Məxdumqulu -
türkmənin ruhu, qəlbi və döyünən ürəyi
(1)
Onun
qədər Türkmənistanda sevilən və dərindən
hörmət bəslənilən ikinci bir haqq aşiqi tapmaq
mümkün deyil.
Onun
qədər Türkmənistanda sevilən və dərindən
hörmət bəslənilən ikinci bir haqq aşiqi tapmaq
mümkün deyil. Anadolu türkü üçün Yunus Əmrə,
azərbaycanlı üçün isə böyük
Füzuli nə deməkdirsə, türkmən
üçün də Məxdumqulu odur. Mayası haqdan
yoğurulub, haqq aşiqi kimi dünyaya gəlib, Uca Allaha gedən
yolu tutaraq onun dərgahına üz tutub, bununla da nəinki
türkmənlərin, həm də bütün türk
dünyasının əbədi sevgi və məhəbbətini
qazanıb, onların qəlbində əbədiləşib,
özü boyda həmişəyaşar haqq nəğməkarına
çevrilib. Məxdumqulunun şeirləri bir sevgi, ilahi
eşq nəğməsidir, haqqa gedən yolun
qapısını göstərən bir nurdur. Bu ilahi nurun
işığıdır türkməni yaşadan və onu əbədi
bir gələcəyə aparan. Məxdumqulu təbiəti,
xarakteri, şeirlərindəki ilahi bir eşqin tərənnümü
ilə türk dünyasının haqq aşiqi Yunus Əmrəni
xatırladır. O sanki üstündən əsrlər ötəndən
sonra haqq aşiqi Yunus Əmrənin yolunu davam etdirir və qucağını geniş
açaraq, bir vaxtlar Türkmənistandan Anadoluya köç
edərək burada dünyanı qarşısında diz
çökdürən və qosqoca Osmanlı
imperiyasını quran qan əcdadlarını, o cümlədən türkmənin
Anadoluda haqq səsi, haqq nəğməkarı olan Yunus Əmrəni
onların əziz övladları kimi öz bağrına
basır. Bax bundadır Məxdumqulunun böyüklüyü
və dahiliyi.
Məxdumqulunun
anadan olduğu və vəfat etdiyi il dəqiq məlum
deyil. Məxdumqulunun əlyazmalarına
və xalq arasında dolaşan rəvayətlərə inansaq,
onun 18-ci əsrin 20-ci illərinin sonlarında və ya 30-cu illərinin
əvvəllərində indiki Türkmənistanın Qara Qala
rayonundakı Hacı Qovşan kəndində anadan olduğunu
ehtimal etmək olar. Hacı Qovşan kəndi Ətrək ( Ətürək)
çayı vadisində yerləşirdi. Onun ailəsi
Göylən (Göklən) tayfasının Qərkez soyunun Kışık qolundan idi. Bu
tayfa əsasən oturaq əkinçilik və heyvandarlıqla
məşğul olur və bu yolla ailələrini
dolandırırdılar.
Məxdumqulunun
atası o dövrdə türkmən ellərində
tanınmış şair və məşhur dini mütəfəkkir
olan Dövlət Məmməd Azadi (1700-1760) idi. Məxdumqulunun
mənsub olduğu soy türkmənlər arasında xüsusi
hörməti ilə tanınan Göylən tayfasından idi. Məxdumqulunun
uşaqlıq illəri Gürcan və Ətrək
çayları ətrafında keçib. O, əvvəlcə,
atasının dərs dediyi kənd məktəbində (mədrəsədə)
ilk təhsilini alıb. İlk günlərdən də məktəbdə
xüsusi istedadı ilə seçilirdi, onun dünyaya
baxışı digər həmyaşıdlarından
köklü şəkildə fərqlənirdi, dərslərdə
hərdən özünə dalması və ruhən Haqq
dünyasına qovuşması, bütün varlığı
ilə ona yönəlməsi vardı. O, qısa müddətdə
dərsləri mənimsəyərək ibtidai məktəbi
başa vurdu. Bundan sonra bir müddət digər türkmən
həmyaşıdları kimi təsərrüfat işlərində
atasına kömək etməyə, qoyun, mal otarmağa, əkin-biçin
işləri ilə məşğul olmağa başladı. Sonralar
Məxdumqulu zərgərlik peşəsini də öyrəndi
və bu sahə üzrə mahir bir usta kimi şöhrət
qazandı. Amma atası onun təhsilini davam etdirməsində
maraqlı idi. Gənc Məxdumqulu da türkmən
çöllərindən dünyaya açılmaq,
obrazlı şəkildə desək, türkmən
çöllərində doğan günəşin harada
batmasını görmək və bunun üçün elm dəryasının
dərinliklərinə baş vurmaq, biliyini artırmaq istəyirdi.
