Şaiq Həmidov: “London Olimpiadasında
minimum 4 qızıl medal qazanmağı hədəfləmişik”
Əsası
1996-cı ildə qoyulan Azərbaycan Paralimpiya Komitəsinin
idmançıları indiyə qədər iştirak etdikləri
olimpiadalarda 4 qızıl, 5
gümüş və 6 bürünc medal qazanıblar. Qarşıda
isə paralimpiyaçılarımızı 2012-ci ildə
Londonda keçiriləcək olimpiya oyunları gözləyir.
London Olimpiadasına dair planlarını öyrənmək
üçün komitənin icraçı direktoru Şaiq Həmidovla
həmsöhbət olduq.
-
Şaiq müəllim, öncə komitənin keçdiyi inkişaf
yoluna qısa nəzər salaq.
- Ölkəmizdə
Milli Paralimpiya Komitəsi
əlil
idmançıları ətrafında
toplayan “Mərhəmət”
İdman Təşkilatının
əsasında
yaradılıb. Belə
ki, “Mərhəmət”in
Beynəlxalq Paralimpiya Komitəsinə müraciəti
1996-cı il, fevralın 9-da
müsbət
cavablanıb. İdmançılarımız
həmin il
ABŞ-ın Atlanta
şəhərində keçirilən
X Yay Paralimpiya Oyunlarında
iştirak etmək
hüququ qazandılar.
İlk qatıldığımız
paralimpiya oyunlarında
ölkəmizi iki
idmançı təmsil
edib. Bunlar idmanın
pauerliftinq növündə
qüvvəsini
sınayan Gündüz
İsmayılov və
yüngül
atletikanın marafon
qaçışı növündə
yarışan Aleksandr Antofiydir. İdmançılarımızın
hazırlıq
müddəti
az olduğundan
onlar mükafatçılar
sırasına
düşə bilməyiblər. 2000-ci
il XI Sidney
Yay Paralimpiya Oyunları
isə ölkəmiz
üçün əlamətdar
oldu. Belə ki, güllə
atıcılığı
yarışında təmsilçimiz
Yelena Taranova gümüş
mükafata layiq
görülərək
paralimpiya oyunları tarixində
ölkəmizə ilk
medalı qazandırdı.
Qeyd edim ki, Sidneydə
3 idman növü
üzrə 7 idmançımız
mübarizə aparırdı.
2004-cü il XII
Afina Yay Paralimpiya Oyunlarında
daha uğurlu
nəticələrə
imza atdıq. 4
idman növündə
11 idmançı ilə təmsil
olunduğumuz olimpiadada
4 medal qazandıq. Bunlardan ikisinin əyarı
qızıl
oldu. Cüdoçu
İlham Zəkiyev
və uzunluğa
tullanma yarışında
Oleq Panyutin fəxri
kürsünün
ən
yüksək
pilləsinə qalxıblar.
İlhamın əldə
etdiyi qızıl
medal paralimpiya oyunları
tarixində qazandığımız
ilk yüksək
əyarlı
mükafat kimi
tarixə düşüb. Afinada
yüngül
atletikanın qaçış
növündə
Zeyniddin Bilalov ikinci
yerə çıxdığı halda,
Yelena Taranova bu
dəfə
üçüncülüklə
kifayətlənib.
Bu nəticələr
sayəsində millimiz Afina Olimpiadasında
ümumkomanda hesabında
47-ci yerdə qərarlaşır. Sonuncu
qatıldığımız
XIII Pekin Paralimpiya Oyunlarında
həm iştirak
edən idmançılarımızın, həm
də qazanılan
medalların sayı
artdı. Belə ki,
4 idman növündə
qüvvəsini
sınayan 18 idmançı
ölkəmizə 10 medal
gətirdi. Qazanılan
medallardan ikisi qızıl,
üçü gümüş
və beşi
bürünc
oldu. Qızıl
medallar cüdoçu
İlham Zəkiyevin
və yüngül
atletikanın yadroitələmə
növündə
mübarizə aparan
Oloxan Musayevin aktivinə
yazıldı. Oloxan
Çində dünya
və olimpiya rekorduna
(12 metr 49 santimetr) imza
atdı. Hələlik,
bu rekordu təzələyən
yoxdur. Pekində ümumkomanda hesabında isə
nəticəmiz
38-ci yer oldu.
Məqsədimiz
əlil
insanları idmana cəlb
etmək və
onların sağlamlıqlarını
bərpa etməyə
şərait yaratmaqdır.
-
Əlil insanları peşəkar idmana necə cəlb
edirsiniz?
