Güllə işığı ilə aydınlanan gecə

 

Əbədiyyət simfoniyası

 

 Güllə işığı ilə aydınlanan gecə Bu gün kiçikdən-böyüyəcən hamımız şəhidlərimizin məzarını, onların müqəddəs ruhlarını yad etdiyimiz  günləri yenidən yaşayırıq. İllərdir Şəhidlər xiyabanına, o günahsız insanların dəfn olunduqları məzarıstana axışıb gələn insan seli birliyimizin təsdiqini bir daha nümayiş etdirir.

20 Yanvar - xalqımızın şərəf günlərindən biri...

O gecə küçələri boyamış al şəhid qanları milli məfkurəmizin oyanan günəşini simvolizə edir. Xalqımız həmin gün üstünə zəhərli ilan tək hücum çəkən sovet qoşunlarına qarşı sinəsini verməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Bu onu göstərdi ki, millətimiz azadlıq mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının bərpa olunması uğrunda döyüşmək əzminə sahibdir.

O səhər anam, atam, alimim, şairim, həkimim, fəhləm aglayırdı - Millətim ağlayırdı. Ancaq bu ağlamaq başqa ağlamaqlara bənzəmirdi. Bu göz yaşı millətin paklıq, aydınlanma yaşıydı. Bu göz yaşında şəhidlərin ruhuyuyulurdu”. O soyuq səhər tamam başqa SƏHƏR idi.

1990-cı ilin qanlı yanvar gecəsi böyük bir xalqın milli mənlik şüurunun məhv edilməsinə, onun dövlətçilik tarixi boyunca əyilməz, şahanə qürurunun sındırılmasına yönəldilən barbarcasına atılmış, düşünülmüş bir addım idi. Yüzlərlə günahsız qurban verdiyimiz həmin gecə bizi daha da mətinləşdirdi, sərtləşdirdi. Bizi bir xalq, bir millət olaraq daha sıx birləşdirən ümumi kədərimizdən, ümumi dərdimizdən müqəddəs bir and yerimiz yarandı: ŞƏHİDLƏR XİYABANI!

Artıq 21 ildir xalqımızın tarixinə qara hərflərlə yazılmış 20 Yanvar faciəsinin ildönümlərini böyük hüzn və kədərlə qarşılayır, yola salırıq. O qanlı, müdhiş gecədən bizi kifayət qədər uzun zaman ayırsa da, xalqımız o dəhşətli yaşantını bircə an da olsun yaddan çıxarmır. O il doğulan uşaqlar artıq yeniyetmə gəncdirlər. Torpaq uğrunda canlarından keçə biləcək, ya şəhid, ya qazi olmağa hazır cəngavərdirlər. Faciəmizin qan yaddaşımızdan silinməməsi, belə dəhşətli hadisələrin bir daha təkrarlanmaması üçün öz milli varlığımızı, gücümüzü, yenilməz xalq olduğumuzu düşmənə sübut etməliyik.

Bu gün kiçikdən-böyüyəcən hamımız şəhidlərimizin məzarını, onların müqəddəs ruhlarını yad etdiyimiz günləri yenidən yaşayırıq. İllərdir Şəhidlər xiyabanına, o günahsız insanların dəfn olunduqları məzarıstana axışıb gələn insan seli birliyimizin təsdiqini bir daha nümayiş etdirir.

Xoşməramlı, sülhsevər bir ölkənin azadlıq, müstəqillik ideyalarına qarşı açıq-aşkàr müharibə elan edənlərin mənfur niyyətləri, həyata keçirdikləri irimiqyaslı qanlı qırğından hər kəs çoxdan xəbər tutsa da, susmağa, gördüklərini görməzliyə vurmağa üstünlük veriblər.

Qonaq getdiyimiz yerə apardıgımız qərənfillər də o gün öldü. Ləkələndi. Gül də şəhid oldu. Lakin hər ilin 20 Yanvarında Şəhidlər xiyabanına üz tutan ziyarətçiləri gün ərzində müşayiət edən həzin, kədərli milli musiqimiz matəm musiqisi kimi ürəklərimizi parçalayır. Bəli, bunlar hər il təkrar olunur. Nə qədər ki, şəhidlərimizin qanı alınmayıb, bu göz yaşları axacaq...

Azərbaycanımızın qan yaddaşına əbədi yazılmış matəm günlərimizin xatirinə bir diləyim var. Bu günlərin xatirəsinə “Əbədiyyət simfoniyası” bəstələnsin - bir himn kimi! Bu himni uşaqdan-böyüyə hər kəs əzbər bilsin və var səsiylə oxusun!

Təsəvvür edin ki, televiziya ilə elan olunur: - “Sabah, yanvar ayının 20-də gündüz saat 12.00-da Şəhidlər xiyabanında şəhidlərimizin ruhuna “Əbədiyyət simfoniyası” ifa olunacaq. Bu himn qəlbində vətəndaşlıq yanğısı olan hər bir azərbaycanlının dilində səslənməlidir!”

Bir anlığa təsəvvür edin. Gözlərinizin önünə gətirirsinizmi?! Sükut əvəzinə, sonsuz izdihama qoşulan insanlar deyilən vaxtda şanlı heykəllərə dönərək böyük ehtişamla bu himni səsləndirir, gəmilərin fiti nəhəng izdihamın səsinə səs verir. Bu qan coşduran birlik, həmrəylik simfoniyasının səsi bütün Bakını ayağa qaldırır. Evlərdə, küçələrdə olan bütün insanlar bir andaca ayaq saxlayır, yumruqlarını düyünləyərək başları üzərinə qaldırırlar. Bütün şəhər, bütün Azərbaycan, bütün Türk dünyası həmin an “Əbədiyyət simfoniyası”nı ifa edirbu səsi təkcə dostlarımız eşitmir, düşmənlərimizin qulaqlarında da uğuldayan bu himnin sədaları onları da təşvişə salır, qorxudaraq lərzəyə gətirir. Bu himn onların bizdən oğurlayaraq zorla özlərininki etmək istədikləri xalq mahnılarına bənzəməz. Çünki bu himn bizim üçün “Əbədiyyət simfoniyası”, onlar üçünsə ölüm hökmü olacaq!

Milli birliyimiz, milli qurtuluşumuz bu himni səsləndirməyimizlə başlanmalıdır! “Əbədiyyət simfoniyası”nın tezliklə bəstələnib səsləndirilməsi ümidiylə.

 

 

Oqtay Oruclu

 

Zaman.- 2011.- 20-21 yanvar.- S. 8-9.