“Əhaliyə gələcəkdə
də yüksək tibb xidməti göstərəcəyik"
Son
illərdə respublikamızda səhiyyənin sürətlə
inkişaf etdirilməsi Goranboy rayonunda əhaliyə göstərilən
tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə gətirib
çıxarıb. Bu da əhalinin, xüsusilə də yetişməkdə
olan gənc nəslin sağlam böyüməsinə önəmli
təsir göstərməkdədir. Məsələnin məhz
bu tərəfinə diqqəti cəlb edən Goranboy Rayon Mərkəzi
Xəstəxanasının (RMX) baş həkimi Rüstəm
Budaqov bizimlə söhbətində bildirdi ki, əsas məqsədimizdən
biri də bütün əhalinin, o cümlədən gənclərin
sağlamlığının yüksək səviyyədə
təmin edilməsidir. Rüstəm Budaqov əhaliyə
yüksək tibbi xidməti təmin etmək məqsədilə
Goranboy rayon RMX nəzdində 3 xəstəxananın və 40
tibb məntəqəsinin fəaliyyət göstərdiyini
söylədi.
O, xəstəxana
və tibb məntəqələrində 165 həkim və 475
orta tibb işçisinin əhaliyə sivil tibbi xidmət
göstərdiyini xüsusi vurğuladı.
Rüstəm
Budaqov onu da dedi ki, 2011-ci ildə rayon Mərkəzi Xəstəxanasının
mama-ginekologiya şöbəsi, camaşırxana, mətbəx,
MTE və PA birliyinin Goranboy rayon şöbəsi,
Qızılhacılı tibb məntəqəsi (TM), Rus Borisi
TM əsaslı, Meşəli TM, Buzluq TM, poliklinika şöbəsinin
uşaq xəstəlikləri kabinetləri təmir edilib: “Biz əhaliyə
daha yaxşı tibbi xidmət göstərmək
üçün müntəzəm olaraq yeni tibbi avadanlıqları
alırıq. Belə ki, son iki ildə 2 ədəd müasir
tipli “Mersedes” ambulans, 67 min 850 manat dəyərində “Medison
X6” tipli müasir USM müayinə aparatı, 117 min 287
manatlıq müasir tipli rentgen aparatı və cərəyan tənzimləyicisi,
alkometr aparatı almışıq. Bu da xəstələrin kənar
şəhər və rayonlara getmək məcburiyyətinin
qarşısını almışdır. Bundan əlavə,
səhiyyə müəssisələrinin bərk və
yumşaq inventarlar, tibbi
avadanlıqlarla təminatı
yaxşılaşdırılmış, 90 min 729 manatlıq
mal alınaraq müəssisələrə paylanmışdır.
6 kompyuter dəsti alınaraq səhiyyə müəssisələrində
çalışan tibb mütəxəssislərinin istifadəsinə
verilmişdir.
Buna
paralel olaraq, rayonun səhiyyə müəssisələrində
əhaliyə, o cümlədən imtiyazlı xəstələrə
göstərilən xidmətin həcmi
artırılmışdır. Hazırda rayon üzrə 1933
şəkərli diabet, 267 onkoloji, 1051 ruhi-əsəb, 12
talassemiya, 8 hemofliya, 260 vərəm xəstəsi dispanser
qeydiyyatındadır. Çalışırıq ki, ilk
növbədə bu kateqoriyadan olan xəstələrə
göstərilən xidmət yüksək səviyyədə
olsun, onların dərmanla təminatı ödənilsin.
Göründüyü kimi, 3342 nəfər imtiyazlı xəstənin
pulsuz dərman təminatı xeyli vəsait tələb edir.
İmtiyazlı xəstələrin pulsuz dərman təminatı ilə əlaqədar 2011-ci ilin əvvəllərində
müəyyən problemlə üzləşdik. Amma
müvafiq qurumlar bunu nəzərə alaraq bizə əlavə
olaraq 187 min 400 manat vəsait ayırdılar və demək
olar ki, bu sahədəki problem aradan qaldırıldı.
