Dini biliklər kifayət qədər olmadığı üçün hələ də xurafatçılıq meyilləri var

 

 NATIQ PƏNAHLI BAKI

 

 

Son vaxtlar cəmiyyətimizdə milli-mənəvi, o cümlədən dini dəyərlərlə bağlı müxtəlif mövqelər ortaya qoyulur. Bu mövqelər əsasən sözügedən dəyərlərin mövcud vəziyyəti ilə bağlıdır.

- Hidayət müəllim, vətənpərvərlik ruhunun formalaşmasında milli-mənəvi dəyərlərin rolunu nədə görürsünüz?

- Əvvəla, qeyd etmək lazımdır ki, ölkəmizin uğurlu gələcəyi üçün gənclərin müasirliyi, yüksək təhsili, işgüzarlıq keyfiyyətləri qədər, milli-mənəvi dəyərlərə sadiq vətənpərvər ruhda yetişmələri önəmlidir. Sevindirici haldır ki, milli dini dəyərlərimiz zaman keçdikcə çulğaşıb bütövləşib. Vətənimizə göz dikən yadellilərə qarşı mübarizədə dini dəyərlərimiz həmişə milli ruhumuza dayaq olub, xalqımızın rifahına xidmət edib.

Ancaq gənc nəslin zərərli təsirlərdən qorunması, milli-mənəvi dəyərlərə sadiq, nümunəvi vətəndaş kimi tərbiyə edilməsi vəzifəsi dünyanın sürətlə qloballaşdığı, elmi-texniki tərəqqinin yüksək nailiyyətlər qazandığı dövrdə daha da aktuallaşır. Gənc nəsildə yüksək mənəvi keyfiyyətlər formalaşdırmaq üçün cəmiyyətin şüurlu, məqsədyönlü fəaliyyətinin zəruriliyi ildən-ilə artır.

Milli-mənəvi, o cümlədən dini dəyərlərin bir faydası da ondan ibarətdir ki, bu dəyərlər gənclərimizi bir çox zərərli vərdişlərdən - alkoqollu içkilərdən, narkotik maddələrdən, eləcə cəmiyyətdə tez-tez rast gəlinən bir sıra sosial bəlalardan çəkindirir, onlara birlik, vətənpərvərlik hissləri aşılayır. Beləliklə, düzgün mənəvi mühit gənclərin həm fiziki, həm mənəvi cəhətdən formalaşmasında mühüm rol oynaya bilər. Əslində din bu sahədə böyük potensiala malikdir. Bu potensialdan düzgün istifadə etmək lazımdır

- Ancaq müəyyən qüvvələrin gəncləri öz təsirləri altına salmaları da hər zaman üçün realdır. Bu məsələdə bəzən dini-mənəvi dəyərlərdən istifadə edirlər.

- Bu problemin qarşısını almaq üçün gənclərin zərərli təsirlərdən qorunması əsas strateji prioritet istiqamətlərdən olmalıdır. Burada isə, ilk növbədə, dini-mənəvi sahədə güclü maarifçilik işinin zəruriliyi ön plana çıxır.

Din sahəsində əsas vəzifələrdən biri dinin siyasiləşdirilməsinə cəhd göstərən dairələrin gəncləri öz təsirləri altına salmasının onların enerjisindən öz məqsədləri üçün istifadə etməsinin qarşısının alınmasıdır. Cəmiyyətimizin dini bilikləri kifayət qədər olmadığı üçün hələ xurafatçılıq meyilləri, dindən şəxsi qrup maraqları üçün istifadə cəhdləri var.

Bu məsələdə din sahəsində milli kadrların az olması da bir problem kimi qarşımıza çıxır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xeyli sayda gənc qeyri-dövlət xətti ilə xaricdə dini təhsilə cəlb olunub. Amma təəssüf ki, onların böyük əksəriyyəti təhsil aldıqları xarici ölkələrin ideologiyasının təəssübkeş təbliğatçısına çevriliblər. Bu baxımdan milli ideologiyamıza sadiq gənc, vətənvərvər kadrların hazırlanması qarşıda duran əsas vəzifələrdəndir. Eyni zamanda dini dəyərlərin təbliği ilə məşğul olanların, xüsusən, vətənpərvərlik keyfiyyətləri, dövlətçiliyə münasibətləri nəzərə alınmalıdır.