-
Bizə müraciət edən əlil insanın öncə
hansı idman növünə meyili olduğunu öyrənir,
ardından isə onun tibbi təsnifatını müəyyən
etmək üçün həkim komissiyasına göndəririk.
Sonra məşqçilərin verdiyi qərar əsasında əlil
insanın peşəkar idmanla məşğul ola bilib-bilməyəcəyini
müəyyənləşdiririk. Peşəkar idmanla məşğul
ola bilməyənlər bərpaedici idmana yönəldilir.
-
2010-cu il paralimpiyaçılarımız üçün
hansı hadisələrlə yadda qaldı?
-
Ötən illərdən fərqli olaraq, 8 idman növündə
yarışan paralimpiyaçılarımız ümumilikdə
36 medal qazanıblar. Bunlardan 16-sı qızıl, 9-u
gümüş, 11-i isə bürüncdür. 2010-cu ildə
gənc atletimiz Elçin Muradov 100 metr məsafəyə
qaçmaqda dünya rekorduna imza atıb (10,66 saniyə).
Ötən ilin yekunlarına əsasən, Elçin Muradov,
Yelena Taranova və Oloxan Musayev öz idman sahələri
üzrə dünya reytinqinin birinci pilləsinə sahib
çıxıblar. Bundan başqa, Türkiyədə
keçirilən cüdo üzrə dünya
çempionatında paralimpiyaçılarımız komanda
hesabında birinci oldular. Ümumilikdə isə 2010-cu ili
paralimpiyaçılarımız üçün uğurlu
saymaq olar. 2009-cu ildə oturacaq voleybol, yəni ətrafları
amputasiya olunmuş idmançılardan ibarət komanda
yaratdıq. Həmçinin qol-bol idman növünə əlilləri
cəlb etmişik. Məlumat üçün deyim ki, qol-bolda
gözdən əlil idmançılar yarışır.
Burada 1 kq 200 qram səsli topu eni 9 metr, hündürlüyü
isə 1,5 metr olan qapıdan keçirtmək tələb
olunur. Hər qapıda 3 idmançı dayanır. Hər iki
komandamız olimpiya oyunlarında iştirak etmək
üçün mütləq “A” kateqoriyasına vəsiqə
qazanmalıdır. 2011-ci ildən isə atçılıq və
badminton idman növlərinin inkişafına start vermişik.
Beləliklə, əlil idmançılar komitəmizdə 10
idman növündə məşğul olmaq imkanı
qazanıblar.
-
Bəs komitənin bu ilə olan planları nədən ibarətdir?
-
Bu il komitə öz qarşısına məqsəd qoyub ki,
daha çox maliyyə vəsaiti xərcləyərək
paralimpiyaçılarımızın iştirak edəcəyi
yarışların sayını artırsın. Belə bir
deyim var “10 məşq 1 yarışa bərabər deyil, 1 yarış
isə 100-lərlə məşqi əvəz edir”.
İdmançının çoxsaylı turnirlərdə
mübarizə aparması onun formada qalmasına və təcrübəsini
artırmasına kömək edir. Mövsümün ilk
yarışı Yeni Zelandiyada keçirilən yüngül
atletika üzrə dünya çempionatıdır. Cari ilin I
rübündə London Olimpiadasına lisenziya xalı verən
yarışlardan apreldə Türkiyədə, martda isə
Dubayda keçiriləcək dünya oyunlarını
vurğulaya bilərəm. Bizə maliyyə dəstəyi
ayıran isə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyidir (ƏƏSN).
-
Paralimpiyaçıların uğur qazanmaları
üçün müvafiq şərait yaradılıbmı?
-
2008-ci ildə istifadəyə verilən Sumqayıt Olimpiya
İdman Kompleksi sırf əlilllər üçün nəzərdə
tutulub. Avropa standartlarına cavab verən kompleks MDB məkanında
yeganədir. Kompleksdə əlillərin maneəsiz hərəkəti
üçün panduslar düzəldilib. Burada bir gün ərzində
200 adam idmanla məşğul ola bilər. Qeyd edim ki, İran
paralimpiyaçıları Sumqayıtda tez-tez təlim-məşq
toplanışında olurlar.
-
Bölgələrdə niyə paralimpiya idman kompleksləri
yoxdur?
-
Ölkəmizdə qeydiyyatda olan əlillərin sayı 400
mindir. Təbii ki, onların hamısı idmanla məşğul
ola bilmir və ya olmaq istəmir. Nəticədə peşəkar
idmanda qüvvəsini sınaya biləcək əlillərin
sayı azlıq təşkil edir. Buna görə də
bölgələrdə idman kompleksləri açmağa ciddi
lüzum yoxdur. Biz ancaq bölgələrdəki
ayrı-ayrı idman növlərinin təmsilçilikləri
ilə əlaqə saxlayıb, onlardan əlil
idmançılar barədə informasiya alırıq.
