Xoca Əhməd
Yəsəvi Türküstandan doğan bir türk günəşi
(2)
Bu da sadə xalq kütlələrinin İslama daha dərindən
bağlanmasına, Haqqa gedən yolu özlərinin gündəlik
həyatına bir nur edərək yaşamasına, onunla nəfəs
alıb-verməsinə gətirib çıxardı.
Yəsəvinin ən böyük xidmətlərindən
biri onun İslamı sadə türklərin daha dərindən
dərk etməsi, islami həyat tərzinə yiyələnməsi
üçün təsəvvüfdən istifadə etməsi
və bu ruhda çox sayda mənzumələr yazmasıdır. Bu mənzumələr köçəri
həyat keçirən hər bir türk üçün
başa düşülən idi. Beləliklə
Yəsəvi təsəvvüf ruhunda yazdığı əsərlərlə
islamın türklər tərəfindən daha dərindən
öyrənilməsi və dərk edilməsi ilə
bağlı yeni bir məktəbin əsasını qoydu.
O, təsəvvüflə yüz minlərlə türkün
ruhunu, qəlbini fəth etdi. Bu da sadə xalq
kütlələrinin İslama daha dərindən
bağlanmasına, Haqqa gedən yolu özlərinin gündəlik
həyatına bir nur edərək yaşamasına, onunla nəfəs
alıb-verməsinə gətirib çıxardı. Bu müstəvidə də Yəsəvilik sadəliyin,
fədakarlığın və bütün
yaradılmışlara olan ilahi eşqin parlaq bir nümunəsi
kimi min illər boyu yaşamaqdadır.
Yəsəvinin dövründə ədəbiyyat
və elm dilləri kimi fars və ərəb
dilləri işlənirdi. Ona görə də
bu dillərdə təhsil almayanların, bu dilləri bilməyənlərin
İslam dininə daha dərindən bələd olması, ona
ruhən və qəlbən sarılması mümkün
deyildi. Ona görə də o dövrdə İslamı
qəbul edən, amma ərəb və fars
dillərini bilməyən köçəri və oturaq
türklər arasında İslam dini bəzən
yanlış, təhrif olunmuş şəkildə təbliğ
olunurdu. Bu acı reallığı anlayan və İslamı
səhv dərk etmənin gələcəkdə böyük
fitnə-fəsadlara səbəb ola biləcəyini
başa düşən Xoca Əhməd Yəsəvi xalqa
dinimizi və onun mahiyyətini sadə xalq dilində təbliğ
etməyə başladı. Bu təbliğ o qədər
şirin və cazibəli idi ki, Yəsəvinin dini söhbətlərinə
qulaq asmaq, onu dinləmək üçün bütün
Türküstandan Yəsəvinin yanına gəlməyə,
ömürlərində bir dəfə də olsun onun
şirin dini söhbətlərini eşitməyə, bu
müqəddəs zatın üzünü görməyə,
əllərini öpməyə can atırdılar.
O
hələ sağlığında ikən
Türküstanın mürşidlərinin böyüyü,
ağsaqqalı kimi tanınmış və xalq arasında
“Piri-Türküstan” adı ilə tanınmışdı.
Əhməd
Yəsəvi hələ uşaqlığından Həzrəti-Peyğəmbərimizin
(s.ə.v.) sünnətinə, yəni həyat tərzinə,
yaşantısına bütün varlığı ilə
bağlanmış və ömrünü islamın
saflığının qorunmasına, bu uca dinin əsri-səadət
dövründə (Rəsulullahın (s.ə.s. ) dünyada
yaşadığı dövr) olduğu kimi yaşamasına sərf
etmişdi.
Onun Həzrəti-Peyğəmbərimizə (s.ə.v.)
bağlılığını yuxarıda qeyd etdiyimiz kimi, 63
yaşında ikən təkkənin bir kənarında
qazdığı məzara girərək, orada yatması da bir
daha sübut edir. Çünki,
kainatın Günəşi olan sonuncu Peyğəmbərimiz
(s.ə.v.) 63 yaşında bu dünyadan
köçmüşdü və Yəsəvi də bu
yaşa çatandan sonra yer üzündə
yatıb-qalxmağa həya edirdi. O, öz
ölümünü, Haqqın rəhmətinə
qovuşmasını da elə bu məzarda qarşılayır.
Xoca
Əhməd Yəsəvi Peyğəmbərimizə (s.ə.v.)
olan sonsuz məhəbbətini “Divani-Hikmət”ində belə
təsəvvür edir: “Bir yaşımda ikən ruhlar mənə
hissə verdi. İki
yaşımda ikən peyğəmbərlər gəlib
gördü. Üç yaşımda ikən
qırxlar gəlib halımı soruşdu. O səbəbdən
də 63 yaşımda yerə ( məzara)
girdim”.
