“Qrantların dövlətin təhlükəsizliyinə qarşı çevrilməməsi üçün şəffaflıq təmin olunmalıdır”

 

Qranta münasibət birmənalı deyil. Dünyanın hər yerində belədir. Biri deyir ki,  xarici ölkələrdən qrant alanlar öz ölkələrinin əleyhinə material toplamaqla  məşğuldurlar, başqa biri isə bütün bunları təkzib edərək, qrantın müsbət tərəflərini qabardır. Müsahibəmizin bugünkü mövzusu da qrantla bağlıdır. Türkiyəli ekspert,  professor Hanifi Saraç ilə qrantın verilmə mexanizmi ətrafında söhbətləşdik.

- Hanifi bəy, qrantla bağlı fikirlər birmənalı deyil. Əvvəlcə, qrantın nə olması və hansı məqsədlərə xidmət etməsi ilə bağlı məlumat verməyinizi xahiş edirik.

- Elmi ədəbiyyatda qrant deyildikdə sosial, texniki və elmi sahələrdə dövlət qurumlarına, universitetlərə və QHT-lərə verilən pullar nəzərdə tutulur. Bu pullar konkret olaraq bir işin icrası müqabilində ayrılır. Bəzən donor təşkilat görüləcək bütün işi maliyyələşdirir, bəzən də bir qismini. Yəni görülməli işin xərclərinin müəyyən bir hissəsi üçün qrant ayrılır, qalan hissəni isə icraçı təşkilat özü təmin edir. Böyük məbləğli qrant verən donor təşkilatlar kimi Avropa Birliyi (AB), BMT, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu iqtisadiyyata, elmə, kənd təsərrüfatına, ekoloji problemlərin həllinə, insan resurslarına çox ciddi maliyyə ayırırlar. Donorlar hər il layihə müsabiqəsi elan edirlər, standartlara cavab verən təkliflər bir müddət sonra təsdiqlənir və icraya yönəldilir.

- Qrant vermək ənənəsi hansı zərurətdən ortaya çıxıb?

- Bu, ölkələrin ortaq razılığı ilə baş tutur. Yəni ölkələr könüllü şəkildə beynəlxalq bir fond təsis edirlər və bu fonda pul köçürürlər. Sonradan bu pul bir az əvvəl qeyd etdiyim məqsədlər üçün istifadə olunur. Sərf olunan pullar elmin və təcrübənin beynəlxalq səviyyədə mübadilə olunmasına xidmət edir. Bu, həm də beynəlxalq əməkdaşlığı gücləndirir.

- Amma qrantları yalnız beynəlxalq təşkilatlar deyil, həm də ayrı-ayrı dövlətlər və qurumlar da verir. Bəs bunların məqsədləri nədir?

- Bir nümunə çəkim. Məsələn, Türkiyədə elmi araşdırma qurumu olan TÜBİTAK var. Çox ciddi layihələr həyata keçirir; Türkiyənin milli-mənəvi dəyərlərini gücləndirmək, milli layihələrə dəstək vermək, məlumat bazasını genişləndirmək və bu məlumatları xalqa çatdıraraq onların hüquq və azadlıqlarını, cəmiyyət və dövlət qarşısında vəzifələrini dərk etmələri üçün təqdirəlayiq işlər görür. Bu qurum xalqı maarifləndirmək, işsizliyi azaltmaqla, yoxsulluğun qarşısını almaqla, sosial layihələr vasitəsilə qadınların, uşaqların və şikəstlərin sosial aktivliyini təmin etməyə və maarifləndirmə yolu ilə onların əsl vətəndaş kimi formalaşmalarına kömək edir.

- Siyasi məqsədli qrantlar da ayrılır. Bəs belə qrantları necə qiymətləndirmək lazımdır?

- Sosial-siyasi məqsədli qrantların ayrılmasında məqsəd xalqı maarifləndirmək, onlara öz siyasi hüquqlarını, seçmək və seçilmək hüquqlarını başa salmaq, həmçinin cəmiyyətdə yüksək siyasi mədəniyyət formalaşdırmaqdır. Siyasi cəhətdən maariflənmiş vətəndaşlar hansı siyasi partiyanın daha səmərəli fəaliyyət göstərdiyini daha yaxşı başa düşürlər və bu da düzgün seçimə təsir edir.

