Uluqbəy - məşhur hökmdar və dövrünün ən böyük astronomu (2)

 

Saray əyanlarını ən çox Uluqbəyin elmlə, xüsusilə də ulduzların öyrənilməsi ilə məşğul olması və bu müstəvidə də onun guya İslam dininə qarşı çıxması narahat edirdi.     

Bu məğlubiyyət saray daxilində Uluqbəyin əleyhinə olan qüvvələrin daha da sıx birləşməsinə və ona qarşı yeni bir cəbhə açmasına səbəb oldu. Bu böyük elm fədaisinin düşmənləri Uluqbəyin böyük oğlu Abdul Lətifi öz tərəflərinə çəkə və onu atasının əleyhinə qaldıra bildilər. Saray əyanlarını ən çox Uluqbəyin elmlə, xüsusilə də ulduzların öyrənilməsi ilə məşğul olması və bu müstəvidə də onun guya İslam dininə qarşı çıxması narahat edirdi. Abdul Lətifi də atasına qarşı onun guya İslam dininin əleyhinə olması adı altında qaldırmışdılar. İslam dinini qorumaq qərarına gələn Abdul Lətif atasına qarşı üsyan qaldırmaq və onu taxt-tacdan salmaq qərarına gəlmişdi. Lakin o dövrdə hələ babası Şahrux Heratda hakimiyyətdə idi və o, Uluqbəyi müdafiə edəcəyi halda, Abdul Lətif məğlub olacaqdı. Ona görə də bir müddət üsyan planını təxirə salmalı oldu. 1447-ci ildə Şahrux vəfat etdi və bundan sonra Heratda da onun varisləri arasında hakimiyyət davası başladı. Bundan istifadə edən Abdul Lətif 1449-cu ilin payınızda Uluqbəyə qarşı üsyan qaldırdı. İlk döyüşdəcə Abdul Lətif atasının ordusunu darmadağın etdi. Onun qısa müddətdə Səmərqəndə daxil olacağı və oranı ələ keçirəcəyi gözlənilirdi. Bunu görən Uluqbəyin ətrafındakılar ona Mavarünnəhri tərk edərək Herata və ya Hindistana getməyi təklif etdilər. Ancaq Uluqbəy oğlunun ona əl qaldıra, ata qatili ola biləcəyinə inanmırdı. Çünki o, olduqca insanpərvər, şair təbiətli həssas və kövrək şəxsiyyət idi,  övladlarını çox sevirdi və onlardan özünə qarşı pislik gələ biləcəyini ağlına belə gətirmək istəmirdi. Ona görə də ölkəni tərk etmək barədə ətrafındakıların təklifini qəbul etməyərək könüllü şəkildə oğluna təslim oldu. O, rəsmi şəkildə taxt-tacdan əl çəkdiyini və bundan sonra da ömrünün qalan hissəsini rəsədxanada ulduzların öyrənilməsinə həsr edəcəyini bəyan etdi. Əvvəlcə, Abdul Lətif atasının istəyini qəbul etdi və onu rahat buraxmaq qərarına gəldi. Lakin saray əyanları Uluqbəyi sakit buraxmaq və onun rəsədxanada elmlə məşğul olmasını da istəmirdilər. Onlar Abdul Lətifə atasının gec-tez ona və guya İslam dininə qarşı çıxacağı barədə xəbərdarlıq etdilər. Sarayın ruhani liderləri isə öz aralarında Uluqbəyin ölümünə fitva vermişdilər. Abdul Lətif bundan xəbərsiz idi. Ancaq o artıq atasının sağ qalmasını arzulamırdı. Eyni zamanda öz əlini də atasının qanına batırmaq və tarixdə ata qatili kimi qalmaq istəmirdi. Bunu görən saray əyanları Abdul Lətifə atasını Həccə göndərməyi və yolda ələ alınmış muzdlu qatil vasitəsi ilə onu öldürtməyi təklif etdilər. Bu təklif Abdul Lətifin ağlına batdı. Ona görə də o, atasına Həccə getməyi məsləhət gördü və hər şeydən xəbərsiz olan Uluqbəy oğlunun məsləhətini qəbul etdi.  Bəzi məlumatlara görə, Uluqbəy saray əyanlarının oğlu ilə birləşərək onu öldürəcəklərini öncədən bilmişdi, ancaq buna baxmayaraq, heç bir tədbir görməmiş və özünü talenin hökmünə buraxmışdı.  Bəzi məlumatlara görə isə, atasının öldürülməsi ilə bağlı ruhanilərin çıxardığı fitvada Abdul Lətifin özü də iştirak etmişdi. Bu fitvaya saray ruhanilərindən yalnız Miskin soyadlı bir nəfər imza atmamışdı. Ölüm Uluqbəyi Həccə gedən yolda yaxaladı və o, müqəddəs yerə gedib çıxa bilmədi. Həccə yola düşəndən az sonra 1449-cu il oktyabr ayının 27-də saray əyanlarının tapşırığı ilə türklərin tanınmış Sulduz soyundan olan Abbas adlı bir nəfər Səmərqənddən  bir az aralıda olan qışlaqda Uluqbəyi xaincəsinə öldürdü. O özünü təmizə çıxarmaq üçün vaxtilə guya atasının Uluqbəy tərəfindən öldürüldüyünü bildirdi və bununla da ondan qisas aldığını söylədi. Amma onun saray əyanlarının və Abdul Lətifin göstərişi ilə öldürüldüyü barədə əhali arasında söhbətlər dolaşırdı. Abdul Lətif atasının öldürülməsindən sonra təşvişə düşmüşdü. O tezliklə özünü də belə ölümün gözləyə biləcəyindən narahat idi. Ona görə də taxt-tac uğrunda özünə rəqib hesab etdiyi kiçik qardaşını da aradan götürtdü. Ancaq qardaşının ölümü gecəsi yuxuda özünün kəsilmiş başını sinidə gördü. Dərhal yuxudan ayıldı və saray alimlərindən və münəccimlərdən özünü hansı talenin gözlədiyini soruşdu. Onlar isə susurdular. Rəvayətə görə, bundan əsəbiləşən Abdul Lətif Nizaminin əsərlərini oxumağa başlayır və oradan bu sətirləri tapır: “Atasının ölümünə fitva verənlər hakimiyyətə gəlsələr də, taxt-tacda altı aydan çox qala bilmirlər”.