Ona görə də, əvvəlcə, o, atasının
razılığı və xeyir-duası ilə Kərki
şəhərində təhsilini davam etdirdi. Təxminən
1753-cü ildə Məxdumqulu Kizil Ayak qəsəbəsindəki
müqəddəs Baba İdrisin dəfn olunduğu sərdabə
ilə yanaşı fəaliyyət göstərən mədrəsədə təhsil
almağa başladı. O burada 1 il təhsil aldı. Lakin
burada oxuduqları və öyrəndikləri onun
üçün azlıq edirdi. Ona görə də
1754-cü ildə gənc Məxdumqulu Buxaraya gedərək,
buradakı məşhur Kokeltaş mədrəsəsində təhsil
almağa başladı. Kokeltaş mədrəsəsində
oxuduğu illərdə Məxdumqulu Suriyadan olan Nuri Kazım
ibn Bahar adlı türkmənlə tanış oldu. Nuri
Kazım öz dövrünün məşhur simalarından
idi. O, ali təhsil almışdı və İslam dininin əsaslarını,
İslam hüququnu çox yaxşı bilirdi. Ona görə
də xalq onu Mövlana adı ilə
çağırırdı. O, bu yüksək ada layiq
görülən çox az adamlardan biri idi.
Nuri
Kazımla tanışlıq Məxdumqulunun dini, ruhi və mənəvi
dünyagörüşünün formalaşmasında önəmli
rol oynadı. O öz mənəvi ustadı Nuri Kazımla birgə
səyahətə çıxdı. Məqsədi ətrafda
yaşayan xalqlarla daha yaxından tanış olmaq, həm də
öz biliyini və dünyagörüşünü daha da
artırmaq idi. Məxdumqulu Nuri Kazımla birgə Özbəkistanı,
Qazaxıstanı, Tacikistanı gəzdi, sonra isə oradan Əfqanıstan
və Hindistana getdi. O, gəzdiyi yerlərin məşhur elm və
din rəhbərləri ilə görüşür, onlarla
müxtəlif sahələr üzrə fikir mübadiləsi
edirdi. Bu da onun mənəvi cəhətdən kamil bir insan
kimi formalaşmasına böyük təsir göstərdi. 1757-ci
ildə onlar səyahətlərini başa vuraraq, Xivəyə
gəldilər. Xivə də həmin dövrdə Osta
Asiyanın məşhur elm və mədəniyyət mərkəzlərindən
biri hesab edilirdi. Burada çoxlu sayda mədrəsələr
vardı və bu mədrəsələrdə o dövrün ən
tanınmış alimləri dərs deyirdilər. Məxdumqulu
Xivədə Xan Şirqazi tərəfindən inşa edilən
mədrəsədə təhsil almağa başladı. O
dövrün varlı ailələrinin övladları da mədrəsədə
təhsil alırdılar. Məxdumqulu burada öz təhsilini
tamamladı. O daha bir müddət Xivədə qalmaq istəyirdi.
Lakin 1760-cı ildə atası rəhmətə getdi və Məxdumqulu
doğma Türkmənistana qayıtmağa məcbur oldu. Amma vətənə
qayıtması ona yeni bir dərd də gətirdi.
Atasının ölümü ilə bağlı qüssə
və kədər içində olan Məxdumquluya bir mənəvi
zərbə də illərlə sevgisini ürəyində gəzdirdiyi
Mənli adlı qızın başqa birisinə ərə
verilməsi ilə dəydi. Mənlinin valideynləri
qızları üçün böyük miqdarda
başlıq tələb edirdilər.
Bu başlığı vermək üçünsə Məxdumqulunun
maddi imkanı yox idi. Ona görə də Mənlini başqa
birisinə zorla ərə verdilər. Sevgilisini
ömrünün sonuna kimi unuda bilməyən Məxdumqulu
onun eşqinə şeirlər yazmağa başladı. Bu
şeirlərində isə o Fəraqi (sevgilisindən ayrılan) imzası
ilə çıxış edirdi.
Cahanı
yandırdı odun,
Qaçar
oldu yaxın-yadın,
Məxdumqulu,
sənin adın,
Olsun
indi qoy Fəraqi
Məxdumqulunun ən yaxşı məhəbbət
şeirləri də məhz Mənliyə, onun həsrətinə
həsr edilib. Bu şeirlərin hər birində Məxdumqulunun
ürəkləri indi də yandıran, göynədən,
insanın ruhunu sızladan əzabları, sonsuz kədəri
var:
Elləri
var toy-düyünlü,
Soyuq
sulu, göy çəmənli,
Eli -
Göylən, adı - Mənli,
Nazlı
dildardan ayrıldım
Pərdə
çəkib üzlərimə,
Rəvac
verib sözlərimə,
Məxdumqulu,
gözlərimə
Bircə
Mənli xan görünər.
