Ayaz Babayev:
“Alıcıların təxminən 20%-i supermarketlərin xidmətindən
istifadə edir”
Son illər Bakıda bir-birinin ardınca çoxlu sayda supermarketlər açılır.
Paytaxtın müxtəlif
ərazilərində böyük
market şəbəkələrinin sürətlə genişlənməsi
müşahidə olunur.
Müasirtələblərə cavab verən bu marketlər kiçik mağazaları
və məhəllə
dükanlarını sıxışdıraraq
bazardan çıxarır.Belə
demək mümkündürsə,
ərzaq məhsullarına
olan tələbatın
ödənilməsində supermarketlər
üstünlüyü ələ
alırlar. Supermarketlərin
üstünlükləri, eyni
zamanda da bu sahədəki problemlərlə bağlı
Bakının ən böyük supermarket şəbəkələrindən
olan “Rahatmarket”in icraçı direktoru Ayaz Babayevlə söhbətləşdik.
- Ayaz müəllim, kiçik mağazalarla müqayisədə
supermarketlərin əsas
üstünlüyü nədir?
- Supermarketlərin əsas üstünlüyü odur
ki, burada məhsulların çeşidi
çox olur. Müştərilərə seçim
imkanı verilir. Eyni zamanda qiymətlər
də nisbətən ucuz olur. Ancaq
buna baxmayaraq, hələ də kiçik mağazalara üz tutanların sayı kifayət qədərdir. Səbəb
odur ki, insanlar ərzaq üçün uzağa getmək istəmirlər.
Ancaq qeyd etdiyim kimi, məhəllə
dükanlarında seçim
imkanları məhdud olur. Üstəlik, supermarketlərilə müqayisədə
məhsulun keyfiyyəti
aşağı, qiyməti
isə yüksək olur. Çünki supermarketlər məhsulu böyük həcmdə alırlar və bu zaman qiymətlər
nisbətən aşağı
olur. Həmçinin supermarketlərdə məhsulun
saxlanma şəraiti və nəzarət imkanları kiçik dükanlarla müqayisədə
daha yaxşı təşkil olunur. Supermarketlərin üstünlüklərindən
faydalana bilmək üçün alış-verişi
gündəlik deyil, həftəlik etmək lazımdır. Belə olarsa, məsafənin böyüklüyü əhəmiyyəti
qalmır. Bu, həm də vaxta qənaət
deməkdir.
- Bəzən çox kiçik ərazidə, 50-100 kvadratmetr
sahədə yerləşən
mağazaları supermarket adlandırırlar.
Sizcə, bu nə qədər doğrudur?
- Bizdə supermarketlərlə
bağlı standartlara
əməl olunmur. Dediyiniz kimi, 100 kvadratmetrlik sahədə mağaza açırlar və deyirlər ki, bura supermarketdir.
Supermarket daha geniş
ərazidə fəaliyyət
göstərməlidir. Avropada
supermarketlər minimum 800 kvadratmetr
ərazini əhatə
etməlidir. Ən azı 6 kassa aparatı olmalıdır.
Hesab edirəm ki, bizim ölkə
üçün supermarketin
sahəsi minimum 500 kvadratmetr,
kassa aparatlarının
sayı da 4-dən az olmamalıdır.
- Azərbaycanda supermarketlər yeni-yeni açılmağa başlasa
da, inkişaf etmiş ölkələrdə
supermarketlər tədricən
sıradan çıxır
və onların yerini hipermarketlər alır. Bilmək istərdik, hipermarketlərin
supermarketlərdən əsas
fərqi nədir?
- Hipermarketlərdə insanın
ehtiyacları üçün
nə lazımdırsa,
almaq mümkündür.
Əgər supermarketlərdə
daha çox ərzaq, geyim, məişət avadanlıqları
kimi məhsullar satılırsa, hipermarketlərdə
mebeldən tutmuş,
“skoç”a qədər
istənilən məhsulu
tapmaq mümkündür.
Hipermarketlər olduqca
geniş ərazini əhatə edir. Hipermarketlərin minimum 5 min kvadratmetr
sahəsi olmalıdır.
Burada müştərilərə
ən azı 20 kassa aparatı xidmət göstərməlidir.
Ancaq supermarketlərdən
fərqli olaraq, hipermarketlərdə xidmət
səviyyəsi daha aşağı olur. İnsanlar daha çox özləri-özlərinə
xidmət edirlər.
- Bəs bizdə hipermarket adlandıra biləcəyimiz
alış-veriş mərkəzləri
varmı?
- Bizdə hipermarket yoxdur. Hipermarketlərin açılması üçün
müəyyən zamana
ehtiyac var. Supermarketlər
yeni-yeni açılır.
