibdir. Belə ki, bu şüurun daşıyıcısı olmanın ən vacib şərtlərindən biri hər bir şəhər sakininin şəhərin, yaşadığı məhəllənin problemlərinə biganə qalmaması və öhdəsinə düşən vəzifəni yerinə yetirməyə özünü cavabdeh hiss etməsidir. Məsələn, bir insanın Bakı kimi qədim tarixə malik və özünəməxsus şəhər mədəniyyəti olan bir şəhərdə yaşamağın qürurunu və məsuliyyətini dərk etməsi, bu şəhəri və onun ənənələrini qorumağı özünün ümdə vəzifəsi hesab etməsi kimi.

 

 

“Bəziləri elə başa düşürlər ki, dəbdəbəli geyimlə, bahalı restorana getməklə və yaxud son model avtomobilə sahib olmaqla şəhərli olmaq eyni şeydir”

 

- “Şəhərli olmaq” şüurunu necə formalaşdırmaq olar? Bunun xüsusi mexanizmləri varmı?

- Bu şüurun formalaşması o qədər də asan deyil. Belə ki, bir insan ömrü boyu şəhərdə yaşadığı, hətta şəhərdə doğulduğu halda, ömrünün sonuna qədər o şüura malik olmaya bilər. Bəziləri də elə başa düşürlər ki, dəbdəbəli geyimlə, bahalı restorana getməklə və yaxud son model avtomobilə sahib olmaqla şəhərli olmaq və yaxud bu şüura malik olmaq eyni şeydir. Xeyr, bu, qətiyyən belə deyil. Belə olmadığı üçündür ki, bütün bu sıralanan maddi dəyərlərə malik olan bəzi insanların şəhərli olmaq şüurundan çox-çox uzaq olduğunun addımbaşı şahidi oluruq.

Şəhərli olmaq şüurunun formalaşdırılmasında media ən yaxşı vasitələrdən biridir. Media kütlələri birbaşa, sürətli və ən effektiv formada istiqamətləndirdiyindən bu sahədəki maarifləndirmə işlərinə zəmin hazırlayır.

Bu şüurun formalaşdırılmasında digər aktiv vasitələrdən biri də təhsildir. Təhsilin malik olduğu imkanlar daxilində  gələcəkdə yaşadığı şəhərdə və cəmiyyətdə aktiv rol alacaq şəxslərə şəhərli olmaq şüuru kiçik yaşlarda aşılanmalıdır. Buna, ilk növbədə, ailədə başlamaq lazımdır. Məhz ailədə valideynlərin bu məsələyə diqqətli yanaşması nəticəsində bu şüurun ilkin forması rüşeym halında formalaşır və yaxud əksinə, elə rüşeym halında məhv olub gedir. Bu baxımdan valideynlərin öz övladları ilə birgə şəhərin tarixi yerlərini ziyarət etmələri və onlara bu tarix haqqında təfərrüatlı məlumat vermələri  uşağın yaşadığı şəhəri sevərək ona sahib çıxması baxımından çox vacibdir. Yaxud da valideynlər ətraf mühitin çirklənməsinə qarşı öz müsbət davranışları ilə övladlarına nümunə ola bilərlər. Ailədə verilən bu tərbiyə məktəbdə mütləq davam etdirilməlidir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bir çox hallarda məhz məktəbli yeniyetmələrin birgəyaşayış qaydalarını pozması faktı ilə qarşılaşırıq. Bu da istər ailədə, istərsə də məktəbdə bu işə kifayət qədər əhəmiyyət verilməməyindən xəbər verir. Halbuki, xüsusilə məktəbdə bu işin təşkili üçün çox əlverişli imkanlar mövcuddur. Müəllimlər öz yetirmələrini yaşadıqları şəhəri sevdirmək üçün xüsusi məşğələlər keçirmək, tarixi yerlərə ekskursiyalar təşkil etmək kimi bir çox imkanlara malikdirlər.

Get-gedə şəhərdə birgəyaşayış qaydalarını öyrədən qısa kursların keçilməsinə də ehtiyac hiss olunur. Bununla birgə şəhər icra strukturu, bələdiyyələr, QHT-lər və əlaqəli digər qurumlar şəhərli şüurunun formalaşdırılması istiqamətində, mütəmadi olaraq konfranslar, panellər və forumlar təşkil etməli, treninqlər keçirməlidirlər. Şəhərin mərkəzi yerlərində insanın diqqətini cəlb edən stendlər açılmalı, şəhərli şüurunu inkişaf etdirən broşüraafişalar, sosial reklam rolikləri hazırlanaraq bu anlayışlar dəstəklənməli, ictimai rəy formalaşdırılmalıdır.

 

 

Şəhər mədəniyyətini formalaşdırmağın inzibati yolları

 

- Sizcə, bütün bu sadaladığınız yollar şəhər mədəniyyətinin formalaşmasına kifayət edirmi? Yoxsa bunlarla birgə başqa inzibati yollar da tətbiq olunmalıdır?