Atan
bağrı daş olsun,
Anan
gözü yaş olsun,
Min bəlaya
tuş olsun
Yarı
yardan ayıran
Yuxarıdakı bu yanğılı şeirləri ilə
Məxdumqulu 17-ci əsrdə yaşayan Azərbaycanın
böyük haqq aşiqi Sarı Aşığı
xatırladır. Sarı Aşığın da istədiyi qızı -
Yaxşını ona verməmişdilər və o, əlində
saz gecə-gündüz Yaxşı deyib nalə çəkirdi:
Mən
Aşıq tərsinə qoy,
Tər-təni tərsinə qoy.
Yaxşını
qibləsinə,
Aşığı tərsinə qoy.
İndi də
Sarı Aşıqla eyni kökdən, eyni soydan olan Məxdumqulu
Xəzərin o tayında, Sarı Aşıqdan 100-150 il sonra
ilk eşqin yanğısı ilə “Mənli” deyib göz
yaşları tökür, onu addımbaşı xatırlayır,
unuda bilmirdi.
Fani cahan İrəmdir, sən ol
bostanın gülü,
Mən ki
fəqir vabəstə, qəfəs içrə
bülbülü,
Gül
ruyində niqabdır ol Leylinin sünbülü,
Nə səbəbdir,
xorlarsan mənim kimi zəlili,
Ol camalın eşqində oldum divanə, Mənli.
Mənli
xanım alıb getdi cismim içrə canımı,
Sormadan
iqbalı fələk yapdı hicran donumu,
Bir nakəsə
bəxş eyləmiş fələk Mənli xanımı,
Dəydi
sərə, getdi huşum, neyləyim, biçarəyəm.
Məxdumqulu
aləm içrə,
bütün canan həm gözəl,
Hamısı bir kənizdir, Mənli xana bənzəməz.
Amma ona dərd dərd üstündən gəlməkdə
idi. Məxdumqulunun iki qardaşı düşmənə
əsir düşmüş və orada ölmüşdülər.
Məxdumqulu öz şeirlərinin bir hissəsini
də qardaşlarının ölümünə həsr
etmiş və bundan doğan kədərini misralarına
köçürmüşdü. Gənc
Məxdumqulu dərdlərini unutmaq, ovunmaq məqsədi ilə
sevmədiyi bir qadınla ailə həyatı qurmağa məcbur
oldu. Amma o heç cür Mənlini, ilk
sevgisini unuda bilmir, yazdığı şeirlərin hər
misrasında, hər sözündə həsrətlə onu
anırdı. Yeni ailə izdivacından Məxdumqulunun
Sarı və İbrahim adlı iki oğlu oldu. Amma bu uşaqların biri 7, digəri isə 12
yaşında dünyasını dəyişdi və bununla da
Məxdumqulunun dərdi üstünə daha bir dərd gətirdi.
Şeirlərindən hiss edilir ki, Məxdumqulunun sevməyib
evləndiyi həyat yoldaşı ilə münasibətləri
heç də yaxşı olmayıb. Belə
ki, Məxdumqulunun şeirlərində bununla bağlı kifayət
qədər faktlar var. Məsələn, şeirlərində
o, gənclərə sevmədiyi qızla ailə
qurmağı məsləhət görmür. Üstəlik, o, gənclərə məsləhət
görür ki, ömür-gün yoldaşı seçərkən
qadının əslinə baxsınlar. Çünki
zatında nakəslik olan, əsli-soyu olmayan qadınlar ailəni
xaraba qoyar, ərin gündüzünü gecəyə
döndərər, onun ömrünü zay edər.
Məxdumqulu,
kimsə bilməz batini,
Evlənsəniz,
baxıb alın zatını,
Yiyəm
görkəzməsin yaman xatını,
Adam özün bilməz, xam xəyal olar.
O, bununla əlaqədar
yazdığı şeirlərində pis qadının əlindən
dada gəldiyini dolayı yolla büruzə verir. Məsələn, haqq aşiqi şeirlərinin
birində “Pis xatın başa möhnətdir”, -deyir. Digər
bir şeirində isə o, pis qadını yaxşı ər
üzərində ağır bir töhmətə bənzədir:
“Yaman xatın yaxşı ərə, Sovulmaz töhmətə
bənzər”. Onun digər şeirlərində
də bu mövzu davam etdirilir. Məxdumqulu
yana-yana deyir ki, “Yenə yaxşı bir igidə, Yaman xatın
tuş olmasın”, “Tuş olsan yaman xatına, Ömrün
ötər şər iləni”.
Əziz Mustafa
Zaman.- 2011.- 7
yanvar.- S.12.