“Məqsədimiz nümunəvi məktəblər sırasına çıxmaqdır”

 

Məktəbin direktoru Azər Qazıyev rəhbərlik etdiyi təhsil ocağının günün tələbləri səviyyəsində fəaliyyəti üçün bütün imkanlardan istifadə etməyə çalışır.

Mingəçevirin AzDRES qəsəbəsində 3 məktəb fəaliyyət göstərir. Onlardan biri 4 saylı orta məktəbdir. Məktəbin direktoru Azər Qazıyev rəhbərlik etdiyi təhsil ocağının günün tələbləri səviyyəsində fəaliyyəti üçün bütün imkanlardan istifadə etməyə çalışır.

Onun sözlərinə görə, təhsil müəssisəsində pedaqoji kollektiv əsas qüvvədir. Məhz bacarıqlı pedaqoji kollektivlə uğur əldə etmək mümkündür. O, elə əldə olunan uğurların əsasında kollektiv əməyin dayandığını bildirdi. Son illər təhsilə göstərilən dövlət qayğısından söz açan həmsöhbətimiz dedi ki, bu amil hər bir müəllimin məsuliyyətini birə beş artırır. “Məqsədimiz nümunəvi məktəblər sırasına çıxmaqdır”, - sözləri ilə söhbətini davam etdirən direktor daha sonra dedi ki, son illər onun rəhbərlik etdiyi təhsil ocağı da yeni nailiyyətlərə imza atmaqdadır. Belə ki, ötən il 4 saylı məktəb şəhər, eləcə respublika miqyaslı bilik yarışlarında fərqlənib. Ötən il bu məktəbi bitirmiş məzunların 56,8 faizi müxtəlif ali məktəblərə qəbul olunub. Ali məktəblərə qəbul zamanı şəhər üzrə 600-dən yuxarı bal toplayan məktəblər sırasında bizim təhsil müəssisəmiz ikinci olub: “Bu il hədəfimiz daha yüksəklərədir. Belə ki, məktəbimizi 700 bal toplayan məktəblərin sırasında görməkdir. Təbii ki, bu prosesdə kollektivimizə güvənirik”. Qeyd edək ki, hazırda bu məktəbdə 581 nəfər şagird təhsil alır. Onların təlimi ilə 93 müəllim məşğul olur. Daha sonra məktəb-valideyn işbirliyindən söz açan direktor məktəbdə valideyn-müəllim assosiasiyasının fəaliyyət göstərdiyini dedi. Onun sözlərinə görə, bu qurumun yaxından köməyi ilə məktəbdə bir çox işlər görülüb: “Məhz valideynlərin köməyi ilə bütün sinif otaqlarımız təmir olunub, məktəb həyətində təmir-abadlıq işləri görülüb. Mən buna görə məktəbimizin Valideyn Assosiasiyasının prezidentinə öz təşəkkürümü bildirirəm”.Bütün bunlara rəğmən, ötən əsrin 80-ci ilindən fəaliyyət göstərən məktəbimizin əsaslı təmirə ehtiyacı var”, - sözləri ilə söhbətini davam etdirən Azər müəllim məktəbin indiyədək əsaslı təmir olunmadığını təəssüflə dilə gətirdi. Dediyinə görə, ötən il bu məktəbdə istilik sistemləri quraşdırılıb: “Təəssüf ki, bu gün həmin sistemlər AzİES tərəfindən qızdırılmır.

Qeyd edək ki, məktəbdə Heydər Əliyev Muzeyi fəaliyyət göstərir.

 

 

Rafael Mayılbəy

 

Zaman.- 2011.- 22-24 yanvar.- S.9.