-
Nazirlikdən başqa, hansı təşkilatlardan dəstək
alırsınız?
-
Açığı, nazirliyin komitəyə
ayırdığı maliyyə vəsaiti bizə kifayət
edir. Buna görə də digər təşkilatlara köməklə
bağlı müraciət etməmişik. Bununla belə, bizə
dəstək olan “Azercell” şirkətini və
idmançılarımızdan 90-nın üzv olduğu
“Neftçi” İdman Sağlamlıq Mərkəzini xüsusilə
vurğulamaq istərdim. Nazirlik öz hesabına
yarışlarda qalib adını qazanan idmançılara
mükafatlar təqdim edir. Bundan əlavə, olimpiadaya lisenziya
əldə edən paralimpiyaçılara yarış
gününə qədər təqaüd təsis edilir. Bir
sözlə, idmançıların geyimindən tutmuş, təlim-məşq
prosesinə qədər bütün xərclərini nazirlik
ödəyir.
-
Legioner idmançıları milliləşdirmək fikriniz
varmı?
-
Komandaya legioner idmançı cəlb etmək haqqında
fikirləşməmişik və indiyə qədər
legioner paralimpiyaçımız olmayıb. Bildirim ki, azərbaycanlıya
ərə gedən çeçen qadın
yığmamızın üzvü olmaq üçün bizə
müraciət etmişdi. Lakin onu həm Azərbaycan, həm də
ümumvətəndaş pasportu olmadığından
sıralarımıza qəbul edə bilmədik.
-
Paralimpiyaçılarla işləyə bilən məşqçilər
sarıdan çatışmazlıq yoxdur ki?
-
Mütəxəssislərimizin hamısı yerli məşqçilərdir
və komitəmizdə könüllü işləyirlər.
Onlar məvacib almırlar. Məşqçilər
idmançıların nüfuzlu turnirlərdə uğurlu
çıxışı zamanı dövlətin onlara
ayırdığı pul mükafatı ilə kifayətlənirlər.
Yarışa çıxdığımız bütün
idman növlərində məşqçilərimiz var.
-
Ölkəmizdə paralimpiyaçılar arasında beynəlxalq
yarışlar keçirmək barədə
düşünürsünüzmü?
-
Bu, bir az çətin məsələdir. Ölkəmizdə
paralimpiyaçılar arasında ilk və yeganə beynəlxalq
yarış 2007-ci ildə keçirilib. Həmin yarış
kişi cüdoçular arasında Avropa çempionatı
olub və Pekin Olimpiadasına lisenziya xarakteri
daşıyıb. Ötən il də analoji yarışı
keçirmək təşəbbüsü ilə
çıxış etdik. Lakin Beynəlxalq Paralimpiya Komitəsi
yarışın London Olimpiadasına lisenziya xalı verən
turnir kimi deyil, adi yarış statusunda keçirilməsinə
qərar verdiyindən imtina etdik. Çünki
idmançılar belə yarışlarda
çıxış etməkdə maraqlı deyillər. Qeyd
edim ki, Londona vəsiqə verən yarışların ölkəmizdə
təşkil edilməsi nəzərdə tutulmayıb.
-
Şaiq müəllim, London Olimpiadasında qarşıya
hansı məqsədlər qoyulub?
-
Londonda daha çox medal qazanmaq və yaxud çoxsaylı
idmançı ilə təmsil olunmaq barədə
düşünmürük. Əsas hədəfimiz
qızıl medalların sayını artırmaqdır.
Çünki nə qədər çox
idmançımız fəxri kürsünün ən
yüksək pilləsinə qalxsa, ümumkomanda reytinqində
bir o qədər irəliləmək imkanımız olacaq. Məqsədimiz
London Olimpiadasında minimum 4 qızıl medal qazanmaqdır.
Bunu reallaşdırmaq üçün isə
idmançılara hər cür şərait yaradılıb.
Londonda 6 idman növündə - cüdo, pauerliftinq,
yüngül atletika, güllə atıcılığı,
kamandan oxatma və üzgüçülükdə
mübarizə aparmağı planlaşdırırıq.
Artıq iki pauerliftinqçimiz - Elşən Hüseynov və
Məhərrəm Əliyev Londona vəsiqəni təmin ediblər.
Məftun Salmanov
Zaman.-2011.- 22-24 yanvar.- S.5.