Xoca Əhməd Yəsəvi Türküstandan doğan bir türk günəşi (1)

 

Əhməd Yəsəvinin Uca Yaradanın əmrlərinə bütün varlığı ilə bağlı olması, hər şeyini bu yolda fəda etməsi yüz minlərlə insanın qəlbində iman nurunun yanmasına səbəb oldu

 

Onun haqqında əsrlərdir yazırlar və hələ  çox yazacaqlar. O, İslam günəşinin ucsuz-bucaqsız Türküstan çölləri üzərində doğmağa başladığı ilk dövrlərdən dini təbliğ vəzifəsini həyata keçirməyə başladı və bölgə əhalisinin İslamı qəbul etməsində əvəzsiz xidmətlər göstərdi. O, Uca Yaradan tərəfindən insanların xilası üçün nazil olmağa başlayan və kainatın son Peyğəmbəri Məhəmməd (s.ə.v.) tərəfindən təbliğ edilən Qurani-Kərimin xidmətində bütün varlığı ilə durdu.

Əhməd Yəsəvinin Uca Yaradanın əmrlərinə bütün varlığı ilə bağlı olması, hər şeyini bu yolda fəda etməsi yüz minlərlə insanın qəlbində iman nurunun yanmasına səbəb oldu. Nəticədə Türküstan çöllərində köçəri həyat sürən türklər 300 il əvvəl Ərəbistan yarımadasında yaşanmış əsri-səadət dövrünün (Rəsulullahın yaşadığı və İslam dinini təbliğ etdiyi mərhələ) bir bənzərini bu coğrafiyada yaşamağa başladılar. Orta Asiya türklərinin əsri-səadət dövrünü yenidən yaşamasına səbəb olan zatlardan biri, türk-islam dünyasının böyük oğlu, hələ sağlığında ikən minlərlə insanın ziyarət etdiyi Piri-nur, Piri-Türküstan adı ilə tanınan Xoca Əhməd Yəsəvi idi. Bu gün bütün türk dünyası dinimizin yad və zərərli təsirlərdən qorunmasında, onun saf ruhunun insanlara aşılanmasında bu böyük insana borcludur. O, Türküstanda yaşayan türk xalqları üzərində İrandan gələn və böyük bir təhlükəyə çevrilən dini məzhəb və mədəni təhdidlərin meydan suladığı, İslam dininin yanlış müstəvilərdən izah edilərək insanların çaşbaş salındığı bir dövrdə meydana çıxaraq bütün bunlara qarşı haqq səsini ucaltdı. Bununla da o, bölgədə dinimizin yad təsirlərdən qorunmasında, müqəddəs Qurani- Kərimin yaradılmışların əbədiyyət Günəşi olan Peyğəmbərimizin öyrətdiyi kimi təbliğ edilməsində böyük işlər gördü, bölgənin türk-müsəlman xalqlarının islami düşüncəsinin formalaşmasında tarixi bir missiyanı şərəflə həyata keçirdi. Bununla da Xoca Əhməd Yəsəvi türk-müsəlman dünyasının ulularının ulusu zirvəsinə ucaldı. Bu da hələ sağlığında ikən onun şəxsiyyəti ətrafında yüzlərlə sevgi və öygü dolu rəvayətlərin meydana çıxmasına səbəb oldu.

