“Azərbaycan Avropa ailəsinin ən dəyərli üzvlərindən biridir

 

Hazırda xarici kütləvi informasiya vasitələrində Azərbaycan əleyhinə kampaniya aparıldığını müşahidə etmək olar. Qərbin İranla münasibətlərindəki gərginlikdən istifadə edib, Cənubi Qafqazda qeyri-sabitlik yaratmaq istəyənlərin fəallaşdığı hiss olunur. Belə bir şəraitdə regiondakı ictimai-siyasi vəziyyətə aydınlıq gətirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova müraciət etdik.

- Əli müəllim, son vaxtlar xarici nəşrlərdə Azərbaycanla bağlı əsassız bir iddia yer alıb. Söhbət Birləşmiş Ştatlarda nəşr olunan “Foreign Policy” dərgisində Azərbaycanın öz hava limanlarını İsrailin sərəncamına verməsi iddiasından gedir. Bu iddiaya artıq rəsmi Bakı dərginin redaksiyasına etiraz məktubu göndərməklə cavab verib. Sizin bu iddia ilə bağlı mövqeyinizi bilmək istərdik. Bu iddianın ortaya atılmasında maraqlı olan qüvvələrin məqsədi nə ola bilər?

- Təəssüflər olsun ki, son zamanlar bu tip yazılar təkcə “Foreign Policy” dərgisində deyil, çox ciddi ölkələrin, bəlli zamanlarda ciddi imic qazanmış kütləvi informasiya vasitələrində yer alır, sızdırılır və istifadə olunmağa çalışılır. Məqsəd Azərbaycanla İran arasında münasibətləri korlamaq, gərginləşdirmək, iki ölkənin bir-birilə bağlı illərdən bəri qoruyub saxladıqları, bir-birinin ərazisindən digərinə qarşı istifadə etməmək, bir ölkənin maraqları digər ölkədə nəzərə alınmaq kimi prinsipləri pozmaqdan ibarətdir. Birmənalı şəkildə yalan informasiyadır və heç bir əsası yoxdur. Gördüyünüz kimi, bir neçə gündən sonra bu informasiyanın heç bir bəlli mənbəyə söykənmədiyi ilə bağlı ABŞ-ın da bəyanatı oldu, bizim də bəyanatımız oldu. Azərbaycan dövləti özünün qonşularla münasibətində, xarici siyasətində tərəfsizlik prinsipinə sadiqdir və sadiq olaraq qalacaq. Gələcəkdə də bu siyasət belə olacaq. Biz heç bir zaman icazə verə bilmərik ki, Azərbaycan ərazisindən onun qonşularına - İrana, Rusiyaya, Türkiyəyə, Gürcüstana, nə də başqalarına qarşı istifadə olunsun. Bu informasiyaların yeganə məqsədi Azərbaycanla-İran arasındakı münasibətləri gərginləşdirməkdir. Bu gərginlikdən bəlli dairələr öz maraqları istiqamətində istifadə etmək istəyirlər.

- İran-Azərbaycan münasibətlərindən söz düşmüşkən, son müsahibələrinizin birində bildirmisiniz ki, bu münasibətlərin pozulmasında İranın daxilində də maraqlı qüvvələr var . Ümumiyyətlə, baş verən son hadisələr və beynəlxalq mətbuatda yayılan xəbərlər bu münasibətlərə necə təsir edib və Tehran-Bakı əlaqələrinin indiki səviyyəsini necə qiymətləndirmək olar?

