Uluqbəy

 

1417-1420-ci illərdə Uluqbəyin Səmərqənddə inşa etdirdiyi mədrəsə o dövrün böyük bir elm mərkəzinə çevrildi. Uluqbəy oraya islam dünyasının tanınmış alimlərini, astronomlarını, riyaziyyatçılarını dəvət etdi. Mədrəsə bu gün dünya incilərindən hesab edilən məşhur Registan arxitektura ansamblının ilk binası idi. Analoji iki mədrəsə isə Buxarada və Hicuvanda inşa edildi. Buxarada inşa edilən mədrəsənin portalında Uluqbəyin əmri ilə Məhəmməd Peyğəmbərə(səv) aid edilən hədislərin birindən bu sözlər həkk edilmişdi: “Elm öyrənmək və buna cəhd etmək hər bir müsəlman kişi və qadının müqəddəs vəzifələrindən biridir”.

                                                                                                                                

Məşhur hökmdar və dövrünün ən böyük astronomu (1)

 

Bir vaxtlar o özünü həm bacarıqlı dövlət xadimi, həm də mahir bir astronom,  qurduğu dövlətin paytaxtı Səmərqəndi isə nəinki Asiyanın, həm də dünyanın sivil mədəniyyət mərkəzlərindən biri kimi tanıda bildi. İnşa etdirdiyi rəsədxanalarla astronomiyanın dünyada öyrənilməsi və tədqiqi sahəsində əvəzsiz xidmətlər göstərdi. Onun ulduzların öyrənilməsi sahəsində gördüyü işləri günümüzdə ancaq Amerikanın kosmosun tədqiqi ilə bağlı həyata keçirdiyi qlobal layihələrlə müqayisə etmək olar. O, elm aşiqlərini, elmi sevənləri, elm adamlarını qiymətləndirməyi bacaran qüdrətli bir hökmdar idi və ona görə də hələ gənc ikən bütün dünyada məşhurlaşmışdı.

 Söhbət orta əsrlərin qüdrətli hökmdarlarından və məşhur astronomlarından olan Mirzə Uluqbəydən gedir.

 Uluqbəy 1394-cü il, mart ayının 22-də nəinki Cənubi Azərbaycanın, həm də Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınan Sultaniyyə şəhərində anadan olub. Onun atası məşhur sərkərdə və dövlət xadimi Əmir Teymurun oğlu Şahruxdur. Uluqbəyin əsl adı Məhəmməd Taraqaydır. Anası Gövhərşad isə məşhur türk sərkərdəsi və dövlət xadimlərindən olan Qiyasəddin Tarxanın qızıdır.

Gənc yaşlarından  Məhəmməd Taraqay xalq arasında Uluqbəy (böyük, uca bəy) adı ilə tanınmağa başladı. Bunun da səbəbi hələ gənc ikən onun özünü yaşlı adamlar kimi aparması, təmkinlə hərəkət etməsi idi. Gənc Uluqbəyin mahir bir dövlət xadimi və məşhur astronom kimi formalaşmasında müəllimi şair və alim Arif Azəri böyük rol oynadı.

 

Elm aşiqi

 

