“Məqsədimiz
Şəkini çiçəklənən rayona çevirməkdir”
Respublikamızın hər yerində olduğu
kimi, son illərdə Şəkidə də geniş
abadlıq, quruculuq işləri aparılmaqda və o, gündən-günə
gözəlləşməkdədir. Buna paralel olaraq Şəki
sürətli inkişaf mərhələsinə qədəm
qoyub. Təbii ki, bu işdə rayon rəhbərliyinin
böyük xidmətləri var. Bütün bunları nəzərə
alaraq Şəki Şəhər İcra Hakimiyyətinin
başçısı Elxan Usubov cənablarına müraciət
etdik.
-
Elxan müəllim, son illərdə Şəki sürətli
inkişaf yoluna qədəm qoyub. Bu barədə birqədər
geniş məlumat versəniz, elə bilirəm ki,
oxucularımız üçün də maraqlı
olardı...
-
Bildiyiniz kimi, Şəki Azərbaycanın özünəməxsus,
bənzərsiz, zəngin adət-ənənələrə,
mədəniyyətə malik olan ən qədim şəhərlərindən
biridir. Azərbaycan müstəqilliyini əldə etdikdən,
o cümlədən ümummilli lider Heydər Əliyev Azərbaycana
yenidən rəhbərlik etməyə başlayandan sonra Şəki
özünün ikinci gənclik dövrünü
yaşamağa başladı. Bunu ulu öndərin layiqli
davamçısı olan Prezident İlham Əliyevin ötən
ilin noyabr ayının 17-də Şəkiyə etdiyi səfər
bir daha sübut etdi. Hörmətli Prezidentimiz rayonumuzda olarkən
bir sıra sosial təyinatlı obyektlərin
açılışında iştirak etmiş,
özünün tapşırıq və tövsiyələrini
vermişdir. Şəkiyə səfəri çərçivəsində
100 çarpayılıq Mərkəzi Xəstəxananın
açılışında iştirak edən dövlətimizin
başçısı Şəki ictimaiyyətinin nümayəndələri
ilə görüşündə demişdir: “Bu yaxınlarda
Şəkinin inkişafı ilə bağlı xüsusi sərəncam
verilmişdir. Bu sərəncamın çox böyük mənası
vardır. Təkcə ona görə yox ki, bu sərəncam əsasında
Şəkinin abadlaşdırılmasına və tarixi
binaların bərpasına 5 milyon manat vəsait
ayrılmışdır. Əvvəlki dövrdə də vəsait
ayrılmışdır, bundan sonra da ayrılacaqdır. Bu sərəncamın
əsas mahiyyəti ondan ibarətdir ki, biz öz tarixi
keçmişimizə, tarixi şəhərlərimizə
daha böyük diqqətlə yanaşmalıyıq... Elə
şəhərlər var ki, onların Azərbaycan tarixində,
Azərbaycan xalqının formalaşmasında, Azərbaycanda
dövlətçilik əsaslarının
yaradılmasında xüsusi rolu vardır. Şəki o şəhərlərdəndir”.
Mən
bir daha bütün şəkililər adından hörmətli
Prezidentimizə Şəkiyə və şəkililərə
göstərdiyi diqqət və qayğıya görə
xüsusi minnətdarlığımı bildirirəm. Bu
müstəvidə də mən
2011-ci ildə rayonumuzun sosial-iqtisadi inkişafını əks
etdirən faktları diqqətinizə çatdırmaq istəyirəm.
Belə ki, 2011-ci ildə istehsalın əsas sahələrində
ilkin hesablamalara görə 333 milyon 851 min manatlıq məhsul
buraxılmışdır ki, bu da 2010-cu illə müqayisədə
37,4 faiz çoxdur.
2011-ci
ildə pərakəndə əmtəə dövriyyəsi
237 milyon 165 min manat olmuşdur ki, bu da 2010-cu ilə nisbətən
9,2 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin
həcmi isə 54 milyon 740 min manat olmuşdur. Bu göstərici
də 2010-cu illə müqayisədə 21,8 faiz
artmışdır.