Həqiqətən də, Uluqbəyin öldürülməsindən 6 ay sonra, 1450-ci il, may ayının 8-də saray daxilində hakimiyyət uğrunda mübarizə aparan bir qrup sui-qəsdçi Abdul Lətifi öldürdü.

Uluqbəyin öldürülməsindən sonra onun yaxın dostu astronom Əli Quşçu Abdul Lətifin ondan da intiqam alacağından ehtiyat edərək, ulduz cədvəlini, həmçinin dostunun yazdığı əsərlərin bəzilərini götürərək Həccə getmək adı altında Səmərqəndi tərk etdi. O, İstanbula gəlir və burada dostunun və müəlliminin ulduzlarla bağlı əsərlərini çap etdirməyə başlayır. Məhz onun səyləri nəticəsində Avropa Uluqbəylə yaxından tanış olur və onun ulduzların öyrənilməsinə həsr edilən əsərlərini müxtəlif dillərə tərcümə edirlər. Bu əsərlər Uluqbəyə Avropada və dünyada böyük şöhrət gətirir. Əli Quşçu 1470-ci ildə İstanbulda Aya Sofiya mədrəsəsinə professor təyin edilir. Necə deyərlər, Uluqbəyin Türküstanda başlatdığı böyük elmi astronomik tədqiqatları o burada davam etdirməyə başlayır.

Təəssüflər olsun ki, Uluqbəyin özündən sonra qoyub getdiyi rəsədxana sonralar əhali tərəfindən dağıdıldı və onun qalıqlarını itirmək  məqsədi ilə üstünə torpaq tökdülər. Yalnız xeyli sonralar 1908-ci ildə arxeoloq V. L. Vyatkin, çox çətinliklə də olsa, rəsədxananın yerini müəyyən edə bildi. Onun rəhbərliyi altında aparılan uzunmüddətli qazıntılar sonda öz bəhrəsini verdi, rəsədxananın qalıqları aşkar edildi. SSRİ dövründə bu rəsədxana bərpa edildi və muzeyə çevrildi.