- Təbii ki, maariflənmə və digər təşviqat vasitələri daha çox uzun müddət üçün nəzərdə tutulmuş yollardır və bunlar məsələnin köklü surətdə həllini nəzərdə tutur. Lakin qısa zamanda bəzi məsələləri həll edə bilmək üçün paralel olaraq, inzibati metodlara da müraciət etmək zəruridir. Bu baxımdan hesab edirəm ki, şəhərdə birgəyaşayış qaydaları sahəsində mövcud olan bəzi neqativ halları ortadan qaldırmaq üçün Şəhər İntizam-Nəzarət İdarəsinin təsis olunması ümumi işin xeyrinə olardı. Bu qurum bilavasitə cəmiyyətdəki intizam qaydalarına riayət edilməsinə nəzarət etməli, yuxarıda sadaladığımız təşviqat xarakterli tədbirləri təşkil etməli və birgəyaşayış qaydalarını pozan şəxslərə qarşı mübarizə aparmalıdır. Bu zərurət həm digər əlaqədar qurumların işlərini yüngülləşdirmək, həm də bu sahədə aparılan işlərin vahid mərkəz tərəfindən idarə olunması ehtiyacından irəli gəlir.

 

 

Bu idarənin əməkdaşları sıravi sakin kimi parkda gəzməli, müştəri kimi dükanlara girməli...

 

- Bu qurumun əsas fəaliyyət sahəsini və fəaliyyət mexanizmini necə görürsünüz?

- İlk növbədə, qurumun əməkdaşları təhsil və istehsalat müəssisələrində birgəyaşayış qaydaları mövzusunda mütəmadi treninqlər təşkil edərək, mediada çıxış edərək və reklam rolikləri hazırlayaraq, insanları maarifləndirilməlidirlər. Bununla birgə strukturun nəzdində daimi olaraq şəhərdə hərəkət edən mobil intizam nəzarətçiləri fəaliyyət göstərməlidir. Onlar bir sərnişin kimi marşrut avtobuslarında səyahət etməli, bir sakin kimi parklarda istirahət etməli və yaxud bir müştəri kimi ticarət obyektlərini gəzməli və qarşılaşdığı problemləri yerindəcə aşkar etməlidirlər. Məsələn, idarənin əməkdaşları avtobus sürücüsünün sərnişinlərlə kobud rəftarı və yaxud yersiz səs siqnallarından istifadə olunmasını, sərnişinlərin yüksək səslə avtobusun içində öz aralarında və yaxud mobil telefonla danışmalarını və bunun kimi başqa birgəyaşayış qaydalarına zidd olan halları görsələr, buna müdaxilə etməlidirlər. Eyni zamanda bu qurumun əməkdaşları şəhəri zibilləyənlərə, hətta tarixi qala divarlarını belə yazmağa cürət edənlərə, qonşularını narahat edən şəxslərə, müştərilərlə kobud rəftar edən satıcılara qarşı əlaqədar qurumlarla birgə mübarizə aparmalıdırlar. İlk dəbu cür pozuntulara yol verənlərə xəbərdarlıq edilməli və bu xəbərdarlığı alan şəxsin adı kompyuterə daxil edilərək, onun ünvanına bu haqda yazılı xəbərdarlıq məktubu göndərilməlidir. İkinci dəfə isə bu davranışa yol verən şəxslərə birbaşa cərimə tətbiq olunmalıdır. Bu məqsədlə hər bir birgəyaşayış qaydalarının pozuntusu üçün cərimə məbləği müəyyənləşdirilməlidir. Cərimələrin bir qismi isə sakinlərin işlədikləri və yaxud təhsil aldıqları yerə bildirmək formasında da tətbiq oluna bilər. Bunun da müəyyən çəkindirici effekti ola bilər.

Eyni zamanda nəqliyyat vasitələrində, parklarda, mediada və digər yerlərdə böyük rəqəmlərlə yazılmış “qaynar xətlər” vasitəsilə şəhər-intizam nəzarətçilərinin yetişə bilmədikləri yerlərdə sakinlərin birgəyaşayış qaydalarının pozulması hallarını bildirmələri təmin olunmalıdır. Çünki əksər hallarda bu cür davranışlarla qarşılaşan vətəndaşlar öz şikayətlərini hara edəcəklərini bilmədikləri üçün bu hərəkətlərə yol verən insanlar cəzasız qalırlar. Birgəyaşayış normalarına xələl gətirən davranışların hər an kimsə tərəfindən təsbit olunaraq müvafiq cərimə tətbiq oluna biləcəyi düşüncəsi insanları bu hərəkətlərdən çəkindirməlidir.

Fəaliyyətlərində sui-istifadə hallarına yol vermələrinin qarşısını almaq və əlavə problemlərə yol verməmək üçün şəhər-intizam nəzarətçilərinin xüsusilə seçilmələri vacibdir. Bura məsuliyyətli və bu mövzuda həssas olan kadrlar seçilməlidir. Müəyyən müddət sonra isə bu qurum zərurət halında öz fəaliyyətini dayandıra və yaxud cərimələr başqa metodlarla əvəz oluna bilər. Hesab edirəm ki, bu yol qısa müddətdə xeyli problemlərin öhdəsindən gəlməyə kömək edəcək və bir növ şok-terapiya rolunu oynayacaq.

 

 

  HÜMMƏT ÖMƏR

 

  Zaman.- 2011.- 24-26 sentyabr.- S. 8.