2011-ci
ildə rayonumuzda iqtisadi və sosial sahələrin
inkişafına bütün maliyyə mənbələri
hesabına yönəldilmiş investisiyanın həcmi 88
milyon 16 min manat olmuşdur. İstifadə
edilmiş investisiyanın 93,4 faizi dövlət mülkiyyətinin,
6,6 faizi qeyri-dövlət mülkiyyətinin payına
düşür. Əsas kapitala yönəldilmiş
investisiyanın 88,5 faizi tikinti-quraşdırma işlərinə
sərf edilmişdir. Bu əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 87,4 faiz
çoxdur. 2011-ci ildə Şəki şəhərinin
büdcəsinin yerli gəlirləri 100,8 faiz yerinə
yetirilmişdir ki, bu da 2010-cu illə müqayisədə 8,3
faiz çoxdur.
- Əhalinin sosial müdafiəsi və
işlə təminatı sahəsində vəziyyət necədir?
- Əhalinin
sosial vəziyyətinin yaxşılaşdılması məsələsi
həmişə bizim əsas diqqət mərkəzimizdədir.
Bu müstəvidə də 2011-ci ildə rayonumuzda 2341 ailəyə
Ünvanlı Dövlət Sosial Yardımı təyin olunmuşdur.
Şəki rayonu üzrə hər bir ailə üzvünə
təyin edilən Ünvanlı Dövlət Sosial
Yardımın orta aylıq məbləği 23 manat 84 qəpik, hər ailəyə
düşən orta aylıq məbləği isə 105 manat
56 qəpik təşkil
etmişdir. Qeyd etmək lazımdır ki, aztəminatlı əhali
tərəfindən xüsusilə Ünvanlı Dövlət
Sosial Yardımının alınması məqsədilə
yerli və yuxarı orqanlara müraciətlər daxil
olmaqdadır. Təhlillər
göstərir ki, əhali bu sahədə Qanunvericiliyin tələblərindən
kifayət qədər məlumatlı deyil. Şəki rayonu Əhalinin
Sosial Müdafiəsi Mərkəzi bu baxımdan əhali
arasında maarifləndirmə işini gücləndirməli, mövcud
olan neqativ halları aradan qaldırmalı, qanunvericiliyin tələblərinə
ciddi əməl etməlidir.
Dövlət
Sosial Müdafiə Fondunun Şəki Şəhər
Şöbəsi 2011-ci ildə 25 min 975 nəfər əmək
pensiyaçısına xidmət göstərmişdir. Əgər
2003-cü ildə pensiyaların orta aylıq məbləği
27 manat 19 qəpik idisə, 2012-ci il yanvarın 1-i tarixinə
bu rəqəm 135 manat 85 qəpik olmuşdur. Bu, ötən
dövr ərzində pensiyaların orta aylıq məbləğində
5 dəfə artım deməkdir. Rayonumuz üzrə 2011-ci ildə
orta aylıq əmək haqqı 211,4 manat olmuşdur ki, bu da əvvəlki
illə müqayisədə 11,9 faiz çoxdur.
Onu
da deyim ki, rayonda 2011-ci ildə 1184 yeni iş yeri
açılmışdır. Yeni açılmış
iş yerlərinin 16,2 faizi yeni yaradılmış müəssisə
və təşkilatların, 13,5 faizi mövcud müəssisə
və təşkilatların, 70,3 faizi isə fiziki şəxslərin
payına düşür.
Qeyd
edim ki, Şəki Rayon Məşğulluq Mərkəzinə
2011-ci ildə 413 nəfər işaxtaran müraciət
etmişdir. Hesabat dövründə 229 nəfər işə
düzəlmişdir. İcra Hakimiyyəti
başçısının sərəncamına əsasən
19 kvota yerinə 16 nəfər işə
götürülmüşdür.
- Səki vaxtı ilə Azərbaycanın
ən iri taxılçılıq rayonu hesab edilirdi. Bəs
hazırda bu sahədə vəziyyət necədir?
-Kənd
təsərrüfatının, o cümlədən
taxılçılığın inkişaf etdirilməsi
günümüzdə də əsas vəzifələrimizdən
biridir. 2011-ci ildə rayonumuzda kənd
təsərrüfatının inkişafı
üçün bir sıra tədbirlər həyata
keçirilmişdir. Respublikamızın ən iri
taxılçılıq rayonlarından biri olan Şəkidə
istehsal olunan taxıl ölkəmizin ümumi taxıl
istehsalının 10-15 faizini təşkil edir. 2011-ci ildə
Şəkidə 238 min 585 ton taxıl istehsal olunmuşdur. Bu,
2010-cu illə müqayisədə 100 min ton çoxdur.