 

Qarşısında Avropa baş əydi

 

Uluqbəyin əsərləri ilə tanışlıq Avropada astronomiya elminin inkişafına yeni bir təkan verdi. Onun Avropada görkəmli bir astronom kimi tanınmasını 1648-ci ildə məşhur astronom Yan Hevel tərəfindən nəşr edilən “Göy ulduzlarının kataloqu” adlı əsər bir daha sübut edir. Adıçəkilən kataloqda dünyanın məşhur astronomlarının rəsmləri təsvir edilmiş qravüra var. Həmin məşhur astronomlar arasında Uluqbəy də var.

Uluqbəyin astronom kimi əldə etdiyi uğurlar Avropada ona böyük şöhrət qazandırdı. 1830-cu ildə onun adının əbədiləşdirilməsi qərara alındı. Böyük alman astronomu, Uluqbəyi özünə ustad hesab edən İohann Henrix fon Medler Ayda kəşf etdiyi krateri Uluqbəyin adı ilə adlandırdı. Uluqbəyin əsərləri dəfələrlə Avropada nəşr olunub və indinin özündə belə, Avropa astronomları onu hörmətlə yad etməkdədirlər.

 

Uluqbəy irsi yaşamaqda davam edir

 

Uluqbəy yalnız böyük astronom deyil, həm də mahir riyaziyyatçı idi. O, bu günümüzdə belə, dərslik kimi istifadə edilən triqonometrik əsərlərin müəllifidir. Çünki astronomiya ilə triqonometriya əkiz qardaşlara bənzəyir. Məhz riyazi hesablamalar yolu ilə ulduzların hərəkət trayektoriyasını tədqiq etmək və öyrənmək mümkündür.

Uluqbəyin digər xidməti çoxsaylı kitabxanalar inşa etdirməsi ilə bağlı idi. O, bu kitabxanalara Çindən, Hindistandan, Ərəbistandan və digər yerlərdən çoxlu sayda elmi kitablar gətirtmiş, orada işləmək üçün ən məşhur alimləri ölkəsinə dəvət etmişdi. Bu da onun idarə etdiyi dövlətin nəinki Türküstanın, həm də dünyanın ən sivil inkişaf etmiş elm mərkəzlərindən birinə çevrilməsinə gətirib çıxarmışdı. Onun tərəfindən əsası qoyulan Səmərqənd məscidi o dövrdə məşhur elm mərkəzinə çevrilmişdi və Asiyanın hər yerindən oraya təhsil almağa gəlirdilər. Bu təhsil ocağına rəhbərliyi isə Uluqbəy Bursadan dəvət etdiyi məşhur şeyx və alim Bursalı Kadizadə Rumiyə tapşırmışdı.

 Yeri gəlmişkən, onu da deyək ki, Uluqbəyin sarayında çalışanlar içərisində Anadolunun müxtəlif yerlərindən, o cümlədən İstanbuldan çoxlu sayda elm adamları, memarlar, incəsənət nümayəndələri vardı. Yəni Uluqbəy Türküstanda yaşasa da, onun bütün fəaliyyəti Anadolu və digər türk elləri ilə sıx bağlı idi. Təsadüfi deyil ki, onun ölümündən sonra saraydakı elm adamları Anadoluya gələrək burada Osmanlının elmi inkişafına öz töhfələrini verdilər.

Uluqbəy bu gün türk-islam dünyasının, eləcə də bütün dünyanın ən məşhur astronomu, elm və dövlət xadimi kimi qalmaqda davam edir. Doğma vətəni Özbəkistanda onun adı əbədiləşdirilib və hər il doğum və ölüm günü xüsusi mərasimlərlə qeyd edilir.

 

 

Əziz Mustafa

 

Zaman.- 2011.-28 yanvar.- S. 7.