Ustadı internet olanın elmi məlumat olar

 

Gənclərin ən çox müraciət etdikləri axtarış saytı olan “Google” ötən ilin yekunlarına dair “Google Zeitgeist” adı altında hesabat xarakterli bir siyahı yayımladı. Bu siyahı “İnternetdə ən çox hansı məsələlər haqqında axtarış edilib?”, “Hansı ölkələr hansı məsələləri daha çox axtarıb?”, “Hansı məsələlərin axtarışında artım tempi müşahidə olunub?” kimi suallara cavab tapmağa iddia edir.      

Gənclərin ən çox müraciət etdikləri axtarış saytı olan “Google” ötən ilin yekunlarına dair “Google Zeitgeist” adı altında hesabat xarakterli bir siyahı yayımladı. Bu siyahı “İnternetdə ən çox hansı məsələlər haqqında axtarış edilib?”, “Hansı ölkələr hansı məsələləri daha çox axtarıb?”, “Hansı məsələlərin axtarışında artım tempi müşahidə olunub?” kimi suallara cavab tapmağa iddia edir.

İlk dəfə alman filosof Herder tərəfindən istifadə olunan “zeitgeist” (almanca “zamanın ruhu”-red.) anlayışı daha çox Hegelin tarix fəlsəfəsinin ana fikrini ifadə edir. “Varlıq nisbidir, tarixidir, mütləq olan prosesdir” prinsipinə əsaslanan “zeitgeist”in müasir zamanda mənası belədir: bir dövrün və ya bir nəslin zövqləri, yaşam tərzləri və xarakteristikaları. “Zamanın ruhu” mənasına da gələn “zeitgeist” anlayışı içində yaşadığımız dövrü başa düşmək üçün istifadə edilir. “Google”nin hazırladığı siyahı da məhz “zamanın ruhu”nu tutmağa xidmət edir. Görəsən, insanların hansı məsələlərə maraq göstərməsini müəyyənləşdirməklə, yəni internetə niyə girdiklərini aydınlaşdırmaqla “zamanın ruhu”nu tutmaq nə qədər mümkündür?

 

Klavıaturanın ucundakı ınformasıya

 

1980-ci illərdən bəri sosial elmlərdə internetlə bağlı tədqiqatlar aparılır. Ancaq bu tədqiqatların əsas mövzusu virtual aləmlə real dünyanı fərqləndirən cəhətlərlə bağlı olur: ya sosial araşdırma aparılarkən internetin imkanlarından istifadə olunur (məsələn, statistika və ya hər hansı məlumat almaq üçün internetdən istifadə edilir), ya internetin sosial həyata təsirləri tədqiq edilir, ya da “vətəndaşlıq, kimlik və milli şüur kimi məsələlərin başa düşülməsində internetin rolu nədir”? kimi suallara aydınlıq gətirilməyə çalışılır. Belə tədqiqatlarda nəzərə alınan əsas məqam virtual və real arasındakı fərqləri ortaya qoymaqdır.

Ancaq 2000-ci illərdən sonra internetdəki sosial həyat əsas mövzulardan birinə çevrilməyə başladı. Çünki internetdəki sosial şəbəkələrdə bir həyat yaşanmağa başlandı; internet informasiyanın təqdim olunduğu və ya əldə edildiyi bir məkana çevrildi. Bu xüsusiyyətlər “internet aləmi virtualdır, yoxsa realdır”? kimi müzakirələri gündəmdən çıxardı. Riçard Roger “Virtualın sonu” (“The end of the virtual”) adlı kitabında internet və “web” ilə bağlı tədqiqatlarda virtual-real mübahisələrinə son qoyulmasının vacibliyini qeyd edib. O, fikrini belə əsaslandırırdı ki, əgər bir vaxtlar informasiyaların və məlumatların rəqəmsal məkanda yerləşdirilməsindən söhbət gedirdisə, indi həmin rəqamsal məkanın (virtual aləmin) özündən doğan bir sıra məsələlərin tədqiqatından söhbət gedir. Yəni virtual məkan özü bir reallığa çevrilib. Məsələn, “tag” etmək və ya “hiperlink” kimi yalnız “onlayn” rejimdə və virtual məkanda realizə olunan anlayışları biz necə başa düşməliyik?

Bütün bu səbəblərdən birbaşa “web”də (virtual şəbəkədə-red.) informasiyanın təqdimatı ilə bağlı məsələlərin tədqiq edilməsi zərurəti ortaya çıxır. Məsələn, “Yahoo” və “Google” kimi axtarış saytlarında qarşımıza çıxan informasiyalar klassik ensiklopediyalarda olduğu kimi, əlifba sırası ilə sıralanmır. Bəs bu sıralama necə baş verir? “Yahoo”nun sıralama prinsipi informasiyanın populyarlığına əsaslanır. Belə ki, ilk sırada tövsiyə edilən məlumatlar əslində ən çox baxılan və ya ən çox açılan saytlara məxsus olur.

“Google” isə axtarışa verilən mövzu ilə bağlı informasiya qaynaqlarının ilk minini sıralayır və bu qaynaqları onluq və ya iyirmilik siyahılar halında bizə təqdim edir. İlk siyahıda təqdim edilənlər isə onların axtarışa verilən söz ilə birbaşa bağlılığından asılıdır. Yəni saytın axtarış hissəsinə yazılmış söz və ya ifadə ilə üst-üstə düşən mənbələr ilk sırada təqdim olunur. Bundan başqa, “Google” da mövzunun populyarlığına uyğun olaraq mənbə tövsiyə edə bilir.