Əkin
sahələrini, yaşayış məntəqələrini
sel sularından mühafizə etmək məqsədilə
Küngüt, Daşağıl, Zəyzid, Şin və
Kiş çaylarında 954 min kubmetr həcmində təmizləmə
işləri görülmüşdür.
- Şəkidə son illərdə
tikinti işləri yeni vüsət alıb. Bu baxımdan
tikinti sahəsində hansı işlər həyata
keçirilib və ya keçirilməsi nəzərdə
tutulub?
-
2011-ci ildə Şəki şəhər
İcra Hakimiyyəti başçısının sərəncamı
ilə yaradılmış Şurada rayonumuzda həyata
keçiriləcək bütün tikinti, təmir və yenidənqurma
işlərinin layihələri müzakirə edilmişdir. Kollegial
şəkildə təsdiq olunmuş layihələr əsasında
hesabat ilində Şəkidə geniş abadlıq və
quruculuq işləri aparılmışdır.
Şəhərimizdə
olarkən Prezidentimiz demişdir: “Şəki indi yeni
inkişaf mərhələsindədir. Bütün dövrlərdə
bu şəhər Azərbaycan tarixində xüsusi yerə
malik olub. Şəkinin inkişafı ilə bağlı əsas
istiqamətlər müəyyən edilmişdir. Qısa
müddət ərzində böyük layihələrin
master-planı hazırlanmışdır və mənə təqdim
edilmişdir. İndi o planın icrası
başlanmışdır”.
2011-ci
ildə tikinti, abadlıq-quruculuq sahəsində əsasən
aşağıdakı işlər
görülmüşdür:
Mirzə
Fətəli Axundov adına mədəniyyət və istirahət
parkında, şəhərimizin mərkəzində yerləşən
Axundov büstünün ətrafında, Mirzə Fətəli
Axundovun ev muzeyində abadlıq və yenidənqurma işləri
aparılmış, M.F.
Axundov prospektində yerləşən
bir sıra binaların dam örtükləri, fasadları
öz əvvəlki görünüşündə bərpa
edilib.
Salman
Mümtaz küçəsində yaşıllıq
zolağının yaradılması və yağış
sularının axıdılması üçün arxlar
tikilib, Heydər Əliyev və M.Ə. Rəsulzadə
prospektlərində yol kənarı məhəllə
divarlarının daş və kərpiclə üzlənməsi
işləri aparılıb, həyətlərə giriş
darvazaları qədim memarlıq üslubunda, əsaslı surətdə
bərpa edilib.
Salman
Mümtaz küçəsində, Oğuz şossesində yol
ayrıcında dairələrin yenidən qurulması başa
çatdırılmış,
Oğuz şossesində körpü
quraşdırılmış və bu əraziyə çəkilmiş
yola asfalt döşənmişdir.
H.Əliyev,
M.Ə.Rəsulzadə, M.F.Axundov prospektlərində, Salman
Mümtaz küçəsində müasir
işıqlandırma sisteminin qurulması işi
aparılıb, yeni yaşıllıq zolaqlarının,
kiçik parkların salınması diqqət mərkəzində
saxlanılıb, bir sıra çoxmərtəbəli ictimai
yaşayış binalarının dam örtükləri,
fasadları əsaslı təmir edilib.