- Bəzən belə fikirlər də səsləndirilir ki, xarici ölkələrin verdiyi qrantlar xüsusi siyasi maraqlara xidmət edir. Yəni qrant adı altında müəyyən QHT-lər maliyyələşdirilir və bu QHT-lər də bir növ öz donorları üçün gizli agent şəbəkəsi funksiyasını həyata keçirirlər. Siz bu fikirlərlə razısınızmı?

- Belə məqsədlər üçün qrantların ayrılması istisna deyil. Bu, əlbəttə ki, dövlət və onun mənafeyi üçün təhlükəlidir. Bunun qarşısını almaq üçün QHT-lərin fəaliyyətinin şəffaflığı təmin olunmalıdır. Şəffaflıq şəraitində QHT-lərin öz ölkələrinin təhlükəsizliyinə təhlükə törədən planlara alət olmalarının qarşısı alınar.

- Şəffaflığı necə təmin etmək olar?

- Bir qayda olaraq, qrantların şəffaf olaraq verilməsi nəzərdə tutulur. Layihələr qrant verən təşkilatların rəsmi internet saytında elan olunur. Elan edilən mövzularda layihələr yazılıb, həmin təşkilatlara göndərilir. Xüsusilə qeyd edim ki, layihə ilə bağlı təqdim olunan informasiyaların hamısı ictimaiyyət üçün açıq olmalıdır. Hər kəs bu məlumatları ala bilməlidir. Əgər hansısa layihədə məxfi və ya tam açıq olmayan məqamlar varsa, demək ki, həmin layihədən şübhələnmək lazımdır.

Bu məsələdə dövlətin üzərinə böyük yük düşür. QHT-lərə nəzarətlə bağlı qanunların işlək olması çox vacib amildir. Dövlət özü təşkilatların haradan, necə maliyyələşmələrinə nəzarət etməlidir. Çünki bu, dövlət üçün çox ciddi problemlərə səbəb ola bilər. Nəzarətsizlik şəraitində dövlətlər bir-birilərinin daxili işlərinə qarışa və ölkə daxilində təxribat törədə bilərlər.

- Məlumdur ki, adətən, inkişaf etmiş ölkələr (İEÖ) inkişaf etməkdə olan ölkələrə (İEOÖ) qrant ayırırlar. Bu baxımdan İEOÖ-nün özlərindən güclü olan ölkələrə nəzarət etmək imkanları daha zəif deyilmi?

- Razıyam. Ancaq çox şey dövlətin özündən asılıdır. Əgər bu cür fəaliyyətlər dövlət səviyyəsində və ya dövlətin məlumatı daxilində aparılarsa, bunda dövlət üçün, onun təhlükəsizliyi üçün heç bir təhdid yoxdur. Əksinə, ortaq layihələrdən və əməkdaşlıqdan dövlətlər qarşılıqlı mənfəət əldə etmiş olarlar. Qeyri-dövlət qurumlarına verilən qrantlara gəldikdə isə, bir az əvvəl qeyd etdiyim kimi, şəffaflıq və nəzarət çox önəmlidir.

- Ümumiyyətlə, qrantla görülən işlərin nəticələrinə nə qədər etibar etmək olar?

- Bu, sahədən sahəyə dəyişir. Ancaq normal həyata keçirilmiş layihələrdə bu, 50 faizdən aşağı düşmür. Məsələn, Türkiyə üçün bu rəqəm 75-80 faiz ətrafında dəyişir.

Layihənin səmərəliliyini, adətən, işin nəticəsinə görə ölçürlər. Əgər sadə insanlar bu layihənin nəticələrindən faydalana bilirlərsə və bu layihə onların hansısa problemini həll edirsə, çatışmazlığını aradan qaldıra bilirsə, deməli, ayrılan qrantlar öz məqsədinə xidmət edib. Bunu sorğu keçirməklə də müəyyənləşdirmək mümkündür.

- Qrant sahəsində səmərəliliyi təmin etmək üçün nələrə diqqət etmək lazımdır?