 

Qəzetlərdə də eyni məntiq və prinsip hakimdir. İlk səhifədə yer verilən xəbərlərə də eyni prizmadan yanaşmaq lazımdır.

Buradan belə nəticə çıxır ki, axtarışa verdiyimiz söz və ya ifadənin qarşılığında saytın bizə ilk sırada təqdim etdiyi məlumatların doğruluğu ən azından şübhəlidir. Çünki burada “doğruluq” prinsipi deyil, “populyarlıq” prinsipi əsas götürülür.

Dilimizdə belə bir atalar sözü var: bir dəlinin quyuya atdığı daşı qırx ağıllı çıxarmağa çalışır. Bunun bariz nümunəsini “web”lərdə görə bilərik. Yəni virtual məkanda müəyyən bir kütlənin zövqünə və tələbatına uyğun sıralanmış məlumatlar siyahısı ilə qarşı-qarşıya qala bilərik. Bu, geniş mənada subyektivliyin nəticəsidir. Bütün bunlarla belə, məlumatların manipulyasiya edilərək sıralanması da istisna deyil.

Bütün bu qeyd edilənlərdən bu nəticə hasil olur ki, axtarış saytlarının hesabatı əsasında zamanın ruhunu tutmaq, zamana dəqiq diaqnoz qoymaq mümkünsüzdür.

 

Konfutsının tutduğu ip

 

          - Sən məni bilgili və çox oxumuş bir insan kimi tanıyırsan?

- Təbii ki. Məgər elə deyilsiniz? - Ziqonq təəccüblənir.

- Əslində vəziyyət elə deyil. Mən yalnız bir şeyi başqa bir şeyə bağlayan ipi tutmuşam,- Konfutsi cavab verir.

Bu, məlumatı informasiyaya çevirən şeyin zəncirvari bağlantılar olduğunu vurğulayan hikmətli bir sözdür. Manuel Kastells “Şəbəkə cəmiyyətinin yüksəlişi” adlı kitabının girişində bu məsələyə toxunub. Bildiyiniz kimi, “web” və “net” şəbəkə mənasına gəlir. Müasiri olduğumuz dövrü “şəbəkə cəmiyyəti” kimi xarakterizə edən Kastells qeyd edib ki, bu şəbəkənin ucundan tutmaq zamanın nəbzini tutmaq deməkdir.

Əslində bilmək çox şey haqqında məlumat sahibi olmaq demək deyil, varlıqlarla bağlı əlaqə qurmağı bacarmaqdır. Bu əlaqələri qurmaq üçün eyni məlumatlara əsaslanaraq yola çıxsaq belə, fərqli nəticələrə gedib çatmaq mümkündür. Bunu paradiqmaya bənzətmək də olar. Tomas Kan paradiqmanı müəyyən sayda alimin bölüşdüyü ortaq dəyərlər və anlayışlardan ibarət müstəviyə bənzədir. Onun fikrincə, informasiya istehsalını təmin edən bu konseptual sxemin zamanla dəyişməsi də mümkündür. Başqa bir sözlə desək, paradiqma yaradılışla bağlı əsas məlumat və inancları əldə rəhbər tutaraq, insan, kainat və cəmiyyət haqqında elmi çərçivəni müəyyənləşdirir. Əks halda, bu məlumatlar ətrafa dağılmış təsbeh dənələrinə bənzəyər. Paradiqma da bir ipə düzülmüş məlumatlara oxşayır. Təsbehin dənələri fərqli də olsa, o, bir təsbehdir və onlar bir-birilərini tamamlayır. İnformasiyada da əlaqələnmək, birləşmək əsasdır. Konfutsinin nəzərdə tutduğu ip də, hər halda budur.

İki yüz ildir Qərbin müasir elm paradiqması ilə özümüzün insan, kainat və yaradıcı təsəvvürümüzə əsaslanan paradiqma arasındakı fərq və ziddiyyətdən əziyyət çəkirik. XVIII əsrdən bəri Qərb öz paradiqmasının hakimiyyətini elan edib. Bu paradiqmaya tənqidi yanaşmaq baxımından qeyri-Qərb cəmiyyətinin, xüsusilə də İslam aləminin nəyəsə nail olduğunu iddia edə bilmərik. Bu məsələdə qneseoloji yanaşma (qneseologiya: idrak haqqında təlim-red.) baxımından müəyyən fərqlər özünü göstərməyə başlasa da, bunun yüksək səslə vurğulanmasına nail ola bilməmişik. Artıq müasir qneseoloji mübahisələrin mövzusunu Şərq-Qərb, müasir-ənənəvi və ya xristian-müsəlman ziddiyyəti təşkil etmir. Qloballaşmanın əraziləri və siyasi strukturları yox edərək yeni coğrafi məkanlar və siyasi suverenliklərin əmələ gəlməsinə səbəb olduğu kimi, informasiya texnologiyaları da yeni qneseoloji yanaşmaların əmələ gəlməsinə gətirib çıxarıb.

Bütün bu səbəblərdən informasiyanı iman və əxlaq çərçivəsində qəbul edən müsəlmanlar birbaşa informasiya ilə bağlı olan qneseologiyanın təsir (monopoliya-red.) altına alınması məsələsində olduqca diqqətli olmalıdırlar.

 

 

Zaman.- 2011.- 18-19 yanvar.-S.13