Qeyd
etmək istəyirəm ki, Şəki Şəhər
İcra Hakimiyyəti ilə
Arxitektura Şəhərsalma Komitəsi birlikdə Şəki
şəhərinin Baş Planını
hazırlamışdır. Baş Plana əsasən bir
sıra infrakstruktur layihələrin həyata keçirilməsi,
həmçinin, şəhərin qərbə doğru
genişlənməsi, perspektivdə Oxud, İnçə,
Kiş, Qoxmuq kəndlərinin də şəhər ərazisinə
daxil olması nəzərdə tutulmuşdur. Heydər Əliyev
Mərkəzinin, Bayraq Meydanının, Şəki Şəhər
İcra Hakimiyyəti üçün yeni inzibati binanın
inşası da nəzərdə tutulmuşdur. Təəssüflə
qeyd etmək lazımdır ki, şəhərimizin Salman
Mümtaz, 20 Yanvar və digər küçələrində
inşa edilən ticarət və sosial təyinatlı obyektlər qaz xəttinin
və yüksək gərginlikli elektrik xətlərinin
altında inşa edilmişdir. Bütün qanunsuz tikililər
həm, əhalinin gediş-gəlişi üçün
narahatlıq yaradır, həm də orada işləyən
insanların, ətrafda yaşayan əhalinin həyatı
üçün birbaşa təhlükə törədir.
İl ərzində şəhərimizin gözəlliyinə
xələl gətirən bu kimi obyektlər qanuni şəkildə
söküləcək, onlar üçün əlavə yerlər
ayrılacaqdır. 2012-ci ildə
Qarabağ müharibəsi əlilləri və şəhid
ailələri üçün 36 mənzilli
yaşayış binasının, qəzalı vəziyyətdə
olan yaşayış evlərindən köçürülən
sakinlər üçün 24 mənzilli yaşayış
evinin, yetkinlik yaşına çatmayan uşaqlar
üçün 30 yerlik ixtisaslaşdırılmış
reabilitasiya mərkəzi və 25 yerlik sosial
sığınacağın tikintisi nəzərdə tutulub.
Eyni zamanda Şəki Dövlət Dram Teatrının və
M.F Axundov adına kinoteatrın, bir sıra yaşayış
binalarının fasadlarının və dam örtüklərinin
əsaslı təmir edilməsi,
ictimai binaların həyətlərində sakinlərin öz
şəxsi vəsaiti hesabına tikilmiş və camaat
arasında “Xeyir-şər” evləri adlanan tikililərin də
təmiri, yenilərinin tikilməsi, sadə idman
qurğularının quraşdırılması və idman
meydançalarının yaradılması da
planımızdadır. Bizim əsas məqsədimiz Şəkini
yenidən respublikamızin ən inkişaf etmiş
çiçəklənən rayonuna çevirməkdir.
- Əhalinin elektrik enerjisi ilə təminatı
və qazlaşma sahəsində
hansı işlər görülüb?
-
2011-ci ildə kommunal xidmət sahələrinin fəaliyyətinin
günün tələbləri səviyyəsinə
çatdırılması üçün müəyyən
işlər görülmüş, əhalinin fasiləsiz
elektrik enerjisi və təbii qazla təchizatı səviyyəsinin
yüksəldilməsi daim diqqət mərkəzində
saxlanmışdır. Amma Şəki Elektrik Şəbəkəsinin
rəhbərliyinin işinə səhlənkar
yanaşmasının nəticəsidir ki, əhali sektoru
üzrə 38 min 335 abonentin cəmi 78-85 %-i ödənişə
cəlb olunmuşdur. 2011-ci ildə təkcə əhali
istehlakçıları tərəfindən 518 min 123 manat
debitor borc qalığı qalmışdır. Təhlillər
göstərir ki, əhali qrupunun üzərinə
yazılmış borc abonentin ödədiyi vəsaitlə
uyğunluq təşkil etmir. Başqa sahələr üzrə
olan borclar hansısa şəkildə silinərək əhalinin
və rayon ərazisində yaşayan məcburi
köçkünlərin istifadə etdiyi elektrik enerjisi sərfiyyatı
kimi yazılır. Şəhər İcra Hakimiyyəti
başçısının istər şəhər ərazisində,
istərsə də kənd və qəsəbələrdə
keçirdiyi səyyar görüşlərdə
qaldırılan məsələlərin əsas hissəsini əhalinin
elektrik enerjisi ilə təminatında yaranan problemlər təşkil
edir.
Ötən
il Aşağı Küngüt, Oxud və Fazıl kəndlərinə
təbii qazın verilməsi təmin edilmiş,
yaşayış məntəqələrinin
qazlaşdırılması istiqamətində işlər
davam etdirilmişdir.