 Xoca Əhməd Yəsəvi XI əsrin ikinci yarısında bir vaxtlar tarixə minlərlə qəhrəman sərkərdə və dövlət xadimi bəxş etmiş qıpçaq (qazax) türklərinin yaşadığı Dəşti-Qıpçaq çöllərindəki Sayram şəhərində (indiki Qazaxıstan) anadan olub.  Qeyd edək ki, bəzi araşdırmaçılara görə, Xoca Əhməd Sayramda deyil, Yəsi (indiki Türküstan) adlanan yerdə anadan olub və onun özünə Yəsəvi ləqəbi götürməsi də bununla əlaqədardır. Amma bu ehtimalı hələlik sübut etmək mümkün olmayıb. Onu da deyək ki, Xoca Əhməd Yəsəvinin doğulduğu il və ay dəqiq bilinmir. Ancaq onun ailədə ikinci övlad olduğu, bacısı Gövhər Şahnazdan sonra dünyaya gəldiyi məlumdur. Atası o dövrün tanınmış adamlarından olan İbrahim Ata ( Şeyx İbrahim), anası sayramlı Musanın qızı Ayşə Xatun idi. Dünyaya yeni gələn körpəyə Əhməd adını verdilər və o hələ uşaq ikən Xoca Əhməd adı ilə tanınmağa başladı. Bunun da səbəbi vardı, belə ki, Xoca Əhmədin əcdadları İmam Məhəmməd bin Əlinin nəslindən gələnlərdən hesab olunurdular. Ona görə də Sayram şəhərində adıçəkilən müqəddəs zatın nəslindən gələnlərə hace ( xoca) deyilirdi və onların adlarının qabağına bu ad əlavə olunurdu. Sayram XI əsrdə Qərbi Türküstanın ən önəmli mədəniyyət və elm mərkəzlərindən biri idi. Bu şəhər həm də o dövrdə İsficab və ya Ağşəhər adları ilə də tanınırdı. Xoca Əhməd hələ kiçik yaşlarında olarkən atası da, anası da vəfat edir. Ona görə də bacısı  ilə birlikdə Yəsiyə gələrək, buradakı qohumlarının himayəsinə sığınırlar. Balaca Əhməd ilk təhsilini də Yəsidə almağa başlayır. O dövrdə Yəsidə Türküstanın böyük və ən nüfuzlu şeyxlərindən olan  Arslan Baba adlı bir türk övliyasının təsəvvüf yurdu (məktəb və ya mədrəsə tipli dini təhsil ocağı) fəaliyyət göstərirdi.

 

Arslan Babanın sahibinə çatdırdığı xurma

 

Balaca Əhməd hələ uşaq ikən ətrafındakılara olduqca zəkalı və qabiliyyətli bir uşaq təsiri bağışlayırdı. Balaca Əhməd olduqca təmiz və məntiqli danışıqları ilə ən yaşlı adamlara belə özünü sevdirməyə başlamışdı. Bu da tezliklə onun adının dildən-dilə düşməsi və Yəsidə məşhurlaşmasına gətirib çıxardı. Balaca Əhmədin sorağı Şeyx Arslan Babaya çatanda dərhal onun dodaqlarında xoş bir təbəssüm göründü, çöhrəsinə sanki göydən nur ələndi. Bu da səbəbsiz deyildi. Bir rəvayətə görə, Şeyx Arslan Baba 400, digər bir rəvayətə görə isə 700 il yaşayıb. Onun Məhəmməd Peyğəmbərin (s.ə.v.) səhabələrindən olduğu rəvayət edilir. Başqa bir rəvayətə görə, günlərin birində Kainatın Günəşi son  Peyğəmbərimiz Arslan Babanı yanına çağıraraq, ona bir xurma vermiş və onu 300 il sonra dünyaya gələcək “ümmətimin zübdəsi” adlandırdığı Əhməd Yəsəviyə verməyi əmr edibmiş. Sonra da Əhmədin harada dünyaya gələcəyi yeri ona nişan verərək, Sayrama göndərib və onun tərbiyəsi ilə məşğul olmasını tapşırıb. Arslan Baba Sayrama yaxın bir yer hesab edilən Yəsidə məskən salaraq, Əhməd Yəsəvinin dünyaya gəlişini gözləməyə başlayıb. Ona görə də balaca Əhmədin sorağı ona çatanda bu zatın dodaqlarında təbəssüm göründü və çöhrəsinə nur ələndi. Artıq Peyğəmbərimizin (s.ə.v.) tapşırığını yerinə yetirməyin, balaca Əhmədin tərbiyəsi ilə məşğul olmağın və Kainatın Günəşinin verdiyi əmanəti, xurmanı sahibinə çatdırmağın vaxtı yetişmişdi. Bununla əlaqədar Əhməd Yəsəvi sonralar yazdığı “Divani-hikmət” adlı əsərində yazır: “7 yaşımda ikən Arslan Babaya salam verdim. Ona: “Haqq Mustafa əmanətini sahibinə çatdırın”, -dedim. Həm də o vaxt min bir zikrimi tamamladım. Nəfsim iradəmin əmri altına girdi və mən laməkana yüksəldim”.

Onun bu sözlərindən sonra Arslan Baba Həzrəti Peyğəmbərin (s.ə.v.) əmanəti olan xurmanı balaca Əhmədə   verir.

