Mədəniyyət
və Turizm şöbəsi milli dəyərlərimizi təbliğ
edir
Ağstafa
rayonu Azərbaycanın ən qədim elm və mədəniyyət
mərkəzlərindən biridir. Bu, özünü
rayondakı tarixi-mədəni abidələrin zənginliyində
də göstərir. Bu müstəvidə də son illərdə
Ağstafa Mədəniyyət və Turizm şöbəsi
milli mədəni dəyərlərimizin qorunmasında
xüsusi önəm daşıyan tədbirlər həyata
keçirməkdədir. Onu da deyək ki, Ağstafa Mədəniyyət
və Turizm şöbəsi nəzdində 13 mədəniyyət
evi, 25 klub, 49 kitabxana filial, bir 7 illik uşaq musiqi məktəbi,
3 muzey, 1 Dövlət Rəsm Qalereyası fəaliyyət
göstərir.
Şöbə
öz işini milli-mədəni dəyərlərimizin
qorunması, inkişaf etdirilməsi, uşaq və yeniyetmələrin
musiqi biliklərinə yiyələnməsi, tarix və mədəniyyət
abidələrinin, məişətimizə aid qədim
eksponatların qorunaraq gələcək nəsillərə
çatdırılması istiqamətində qurub. Qeyd
edək ki, mədəniyyət evlərində fəaliyyət
göstərən qruplar və ansamblların bəziləri nəinki
Azərbaycanda, həm də xarici ölkələrdə
tanınır. Onlara misal olaraq “Dastan” aşıqlar
ansambılı və “Ləman” rəqs qruplarını
göstərmək olar. Adları çəkilən ansambllar
ölkəmizi xarici ölkələrdə də layiqincə
təmsil ediblər.
Onu
da deyək ki, “Dastan” aşıqlar ansamblı 1986-cı ildə
fəaliyyətə başlayıb və qısa müddətdə
respublikamızın hər yerində məşhurlaşıb.
Belə ki, “Dastan” aşıqlar ansamblı dəfələrlə
respublikamızın rayonlarında, o cümlədən də
qonşu respublikalarda qastrol səfərlərində olublar.
Bundan əlavə “Dastan” aşıqlar ansamblı tez-tez
Ceyrançöl qışlaqlarında, sərhəd
zonalarında, hərbi hissələrdə və məktəblilər
qarşısında maraqlı proqramlarla çıxış
edirlər. Ansambl bir çox respublika müsabiqəsində
uğurla çıxış etmişlər. 2010-cu ildə keçirilən Aşıq Şəmşir
adına gənc aşıqların V Respublika müsabiqəsində
ansamblın gənc üzvü Əfsanə Kərimli I-ci yerə
layiq görülüb.
“Dastan” aşıqlar ansamblının hal-hazırda 20-dən artıq üzvü vardır. Kollektivin tərkibinə ustad və həvəskar aşıqlarla bərabər məzəli əhvalatlar, qaravəllilər, bədii qiraət söyləyənlər daxil edilmişdir.
Onu
da xatırladaq ki, “Dastan” aşıqlar ansamblının bədii
rəhbəri Aşıq Hüseyn Əzizoğludur. Ansamblın
repertuarını aşıq havaları, qəhrəmanlıq
və məhəbbət dastanları təşkil edir.
Ansamblın üzvlərinin əksəriyyəti Azərbaycan
aşıqlar birliyinin üzvüdülər.
“Ləman” rəqs qrupu 2009-cu ilin sentyabr ayında Ağstafa rayon Mədəniyyət evi nəzdində fəaliyyət göstərməyə başlayıb. Rəqs qrupunun rəhbəri Xaliq Əliyevdir. Fəaliyyəti dövründə “Ləman” rəqs qrupunun repertuarında “Yallı”, “Azərbaycan suitası”, “Vals”, “Duy-duy”, “Sabirabadı”, “Cobanlar”, “Naz eləmə”, “Vağzalı” kimi rəqslər üstünlük təşkil edib. “Ləman” rəqs qrupu rayonda keçirilən tədbirlərdə də fəal iştirak edir. Qrup 2010-cu il fevral ayının 27-də Mingəçevir şəhərində keçirilən “Çal oyna-2010” adlı zonalar üzrə müsabiqədə iştirak etmişdir. Sakarya şəhər Mədəniyyət və Turizm Mərkəzinin dəvəti ilə isə rəqs qrupu 2011-ci il aprel ayının 17-dən 27-nə kimi Türkiyədə keçirilən “Beynəlxalq Uşaq Xalq Rəqs Açıq Festival Həftəsi”ndə iştirak etmişdir.
Zaman.-2012.-19-20 aprel.-
S.6.