2011-ci
il əhaliyə satılan təbii qazın ümumi dəyərinin
ödənilməsi təmin olunsa da, əhali
istehlakçıları üzrə yaranmış debutor borc
qalığının ödənilməsi istiqamətində
tədbirlərin gücləndirilməsi tələb olunur. 2011-ci
ildə 181 yeni, 669 əvvəllər qazdan istifadə etmiş
mənzil qazla təmin edilmiş, bir sıra qaz xətlərində
yenidənqurma işləri aparılmışdır. Lakin
rayonumuzun kəndlərinin qazlaşdırılması istiqamətində
görülən işləri qənaətbəxş hesab
etmək olmaz. 2012-ci ildə ən mühüm vəzifə
daha çox yaşayış məntəqələrinin
qazlaşdırılmasına nail olmaqdır.
- İçməli su
problemi necə həll edilib?
- Son illər
ölkəmizdə əhalinin içməli su təminatının
yaxşılaşdırılması istiqamətində
mühüm tədbirlər görülür, çox
böyük layihələr həyata keçirilir. Təməli 2010-cu ilin dekabr ayında qoyulmuş
Şəki şəhərinin su təchizatı və
kanalizasiya sisteminin yenidən qurulması layihəsinin birinci mərhələsi
artıq yekunlaşmışdır. 2012-ci
ilin mart ayında layihənin ikinci mərhələsi üzrə
tikinti quraşdırma işlərinin həyata keçirilməsinə
başlanmışdır.
- Təhsil sahəsində rayonda
aparılan işlər sizi qane edirmi?
- Təbii
ki, təhsil sisteminin, tədrisin, təlim-tərbiyə
prosesinin yüksək səviyyədə təşkili daim
diqqət mərkəzində saxlanmışdır. 2011-ci il sentyabrın 15-də Baş Kəldək kəndində
inşa olunan 180 şagird yerlik yeni məktəb binası
istifadəyə verilmişdir. Hazırda Şəki şəhər
5 saylı tam orta məktəb üçün 320 yerlik yeni tədris
korpusunun, Şorsu və Aşağı Layısqı kəndlərinin
hər birində 360 şagird
yerlik, Çələbi Xan qəsəbəsində 180
şagird yerlik yeni məktəb binalarının tikintisi
aparılır. Kiş kəndində Yaponiya hökumətinin
vəsaiti hesabına inşa edilmiş yeni bir uşaq müəssisəsinin
açılışı olmuş, 22 saylı uşaq
bağçasının dövlət vəsaiti
hesabına əsaslı təmiri davam etdirilir.
2012-ci ildə Şəki Şəhər
Təhsil şöbəsinin yeni inzibati binasının, Əliyar
kəndində 80 şagird yerlik ümumi orta məktəbin
tikintisi, Baş Küngüt kəndində tam orta məktəbin
əsaslı təmiri nəzərdə tutulmuşdur.
2010-2011-ci
tədris ilində ali məktəblərə
keçirilən qəbul imtahanlarında iştirak edən
1265 nəfər məzundan 513 nəfəri tələbə
adını qazanmışdır. Təəssüflə
qeyd etmək lazımdır ki, bir sıra təhsil müəssisələrinin
göstəriciləri respublika üzrə orta göstəricidən
xeyli aşağıdır.
Qəbul
imtahanlarında iştirak edən 73 məktəbdən 14-dən
1 nəfər də olsun abituriyenti ali məktəbə
daxil olmamışdır. Qudula, Daşüz, İbrahimkənd
tam orta məktəblərinin abituriyentlərinin
topladığı orta bal 100-dən
aşağıdır. Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının statistik təhlillərinə
əsasən rayonumuzda ədəbiyyat, tarix, coğrafiya,
ingilis dili fənləri üzrə göstəricilər
respublika üzrə orta göstəricilərdən aşağıdır.
-Əhaliyə tibbi xüdmət
sahəsində vəziyyət necədir?
- 2011-ci
ildə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini
daha da yüksəltmək məqsədilə səhiyyə
müəssisələrinin maddi-texniki bazasının
yaxşılaşdırılması istiqamətində
işlər davam etdirilmişdir. 2011-ci il
noyabrın 17-də Prezidentimiz İlham Əliyevin
iştirakı ilə şəhərimizdə yeni, müasir,
100 çarpayılıq şəhər xəstəxanasının
açılışı olmuşdur. Şəki Doğum Evi
Kompleksində dövlət vəsaiti hesabına əsaslı
təmir, Aşağı və Baş Göynük kənd xəstəxanaları
üçün yeni binaların tikintisinə
başlanmışdır.