Onu
da qeyd edim ki, Mərkəzi Xəstəxana ötən il əhaliyə
tibbi xidmətə daha çox diqqət yetirmişdir. Bu
müstəvidə də 2011-ci il ərzində tərtib
olunmuş qrafik əsasında yaradılmış səyyar həkim
briqadaları rayonun 45
yaşayış məntəqəsində olmuş, 358 hamilə
qadın, 423 uşaq müayinədən keçirilmiş,
müvafiq tibbi yardım edilmiş, 227 xəstə müalicəyə
cəlb olunmuşdur.
Belə
səyyar tibbi xidmətlərin
təşkili əhali tərəfindən
razılıqla qarşılanır. Hazırda da qrafik əsasında
bu iş davam etdirilir.
Həkimlərimizin
biliklərini artırılması da bizim diqqət mərkəzimizdədir.
Həkimlərin və orta tibb işçilərinin peşə
biliklərinin artılıması üçün 30 həkimi
və 59 tibb işçisini ixtisasartırma kurslarına
göndərmişik”.
Rüstəm
Budaqov onu da vurğuladı ki, son illərdə yoluxucu xəstəliklərə
qarşı proflaktiki tədbirlər də gücləndirilib.
Onun sözlərinə görə, xüsusi ilə uşaqlar
arasında profilaktiki peyvəndlərin aparılması
xüsusi nəzarətdə saxlanılıb: “Hamilə
qadınlara və uşaqlara göstərilən tibbi xidmət
daim xüsusi nəzarətdə saxlanılır. Görülən
proflaktiki tədbirlər nəticəsində 2011-ci ildə ana ölümü
olmamışdır. İl ərzində 1531 uşaq
doğulmuş, 0-1 yaşlı 11 uşaq ölümü qeydə alınmışdır
ki, bu da 7 promilli təşkil edir. 2006-2011-ci ildə doğulan
uşaqlar üçün elektron-sağlamlıq
kartlarının verilməsi prosesi də yekunlaşmaq üzrədir.
Uşaqlara 9972 elektron-sağlamlıq kartı sifariş
verilmişdir. Bunlardan hazırda rayon üzrə 7870
uşağa (yəni 97 fazinə) elektron-sağlamlıq
kartları alınıb verilmişdir. Goranboy Rayon Mərkəzi
Xəstəxanası elektron-sağlamlıq kartı
alınıb paylanılmasına görə respublika üzrə
Bakı şəhərindən sonra 2-ci yerdədir”.
Baş
həkim eyni zamanda bəzi problemlərin olduğunu da gizlətmədi.
O, dedi ki, bir sıra yaşayış məntəqələrində,
o cümlədən Veyisli, Qaradağlı, Əzizbəyov,
Muzdurlar həkim, Şadılı, Yolqulular, Yeniyol, Yolpaq,
Quşçular tibb məntəqələrində əhaliyə
tibbi xidmət üçün
lazımi şərati yoxdur: “Həmin müəssisələr
üçün yeni binaların tikintisinə, Rayon Mərkəzi Xəstəxanasının
isə əsaslı təmirə ciddi ehtiyacı var. Digər əsas
problemlərdən biri isə həkim kadrların
çatışmamasıdır. Hazırda isə Mərkəzi
xəstəxanada 24, Dəliməmmədli şəhər xəstəxanasında
6, kənd həkim məntəqələrində 27 həkim
ştatı boşdur. Bu barədə axırıncı dəfə
31 yanvar 2011-ci il tarixdə Səhiyyə
Nazirliyinin “Tibb” qəzetində elan vermişik.
Sonda
onu da deyim ki, 2012-ci ildə əhalinin
sağlamlığının qorunması sahəsində
qarşımızda daha mühüm vəzifələr durur. Bu
il ana və uşaqların
sağlamlığının qorunması, imtiyazlı xəstələrə
tibbi xidmətin təşkili məsələlərinə
daha çox diqqət yetirəcək, kollektivimizin
bütün imkanlarını bu işlərə səfərbər
edəcəyik. Bir sözlə, əhaliyə yüksək
tibbi xidmət göstərmək bizim əsas məqsədimizdir”.
Zaman.-2012.-21-23 aprel.- S.6.