Əvvəlki illərlə
müqayisədə supermarketlərdən
iatifadə edənlərin
sayı artsa da, hələ ki istənilən səviyyədə deyil. Aparılan araşdırmalar
göstərir ki, alıcıların təxminən
20%-i supermarketlərin
xidmətindən istifadə
edir.
- Supermarketlərdə,
eyni zamanda da sizin rəhbərlik
etdiyiniz “Rahat market”lər şəbəkəsində elektron
ticarət tətbiq olunurmu? Müştərilərin
“onlayn” alış-veriş
etməsi üçün
şərait varmı?
- Hazırda “onlayn” satış supermarketlər
səviyyəsində birbaşa
olaraq həyata keçirilmir. Məlumat üçün bildirim ki, “Rahat market”lər
şəbəkəsi olaraq,
yaxın zamanlarda “onlayn” satışa başlamaq niyyətindəyik.
Hazırda bu istiqamətdə hazırlıq
işləri görülür.
Bizim supermarketin “veb-səhifə”si fəaliyyət
göstərir və
“onlayn” satışı
da bu “veb-ünvan”dan
həyata keçirəcəyik.
- Bizdə müştərilər
məhsulların qiyməti
və çeşidləri
barədə məlumat
almaq üçün
mütləq mağazalara
baş çəkməlidirlər.
Halbuki inkişaf etmiş ölkələrin
əksəriyyətində supermarketlər “veb-səhifə”ləri
vasitəsilə qiymətlər
və çeşidlər
barədə gündəlik
məlumat verirlər.
- Qeyd etdiyiniz məsələ ilə bağlı da bir sıra layihələrimiz
var. Bu layihələrin də
üzərində ciddi
şəkildə işləyirik. “Rahat market”lər şəbəkəsi
olaraq, satdığımız
məhsulların qiyməti
və çeşidi barədə alıcılara
gündəlik məlumat
verəcəyik. Eyni zamanda müştərilər
internet üzərindən istədikləri
məhsulun digər göstəriciləri haqqında
da geniş məlumat əldə edəcəklər.
- Bəzi supermarketlərdə
müşahidə kameralarının
və nəzarətçilərin
sayı çox olur, bəzilərində də içəriyə çanta ilə daxil olmağa icazə verilmir. Nəticədə müştərilər
özlərini narahat
hiss edirlər...
- Hazırda supermarketlərdə
oğurluq hallarının
qarşısını almaq
üçün əsasən
insan resurslarından istifadə olunur. Avropa ölkələrində
isə belə halların qarşısını
almaq üçün
xüsusi texnologiya tətbiq edilir. Satılan məhsulların
üzərinə elektron lövhəciklər yerləşdirilir.
Bu lövhəciklər vasitəsilə
məhsullara nəzarət
etmək imkanı olur. Məhsul kassa aparatından keçdikdən sonra bu lövhəciklər sistemdən çıxır.
Belə olan halda da məlum
olur ki, həmin məhsul satılıb. Bizdə bu texnologiyadan istifadə edən supermarketlərin sayı çox azdır. Ancaq bu texnologiyanın
tətbiqi istiqamətində
işlər görülür.
Hesab edirəm ki, yaxın 1-2 il ərzində bizim supermarketlərdə də bu texnologiyadan
istifadə olunacaq.
- Ayaz müəllim, bu gün paytaxt ərazisində neçə
“Rahat market” fəaliyyət
göstərir?
- Hazırda Bakıda “Rahat market” adı ilə 5 supermarket fəaliyyət
göstərir. İlk
“Rahat market” 2009-cu ilin
iyununda Sumqayıt şosesində, ikincisi,
2010-cu ilin mayında “Papanin” deyilən ərazidə, Ceyhun Səlimov küçəsində,
üçüncüsü, Səməd Vurğun küçəsində, “Təzə
bazar”la üzbəüz,
dördüncüsü isə,
ötən ilin oktyabr ayında Həsən Əliyev küçəsində, İqtisad
Universitetinin yaxınlığında
açılıb. Sonuncu,
5-ci “Rahat market” isə
bu ilin mart ayında Nərimanov rayonu ərazisində fəaliyyət göstərən
“MetroPark” ticarət mərkəzində açılıb.
Sahəsinə görə
ən böyük şöbəmiz Ceyhun Səlimov küçəsində
yerləşən “Rahat
market” hesab olunur. Bu şöbəmiz təxminən
2 min 600 kvadratmetr ərazini
əhatə edir. Gələcəkdə yeni
ünvanlarda da “Rahat market”lərin açılması nəzərdə
tutulub.
ALLAHVERDİ CƏFƏROV
Zaman.-2012.-17-18 aprel.-S.9.