- Bu məsələ bir az da qrantın ayrıldığı sahədən asılıdır. Məsələn, siz Afrikanın hər hansı ölkəsində təhsil sahəsində bir layihə həyata keçirirsiniz. Əgər siz oradakı fəaliyyətinizi 2 ilə tamamlayıb geri dönsəniz və bir daha geri qayıtmasanız, müvəffəq ola bilməzsiniz. Yəni təhsildə istənilən nəticənin əldə oluna bilməsi üçün uzunmüddətli fəaliyyət planı nəzərdə tutulmalıdır. Donor təşkilatlar da bu məsələyə bu aspektdən yanaşmalıdırlar. Amma texnologiya sahəsində hər hansı bir layihə gerçəkləşdirilirsə, bu sahədə 6 ay, ya da 1 ilə uğur əldə etmək olar.

- Türkiyədə, Avropada bu məsələ çox inkişaf edib. Ancaq Azərbaycanda və digər İEOÖ-də qranta daha çox şəxsi gəlir qaynağı kimi baxırlar. Bu baxımdan İEOÖ-yə nələri tövsiyə edərdiniz?

- Türkiyədə də bu məsələ ilk vaxtlar belə idi. Ona görə də prosesə nəzarət etmək üçün müstəqil nəzarətedici qurumlar təşkil olunmalı və hər 3 və ya 6 aydan bir hesabatların verilməsi təmin olunmalıdır. Pulun necə xərclənməsi, fəaliyyətin necə təşkil olunması yerində öyrənilməlidir. Nəzarətlə bağlı həyata keçirilən bütün fəaliyyətlər sənədlərlə əsaslandırılmalıdır.

Onu da vurğulamaq lazımdır ki, əlbəttə, qrantlardan kimlərsə öz dolanışığını təmin edə bilər. Bu, təbiidir. Ona görə də qrant layihəsinin xərclər hissəsində bu, maaş formasında öz əksini tapır. Ancaq bu, 30 faizdən çox olmamalıdır. Hətta donorlar layihənin ümumi məbləğinin 10 faizi həcmində maaşdan əlavə xərcləmələri də nəzərdə tuturlar. Bütün bunlarla belə, yenə də sırf iş üçün ayrılmış pula göz dikənlər varsa, bu, anormal haldır. Donorlar, adətən, belə halların qarşısını almaq üçün bir neçə təşkilat tərəfindən hazırlanan ortaq layihələrə üstünlük verirlər. Çünki ortağı çox olan layihələr daha şəffaf olur.

- Bir reallıq da var ki, qrantlar daha çox müxalifyönlü qurumlara, təşkilatlara ayrılır. Bu barədə nə deyə bilərsiniz?

- Düzdür, böyük dövlətlər iqtisadi, siyasi maraqları olan dövlətlərin müxalif qurumlarına böyük vəsaitlər ayırırlar. Bunu, adətən, alternativ fikir əldə etmək üçün edirlər. Bundan da həmin dövlətə təzyiq göstərmək, öz iqtisadi, siyasi maraqlarını gerçəkləşdirmək üçün istifadə edirlər. Bu vəziyyətdən əsas çıxış yolu xalqın maariflənməsidir. Maariflənmiş xalq xarici təsirlərin altına daha az düşür. Bütün vətəndaşlar, o cümlədən həm iqtidar, həm də müxalifət dövlətin əsas maraqlarını bilməli, onun təhlükəsizliyini ümummilli məsələ hesab edərək, belə pis niyyətli xarici buyruqçulara alət olmamalıdır.

- Hər dövlətin özünün qrant fondunu formalaşdırması fikrinə necə baxırsınız? Məsələn, Azərbaycanda belə bir fond fəaliyyət göstərir.

- Bu, əla fikirdir. Məncə, hər bir dövlət orqanı və ya nazirlik də öz vəsaitləri hesabına fondlar təşkil etməli və həmin fondlar vasitəsilə ayrı-ayrı təşkilatlara layihələr verərək, mövcud problemləri özü tədqiq etməlidir. Bu yolla dövlət təhsil, iqtisadiyyat, kənd təsərrüfatı, ticarət, hətta daxili və xarici siyasətlə bağlı problemləri kənar müdaxiləyə zəmin yaratmadan özü həll edə bilər. Yerli iş adamları da bu işə cəlb oluna bilərlər.

 

 

Natiq Pənahlı

 

Zaman.- 2011.- 29-31 yanvar.- S. 5.