Gələcəyin hökmdarı və məşhur astronomu uşaq yaşlarından elmə böyük maraq göstərir, bu sahədə   xüsusi istedadı ilə seçilirdi. 11 yaşında ikən Qurani-Kərimi  əzbərləmiş və ərəb dilinə mükəmməl yiyələnmişdi. Eyni zamanda riyaziyyatı dərindən öyrənmişdi və ən çətin məsələləri belə asanlıqla həll edirdi. Uluqbəyin siyasi səhnəyə gəlməsi isə olduqca erkən baş verdi. Belə ki, 1405-ci ildə Əmir Teymur (Teymurləng)  Haqqın rəhmətinə qovuşdu. Bunun ardınca Əmir Teymurun kiçik oğlu Şahrux özünə tabe olan qüvvələrlə Səmərqəndə daxil oldu və 1409-cu ildə isə böyük oğlu Uluqbəyi paytaxtı Səmərqənd olan Mavarünnəhr dövlətinin başçısı təyin etdi. Əvvəlcə, yaşca balaca olduğu üçün o, iki il ərzində ölkəni himayədarının vasitəsilə idarə etdi. 1411-ci ildən isə o, ölkəni təkbaşına idarə etməyə başladı. İlk vaxtlar ona müəyyən qədər çətin idi, çünki Əmir Teymurun vəfatından sonra onun oğlanları arasında taxt-tac davası gedirdi və belə bir vəziyyətdə Uluqbəyin hər an hakimiyyətdən salınması təhlükəsi vardı. Amma hakimiyyətinin ilk illərində o, hakimiyyətdaxili çəkişmələrdən müəyyən qədər qaça və bununla da ölkənin nahaq müharibələr meydanına çevrilməsinin və qardaş qanı tökülməsinin qarşısını ala bildi.  Xarakter etibarı ilə olduqca yumşaq adam hesab edilən və qan tökülməsinin  əleyhinə çıxan Uluqbəy şair təbiətli bir hökmdar idi. O, hələ gənc yaşlarından şeirlər yazırdı və buna paralel olaraq, onda göy cismlərinin öyrənilməsinə böyük maraq var idi. Hakimiyyəti təkbaşına idarə etməyə başlayan gündən o, tanınmış elm adamlarını, alimləri, məşhur riyaziyyatçı və astronomları saraya toplamışdı. Bununla da Uluqbəyin sarayı ölkəni idarəetmə mərkəzindən daha çox, elmi akademiyaya çevrilmişdi.

 Gənc hökmdar həmin dövrdə vaxtının çox hissəsini rəsədxanalarda keçirir, gecə-gündüz bilmədən ulduzları seyr və tədqiq edirdi. Ona görə də qısa müddətdə astronomiya elmini öyrənmiş və özü də göy cisimlərini tədqiq edən alim kimi məşhurlaşmışdı. Onun qanlar tökən, işğalçılıq siyasəti yeridərək, ölkələr fəth edən hökmdardan daha çox, elm aşiqi  olmasını, elmə xüsusi zövqlə bağlanmasını dediyi sözlər də  sübut edir. O yazır: “ Elmin hakim olduğu bir ölkədə elmlə məşğul olmağı özünə şərəf bilən və bunu hökmdarlıqdan daha üstün tutan bir adamam”.

 O vaxt hökmdarın elmlə məşğul olması və həyatını bu işə sərf etməsi düzgün hesab edilmir və bu, zəiflik əlaməti kimi qiymətləndirilirdi. Üstəlik, Uluqbəy Əmir Teymur kimi dünya şöhrətli bir dövlət xadimi və sərkərdənin nəvəsi idi. Aydın idi ki, ondan ilk növbədə Əmir Teymur varislərindən biri kimi, ölkələr işğal etmək, babasının qəhrəmanlıq yolunu davam etdirməyi, ona layiq olmağı gözləyirdilər. Amma  Uluqbəy adıçəkilən sahədə ona olan ümidləri doğrultmamışdı və bu da ölkə daxilində və taxt-tac varisləri arasında narazılığı daha da artırmışdı. Narazılıqlar nəinki saray əyanları və taxt-tac varisləri, həm də ailə daxilində Uluqbəyə qarşı bir müxalifətin formalaşmasına yol açdı. Bu isə, öz növbəsində, Uluqbəyin, bu məşhur elm xadimi və astronomun, eyni zamanda ədalətli bir hökmdarın faciəsinə aparıb çıxardı. Uluqbəyin elmə və elm öyrənilməsinə verdiyi qiyməti onun bu sahədə həyata keçirdiyi tədbirlər bir daha sübut edir. Belə ki, Uluqbəy hakimiyyətə gəldiyi ilk günlərdə əhalinin elmə yiyələnməsinə imkan yaradan və o dövr üçün mükəmməl elm verən mədrəsələrin inşa edilməsinə xüsusi diqqət yetirdi. Qısa müddətdə ölkədə onlarla mədrəsələr tikildi, köhnələri isə yenidən bərpa edildi. Bu məqsədlə o, xəzinədən o dövr üçün astronomik məbləğ hesab edilə biləcək qədər maliyyə vəsaiti ayırmışdı.1417-1420-ci illərdə Uluqbəyin Səmərqənddə inşa etdirdiyi mədrəsə o dövrün böyük bir elm mərkəzinə çevrildi. Uluqbəy oraya islam dünyasının tanınmış alimlərini, astronomlarını, riyaziyyatçılarını dəvət etdi. Mədrəsə bu gün dünya incilərindən hesab edilən məşhur Registan arxitektura ansamblının ilk binası idi. Analoji iki mədrəsə isə Buxarada və Hicuvanda inşa edildi. Buxarada inşa edilən mədrəsənin portalında Uluqbəyin əmri ilə Məhəmməd Peyğəmbərə (səv) aid edilən hədislərin birindən bu sözlər həkk edilmişdi: “Elm öyrənmək və buna cəhd etmək hər bir müsəlman kişi və qadının müqəddəs vəzifələrindən biridir”.

