“Naxçıvan sənayenin üstün inkişafı təmin olunan regiona çevrilmişdir”

 

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib. Sessiyada çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2010-cu ildə sosial-iqtisadi inkişafın yekunları ilə əlaqədar məruzə edib:

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib. Sessiyada çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2010-cu ildə sosial-iqtisadi inkişafın yekunları ilə əlaqədar məruzə edib: “2010-cu ildə muxtar respublikanın tarixində ilk dəfə olaraq, ümumi daxili məhsulun həcmi 1 milyard manat səviyyəsini keçmişdir. Ümumilikdə, ötən il bu göstərici, əvvəlki illə müqayisədə, 17 faiz artaraq, 1 milyard 171 milyon manata, onun hər bir nəfərə düşən həcmi isə 18 faiz artaraq, 2 min 883 manata çatmışdır”. Onun sözlərinə görə, təşkil olunmuş sənaye müəssisələrində daxili bazarın tələbatı ilə yanaşı, ixracyönümlü məhsulların istehsalı da artıb: “Əgər 1989-cu ilin əvvəlində Muxtar Respublikada 40 sənaye müəssisəsi mövcud idisə, 2011-ci ilin əvvəlinə bu müəssisələrin sayı 11 dəfə artaraq, 423-ə çatmış, 239 adda sənaye məhsulunun istehsalı təmin olunmuşdur. Görülmüş işlərin nəticəsidir ki, tarixən aqrar region kimi formalaşan Naxçıvan Muxtar Respublikası hazırda sənayenin üstün inkişafı təmin olunan regiona çevrilmişdir”. Ali Məclisin Sədri daha sonra bildirib ki, ötən il Muxtar Respublikada 318 milyon 565 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2009-cu illə müqayisədə 44 faiz çoxdur . O, bu kimi uğurları sahibkarlığın inkişafına, qeyri-dövlət sektorunun davamlı yüksəlişinə yönəldilmiş kompleks tədbirlərin nəticəsi kimi dəyərləndirib: “İstehsal olunan sənaye məhsulunun 88 faizi, yaxud 279 milyon 460 min manatı özəl sektorun payına düşmüşdür. Bu, əvvəlki illə müqayisədə 50 faiz çoxdur”. Vasif Talıbov 2010-cu ildə bank və kredit təşkilatları tərəfindən sahibkarlara 35 milyon 909 min manatdan çox güzəştli kreditlərin verildiyini də bildirib. Onun sözlərinə görə, 2010-cu ildə bütün maliyyə mənbələri hesabına muxtar respublikada əsas kapitala yönəldilən investisiyaların həcmi əvvəlki illə müqayisədə 22 faiz və ya 89 milyon 583 min manat artaraq, 501 milyon 106 min manat olub.

Əhalinin sosial-rifahının da yaxşılaşdığını vurğulayan Vasif Talıbov bildirib ki, Sovetlər Birliyi dövründə inkişafın ən yüksək həddi sayılan 1988-ci ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına cəmi 75 min 400 kvadratmetr mənzil tikintisi aparılmışdısa, 2010-cu ildə bundan 3 dəfə çox - 259 min 414 kvadratmetr yaşayış sahəsi tikilib.

Kənd təsərrüfatı sahəsindəki nailiyyətlərdən danışan Ali Məclisin Sədri qeyd edib ki, 2010-cu ilin məhsulu üçün muxtar respublikada 59 min 204 hektardan çox sahədə əkin aparılıb. O, əsas ərzaq məhsulu kimi, strateji əhəmiyyəti nəzərə alınaraq, taxılçılığın üstün inkişafı diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Onun sözlərinə görə, əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatı üçün də geniş imkanlar yaradılır: “Artıq muxtar respublikada ümumi tutumu 7 min 920 ton olan 12 soyuducu anbar fəaliyyət göstərir. Təkcə ötən il 1800 ton tutuma malik olan 2 soyuducu anbar istifadəyə verilmiş, tutumu 500 ton olan bir soyuducu anbarın qurulması davam etdirilir”.

Daha sonra Naxçıvan Muxtar Respublikasının enerji sektorundan söz açan Ali Məclisin Sədri belə bir müqayisə də aparıb: “Sovet hakimiyyəti illərində cəmi  1 elektrik stansiyası olan, qazlaşdırılması tam başa çatdırılmayan muxtar respublikada bu gün artıq 5 elektrik stansiyası fəaliyyət göstərməklə, ən ucqar dağ kəndlərinə təbii qaz xətti çəkilmişdir”.  O həmçinin bildirib ki, bu gün muxtar respublikada 108-i ərzaq və 184-ü qeyri-ərzaq olmaqla, 292 növdə məhsul istehsal olunur. Yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması nəticəsində istehsal olunan 247 növ məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bu məhsullardan 89-u ərzaq, 158-i isə qeyri-ərzaq məhsuludur.

 “İl ərzində sosial və iqtisadi sahədə əldə edilmiş nailiyyətlər bir daha sübut edir ki, 2010-cu ildə nəzərdə tutulmuş quruculuq tədbirləri tam həcmdə yerinə yetirilmişdir”, - deyən Ali Məclisin Sədri çıxışını bu sözlərlə yekunlaşdırıb: “2011-ci ildə daha məsuliyyətlə çalışaraq, ulu öndər Heydər Əliyevin quruculuq xəttini davam etdirərək, müstəqil Azərbaycanın tərəqqisinə və inkişafına nail olmalıyıq.”

Qeyd edək ki, sessiyada “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” məsələ müzakirə edilib. Naxçıvan Muxtar Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası barədə maliyyə naziri Xalid İsgəndərov məlumat verib. Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov, Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov çıxış ediblər. Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili Ülkər Bayramovanın hesabatı, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimovun məlumatı dinlənilib. Müzakirə edilən məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərmanları təsdiq edilib.

 

 

Zaman.-2011.- 27 yanvar.- S. 9.