Qeyd etmək lazımdır ki, bu gün səhiyyə sahəsində
bir sıra ciddi problemlərimiz də qalmaqdadır. Xəstələrə
göstərilən tibbi xidmət, bəzi həkimlərin
peşəkarlıq səviyyəsinin aşağı
olması, bununla bağlı xəstələrin digər
regionlara üz tutması ən ciddi qüsurlarımızdan
biridir.
- Mümkünsə, bir qədər
də vətəndaşların şikayət və təklifləri
barədə məlumat verərdiniz...
- 2011-ci
ildə 867 nəfər vətəndaş Şəki Şəhər
İcra Hakimiyyəti başçısı tərəfindən
qəbul edilmişdir. Şəhər İcra
Hakimiyyətinin başçısı tərəfindən təsdiqlənmiş
qrafikə əsasən 47 səyyar qəbul keçirilmiş,
qəbullarda 5076 nəfər iştirak etmişdir. Keçirilmiş qəbullarda 426 nəfər vətəndaş
dinlənilmiş, 560 müraciət səslənmişdir.
2011-ci ildə Şəki şəhər icra hakimiyyəti başçısının
sərəncamı ilə maddi yardım
üçün müraciət edən vətandaşların
sosial vəziyyəti, yaşadıqları evlərə təbii
fəlakət nəticəsində və ya digər səbəblərdən
dəymiş zərərlər
barədə ayrı-ayrı təkliflərin
araşdırılması ilə bağlı komissiya
yaradılmışdır. 2011-ci ildə
komissiya tərəfindən 147 nəfər vətəndaşa
müxtəlif məqsədlər üçün 69 min 377
manat məbləğində maddi yardım göstərilmişdir.
Ötən
il Şəki Şəhər İcra
Hakimiyyətinə 3713 müraciət daxil olmuşdur. Müraciətlərin 2722-i vətəndaşlar tərəfindən,
991-i isə respublikanın yuxarı orqanlarından daxil olan
müraciətlərdir. Daxil olan müraciətlərin
1123-ü müsbət həll olunmuş, 527-i qismən həll
olunmuş, 801-i ilə bağlı müvafiq izahat verilmiş,
138-i əsassız sayılmış, 356-sı baxılmaq
üçün müvafiq qurumlara, 643-ü isə aidiyyəti
orqanlara göndərilmiş, 22-sinin icrası nəzərdə
tutulmuş, qalanları isə icra olmuşdur .
2011-ci ilin dekabrında Şəki Şəhər
İcra Hakimiyyəti regional televiziya kanalı olan “Kanal-S”-in
imkanlarından istifadə edərək ilk dəfə
“Açıq mikrofon” layihəsini həyata
keçirmişdir. Vətəndaşların birbaşa icra
başçısına ünvanladığı suallar yerindəcə
cavablandırılmış, onların həlli nəzarətə
götürülmüşdür.
- Səhv
etmiriksə, 2012-ci ildə Şəkidə bir sıra yubileylərin
keçirilməsi nəzərdə tutulub...
- Bəli,
2012-ci il şəhərimizin tarixində
yubileylər ili kimi qalacaqdır. 2012-ci ildə biz M.F.Axundovun
200 illiyini, Xan Sarayının 250 illiyini, Şəki şəhər
5 saylı orta məktəbin 180 illiyini və “Şəhər
Günü”nü bayram edəcəyik. Bu
günlərdə isə daha bir xoş xəbər
almışıq. 2011-ci ilin sentyabrında Rusiya
Federasiyasının Tatarıstan Respublikasında TÜRKSOY-un
4-cü seminarında türk dünyasının qeyri-maddi mədəni
irs paytaxtları seçilmişdir. Bizim Şəki şəhəri də həmin
paytaxtlar arasındadır. Məhz bu çərcivədə
il ərzində Şəkidə türk
dünyasının müxtəlif tədbirlərinin
keçirilməsi nəzərdə tutulmuşdur.
Zaman.-2012.-14-16 aprel.- S.4-5.