“Bu gün cəmiyyətə
biliklərini həyatda tətbiq etməyi bacaran
vətəndaşlar lazımdır”
Təltif
olunanlar arasında Ağdaşdakı M.Şeyxzadə
adına Texniki, Humanitar və Təbiət Təmayüllü
Gimnaziyanın direktoru Şəhla Hacıbalayeva da var. O,
ölkə başçısının sərəncamı ilə
“Tərəqqi” medalı ilə təltif olunub.
Bir
neçə gün öncə ölkə
başçısı İlham Əliyevin Ağdaş və
Yevlax rayonlarının sosial-iqtisadi və mədəni həyatında
xidmətləri olan bir qrup şəxsə fəxri adların
verilməsi və medallarla təltif edilməsi haqqında
imzaladığı sərəncamlar barədə məlumat
vermişdik. Təltif olunanlar arasında Ağdaşdakı M.
Şeyxzadə adına Texniki, Humanitar və Təbiət Təmayüllü
Gimnaziyanın direktoru Şəhla Hacıbalayeva da var. O,
ölkə başçısının sərəncamı
ilə “Tərəqqi” medalı ilə təltif olunub. Bu
münasibətlə Şəhla xanımı təbrik edərkən,
ona bir neçə sualla da müraciət etdik.
Yüksək
mükafata layiq görüldüyündən qürur hissi
keçirdiyini vurğulayan Şəhla xanım
mükafatı Ağdaş təhsilinə verilən qiymət
kimi dəyərləndirdi. Onun sözlərinə görə,
son illər ölkəmizdə təhsil sahəsində
görülən işlər bu rayonun məktəblərinin
göstəricilərinə də müsbət təsir
göstərib. Son illər ölkə başçısı
İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın
təhsil sahəsinə göstərdiyi qayğıdan ətraflı
söz açan Şəhla xanım bütün bunların təhsilimizin
daha uğurlu sabahından xəbər verdiyini bildirdi.
2006-2007-ci
tədris ilində Ağdaş rayonu, M. Şeyxzadə
adına Şəhər İnternat Məktəbinin
bazasında texniki, humanitar və təbiət fənləri təmayüllü
gimnaziya təşkil olunduğunu vurğulayan həmsöhbətimiz
bunun “Xüsusi istedada malik olan uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006-2010-cu illər)” çərçivəsində
həyata keçirildiyini vurğuladı. “Bu gün cəmiyyətə
təkcə müəyyən bilikləri mənimsəyən
gənclər yox, həm də bunları həyatda, əməli
fəaliyyətdə tətbiq etməyi bacaran, dərin idraka
malik, fəal, müstəqil
mövqeyi olan vətəndaşlar lazımdır”, -
sözləri ilə söhbətini davam etdirən təcrübəli
pedaqoq Şəhla xanım qeyd etdi ki, bildiyiniz kimi, gimnaziya
tipli məktəblər xüsusi istedada malik uşaqlar
üçün nəzərdə tutulub: “Çox
yaxşı haldır ki, məktəbimizdə “internat” tipi də
qorunub saxlanılıb. Yəni burada imkansız ailələrin
uşaqlarının oxuması üçün hər cür
şərait var. Məlumat üçün onu da bildirim ki,
gimnaziyamızda 22 sinif komplektində 513 nəfər şagird
təhsil alır. Hər cür şərait və
rahatlığı olan 160 nəfərlik yataqxana imkansız
ailələrin istedadlı uşaqlarının istifadəsindədir.
Şagirdlərin təlim-tərbiyəsi ilə 65 müəllim,
45 tərbiyəçi məşğul olur. Onlardan 50-si ali,
49-u isə pedaqoji ortatəhsillidir.
Məktəbin yeməkxanasında 463 nəfər şagird
gündə 3 dəfə keyfiyyətli yeməklərlə təmin
olunur”. Onun sözlərinə görə, rəhbərlik
etdiyi tədris müəssisəsinin zəngin kitabxanası,
internet otağı, fənn kabinetləri, idman zalı da var. Məktəbin
binası mərkəzləşdirilmiş istiliklə təmin
edilib.
Ötənilki
uğurlardan söz açan Şəhla xanım dedi ki, 9-cu
sinif sagirdi Əhmədiyyə Tağıyev kimya fənni
üzrə respublika olimpiadasında birinci yerə layiq
görülüb. 10-cu sinif şagirdi İsmayıl Şərifov
isə Ətraf Mühitin Mühafizəsi - INEPO Avrasiya Beynəlxalq
Layihə Olimpiadasında ikinci yeri qazanıb.
Qeyd
edək ki, bu təhsil müəssisəsinə şagird qəbulu
Ağdaş, həmçinin ətraf rayonlardan müsabiqə
yolu ilə qəbul edilir
Vüqar Nəbiyev
Zaman.- 2011.- 20-21 yanvar.- S. 12.