- Bilirsiz, həm İranın, həm Azərbaycanın daxilində və xaricində bəlli qüvvələr var ki, bu ölkələr arasında situasiyadan, regional proseslərdə baş verən hadisələrdən, xüsusən də bu hadisələr ciddi geosiyasi, geoiqtisadi, geohərbi və strateji yük daşıyırsa, öz xeyirləri, öz hakimiyyət ambisiyaları çərçivəsində istifadə etməyə çalışırlar. Biz İranın daxili işinə qarışmırıq. İranda hansı qüvvələr hansı mövqedədirlər, ölkənin bu gün və gələcəyi ilə bağlı hansı siyasəti sərgiləyirlər, əhalinin onlara münasibəti necədir? Bu, onların işidirbiz qətiyyən bu işə qarışmırıq. Biz iranlı dostlarımızdan da tələb edirik ki, onlar da azərbaycanın daxilində gedən proseslərə qarışmasınlar. Bu ölkədə siyasət necə qurulur, dövlətin dünyəvi rejimi necə tənzimlənir, qanunlar necə qəbul olunur, bu da bizim daxili işimizdir. Əhalinin iradəsi burada bizim üçün ali məqsəddir və əhalinin iradəsinə hörmət etməyi biz iranlı dostlarımızdan tələb edirik. Eyni zamanda bu münasibətlərdə xarici müdaxilələr də müşahidə olunur. Azərbaycan ərazisindən İrana qarşı, eyni zamanda bəlli məqamlarda da İran ərazisindən Azərbaycana qarşı istifadə etməyin mümkün olmaması İranda marağı olan hərbi-geostrateji dairələrin, eləcə də Azərbaycanda marağı olan hərbi-geostrateji dairələrin maraqlarına cavab vermir. Ona görə də həmin qüvvələr, belə deyək, bizim qoyduğumuz müəyyən normaları pozmağa çalışırlar. Azərbaycanın xarici siyasətinin prinsipləri ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən olunub . Regionda biz tərəfsiz siyasət yürüdürük, regionda biz əməkdaşlıq mühiti üçün istənilən xarici ölkəyə, beynəlxalq birliyə şərait yaradırıq. Biz istəyirik ki, Cənubi Qafqaz əməkdaşlıq mərkəzinə çevrilsin, Cənubi Qafqaz mədəniyyətlərarası dialoq mərkəzinə çevirilsin, Cənubi Qafqazda mövcud olan enerji resursları, Cənubi Qafqazın geosiyasi imkanları, hərbi geostrateji hədəfləri insanların qarşıdurmasına, insanlara bədbəxtlik, faciə gətirən hadisələrə deyil, insanları firavan istiqamətə yönəltsin. Ona görə də Azərbaycanın siyasəti bu gün də, gələcəkdə də belə olacaq . Azərbaycan istəyir ki, Cənubi Qafqazda heç bir xarici hərbi baza olmasın, heç bir xarici ölkə burada yerli ölkələri özlərinin hərbi geostrateji maraqları çərçivəsinə çəkməsinlər və bu ölkələr arasında normal sülh yaransın. Tarix boyu biz Cənubi Qafqazda yaşamışıq, bundan sonra da yaşayacağıq. Bizim siyasətimiz sülh mahiyyəti daşıyır.

- Azərbaycanda keçiriləcək “Avroviziya” mahnı yarışması öncəsi bir sıra xarici mətbu orqanlar Azərbaycanın əleyhinə yazılar dərc edir, xüsusilə də alman mediası bu sahədə özünü daha fəal göstərir. Siz bu kampaniya haqda nə deyə bilərsiniz?

- Burada da, belə deyək, prosesin formulası aydındır. Cəmi 20 illik müstəqillik tarixi olan bir dövlət, bir ilin içərisində Avropanın ən nüfuzlu mükafatını qazanır. Qısa müddətdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilir. Qısa müddətdə bu ölkənin internet domenində bütün dünya vətəndaşlarının sorğuları öz əksini tapır, hamı bu ölkə ilə, bu ölkənin siyasi quruluşu ilə, mədəniyyəti ilə, xalqı ilə, xalqının davranışı ilə, ictimai-siyasi mühiti ilə maraqlanır. Əlbəttə, bu bəzi dairələri, xüsusən antiazərbaycan dairələrini qane edə bilməzdi. Biz əvvəlcədən gözləyirdik ki, hər bir müvəffəqiyyətin arxasında bəlli problemlər yarana bilər. bizim bu uğurlara dözə bilməyən dairələr antiazərbaycan kampaniyasına başladılar. Yadınızdadırsa, kampaniyanın birinci dalğası o idi ki, Azərbaycan cəmiyyəti tolerant cəmiyyət deyil. Avroviziyamüsabiqəsi tolerant kosmopolit fərqli insanların qatılacağı bir müsabiqədir guya Azərbaycan cəmiyyəti bunları qəbul etmir. Biz cəmiyyətimizin tolerantlığını dünyaya sübut etməyə çalışdıq. Onun ardınca xəbər yayıldı ki, Azərbaycanda heyvanlara qarşı antiheyvani münasibət var, guya Bakıda itlər güllələnir, heyvanlara əziyyət verilir. Bu da bir kampaniya idi ki, antiazərbaycan qüvvələri tərəfindən həyata keçirilirdi. Bunun da qarşısını aldıq. İndi Azərbaycanda insan hüquqlarının, mətbuat azadlığının pozulması ilə bağlı kampaniyaya başlayıblar. Avroviziya” müsabiqəsini siyasiləşdirərək, bunun Azərbaycana gətirəcəyi müsbət imicə qarşı qabaqlayıcı tədbirlər görürlər. Əlbəttə, biz bunu da aradan qaldıracağıq. mayda bütün dünyaya sübut edəcəyik ki, Azərbaycan nəinki “Avroviziya”nın qalibi olmağa layiqdir, həm də bu tədbiri hamıdan yüksək səviyyədə keçirməyə gücü çatır, eyni zamanda Azərbaycan, sözün həqiqi mənasında, Avropa ailəsinin ən dəyərli üzvlərindən biridir.

 

 

  AYAZ MIRZƏYEV

 

  Zaman.-2012.-14-16 aprel.-S.9.