Yəsəvinin böyüklüyünü, Haqqa, Uca
Yaradana bağlılığını onun təsəvvüf
ruhunda yazdığı və “Divani-Hikmət”də
toplanmış şeirlərində aydın şəkildə
görmək mümkündür.
Yəsəvinin ilahi, ruhi, mənəvi eşq
qaynaqları Qurani-Kərimdir, Peyğəmbərimizin (s.ə.v.)
sünnəti, həyatı, onun yaşam tərzidir, hədisi-
şərifləridir.
Yəsəvi başdan-ayağa qədər təsəvvüf
şairidir. Bu həqiqət
onun divanında da özünü aydın şəkildə
özünü göstərməkdədir. Bu baxımdan Mövlana və Yunus Əmrədə
olan ilahi eşq bir başqa variantda Yəsəvidə də
mövcuddur. Əslində Yəsəvi
ilahi eşq baxımından Mövlana və Yunus Əmrə
üçün bir yol göstərən, onların ustadı
hesab edilə bilər. Mövlana hələ çox gənc
ikən Xoca Əhməd Yəsəvinin qoyub getdiyi əvəzsiz
dini, mənəvi, ilahi eşq və məhəbbətlə
dolu irsi ilə yaxından
Yəsəvinin
divanının əsasını Həzrəti-Məhəmmədin
(s.ə.v.) sünnətinə bağlılıq təşkil
edir. Onun təsəvvüf
anlayışı Quran və sünnətə uyğundur.
Bu böyük mütəfəkkirin “Divani-Hikmət”i
isə ilahi bir eşqin tərənnümü, kainatda olan
bütün varlıqların əsasında, mayasında,
varlığında, yaradılış qayəsinin mərkəzində
ilahi eşqin dayandığını bəyan edən əvəzsiz
bir sənət incisidir.
Bununla əlaqədar Yəsəvini
sevə-sevə tədqiq edən Yaşar Nuri Öztürk “Təsəvvüfün
ruhu və təriqətlər” adlı əsərində Yəsəvi
dərvişi olan Hazinin “Cəvahir ül-əbrar” əsərinə
istinad edərək yazır: “Yəsəviliyin əsaslarını
tövhid, şəriət və sünnətə
bağlılıq, riyazat (bədəni zərurət dərəcəsində
bəsləmək yolu ilə nəfsi tərbiyə etmək
üsulu) və mücadilə, gizli ibadətə çəkilmək
və zikr təşkil edir. Bundan əlavə,
camaatla birgə namaz qılmaq, səhər vaxtları oyaq
qalmaq, bütün günü dəstəmazlı olmaq,
özünü hər an Allahın hüzurunda hiss etmək Yəsəviliyin
davamçılarının müntəzəm olaraq əməl
etməli olduqları əsas prinsiplərdəndir”.
Tədqiqatçılar iki təriqətin
Xoca Əhməd Yəsəvidən
başladığını idiia edirlər: nəqşbəndilik
və bəktaşilik. Yeri gəlmişkən, qeyd edək ki,
nəqşbəndiliyin Yəsəviliklə əlaqəli
sayılması bu təriqətin əsasını qoymuş
Xoca Bəhaəddin Nəqşbəndi ləqəbi ilə
tanınan Məhəmməd bin Məhəmməd
ül-Buxarinin yəsəvi şeyxlərindən Kasam şeyx
və Xəlil Ata ilə bir müddət bir yerdə olması
və onlardan feyz alması ilə əlaqədardır.
Xoca Əhməd Yəsəvidən
gələn ikinci böyük təriqət bəktaşilikdir.
Rəvayətə görə, Hacı Bəktaşi
Xoca Əhməd Yəsəvinin müridlərindən olub.
Bu fakt sonrakı əsrlərdə yazılan
“Künh əl-Əxbar” adlı əsərdə və
Övliya Çələbinin “Səyahətnamə” adlı
kitabında öz əksini tapıb. Bu da Yəsəvinin
bütün türklər və onların qonşuluğunda
yaşayan müsəlman qövmlər arasında böyük
nüfuza və təsirə malik olduğunu göstərir.
Əsərləri
Xoca Əhməd Yəsəvinin ən
məşhur əsərlərindən biri “Divani-Hikmət”dir.