Dini həyat tərzinə üstünlük verən gənclərin dünyagörüşünün vətənpərvərlik ruhunda formalaşması böyük önəm daşıyır. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş milli qəhrəmanlarımız öz həyatları bahasına misilsiz vətənpərvərlik nümunələri ortaya qoyublar. Belə dəyərli vətən övladlarının xatirəsinin əziz tutulması gənc nəslə örnək kimi təbliğ edilməsi mühüm əhəmiyyət daşıyır.

- Bu məsələdə dövlətin üzərinə hansı vəzifələr düşür?

- İnformasiya bolluğu şəraitində dövlətin əsas vəzifələrindən biri gənclərə düzgün seçim etməkdə yardımçı olmaqdır. İnkişaf prosesinin özü müəyyən ziddiyyətlər yaradır. Bunun başlıca səbəbi tərbiyə prosesinin obyektiv əsası kimi insanların sosial həyatının mürəkkəbləşməsidir. Bu baxımdan gənc nəslin formalaşması şəraiti yaxşılaşmaqla yanaşı, həm mürəkkəbləşir. Bunun əsas səbəblərindən biri informasiya bolluğu şəraitində gənclərin mənəvi düşüncələrinin formalaşmasında əsas qaynaq rolunu oynayan məlumat mənbələrinin müxtəlifliyi, bəzi hallarda bir-biri ilə ziddiyyət təşkil etməsi daha təhlükəlisi isə siyasi məqsədlərə alət edilməsidir. Bu şəraitdə isə dövlətin əsas vəzifəsi dinin siyasiləşdirilməsinin qarşısını almaq, din, məzhəb təəssübkeşliyinin saf dini-mənəvi, əxlaqi dəyərləri üstələməsinə yol verməməkdir.

Dinin saflığının qorunması siyasi məqsədlərin alətinə çevrilməməsi üçün maarifləndirmə işilərinin aparılmasının müsbət yönlərindən biri budur ki, zərərli tendensiyalar, məkrli niyyətlər barədə ictimaiyyətin müntəzəm məlumatlandırılması onlarla mübarizədə ictimai qınağın rolunun artmasına, inzibati üsulların yükünün azalmasına səbəb olur. Beləliklə, qanuna riayət olunması məcburiyyət deyil, daxili tələbat zəminində reallaşır.

Onu da qeyd edim ki, cəmiyyətin hazırkı mərhələsində gənc nəslin inkişafı üçün ölkəmizdə əlverişli şərait var. İndi respublikamızda iqtisadi, sosial-siyasi, ideoloji vəzifələr uğurla həyata keçirilir, cəmiyyətin mədəni səviyyəsi, maddi rifah halı yüksəlir. Dövlət milli-mənəvi dəyərlərin qorunmasına, dini-tarixi abidələrin bərpasına xüsusi qayğı göstərir.

Azərbaycanda tarixən formalaşmış xalqımızın xarakterik xüsusiyyətinə çevrilmiş tolerantlıq ənənələri bu gün daha da möhkəmləndirilir. Ölkədə dinlər konfessiyalararası münasibətlərin, tolerantlıq ənənələrinin yüksək səviyyədə qorunub saxlanılması məqsədilə ciddi işlər görülür. Bu ənənənin dəyərinin dərk olunaraq gələcəkdə yaşadılması yetişən gəncliyin formalaşdığı mühitə birbaşa bağlıdır.

- Dini-milli dəyərlərilə milli mentalitetimizdə mövcud olan adət-ənənələr arasındakı münasibətlər, xüsusilə müasir dövrümüzdə, sizcə, necə qurulmalıdır?