 

Məşhur rəsədxana

 

Həmin dövrdə göy cisimlərinin öyrənilməsi və bununla bağlı o dövr üçün müasir hesab edilən rəsədxanaların inşa edilməsi də Uluqbəyin ən sevimli işindən birinə çevrilmişdi. Uluqbəyin təşəbbüsü və rəhbərliyi ilə 1428-ci ildə o dövrdə tayı-bərabəri olmayan Uluqbəy rəsədxanasının inşası başa çatdırıldı. Bu işdə ona məşhur astronomlar Qazızadə ər-Rumi, əl-Kaşi və əl-Quşçu yardım etmişdilər. Bu rəsədxananın inşasında Marağa rəsədxanası təcrübəsindən istifadə edilmiş və nəticədə ondan da möhtəşəm və mükəmməl bir rəsədxana tikilmişdi. Bu rəsədxana Uluqbəyə İslam dünyasında və astronomiya elmi sahəsində yeni bir şöhrət gətirdi.  Rəsədxana ulduzları tədqiq etmək və göy cismlərini öyrənmək üçün mükəmməl cihazlarla təchiz olunmuşdu. Bu məqsədlə oraya dövrünün məşhur astronomları cəlb edilmişdilər. Bu da Səmərqəndin dünyada göy cismlərini öyrənən elm mərkəzinə çevrilməsi demək idi. Rəsədxanada çalışan alimlərin apardığı tədqiqatlar nəticəsində 1437-ci ildə göy cisimlərinin, ulduzların kataloqu, Qurqan-zic tərtib edilmişdi. Kataloqda 1018 ulduz təsvir edilmiş və onların hər birinin özünəməxsus xüsusiyyətləri verilmişdi. Rəsədxanada aparılan tədqiqatlar nəticəsində  həmçinin ulduz ilinin müddəti 365 gün müəyyən edilmiş və bu işdə cüzi səhvə yol verilmişdi.

Həmin dövrdə elm və göy cisimlərinin öyrənilməsi ilə müntəzəm məşğul olmasına baxmayaraq, Uluqbəy ölkənin idarəedilməsinə də vaxt ayıra bilmişdi. O, 1428-ci ildə ölkədə pul islahatı həyata keçirmiş və bununla da qısa müddətdə iqtisadi sahədə böyük sıçrayışa nail olmuşdu.

Bununla belə, yuxarıda da qeyd etdiyimiz kimi, Uluqbəyin həddindən artıq elmlə məşğul olması və  babasının işğalçılıq siyasətini davam etdirməməsi ətrafındakılar tərəfindən onun zəif xarakterli dövlət xadimi kimi qiymətləndirilməsinə səbəb olmuşdu. Bu amil taxt-tac varisləri arasında hakimiyyət iştahasını daha da artırmış, hətta ailədə oğlu tərəfindən belə onun devrilməsi planı hazırlanmışdı. Düşmənlərinin taxt-tac iddiasına son qoymaq məqsədi ilə Uluqbəy Xorasana hərbi yürüş etdi. Lakin bu yürüş onun üçün uğursuz nəticələndi və döyüşdə Uluqbəy ağır məğlubiyyətə düçar oldu. Ardı var.

 

 

Əziz Mustafa

 

Zaman.-2011.- 27 yanvar.-S.12.