Yəsəvi ərəb və fars dillərinə
dərindən bələd olmasına baxmayaraq, bu əsərini
sadə türklərin hamısının anladığı
və başa düşdüyü xalq dilində yazıb. O,
bu əsərində sadə dildə yazdığı mənzumələrlə
İslamın əsaslarını, şəriətin hökmlərini
ədəb və qayəsini, mahiyyətini xalqa
çatdırırdı. Ona görə Yəsəvi
yazdığı mənzumələrə hikmət
adını vermişdi. Onun bu mənzumələrini
dərvişləri uzaqlarda yaşayan türk xalqlarına
çatdırır və bununla da onların İslama daha
sıx bağlanmasına, dostluq və qardaşlıq
içində yaşamalarına yardım edirdilər. Bu da o dövrdə türklər arasında mənəvi,
ruhi, qardaşlıq birliyinin formalaşmasında önəmli
rol oynadı.
Onun “Divani-Hikmət”ində dinindən, rəngindən,
irqindən asılı olmayaraq, bütün insanlara Allah tərəfindən
yaradılmışların hamısına bir sevgi və məhəbbət
təbliğ edilir. Yəsəvidə
yaradılmışların ən şərəflisi olan
insana sevgi və məhəbbət var. Bu sevgi Uca Yaradana olan sonsuz
eşqlə qovuşaraq Haqqa gedən yolu bir nur kimi
işıqlandırır. Bu anlayış Yunus Əmrənin
“Yaradılanı sev, əməllərinlə,
yaşadığın həyatınla ona Haqqa gedən yolu
göstər” düşüncəsi ilə vəhdət təşkil
edir.
İnsanların mənəvi və ruhi tərbiyəsində,
onun dinimizi dərindən öyrənməsi və onu
yaşamasında əmək amili də xüsusi önəm
daşıyır. Yəsəviyə
görə, əmək insanın həyatının mahiyyətini
təşkil edir və işləməyən, zəhmətin
nə olduğunu bilməyən insan ruhi-mənəvi və
islami dəyərlər baxımından kamil insan kimi yetişə
bilməz. Yəsəviyə görə,
insanların haqqını tapdamaq, başqasının əməyi
hesabına dolanmaq Allah tərəfindən
bağışlanması inandırıcı görünməyən
əməllərdəndir. Yəsəvi
işləməklə, halal yolla, əlinin zəhməti ilə
ailəsini dolandıranları, haramdan özünü və nəfsini
qoruyanları hər iki dünyanın ən xoşbəxt
adamı hesab edir.
Yəsəviyə görə, qadın və ailə
münasibətləri həyatda xüsusi önəm
daşıyır. Qadın-kişi
bərabərliyi, onların ailə birliyi içində
dinimizin şərtlərinə uyğun şəkildə həyat
yaşaması ilahi eşqin əsaslarından birini təşkil
edir. Belə ki, ailədə hüzur və sakitlik, ruhi
rahatlıq olmadan insan Haqqa gedən yolu tapa, ona daha ürəkdən
bağlana bilməz . Yəsəvinin
fikrincə, ailəsi hüzur içində olmayan insanlar mənəvi
və ruhi baxımdan dumana düşərək
yollarını tapa bilməyən qazları xatırladarlar.
Tədqiqatçılara görə,
Əhməd Yəsəvinin
dünyagörüşünün əsasında 7 prinsip
dayanır: Allaha ilahi eşqlə bağlılıq,
İslamiyyət və Allaha iman, ixlas (maddi və şəxsi
mənfəət güdməyən müsəlmanlıq),
Allahın yaratdığı və yer üzünün ən
şərəflisi olan insanı sevmək və onun xidmətində
dayanmaq, rəngindən, dilindən, dinindən, cinsindən
asılı olmayaraq, bütün insanlara məhəbbətlə
yanaşmaq, onlar arasında ayrı-seçkilik qoymamaq,
qadın-kişi bərabərliyi, əmək və halal yolla
ruzi qazanmaq, bu çərçivədə də qul
haqqını tapdalamamaq və elm.
Yəsəvi elmin insanı Allaha yaxınlaşdıran
ilahi əmr olduğunu vurğulayır.
Əhməd Yəsəvinin
cağatay ( əski özbək türkcəsi)
ləhcəsində yazdığı “Risalə” ( Fakrnamə)
adlı əsərində də İslamiyyətin əsasları
özünəməxsus sadə
və şirin dillə izah edilib.
Yəsəvi
Yəs şəhərində Haqqın rəhmətinə
qovuşub və onun məzarı əsrlərdir türklərin
və digər müsəlman xalqların ən əziz ziyarətgah yeri
olaraq qalmaqdadır.
Bu gün də Xoca Əhməd Yəsəvi irsi
türk-müsəlman xalqları arasında birlik,
qardaşlıq rəmzi olaraq qalmaqda davam edir və
insanların qəlbində eşq məşəli
yandırmaqdadır.
Son
Əziz Mustafa
Zaman.-2011.- 22-24 yanvar.-S. 10.