- Əvvəla, qeyd edim ki, adət-ənənələrə çağdaş dünyanın reallıqlarını nəzərə alaraq yanaşmaq lazımdır. Adət-ənənələrə müzakirələrə açıq dəyərlər sistemi kimi yanaşıldığı təqdirdə, ictimai şüurun sağlam inkişafından söhbət gedə bilər. Tarixin sınaqlarından uğurla keçərək özünü doğrultmuş, günün reallıqları ilə ayaqlaşan, sosial münasibətlərə müsbət təsir göstərən müəyyən dərəcədə ictimai münasibətləri tənzimləyən dəyərlərin qorunması, mənfi təzahürlərin isə tədricən aradan qaldırılması müasir cəmiyyət quruculuğu üçün zəruri amillərdəndir.

Milli-mənəvi dəyərlərin mahiyyəti müasir dövrdə cəmiyyət, əsasən də gənclər tərəfindən düzgün dərk olunmalı, özünü doğrultmayan və ictimai qınağa səbəb olan bəzi xoşagəlməz meyillərin adət halına keçməsinin qarşısı alınmalı və ictimai şüur tərəfindən təqdir olunan, cəmiyyətə fayda gətirən ənənələr daha da inkişaf etdirilməlidir.

Əlbəttə, müsbət adətlərimiz də çoxdur: valideynlərə, böyüklərə hörmət, qohumlara, qonşulara xoş münasibət, tolerantlıq, qonaqpərvərlik, vətənpərvərlik, kasıblara əl tutmaq və digər ənənələrimiz milli şüurumuzda insanpərvərliyə verilən yüksək dəyərdən xəbər verir. Bunlarla yanaşı, xoşagəlməz adətlərimiz də var. Məsələn, toy və yas mərasimlərində ifratçılıqla müşayiət olunan təmtəraqlı məclislərin keçirilməsinin adətə çevrilməsi. Belə ənənələrdən imtina etməliyik.

- Azərbaycan dövlətçiliyi baxımından gənc nəslin dini fəaliyyət sahəsində prioritetləri nədən ibarət olmalıdır?

- Əvvəla, unutmayaq ki, Azərbaycan dünyəvi, unitar və demokratik dövlətdir. Dünyəvilik Azərbaycan xalqının öz seçimidir və bu seçim dəyişməzdir. Din pərdəsi adı altında Azərbaycanda dünyəviliyin zəiflədilməsinə imkan verilməməlidir.

İkinci, İslam bizim milli ideologiyamız deyil, amma milli ideologiyamızın ayrılmaz tərkib hissəsidir. Bu baxımdan İslam dövlətimizin zəifləməsinə yox, güclənməsinə xidmət etməlidir.

Üçüncü, din pərdəsi altında zərərli meyillərin, radikal, ekstremist ideyaların təbliğinin qarşısı alınmalı, xarici ölkələrin Azərbaycandakı dini duruma müdaxiləsi tamamilə aradan qaldırılmalıdır.

Dördüncü, din sahəsində milli kadrların yetişməsi, cəmiyyətin dini biliklərinin artırılması, milli-mənəvi dəyərlərin yaşadılması nəticəsində dünyəvi olduğu qədər milli, milli olduğu qədər də müasir dindar təbəqə formalaşdırılmalıdır.

Beşinci, mədəniyyətlər və dinlərarası dialoqun zərurətə çevrilməsi fonunda Azərbaycanın bu hərəkatın mərkəzində olması, ölkəmizin dövlət-din münasibətləri modelinin təbliği prioritet istiqamətlərdən biri kimi həyata keçirilməlidir.

Altıncı, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinə əsassız mühafizəkarlıq və ifrat müasirlik mövqeyindən deyil, çağdaş dünyaya inteqrasiya fonunda milli kimliyi qoruyub saxlamaq və milli ideologiya konsepsiyasının tərkib hissəsi kimi yanaşılmalıdır.

 

 

Zaman.-2012.-10-11 aprel.-S.8.