Bununla əlaqədar yenə də xalq arasında gəzən rəvayətə görə, Arslan Baba Həzrəti Məhəmmədin (s.ə.v.) verdiyi digər bir hədiyyəni - xirqəni (əba) Əhmədə geydirərək onun tərbiyəsi ilə məşğul olmağa başlayır. Ümumiyyətlə, Arslan Babanın  özü barəsində də çoxlu sayda rəvayətlər mövcuddur. Onun Daşkənddə anadan olduğu və o dövr üçün olduqca mükəmməl dini təhsil aldığı, İslam elmini mükəmməl bildiyi, Qurani-Kərimi dərindən mənimsədiyi və onun hər kəlməsinin dəqiq elmi, dini təfsirini verdiyi rəvayət edilir. Bu müqəddəs zatın da anadan olduğu il və ay dəqiq məlum deyil.  O dövrdə İslam dininin türküstanlılar arasında yayılmasında və onun təhrif edilmədən xalqa çatdırılmasında əvəzsiz xidmətlər göstərib və xalq arasında böyük nüfuza və təsirə malik olub. Ona görə də hər yerdə hörmət və məhəbbət əlaməti olaraq “Baba” deyə çağırılıb. Bu böyük insan Türküstanın o dövrdə elm və mədəniyyət mərkəzlərindən biri hesab edilən məşhur Otrar şəhəri yaxınlığında vəfat edib və orada da dəfn edilib. XII əsrdə məzarı üzərində böyük bir türbə tikilib. Bu türbə əsrlərlə insanların ziyarət yeri olub. 19-cu yüzillikdə yerli əhali onun dağılmaqda olan türbəsini yenidən bərpa edib.

Arslan Baba bir müddət Əhmədin tərbiyəsi ilə məşğul olur və vəfat edir. Amma o, vəfat edənə qədər Əhmədin kamil bir insan kimi yetişməsinə və İslam elmlərinə yiyələnməsinə nail ola bilir. Arslan Babanın bu əvəzsiz əziyyətlərini Əhməd Yəsəvi ömrünün sonuna kimi göz yaşları ilə xatırlayıb və ustadını son nəfəsinə qədər unutmayıb. Arslan Babanın vəfatından sonra Əhməd Yəsəvi təhsilini tamamlamaq məqsədi ilə Buxaraya gedir və burada məşhur Şeyx Yusif Həmədanidən dərs alır. Əslən Azərbaycan türkü olan Cənubi Azərbaycanın Həmədan şəhərindən Buxaraya köç edən Yusif Həmədani də Əhməd Yəsəvini Arslan Baba kimi sevərək, onun kamil bir insan kimi yetişməsi üçün əlindən gələni edir. Məhz bu iki zatın tərbiyəsi və onlardan öyrəndiyi elm nəticəsində Əhməd Yəsəvi çox gənc ikən bütün Türküstanda məşhurlaşmağa başlayır. Bunun da nəticəsi olaraq, o dövrdə minlərlə insan onun ziyarətinə gəlməyə, əllərini öpməyə can atır.

Əhmədin ustadı, piri-mürşid kimi məşhur olan Yusif Həmədani də vəfat edir və bundan sonra bir müddət Buxarada qalan Əhməd Yəsəvi doğma yurda, Yəsiyə dönür. Söylənilənə görə, onun bu dönüşünə səbəb də İlahidən aldığı bir işarət olur.

Peyğəmbərimiz Həzrəti-Məhəmməd (s.ə.v.) aşiqi olan Əhməd Yəsəvi onun sünnəti-səniyyəsini, yəni o gözəl həyatını, yaşantısını örnək alır, hər əməlində Onu özünə nümunə bilir və bu möhtəşəm nümunəni də təbliğ edir. Yəsəvi Həzrəti-Peyğəmbəri (s.ə.v.) o qədər sevir ki, Onun bu dünyadan köç etdiyi 63 yaşdan sonra yer üzündə yatmağı özünə yasaq etmiş, qazdığı məzara girib, orada yuxuya gedərmiş. Bu, onun Peyğəmbər sevgisinin, Peyğəmbərə qarşı göstərdiyi həya hissinin ən bariz nümunəsi idi. Bütün söhbətlərində, yazdığı əsərlərdə də eyni ədəb, eyni həya, eyni sevgi yer alırdı.

Əhməd Yəsəvi ömrünün sonuna kimi Yəsidə qalaraq burada fəaliyyətini davam etdirir və insanları Haqqa daha sıx sarılmasında və İslamın bütün köçəri türklər arasında, həmçinin Çində, indiki Tatarıstanda, Başqırdıstanda və Sibirdə geniş yayılmasında mühüm rol oynayır. Ardı var.

 

 

Əziz Mustafa

 

Zaman.-2011.-  20-21 yanvar.- S. 10.